Akademik Məmməd Cəfər
Cəfərovun tale romanı: “Xatirələr”
Görkəmli elm xadimi, böyük ədəbiyyatşünas,
cild-cild elmi əsərlərin müəllifi Məmməd Cəfər
Cəfərovun xatirələrini yazması haqqında onun
sağlığında məlumatı olanlar var idi. Hər halda, Məmməd Cəfər
müəllimi müxtəlif vaxtlarda yaxından əhatə
edən AMEA-nın müxbir üzvləri Abbas Zamanovun, Əziz
Mirəhmədovun, Yaşar Qarayevin, yaxın qohumları Təhmasib
Fərzəliyev və Ulduz
Haşımovanın bu barədə məlumatlı
olduğunu bilirdim. İş elə gətirmişdi
ki, mən də "Xatirələr"in
yazıldığını bir neçə dəfə
unudulmaz müəllimimin özündən eşitmişdim.
Bir dəfə təxminən 1978-ci ildə Məmməd
Cəfər müəllimin Mərdəkan qəsəbəsindəki
bağ evinə getmişdim. "XX əsrin
əvvəlləri Azərbaycan romantik lirikası" adlı
namizədlik dissertasiyamın ilk variantının əlyazmasını
geri almalı idim. Ustadımızın bir
neçə səhifənin kənarında karandaşla qeydlər
etdiyi, iki-üç yumoristik ifadə yazdığı həmin
nüsxəni qiymətli yadigar kimi indi də saxlayıram.
O axşam dissertasiya ətrafındakı söz-söhbət
bitdikdən sonra da geri qayıda bilmədim. Məmməd
Cəfər müəllim məni özü
hazırladığı pitiyə qonaq elədi. Yemək
əsnasında o pitinin hazırlanma texnologiyası,
resepturası haqqında elə dəqiq məlumatlar verdi ki, bunu yalnız ən təcrübəli
aşpazlar edə bilərdilər. Bundan başqa, o, halva tipli
xəmir xörəklərinin də on-on beşinin
adını çəkdi: tərhalva, balhalva, döymə
halva, quymaq və sair. Dedi ki, uşaqlıq illərində 20-yə
qədər halva növü barədə nəinki məlumatlı
olub, hətta onlardan bir çoxunu vaxtilə özü
hazırlayıb.
Bu söhbətlər mənim üçün çox
yeni idi. Ədəbiyyatşünaslıq elminin zirvəsində
dayanan, geniş dünyagörüşlü görkəmli
alim kimi böyük şöhrət qazanmış akademik Məmməd
Cəfər Cəfərovun piti-halva söhbətləri
aşpazxana haqqında mükəmməl bir bədii əsərin
təsirli səhifələrini xatırladırdı. Sonra o, köhnə bir dəftəri gətirdi.
İçərisində əlavə olaraq
yazılı vərəqlər də qoyulmuşdu. Məmməd Cəfər müəllim həmin dəftəri
vərəqləyib, axtardığı yeri tapdı və
sakit-sakit oxumağa başladı. Bu
parçada gənc bir oğlanın təndirin üstündə
piti bişirməsindən bəhs olunurdu. Məmməd
Cəfər müəllim dəftərdəki parçanı
oxuyanda da sanki odun, tüstünün içində
çölməkdə piti hazırlayırmış kimi, həyəcanlı
idi. Vaxtilə çörəkçi dükanında
usta yanında kündəgir işləməli olmuş Məmməd
Cəfər Cəfərovun oxuduğu həmin sətirlər
onun qələmə aldığı "Xatirələr"
memuarında aşağıdakı kimi öz əksini
tapmışdır: "Kündələr elə səliqə
ilə salınmalı idi ki, hərəsi iki yüz qramdan
artıq olmasın. Çünki çox hallarda lavaş
çəkisiz satılırdı və alıcı da bilirdi
ki, lavaş nə qədərdir… Kündəgir
iki ovcunda xəmiri elə ustalıqla götürməli idi
ki, kündələrin hamısı bir boyda, bir çəkidə
olsun, bir qram o yan-bu yan olmasın. Əgər
kündə 200 qramdan artıq olsa, sahibkara zərər idi, əskik
olsaydı, alıcıya xəyanət idi. Kündəgirin kündə salmaqdan başqa vəzifələri
də vardı. Bunlardan biri təndirin yanında saman
qurtardıqca saman anbarından təlislə saman gətirmək
idi… İkinci vəzifə sahibkarın, dəxiların,
şatırın, lavaş açan və xəmirgirin evinə
ət-çörək… aparmaq idi. Üçüncü
vəzifə ət, noxud alıb nahara piti bişirmək idi.
