Bizim məhəllə
"Xatirələr"
memuarından
Mənim anadan olduğum məhəllə Anbar məhəlləsi adlanırdı. O illərdəki qocaların sözü ilə "rus padşahı Naxçıvana qoşun yeridib tutanda, o zamana qədər ancaq şəhərin qədim tikintilərinin xərabələri qalan bu sahədə atlı kazaklar üçün böyük bir anbar (əslində tövlə), onun yanında kazaklar üçün beş otaqlı ev və üzbəüz bir türmə (həbsxana) tikilmiş imiş". Bir neçə il sonra kazaklar şəhərin yuxarı hissəsində tikilən təzə kazarmaya köçürüləndə ordan-burdan qərib-qurabə gəlib bu sahədə yurd salmış, hərə möhrədən özü üçün bir daxma tikmişdir. Belə izahatlardan öyrənirdik ki, bizim məhəllənin tarixi bir o qədər də qədim deyilmiş, bəlkə qədim, əzəmətli Naxçıvan xərabələri yerində XIX əsrdə əmələ gəlmiş təzə bir məhəllə imiş.
Rus padşahının kazakları üçün tikdirdiyi anbar (tövlə) uçub dağılmış, ancaq uca divarları qalmışdı və yoldan ötənlərin ayaqyoluna çevrilmişdi. Məhəlləmiz də haman bu xərabə anbarın adı ilə adlanırdı. Ancaq türmə-həbsxana qalırdı. Türmə ilə üzbəüz kazaklar üçün tikilmiş 4-5 otaqlı ev də qalırdı burada. 3-4 nəfər həbsxana işçisi, onun kiçik həyətində də gecə-gündüz iki-üç atlı strajnik görünürdü. Çox uca divarlı türmənin 4 "bürcündə" qaravul budkaları qoyulmuşdu. Budkalarda soldatlar gecə-gündüz növbə ilə qaravul çəkirdilər. Aşağıda türmənin dörd tərəfində də həmişə çiyinlərində tüfəng soldatlar hərə öz sahəsində o başa-bu başa gəzirdi ki, türmənin ətrafındakı səkilərə belə yaxın düşən olmasın. Biz səhərlər yuxudan durub ətrafa baxanda uzaqdan birinci növbədə bu qorxunc binanın uca divarlarını və budkalarda qaravulda dayanan soldatları görərdik (Bu türmə indi də yerində möhkəm durur, islah evinə çevrilmişdir). Uşaqların çoxu soldatları görəndə qorxardılar. Çünki nadinclik eləyəndə analar uşaqlarını soldatlarla qorxudardılar, "səsini kəs, soldat gəlib səni aparar!.." Qəribədir ki, uşaqlarını soldatlarla qorxudan analar özləri onlardan qorxmazdılar, əksinə, onlarda qaravulda duran bu qərib oğlanlara bir analıq rəğbəti vardı: "anası ölsün, yazıqların ayaq üstə durmaqdan qışları quruyur..." Soldatlar da yaxından ötüb keçən kişiləri yox, arvadları görəndə gülümsərdilər.
Məhəlləmizin türmə ilə üzbəüz gün çıxan tərəfində yazıq-yazıq qədim "Cümə məscidinin" geniş xərabələri dururdu. O vaxt böyüklər də elə sadəcə deyirdilər ki, bu "Cümə məscidi olub". Əlbəttə, çox sonralar arxitektorlarımızın əsərlərindən öyrəndim ki, bu xərabə məscid qədimdə dünyanın ən gözəl şəhərlərindən biri - "Nəqşicahanı" (dünyanın nəqşi) olan Naxçıvanın həmin bu sahələrdə geniş bir ansamblı təşkil edən əzəmətli tikintilərindən biri imiş (Əcəmi Naxçıvani əsri, bəlkə də ondan qabaq...) "Cümə Məscidi"dən əsər-əlamət olaraq kiçik və bir-iki yerdən uçmuş günbəz qalırdı. Xərabə məscidin türməyə yaxın tərəfində 22 böyük tut ağacı vardı. Deyirdilər, bu ağacları ehsan üçün vaxtilə məscidin günbəzində tək-tənha yaşayan qərib bir kişi əkmişmiş. Tut ağacı hər gün qaş qaralanda axşamüstü işdən qayıdan cənublu kəndlilər ağaclara dırmaşıb doyunca tut yeyər, qərib kişiyə rəhmət oxuyarlardı.
