KİV və ədəbiyyat
Hər kəs fərqli fikir söyləyə bilər
Aydındır
ki, hər bir Milli ədəbiyyat, o cümlədən Azərbaycan
ədəbiyyatı əsas etibariylə doğma ana dilində
yaranır. Amma müxtəlif dövrlərdə və
müxtəlif səbəblərdən başqa dillərdə
yazan şairləri, yazıçıları ədəbiyyatımızdan
çıxarmaq ədalətsizlik olardı. Nizami, Xaqani, Məhsəti
və XII əsrin bütün başqa Azərbaycan şairləri,
sonrakı əsrlərdə yaşamış bir çox
başqa şairlərimiz yalnız fars dilində yazıb
yaradıblar. İndi onları ədəbiyyat tariximizdən
silməliyik?
Bu
cəhətdən ən böyük nümunə dahi Azərbaycan
şairi Nizami Gəncəvidir. Gəncədə
doğulmuş, ömrü boyu burda yaşamış və
burda dəfn olunmuş Azərbaycan türkü Nizaminin Azərbaycan
şairi olması, bəzi fars şovinistlərindən
başqa, heç kəsdə şübhə doğurmur. Amma
onun Azərbaycan dilində bircə misrası belə
olmaması da faktdır. Rus dilində yazan müasir
yazıçılarımız bu cəhətdən Nizamini
xatırlayanda, onlara: "Gör özlərini kimlə
müqayisə edirlər, Nizamiylə!” - deyirlər. Bu əslində
bilərəkdən sözü dəyişmək, bir növ
cığallıqdır. Heç kəs heç bir müasir
yazıçımızı sənətkarlıq
baxımından Nizamiylə müqayisə edə bilməz. Söhbət
yalnız ondan gedir ki, başqa dildə yazan
yazıçılar hər dövrdə olduğu kimi bizim
günlərdə də var. Onların arasında çox
istedadlı, çox məşhur və Azərbaycanın
adını şöhrətləndirən
yazıçılar ədəbiyyatımızda layiqli yer
tutur. Onları inkar etməklə ədəbiyyatımızı
xeyli kasıblaşdıra bilərik.
Nizami
Gəncəvini misal çəkəndə deyirlər ki, o,
farsca yazsa da əsərlərinin ruhu türk ruhudur. Doğrudur,
Nizaminin əsərlərində xeyli türk sözləri,
farscaya çevrilmiş zərb-məsəllərimiz var;
müəyyən dərəcədə bəzi türk mif və
əfsanələrindən istifadə də edib. Amma ərəb
əfsanəsi əsasında farsca yazdığı "Leyli
və Məcnun"da türk ruhunu nədə görürlər?
Nizaminin başqa poemalarının da süjetləri ondan daha əvvəl
İran şairi firdovsinin "Şahnamə"sində qələmə
alınıb. Nizaminin qəhrəmanları İran (fars) Sasani
padşahları Xosrov, Bəhram, Makedoniyalı İskəndərdir.
Onda gəlin Nizamini günahlandıraq ki, qəhrəmanları
türklərdən çox başqa millətlərin nümayəndələridir,
özü də fars dilində yazıb-yaradıb. Əlbəttə,
məsələnin bu cür qoyuluşu absurd olardı.
Yaxud
başqa bir misal. Məlum olduğu kimi, Nəsimi də, Füzuli
də əsərlərini üç dildə - türkcə,
ərəbcə və farsca yazıblar. Deməli, bu məntiqlə
belə çıxır ki, bu dahi şairlərimiz ərəb
dilində yazanda ərəb, farsca yazanda fars, Azərbaycan
türkcəsində yazanda Azərbaycan şairləri olur?
M.F.Axundov
komediyalarını Azərbaycan dilində yazıb, "Şərq
poeması"nı farsca, bəzi yazılarını rusca. Onu
necə müəyyənləşdirək - komediyalarında
Azərbaycan dramaturqudur, poemasında fars şairi, başqa
yazılarında rus yazıçısı?
Müasir dövrdə rusca yazan Çingiz Aytmatovu yaxud Oljas Süleymenovu misal çəkərkən, yenə də "onların əsərlərinin ruhu millidir" - deyirlər. Ancaq unudurlar ki, müasir dövrün böyük yazıçısı, bütün türk dünyasının iftixarı olan Çingiz Aytmatovun rus dilində yazdığı elə əsərləri də var ki, onlarda nə Qırğızıstan həyatı, nə də türk ruhu ifadə olunub. Məsələn, "Kassandra damğası", "Ana Məryəm qarlarda" yaxud "Sahillə qaçan köpək". Deməli, sırf qırğız həyatından yazdığı "Cəmilə", "Əlvida Gülsarı", "Ağ gəmi", "Gün var əsrə bərabər" və başqa əsərlərində Ç.Aytmatov qırğız yazıçısıdır. Qırğızıstana və türk dünyasına aid olmayan əsərlərində yox? Bu da bir absurd fikirdir.
Başqa bir absurd fikir belədir ki, "Çingiz Abdullayev bu qədər tərcümə olunursa, deməli, onun yazdıqları əsər deyil" ("Azadlıq" qəzeti, 15 aprel 2009). Bu sözlərdən belə məntiqi nəticə çıxarmaq olar ki, əsər yalnız az tərcümə olunan, ya heç tərcümə olunmayanlardır.
Bu fikirləri səsləndirən Nizami Cəfərov yalnız Çingiz Abdullayevi deyil, onun haqqında Nizamidən fərqli fikirdə olanları da günahlandırır.
"Şərq" qəzetində (15 aprel 2009) belə deyir:
"Mənim şəxsən Çingiz Abdullayevlə düşmənçiliyim yoxdur. Amma o, böyük ədəbiyyat, böyük ziyalı iddiası ilə çıxış edəndə ola bilər ki, onun özü ağlında olan kimlərsə fikirləşə bilər ki, bəlkə doğrudan da bu belədir".
Bu YAP-ın üzvü
professor Nizami Cəfərovun
fikridir. YAP sədri, Prezident İlham Əliyevin fikri isə başqadır. O, öz şəxsi təşəbbüsüylə Çingiz Abdullayevi Azərbaycan ədəbiyyatında
xidmətlərinə görə
Xalq yazıçısı
adı və "Şöhrət" ordeniylə
təltif edib.
Nə olar, bizdə demokratiyadır. Hər kəs fərqli
fikir söyləyə
bilər.
Faiq Kazımov
Ədəbiyyat qəzeti.-2009.-24
aprel.-S.6.