Piti təndirin üstündə xüsusi
çalada bişirdi. Diqqət etmək
lazım idi ki, piti yanmasın və əmələlər
(işçilər - İ.H.) naharsız qalmasın.
…Təndirin üstündə piti bişirmək üçün kərpicdən hörülmüş çala çox geniş olduğundan ora 7-8 çölmək sığışırdı. Mənim qonşu dükançılardan bir neçə piti həvəskarı "müştərilərim" də vardı. Hər səhər hərə öz çölməyinin ətini, noxudunu, duzu, istiotu, soğanı hazır gətirib mənə verir, mən də vaxtlı-vaxtında suyuna baxırdım ki, yanmasın. Günorta gəlib çölməkləri aparanda hərə mənə beş-on qəpik "əmək haqqı" verirdi."
Başqa bir əhvalatı da xatırlayıram. Anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq 1979-cu ilin iyun ayında Naxçıvanda keçirilən tədbirlərdə iştirak etmək üçün Məmməd Cəfər müəllim böyük bir heyətlə Naxçıvana gəlmişdi. Abbas Zamanov, Əziz Mirəhmədov, Yaşaq Qarayev, Kamran Əliyev… Muxtar Respublika səviyyəsində və universitetdə keçirilən tədbirlərdə iştirak və çıxışlar etdilər. Batabata səfər də oldu. Məmməd Cəfər müəllimin tapşırığı ilə sabahısı səhər tezdən "Naxçıvan" mehmanxanasına gəldim.
- Adamlar yeməyə qalxınca Naxçıvanı bir az gəzək,-dedi:
Böyük bağın yanından keçdik. Bu bağın tarixçəsi haqqında danışdı. Cümə məscidinə yaxınlaşdıq. Əvvəllər buradan Bazar çayın keçdiyini bildirdi. Qızlar bulağına endik. Buranın gülü solub, - dedi. Nəhayət, Xan diki məhəlləsinə gəlib çatdıq. Çox fikrə getdiyini gördüm. Üzü aşağı - vağzala sarı olan evlərə və həyətlərə heyranlıqla baxırdı. Bu nöqtədən Xan Araz da, Ağrı dağı da əl içi kimi görünür. Ürəyimdə Məmməd Cəfər müəllimin həyəcanını bu səbəblərlə əlaqələndirirdim. Ancaq ondan eşitdiyim söz fikrimi dəyişdi: - Mən bu məhəllədə doğulmuşam, qabaqlar Anbar məhəlləsi adlanırdı. Həyat məni burada bişirib yola salıb. Xatirələrimdə yazmışam…
Bu arada yanımızda motoskletdən bir adam düşdü. “Hara baxırdınız? İrana, yoxsa Türkiyəyə?”
Məmməd Cəfər müəllim hələ də öz aləmində idi. Əhvalatı gələn adama danışdım, bizi tərk etdi. Təhlükəsizlik xidmətinin əməkdaşı idi…
Nəhayət, "Xatirələr"lə bağlı üçüncü məqamı xatırlayıram. AMEA-nın Rəyasət heyətinin binasında 1989-cu ildə akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 80 illik yubileyi qeyd olunurdu. Yubiley yığıncağında xalq yazıçısı Elçin geniş məruzə ilə çıxış etdi. Mən də çıxış etdim. Axşam keçmiş "Moskva" otelindəki restoranda verilən banketdən çıxanda mənə onlara gəlməyimi tapşırdı. getdim, ikilikdə bir xeyli söhbət etdik… Etibarlı-etibarsız dostlardan danışdı: - Mən Naxçıvanda təndirdən bişib çıxmışam, - dedi. Pianoda çaldı və çox yanıqlı səslə "Şeyx Sənan" pyesindəki Kor ərəbin mahnısını oxudu:
Nə eşq olaydı, nə aşiq…
Mən söhbəti yenə də "Xatirələr"in üstünə gətirdim: - Nə üçün çap etdirmədiniz?