Anbar məhəlləsində yaşayan ailələr iyirmidən artıq olmazdı. Ailə başçılarının 7-si dərzi, biri faytonçu, biri bıçaqçı-çilingər, 3-ü dülgər, biri səyyar aşbaz, 2-si hambal, qalanları kənddən şəhərə köçmüş muzdurlar idi. Ailələrdə yeniyetmələr də ya dərzi, dülgər şagirdi, ya da bənna şagirdləri idi.
...Anbar məhəlləsi kasıblar məhəlləsi idi. Ümumiyyətlə, şəhərdə kasıbın sayı-hesabı yox idi, ancaq bizim məhəllənin əksəriyyəti sənətkarlardan olan kasıbları daha "məşhur" kasıblar idi.
Birinci dünya müharibəsinin gətirdiyi bahalıq və iqtisadi çətinliklər şəhərdəki bütün sənətkarların güzəranını pozmuşdu. Tiflis, Batumi, Peterburq və başqa şəhərlərlə aparılan əvvəlki ticarət əlaqələri xeyli zəifləşmişdi. Manufaktura, tikinti materialları və s. azalmışdı. Dərziyə paltar, başmaqçıya başmaq, papaqçıya papaq sifariş verən, bənnaya ev tikdirən, dülgərə qapı-pəncərə düzəltdirənlərin sayı azalmışdı.
Bu dövrün sənətkarları "azad" sənətkarlar idi. Onlar nə müəyyən bir idarədə işləyir, nə də aylıq maaş alırdılar. Oturub "iş işlədən" gözləyirdilər ki, azdan-çoxdan qazanıb ailələrini dolandırsınlar. "İş işlədən" də olmayanda qalırdılar avara, yoxsulluq, ehtiyac həddini aşırdı. Naxçıvan, ümumiyyətlə, sənətkara az ehtiyacı olan şəhər idi. Bütün şəhərdə bir saatsaz və bir zərgər vardı. Onları da çox zaman dükanlarında bekar oturub müştəri gözləyən görərdik. Bizim məhəllədə hambalların biri və bir dərviş sənətkarlara nisbətən babat yaşayırdılar. Gülərüzlü və zarafatcıl olan hambal Şirməmməd hər səhər hava işıqlanmamış palanını götürüb bazara çıxar, hər necə olsa iki-üç nəfərə yük daşıyıb "çörək pulunu" çıxara bilirdi. Şirməmməd çox enlikürək, pəhləvan cüssəli, sağlam, güclü olduğundan və hambal pulunun azlığına-çoxluğuna baxmadığından, ən ağır yükləri qaldıra bildiyindən hər gün ona yük daşıtdıran tapılırdı. Hətta bəzən axşamdan sifariş də alırdı::
- Şirməmməd, sabah gedib dəyirmandan un taylarını evə apararsan.
- Ay qadavu alım sənin, məşədi, arxayın ol!
Məhərrəmlikdə şəbehlərdə Yezid və Şümür rolunu oynayan qonşumuz dərviş Kabla Kazımın da dolanacağı babat idi, yəni onun da evində hər gün isti xörək olurdu. Kabla Kazım hər cümə axşamı qoltuğunda kəşkül ucadan avazla müxtəlif muğamlar üstə nə isə oxuya-oxuya bütün bazarı gəzər, yoldan ötənlər, bəzən dükançılar onun kəşkülünə qəpik-quruş atar, bu qəpik-quruşla da o, bir həftə ailəsini ət-çörəklə təmin edə bilirdi. Dərviş Kabla Kazım bazar əhlini beş barmağı kimi tanıyırdı. Dükançılardan, sənətkarlardan hansının onun kəşkülünə pul salıb, hansının salmayacağını yaxşı bilirdi. Varlı və az-çox savadı olan tacirlərdən ona pul verənlərin sayı çox az idi. Belə dükanların qabağandan Kabla Kazım hirsli, qəzəbli, sürətlə, həm də mızıldaya-mızıldaya ötüb keçər, nahaq yerə boğazını yırtmazdı, əksinə, pul çıxan dükanların qabağında bir az da artıq ləngiyər, həm də həvəslə oxuyub cuşa gələrdi. Kəşkülü dolu olduğu günü Kabla Kazım yolda da evə