Hörmətli Mətləb müəllim!

 

Sizi - tanınmış şairimizi, anadan olmanızın 70 illiyi münasibətilə təbrik edirik.

Siz yaradıcılığa ötən əsrin 60-cı illərinin sonunda başlamısınız. Sizin bir-birinin ardınca "Yaddaşım mənim", "Ana gözləriylə baxaq dünyaya", "Qaynar bulaqlar", "Mən bir ömür yaşamışam" kitablarınız nəşr edilmişdir. Doğma Qarabağın erməni qəsbkarları tərəfindən işğalı, vətən, torpaq itkisi, köçkünlük, didərginlik, çadır həyatı sizin yaradıcılığınızın əsas mövzularıdır. Siz ömrünüzün 16 ilə yaxınını öz soydaşlarınızla birlikdə çadırlarda keçirmisiniz. Təsadüfi deyil ki, sizin "Dərd dastanı", "Dünyaya məktublar", "Çadır, çadır rəngləri" kitablarınız məhz çadır düşərgələrində yazılmışdır. Son kitabınızdakı "Çadır rəngləri" silsiləniz, sonetləriniz xüsusilə diqqəti cəlb edir.

Qarabağ, Azərbaycan həqiqətlərinin ingilis, rus və Azərbaycan dillərində dünya ictimaiyyətinə çatdırılması sayəsindəki fəaliyyətiniz də səmərəli olmuş və təqdirəlayiqdir.

Hazırda füzuli rayonundakı yeni salınmış Zobucuq - 1 saylı qəsəbədəki orta məktəbdə müəllim işləyirsiniz.

Müəllim kimi siz dəfələrlə Respublika Pedaqoji müsabiqələrinin qalibi olmuş, təcrübəniz öyrənilmiş, Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmisiniz. 1980-ci ildən respublikanın təhsil əlaçısısınız. Siz eyni zamanda, ötən il ədəbiyyat sahəsində Prezident mükafatçısı olmusunuz.

Hörmətli qələm dostumuz!

Sizi bir daha 70 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.7.