2009-cu il Uşaq ilidir

 

Günəş olaram

 

Qışda şaxtada, buzda

Günəş çimir hovuzda.

Bərk istisində yayın

Çimir suyunda çayın.

Odur ki, par-par yanır,

Hər tərəf işıqlanır.

Qoy gətirim ləyəni,

Su tök yuyundur məni.

Ay ana, böyüyəndə

Günəş olaram mən .

 

 

Yoxdur həvəsi

 

Gördüm gedir dama-dama

Çanaqlı bağa,

Başına şeh dama-dama,

Mən girdim bağa.

Dedim: - Oxşadın uzaqdan

Naxışlı daşa.

Çıxaq gedək biz bu bağdan,

Gəl bizlə yaşa!..

Əvvəl bərəltdi gözünü

O, acığından.

Sonra gizlətdi özünü,

Çıxmadı qından.

Lal oldu çanaqlı bağa,

Kəsildi səsi.

Yəqin bizdə yaşamağa

Yoxdur həvəsi.

 

 

Bir oğlan var

 

Bir oğlan var Muğanda, -

Tanıyırsız Elcanı?..

Hər səhər gün doğanda

Biçir çöldə yoncanı.

Tövlədə ana camış

Ona dikib gözünü.

Yuxudan oyanmamış

O yetirir özünü.

 

Ləklərinə su çəkdi,

Əkdi turpu, xiyarı.

Yollarda çinar əkdi,

Gözəl olsun diyarı.

 

 

Təzə körpü

 

Körpü bir cüt şirmayı

Qanad kimi açılıb.

O qucaqlayıb çayı,

Üstünə nur saçılıb.

 

Körpülərdən keçdi bu qış

Maşınlar ağır-ağır.

Körpü üstə gah yağış,

Gah dolu, gah qar yağır.

 

Bizim sevimli kəndə,

Xoş gəldin təzə körpü.

Al günəş kimi sən

Bu kəndi bəzə, körpü.

 

 

Günəbaxan

 

Qoğal kimi girdəsən,

Xaş-xaş üstündə çil-çil.

Bir isti təndirdəsən,

Bişmisən lap elə bil.

Bax, dan yeri sökülür,

Sənin dilikli, sarı

Güllərinə tökülür

Günəşin şüaları.

Otların üstə şeh var

Yarpaqların yaşdımı?

Töküldükcə şüalar

Gözlərin qamaşdımı?

 

 

Bal arısı

 

Altında əlvan çiçək,

Bu dayanan arıdır.

Yetirdiyi balıtək

Bədəni sapsarıdır.

Elə bil gündə yanıb,

Üzü olub qəhvəyi.

Necə tezdən oyanıb,

Sevir çox işləməyi.

Gəl işləyək bərabər,

Ay arı, həvəsim var

Bağda zəhmət çəkməyə,

Qızıl güllər əkməyə.

Birdən daşıdığın yük

Olsa daş kimi ağır, -

Gümüş qanadını bük,

Məni köməyə çağır.

 

 

Deyə bilmədi

 

Ayı balası getdi,

Səhər meyvə bağına.

Uzaqdan hücum etdi

O, armud budağına.

 

Hansı dəydi gözünə,

Onu budaqda yedi.

Sevinib, öz-özünə

"Əcəb dadlıdır" - dedi.

 

O yedi birdən-birə,

Yemədi yavaş-yavaş.

Ağzından axdı şirə

Qulaqlarına birbaş.

 

Gecə qoymadı yatsın,

Əziyyət verdi şirə.

Qulaq az qaldı batsın, -

Ana düşdü həşirə.

 

O, anasına açıb,

Heç deyə bilmədi.

Sabahı bağa qaçıb

Armud yeyə bilmədi.

 

 

Mənim qartalım

 

Göy buludlardan soruş,

Mənim atam nəçidir.

O, tunc qanadlı bir quş,

O bir təyyarəçidir.

 

Elə bil uçuram mən

Atamın qanadında.

Göy yolları görəsən

Necə qalır yadında?..

 

O şığıyır hər yana,

Marsa, günəşə çatır.

Baş vurub asimana,

Göyün üzündə batır.

 

Bir şimşək kimi çaxıb,

Uçur mənim qartalım.

Nənəm ardınca baxıb

Deyir: - Qadasın alım,

Salamat get, qayıt sən,

Möhkəm olsun iradən.

 

 

 

Xanımana Əlibəyli

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.5.