qədər oxuya-oxuya gələrdi. Həyətində onun öz-özünə oxuduğunu çox görərdik. Ancaq burada oxunan sözlər bazarda oxuduğu sözlərə bənzəməzdi. Yəqin ki, burada o, aşiqanə sözlər oxuyurmuş. Oxumağa kişidə xüsusi, təbii bir həvəs vardı. Güzəranı çox sadə idi. Evində bir-iki dəst yorğan-döşək, iki köhnə palaz və qab-qacaqdan başqa bir şey yox idi. Bu cəhətdən hambal Şirməmməd ondan "varlı" sayıla bilərdi, çünki Şirməmmədin evində eyni ev əşyalarından başqa arvadı Şərabanının kənddən cehiz gətirdiyi bir xalça da vardı. Qəribə idi ki, dərviş Kabla Kazım oruc tutmur, namaz qılmırdı. Əlbəttə, heç kəs bilmirdi ki, o, namaz qılmır, bu sirri çox gözəl, mehriban insan olan arvadı Zəhra xala gizlicə anama danışmışdı. Aralarında alçaq divar olan qonşuları da bu sirri təsdiq edirdilər. Kim bilir, bəlkə Kabla Kazım öz-özlüyündə belə hesab edirmiş ki, onun gecə-gündüz oxuması və Yezid rolunu oynaması namazı da, orucu da əvəz edə bilər. Bəlkə də ikiüzlü "mömin" imiş və ya bir əhli-təriqəğ imiş. Hər halda, Kabla Kazım o dünyaya çox da etibarı olmayan adama bənzərdi. Cavanlığında bənna şagirdi, sonra hamamda kisəçi, bir müddət xanəndə, səsi məlahətli olmadığına görə dərviş və Yezid... Kabla Kazım da belə bir "mömin" idi.
Qonşularımızdan babat dolananlardan biri də bıçaqçı-çilingər usta Kazım idi. Usta Kazımın babat dolanmasının iki səbəbi vardı: Birinci bu idi ki, o şəhərdə yeganə bıçaqçı idi və əlindən hər iş gəlirdi. Qıfıl, tüfəng, tapança təmir edir, bıçaq, açar düzəldirdi. İş qabiliyyəti artır, gündüzlər dükanda, gecələr evdə işləyirdi. İkigözlü evinin bir otağı çilingərxana idi. Müştərisi əskik olmurdu. İkinci səbəbi də bu idi ki, yaxşı ovçu idi, hər cümə günü ova gedər və evə boş qayıtmızdı. Çox ciddi, zabitəli, gur səsli bir kişi idi. Hamı onun hörmətini saxlayardı. O da qonşularının hörmətini saxlayır, onların xeyir-şərinə yarayardı. Usta Kazımın bircə dərviş Kabla Kazımdan zəhləsi gedərdi. Bir dəfə o, həmyaşıdı olan əmim bənna Məmməd Qasıma zarafatla demişdi ki, əgər Zəhra bacının (dərvişin arvadı) hörməti olmasa idi, bu dərvişi bir güllə ilə gəbərdərdim. Dilənçilik edib, məhəllənin adını batırır. Vay o gündən ki, bir nəfər nabələd adam dərvişin qapısını döymək əvəzinə səhv edib usta Kazımın qapısını döyəydi. Böyük mərəkə qopar, usta dərvişin adına çox sözlər deyərdi, ancaq dərviş dillənməzdi. Belə hallarda biz uşaqların dərvişə yazığımız gələrdi, axı hər nə idisə o, bizim mehriban Zəhra xalanın əri idi... Usta Kazımın böyük oğlu Heydər də bıçaqçı idi. Xasiyyətcə o da atasına oxşayırdı, əlindən hər iş gəlirdi. Cavan Usta Heydər atasından qorxardı, ata qapıda görünən kimi ayağa durub salam verməli, ancaq atasının icazəsindən sonra gedib yerində otura bilərdi... Bunun əksinə Kabla Kazımın oğlu Cəfər heç bir sənət sahibi ola bilməmişdi və bizim mehriban Zəhra xalamız tez-tez, ürəyi yana-yana oğlunun avaraçılığından şikayətlənərdi. Cəfər nə atasından qorxardı, nə də anasından...