- Ulduza da demişəm, özünüz baxarsınız.
Başa düşdüm ki, "Xatirələr"i indi çap etdirmək fikri yoxdur. Bu sözlərdə vəsiyyət notları var idi.
Sonrakı 20 il quş kimi uçub getdi. Vaxtilə Məmməd Cəfər Cəfərovun övladdan artıq bağlı olduğu, dayısına hər hansı bacı qızından çox, hətta əsil doğma oğuldan da artıq qayğı və ehtiramla, həssaslıqla xidmət etmiş Ulduz xanım Haşımova nəhayət, "Xatirələr"i çapa hazırlamağa razılıq verdi.
Akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr"i ciddi bir epik əsər təsiri bağışlayır. Dünya və Azərbaycan memuar ədəbiyyatı ənənələrinə dərindən bələd olan Məmməd Cəfər müəllim heç kəsi təkrar etmədən bu janrda orijinal bir əsər yaratmağa müvəffəq olub. "Xatirələr", hər şeydən əvvəl, akademik Məmməd Cəfər Cəfərovun tale romanıdır. Qəti olaraq bu fikirdəyəm ki, hətta Məmməd Cəfər müəllimi ən yaxından tanıyanlar da "Xatirələr"i oxuyandan sonra onu yenidən və daha dərindən dərk edəcəklər. Əsər Məmməd Cəfər Cəfərovun od içindən çıxıb kürədə bişən bütöv və əzəmətli şəxsiyyətinin təsdiqnaməsidir. Ustad ədəbiyyatşünasın uşaqlıq və gənclik illərinin təsirli hadisələri, yanıqlı əhvalatları elə obyektiv, cəlbedici və macərəvari qələmə alınıb ki, oxucu bu əsəri konkret bir şəxsin xatirələrindən qat-qat çox dərin müşahidə əsasında yazılmış mükəmməl bədii əsər kimi qəbul edə bilər. Bu xatirələrlə Məmməd Cəfər Cəfərovun bədii əsərləri arasında nəinki yaxınlıq, çox möhkəm doğmalıq mövcuddur. Məlum olduğu üzrə, Məmməd Cəfər müəllim bədii əsərlərinin toplandığı "Əntiqə adamlar" adlı kitabında daha çox əhvalatlar və xarakterlər yaratmağa üstünlük vermişdir. "Xatirələr" memuarı da adi əhvalatlar və yaddaqalan xarakterlər romanıdır. Doğrudur, roman canrı üçün zəruri şərtlərdən olan çoxplanlılıq "Xatirələr"də yoxdur. Heç ola da bilməzdi. Çünki hadisələr memuar janrının tələb etdiyi kimi, daha çox bir şəxsin ətrafında, onun həyat hekayəsinin fonunda cərəyan edir. Ancaq müəllifin dərin savadı, geniş dünyagörüşü, yüksək səriştəsi həyatın dibindən gələn və çox təsirli, mürəkkəb vəziyyətlərlə qarşılaşan həmin şəxsin özünə bir qədər kənardan baxmasına, hadisələri bütün yönləri və fərqli axarları ilə canlandırmasına imkan vermişdir. Beləliklə, Məmməd Cəfər Cəfərovun gerçək və əzablı ömür yolu sanki bir bədii ədəbiyyat qəhrəmanının tale romanı səviyyəsinə yüksələ bilmişdir. Məmməd Cəfər müəllim "Xatirələr" əsəri ilə öz həyatı haqqında bədii təxəyyüldən doğan roman yazmamışdır. Əsərdə heç bir uydurma, bədii təxəyyülün məhsulu olan əhvalat və xarakterlər yoxdur. Əksinə, Məmməd Cəfər Cəfərovun həyatı, yaşadıqları, tərcümeyi-halı romandır. Bu roman-tərcümeyi-hal, yaxud tərcümeyi-hal romanı obyektiv, gerçək, həyati, təbii olduğu qədər də bədiidir. "Xatirələr" həm real həyat faktlarından yoğrulmuşdur, həm də təqdim olunan hadisələr aydın bir bədii biçimdə ifadə edilmişdir. Hətta əsərin ifadə üsulu üçün də epik təhkiyə seçilmişdir. Müəllif yaşadığı həyatın hadisə və faktlarının mahiyyətini açanda yüksək elmi səriştə, həmin prosesin detallarını mənalandıranda isə aydın bədii düşüncə nümayiş etdirmişdir. "Xatirələr"də elmiliklə bədiilik bir-birini tamamlayır.