Beləliklə, məhəlləmizdə bir hambal, bir dərviş və bir bıçaqçının az da olsa daimi, gündəlik qazanc yeri vardı. Qalan sənətkarlar üçün isə belə bir daimi, gündəlik iş yeri yox idi. Elə hallar olurdu ki, həftələrlə bənna malasını, dülgər kərki-buçqusunu götürüb bazara çıxır, iş yeri tapa bilməyib kor-peşiman və əliboş evə qayıtmalı olurdu. Axı evdə də arvad, uşaqlar gözləyirdilər ki, ata indi bazardan qayıdacaq... Dərzilər, papaqçılar, başmaqçı, çarıxçılar da... eləcə. Səhər dükanlarını açıb axşama kimi oturur, müştəri gözləyirdilər. Elə vaxtlar olurdu ki, həftələrlə müştəri görünmürdü. Adətən çörək pulu çıxara bilən sənətkarlar dərhal günorta əzanındən sonra ət, çörək alıb evə qayıdırdılar ki, axşama evdə yeməyə bir şey olsun. Müştəri gəlməyən, çörək pulu çıxmayan gün necə? Belə günlərdə ailələrin keçirdiyi iztirabları adi sözlərlə müasir oxuculara çatdırmaqda çətinlik çəkirəm...
Qəribə qonşularımız vardı. Bizim evin günbatan tərəfə iri bir pəncərəsi də çox geniş, alçaq divarlı bir həyətə açılırdı. Bu həyətdə sağ tərəfdə bir qapısı və bir gözlü pəncərəsi olan kiçik bir otaq, sol tərəfdə yan-yörəsi uçub-tökülmüş, qapısının layları, pəncərəsinin çərçivəsi xeyli çürümüş bir otaq, ortada da yenə eyni vəziyyətdə kiçik otaq vardı. Geniş həyətin küçəyə tərəf divarları ordan-burdan uçub tökülmüşdü. Həyətdə tək bircə qoca qarağac vardı ki, onun da budaqlarının çoxu qurumuşdu. Burada yaşayanlar tərəfindən atılan zir-zibil orda-burda zibil təpəcikləri əmələ gətirmişdi. Sol tərəfdəki kiçik otaqda "səyyar" aşpaz Qara Qulu arvadı Gülsüm xala ilə yaşayırdı, uşaqları yox idi. Sağ tərəfdəki və ortadakı xaraba karvansara hücrələrinə oxşayan otaqların birində iki qardaş- Muxtarla Heydər, o birində bacıları Durna qalırdı. Bu otaqlardan da uşaq səsi gəlməzdi, çünki qardaşlar subay idi. Durnanı da istəyən olmamışdı. Budaqlarının çoxu qurumuş qarağacın dibində toyuq hininə oxşar bir daxma da vardı ki, burada qardaşların uzaq qohumu sayılan fayton sürən çopur Sərtib olurdu. 33-34 yaşlarında olan Sərtib də subay idi. Geniş həyət uşaqsız idi. Küçə qapısı olmadığına baxmayaraq bu həyətə bir nəfər də uşaq keçməzdi, keçib neyləyəcəklərdi? İt-pişik də yox idi ki, uşaqları maraqlandırsın.
Aşpaz Qara Qulunun otağı bir babat səliqəli idi. İki kilim, iki həsir, sandıq, mücrü, bir səhəng, bir qələnnik, beş-üç qab-qazan. Ancaq Muxtarla Heydərin yatdığı otağa otaq demək olmazdı, mənzil də demək olmazdı, nabələd adamı heç cürə inandırmaq olmazdı ki, bu otaqda adam yaşayır. İki həsir, iki mitil, çirkli yorğan-döşək, bir qələnnik, bir su parçı, vəssalam. Durnanın yatağı köhnə idi, ancaq təmiz olurdu. Onun əlavə bir mücrüsü, həmişə mücrünün üstündə olan bir qırıq aynası və dişlərinin bir neçəsi qırılmış darağı vardı.
35-36 yaşlarında olan Muxtar məşhur şah tənbəli idi. Güya bənna şagirdi idi, iş tapılanda da ayda iki-üç gündən artıq işə getməzdi. Tənbəlliyinə görə də bənnaların çoxu onu işə aparmazdı. Bənna şagirdinin işi palçıq tutmaq, gəc qarışdırmaq və usta divarın üstündə olanda altdan yuxarı ustaya kərpic atmaq idi. Muxtar xüsusi hazırlıq, vərdiş tələb etməyən belə işlərdə də yarıtmaz idi. Kişinin işləməyə həvəsi yox idi. Usta Məmməd Qasım deyirdi ki, "gəc qarışdırmaq kimi yüngül bir işə də zalım oğlu ərinir, korazehinlik edir, Muxtarı işə aparan bənna gərək bir günlük işi bir həftə uzatsın..." Muxtarın işi-peşəsi Heydərin və ya Durnanın azdan-çoxdan gətirdiyindən yeyib yanını yerə verib yatmaqdı. Durna hərdən bir gedib utana-utana usta Məmməd Qasıma yalvarırdı ki, işə gedəndə Muxtarı da aparsın, Muxtar onun sözünə baxar... "Kor qız kimi oturub evdə... Qardaşı Heydər də güclə özünə çörək tapa bilir, mən də ki... bilirsən də, Məmməd Qasım əmi, ona-buna iş görməklə..." Usta Məmməd Qasım Durnanın sözünü yerə salmaz, bir də görərdin hava işıqlanmamış usta Məmməd Qasımın küçədən səsi gəlir:
Muxtar, ay Muxtar... qızım Durna, o şah tənbəlini oyat, göndər bura.
Usta bir xeyli gözləyəndən sonra Muxtar gözlərini ovuşdura-ovuşdura,
ləngərlə yaxınlaşırdı:
-Salam, usta!
-Gəl dalımca, cəld
ol, addımlarına bir az haram qat, vaxt keçir...
Muxtar ustanın dalınca elə
könülsüz yeriyərdi ki, elə bil onu cəza verməyə
aparırlar, bir-iki gün işləyəndən sonra işdən
qaçar, yenə gəlib həyətdə özünü
günə verib bitlənərdi...
Muxtar uca boylu, ayaqları
çox yekə, qılçaları həddindən artıq
uzun bir kişi idi. Başına qoyun dərisindən uca
börk qoyduğuna görə daha uzun
görünürdü. Naxçıvanda Paltara Kazım ən
uca boy adam sayılırdı. Muxtarı da tanısaydılar
bilərdilər ki, şəhərdə Paltara Kazımdan da
uzun bir adam var... Belə bir adamın tənbəllik edib,
bütün günü yanını yerə verib "küllənməsi"
qəribə idi. Muxtarın paltarı, şalvar-köynəyi
yamaqlı, corablarının dabanı cırıq,
başmaqları yırtıq olardı və yeriyəndə
bu cırıq başmaqları sürüyə-sürüyə
gedərdi. Canından, paltarından bit əskik olmazdı.
İldə bir dəfə hamama getməyəndə,
paltarı dəyişməyəndə əlbəttə bit
olacaqdı. Qonşuda təndir yananda yazıq Durna
qışqır-bağırla Muxtarı soyundurub evə qatar,
paltarlarını aparıb təndirdə
çırpardı. Aydın olsun deyə belə bir izahat verməliyəm
ki, o vaxtlar imkanı olan ailələrdə arvadlar təndirdə
bir neçə aylıq çörək yapıb, qurudub
saxlardılar. Belə çörək yapmaq günləri və
gecələri iki, üç, bəzən dörd-beş
gün davam edərdi. Bu günlər qızlar, gəlinlər,
xüsusən uşaqlar üçün həm də
maraqlı bir əyləncə idi. Çörək yapanda
növbə ilə qonşu arvadlar, qızlar, gəlinlər
birləşib bir-birinə kömək edərdilər. Gecələr
xəmir yoğurur, ayaqlayır, səhər açılanda təndiri
qalayıb çörək bişirmə əməliyyatına
başlardılar. Bu əməliyyat bəzən gecələr
də çıraq işığında davam edərdi. Gecələr
xəmir yoğurub ayaqlayanda qız-gəlinlər mahnı
oxuyar, hətişkə gedər, deyib-gülərdilər. Belə
gecələrdə uşaqları yatırmaq mümkün
deyildi. Uşaqlar da böyüklərə qarışıb xəmir
ayaqlar, atılıb-düşüb oynayardılar.