Məmməd Cəfər Cəfərov "Xatirələr" memuarında zəngin surətlər qalereyası yaratmışdır. Əslində bunlar müəllifin yaxından tanıdığı sənətkarlar mühitinin adamları - dərzilər, papaqçılar, çörəkçilər, usta şagirdləri, qonşular və qohumlardan ibarətdir. Bununla belə, Məmməd Cəfər müəllim bu çoxsaylı adamlardan hər birinin zahiri və mənəvi aləmindəki fərqli cizgiləri, bənzərsiz əlamətləri elə böyük ustalıqla təqdim etmişdir ki, bəlkə hər hansı bir yazıçı bədii əsər yaradarkən bu səviyyədə fərdiləşdirmə aparmaqda çətinlik çəkərdi.
"Xatirələr" memuarı akademik Məmməd Cəfər Cəfərovun tale romanı olmaqla bərabər, həm də salnamədə olduğu kimi, XX əsrin böyük bir dövrünün obyektiv təsvirini özündə əks etdirir. "Xatirələr" memuarının "Naxçıvan xatirələri" adlanan birinci hissəsində XX əsrin əvvəllərindən 1931-ci ilə qədərki dövrün hadisələri, adamları və gedişatı təqdim olunur. Bu mərhələ Məmməd Cəfər Cəfərov üçün məhrumiyyətlər, çətinliklər və həyat uğrunda mübarizə dövrüdür. Həmin mərhələdə onun məhəllə məktəbindən, "Məktəbi-xeyriyyədən", savad kurslarından, Pedaqoji texnikumun tələbəsinədək, dərzi şagirdliyindən, baqqallıqdan, kündəgirlikdən ailə başçılığına qədər keçdiyi çətin, məşəqqətli, lakin şərəfli və ləyaqətli yol unudulmaz anları, incə detalları, əsas təfərrüatları göz önünə gətirilmişdir. "Naxçıvan xatirələri", eyni zamanda, XX əsrin əvvəlləri Naxçıvan cəmiyyətinin də dolğun və real mənzərəsini canlandırır. Bu bölmə mövzusuna və əhatə etdiyi dövrün xarakterinə görə Cəlil Məmmədquluzadənin "Xatiratım" memuarının bəzi məqamlarını yada salır. Lakin ədəbiyyat tariximizdə xüsusi yeri olan məşhur "Xatiratım"da hadisələr əsasən mühitin fanatik xarakterini göstərmək üstündə qurulduğu halda, Məmməd Cəfər Cəfərovun "Xatirələr"ində həyatın gercəklərinin təsviri diqqət mərkəzində saxlanılır. Bundan başqa, Cəlil Məmmədquluzadənin ədəbiyyatımızda xatirə ədəbiyyatının şah əsəri olan memuarında yazıçı müşahidəsi və bədiilik üstünlük təşkil edirsə, Məmməd Cəfər Cəfərovun "Xatirələr" əsərində isə elmilikdən gələn notların meydanı nisbətən genişdir. Burada həmçinin Məmməd Cəfər Cəfərovun mənsub olduğu nəslin - şəcərənin tarixi, əsas nümayəndələri, ailə ənənələri barəsində bir salnaməlik qədər zəngin material vardır.