Çörək yapan ev sahibi köməyə gələn
qonşuları çaya-çörəyə qonaq etməyə
borclu idi. Bu işlərin çoxunu hamı bacarırdı, təndirə
çörək yapmaqdan başqa. Hər məhəllədə
kasıb ailədən olan xüsusi çörək yapan arvadlar
olardı. Axırıncı gün çörək
yapılıb qurtarandan sonra, təndir hələ
soyumamış yoxsul ailələrdən paltarında bit
olanlar gəlib xahiş edərdilər ki, ev sahibi icazə
versin paltarlarını təndirə çırpıb bitləri
yandırsınlar. Təndirə tökülüb yanan bitlərin
həm yandığı eşidilərdi, həm də
çox pis iyi qalxardı. Belə fürsətlərdən
istifadə edib Durna da qardaşlarının paltarlarını
gətirib təndirdə çırpardı. Ümumiyyətlə,
o illərdə məhəllələrdə elə kasıb
evi yox idi ki, onda bit olmasın. Ancaq tənbəl Muxtarın
canına daraşan bitlərə bit çatmazdı... Bununla
belə Muxtarın iddiası yerə-göyə
sığmazdı. Qonum-qonşu saymaz, nə bir kəsə
salam verər, nə salam alardı. Yeriyəndə elə ləngərlə
yeriyərdi ki, elə bil yeri-göyü yaradan budur.
Qardaşların hər ikisi keçəl idilər, ancaq Heydərə
heç kəs “Keçəl Heydər” deməzdi. Muxtarın
ayaması keçəl idi: "Keçəl Muxtar gəlir",
"Keçəl Muxtar bitlənir..." .
Heydər Muxtardan bir-iki
yaş böyük, arıq, sısqa, orta boylu və çox
utancaq, fağır, məzlum bir kişi idi. O, Muxtar kimi tənbəl
deyildi. Hər səhər tezdən durub bazara gedər, hər
gün olmasa da, həftənin iki-üç günün
iş tapardı. Bağ bellər, ot biçər, zəmi
sular, bunlar olmayanda qısa məsafələrdə
hamballıq edərdi. Əgər Muxtar kimi tənbəl,
tüfeyli və qarınqulu bir qardaş olmasaydı Heydər
qənaət edib bəlkə də özü
üçün dəyişək alar, yorğan-döşəyinin
heç olmasa üzünü ucuz çitlə təzələyə
bilər və canına daraşan bitlərdən yaxa qurtara
bilərdi. Ancaq bunları əldə etmək mümkün
olsaydı da nə fayda, o, Muxtarla bir otaqda yatırdı, bitlər
də nə bilirdi ki, Heydər zəhmətkeş, Muxtar isə
avaranın biridir. Nə qədər ki, Muxtar bitli idi, onunla bir
otaqda yatmağa məcbur olan Heydər də bitli olacaqdı...
Zavallı Durna. Uşaqlıqda da, ilk gənclik yaşlarında da, indi də harada mənəviyyətcə gözəl, ancaq taleyi kəm, sevib-sevilmək, ailə qurmaq həsrəti gözündə qalmış, ərlik yaşı ötmüş, ancaq yoxsul olduğundan heç kəs tərəfindən adı çəkilməyən bir qız görmüşəmsə, biri tənbəl arsız, biri fağır, məzlum olan iki qardaşın bir bacısı, ürəyi mahnılı Durnanı xatırlamışam.
Mən 9 yaşında olanda Durna 26-27 yaşlarında orta boy, mütənasib əndam, arıq, çevik, qaragözlü, nazik qaraqaşlı, iti baxışlı, istiqanlı, xoş rəftar, mehriban bir qız idi. Çox məlahətli səsi vardı, harada isə onun-bunun mızqanını (qarmon) çala-çala mızqan çalmaq öyrənmişdi, ancaq özünün mızqanı yox idi. Səylə, həvəslə qaval da çalardı, qavalı da yox idi. Oynamaqda qızlar arasında birinci idi, çalıb-çağırmaq, oynamaq, deyib-gülmək onun stixiyası idi. Məhəllənin qız-gəlinləri bir evə yığışıb hakuşka (hətişkə) gedəndə onlara Durna başçılıq edərdi.
Hakuşka (hətişkə)
tarixi qədim olan oyunlardan biri idi. Qızlar-gəlinlər
10-13 nəfərlik cərgə ilə iki dəstəyə
bölünüb üz-üzə dayanır, növbə ilə
mahnı oxuya-oxuya bir qıçla atıla-atıla bir-birinin
arasından keçib yerlərini dəyişər, eyni qayda
ilə yenə oxuya-oxuya hər dəstə öz əvvəlki
mövqeyinə qayıdardı. Mahnını növbə ilə
qızlardan, gəlinlərdən biri solo oxuyar, qalanları
hakuşka "hətişkə " sözünü xorla təkrar
edərdilər. Bir misal:
Solo - Sandıq üstə
üzüm var,
Xor – Hakuşka
Solo - Üzüm, səndə
gözüm var
Solo - Ay qara birçək, sərv
boy
Xor – Hakuşka
Solo - Getmə, səndə
gözüm var
Xor - Hakuşka.
Bir folklorçu mənə
dedi ki, "hakuşka" yox, "hatişkədir". Mənasını
demədi. Bu oyunun əhəmiyyəti onda idi ki, iştirak edənlərdə
fövqəladə şən əhvali-ruhiyyə
yaradırdı, qızları, gəlinləri mahnı əzbərləməyə
həvəsləndirirdi. Yəqin ki, mahnı oxuyan bununla
öz arzu və həsrətlərini ifadə etmiş olurdu. Bunlardan
əlavə bu bir növ bədən tərbiyəsi idi.
Çox yayılmış "hakuşka" sözlərinin
bir kəlməsi və ya bir misrası qızların
hansının yadından çıxsaydı Durna dərhal
yada salardı. Qonşumuz Zəhra xalanın sözü ilə
Durna "sinədəftər" idi. Bəzən o soloda
ilhama gəlib eşidilməmiş sözlər qoşar,
oxuyardı. Kefi kök olanda həyətlərindən də
Durnanın yavaşdan, özü üçün oxuduğu
mahnıları eşidilərdi: "...Mənim bu
günümdə gələsən, Nəbi..."
Arvadların, qız-gəlinlərin "haştan-piştan" gəzintisində də hamıdan çox çalıb-çağıran, deyib-gülüb, oynayan Durna idi. Belə günlərdə onun sevincinin həddi-hüdudu olmazdı, çünki bələ gəzintilərlə, yəni "haştan-piştan"da hökmən bir peşəkar mizqan çalan arvad da çağrılardı. O, yorulanda mızqanı (qarmonu) Durnaya ötürərdi. Hamı təsdiq edərdi ki, Durna daha yaxşı, daha həvəslə çalır, təzə "xallar " vurur.
"Haştan-piştan" belə bir əyləncə idi: Yaz aylarında arvadlar, qızlar, gəlinlər hərə öz qüvvəsinə görə axşamdan yemək tədarükü görüb səhərisi tezdən böyük dəstə ilə çölə çıxardılar. Bu gəzintidə uşaqlar da iştirak edirdi. Evdə qayınana və ana olmayanda gəlinlər südəmər uşaqların da götürərdilər. Münasib bir yerdə ocaqlar qalanar, qazanlar asılar, samovarlar odlanırdı. Sonra da yeyib-içmək, oxumaq, oynamaq, yaxınlıqdakı yoncalıqdan təzə göyərmiş yonca yığıb duza batırıb çörək yemək... Uşaqları yoncalığa yaxın qoymazdılar, çünki yoncanı ayaqlayırdılar.
Haştan-piştan gününün belə bir yaxşı adəti vardı. Məhəllənin ancaq o ailələrinə yemək tədarükü görmək tapşırılırdı ki, imkanı olsın. Kasıblar babat dolananların "qonağı" idi. Bir də görərdin axşam üstü faytonçu Hacıəlinin arvadı Leylan xala Durnanı səsləyir:
- Ağız, Durna! Səhər haştan-piştana gedirlər. Tezdən dur gəl bizə. Heç nə götürmə, hər şey hazırlamışam...
Durna kasıb idi,
atasız-anasız idi, iki qardaşı olduğuna baxmayaraq
kimsəsiz, baxımsız idi. Bizim məhəllədə yox,
kənar məhəllələrdə varı-mülkü
olanlara paltar yumaq, həyət-baca süpürməklə
dolanırdı. Demək olar ki, Durna muzdur idi. O vaxtlar hər məhəllədə
kasıb, əlacsız ailələrdən bir-iki belə
muzdur arvadlar, gəlinlər olurdu, amma muzdur qız olmurdu. Durna
muzdur qız idi. Belə "muzdurlara" ev sahibləri pul
verməzdilər. Azdan-çoxdan yemək,
çay-çörək və hərdən bir köhnə
paltar, ayaqqabı... - bu muzdurların əmək haqqı hesab
olunurdu.