"Bakı xatirələri" adlanan ikinci bölmədə ilk növbədə Məmməd Cəfər Cəfərovun formalaşmasında rolu və xidmətləri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçən ali təhsil mühitinin gercəkliklərindən bəhs olunur. Məmməd Cəfər Cəfərovun təhsil illəri, ali məktəb müəllimləri, tələbə yoldaşları, hətta o dövrün təlim üsulları, elmi-maarifçi imkanları haqqındakı hissələr xatirə müəllifinin keçdiyi yola işıq salmaqdan başqa, daha çox XX əsrin 30-cu illərinin bütöv mənzərəsinin yaradılmasına, dəyərləndirilməsinə və dərkinə bələdçilik funksiyasını yerinə yetirir. Bu bölmə məlum repressiya faciələri də daxil olmaqla 30-cu illərin real gedişatını əks etdirən və ciddi elmi-tarixi əsərlər üçün mənbə ola biləcək əhəmiyyətli informasiyalarla zəngindir. Məmməd Cəfər Cəfərovun müəllimlik və qəzetçilik fəaliyyətlərinə dair hadisələr də ilk dəfə olaraq "Xatirələr"də dil açıb danışır. Eyni zamanda, "Xatirələr"dəki xalq şairi Səməd Vurğun, görkəmli filosof Heydər Hüseynov, xalq yazıçıları Mirzə İbrahimov və Süleyman Rəhimova həsr olunmuş bölmələr və parçalar adı çəkilən görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyətinin açılmamış səhifələrini üzə çıxarır. Bu mənada "Xatirələr" XX əsr Azərbaycan ədəbiyyatının, ictimai-maarifçi fikrinin, tarixi proseslərin öyrənilməsinə sanballı töhfədir.
Akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan elminin qüdrətli nümayəndəsi olduğu geniş ictimaiyyət tərəfindən çoxdan və həmişəlik qəbul edilmişdir. "Xatirələr" memuarı böyük mütəfəkkir alimin elmi fəaliyyətini tamamlamaqla bərabər, onun bədii yaradıcılığına dair məlum düşüncələri və qənaətləri daha da dərinləşdirir və zənginləşdirir. Bütövlükdə "Xatiratım" memuarı akademik Məmməd Cəfər Cəfərovun həm elmi fəaliyyətinə, həm də bədii yaradıcılığına qiymətli əlavədir. Nəticə etibarilə "Xatirələr" Azərbaycan memuar ədəbiyyatının ciddi və əhəmiyyətli nümunəsidir. "Xatirələr" akademik Məmməd Cəfər Cəfərovun həyatını və çoxcəhətli elmi və ədəbi-ictimai fəaliyyətini yenidən öyrənməyə çağırır.
Nə üçün Məmməd Cəfər Cəfərov "Xatirələr"i çap etdirməmişdir? fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyətinə, 37-ci il hadisələrinə, görkəmli alimin müasirləri olan bir sıra tanınmış şəxsiyyətlərə dair bəzi ciddi mətləbləri əhatə etdiyinə görə Məmməd Cəfər müəllim öz sağlığında "Xatirələr"i kitab kimi çap etdirməyə ehtiyatlı yanaşmış, qəti qərar qəbul etməkdə çətinlik çəkmişdir. Bundan başqa, əsərdə dini məsələlərə ateist deyil, loyal münasibət bəslənilməsi də o zaman "Xatirələr"in çapını çətinləşdirmişdir. Nəhayət, əsərin bitməməsi, yarımçıq qalması da çap baxımından tədbirli olmağa imkan verməmişdir.
Bütövlükdə, akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr"inin ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim olunması elmi-ədəbi mühitimizin əhəmiyyətli hadisəsi sayılmağa layiqdir. Yazıldığı vaxtdan 30 ildən artıq bir dövr keçməsinə baxmayaraq, "Xatirələr" memuarı aktuallığını itirməmişdir. XX əsrin yetmişinci illərində yazılmış "Xatirələr" memuarında sovet ideologiyasının təsiri yox dərəcəsindədir. "Xatirələr" memuarı da görkəmli mütəfəkkir alimin digər əsərləri kimi, əbədi yaşarlıq qazanmaq imkanlarına malikdir.
Ümid edirik ki, yarımçıq qalmış "Xatirələr" memuarını Məmməd Cəfər müəllimi yaxından tanıyan dostları və tələbələrinin xatirələri, ustad alimin irsini öyrənən yeni nəsillərin təəssüratları tamamlayacaqdır.
Bizim üçün isə çöxcəhətli əhəmiyyəti ilə bir sırada "Xatirələr" memuarının oxuculara çatdırılması həm də müqəddəs bir borcun əməli ifadəsidir.
"Xatirələr" memuarının çapa hazırlanmasına yol açmış Azərbaycanın yeni dövr ziyalı qadınlarının layiqli nümayəndəsi Ulduz xanım Haşımovaya minnətdarlığımı bildirirəm. "Xatirələr" memuarından bir parçanı oxucuların diqqətinə təqdim edirəm.
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.-2009.-24
aprel.-S.1, 3.