Durnanın var-yox tuman-koftadan
ibarət və can köynəyindən iki dəst köhnə
"paltarı" vardı. Yayda da, qışda da bunları
geyərdi. Bu iki "dəst yamaqlı paltarın" biri
çirklənəndə mahnı deyə-deyə yuyub həyətdə
sərib qurudar, o birini geyərdi. Onun paltarı həmişə
yuyulmuş, təmiz olardı. Ucuz çit parçadan bir
çadrası da vardı. Ancaq həyət-bacada çadra
örtməz, küçədə də kişilərdən
yaşınmazdı. Çünki Durna yaşlı kişilərin
çoxunun qızı yerində idi. Məhəllədə
elə bir subay oğlan da yox idi ki, Durna onu saya alıb
yaşınsın. Subay oğlan bircə qərib qozbel
dülgər şagirdi Sadıq idi ki, onunla da Durna
bacı-qardaş kimi dolanırdı.
Yoxsul, kimsəsiz Durna çox məğrur bir qız idi. Babat dolanan qonşu arvadların hamısı onun xətrini istəyir və ona əllərindən gələn köməyi göstərməyə hazır idilər. Lakin Durna heç kəsdən heç nə qəbul etməz, möhtac olduğunu göstərib alçalmazdı. Təsadüfən nahar vaxtı Durnanın yolu hər hansı bir evə düşsəydi, ev sahibi ayağa durub sevinclə onu süfrəyə dəvət edəndə Durna ac da olsaydı gülə-gülə deyərdi:
- İndicə yeyib gəlmişəm.
- Ay qız, sən Allah gəl otur, bir tikə də olsa al...
- Vallah elə indicə yeyib
durmuşdum. Dedilər Leylan xala səni
çağırır, qaçıb gəldim...
Bir dəfə bizim mehriban Zəhra
xalanın bir bəhanə ilə Durnaya tumanlıq çit
bağışlamaq istədiyinin şahidi oldum:
- Qızım, Durna! Kişi
bu çiti gətirib ki, tumanlıq eləyəm, baxıram
güllüdür, qoca arvadam, mənə yaraşmaz, al
özün üçün tik. Məndən sənə
bayramlıq olsun. Bayram da yaxınlaşır.
- Yox, yox, nə
danışırsan Zəhra xala! Hacı Qasımın
arvadı mənə tuman-koftalıq çit borcludur,
bugün-sabah verməlidir... Çox sağ ol, saxla
qızın üçün...
Hacı Qasım Şahab məhəlləsində
ən varlı adamlardan biri idi. Neçə yüz qoyunu, 20-30
mal-qarası, əkin yerləri, neçə-neçə
minik atları, arabaları... vardı. Durna onun evində paltar
yuyar, muzdurluq edərdi. Ancaq Hacı Qasım arvadının
tuman-koftalıq parça vədəsi Durnanın uydurması
idi. Çünki, heç bir yerdə görünməmişdi
ki, muzdur arvadlara təzə parça
bağışlasınlar. Köhnə, nimdaş paltar
ola bilərdi.
Axı, Durna yalan
danışan deyildi, o niyə ac ola-ola deyərdi ki, "indicə
yeyib-içib gəlmişəm"? Buna "yalan" demək
olmazdı. Bu yalan deyil, fəğan idi. Bu təkcə
Durnanın deyil, bütün məğrur kasıbların
işlətdiyi məşhur "yalan" idi! Mən
özüm də bir zaman belə yalanları az işlətməmişəm,
yeri gələndə bu barədə də
danışarıq.
Çox qəribə idi ki, çətin yaşayan, heç bir köməyi, havadarı və təsəllisi olmayan Durna həmişə şən, gülərüzlü, nikbin görünürdü. Bəlkə bu məğrur, ürəyi mahnılı qız ürəyindəki böyük bir dərdi, bədbəxtliyi, məhrumiyyəti gizlətmək üçün belə nikbin görünməyə çalışır, istəmirdi ki, özgələri onun bədbəxtliyini duyub halına acısınlar və desinlər: "Yazıq Durna!"... Çox güman ki, belə idi və ya bu da mühüm bir səbəb idi. Axı başqa çətinlikllər, ağrılar, yoxsulluq, qardaşların fərsizliyi, onun-bunun qapısında "muzdurluq" bir yana, ərlik vaxtı ötüb-keçməkdə olan, heç kəs tərəfindən "adı tutulmayan" bu qızın ürəyində böyük bir gizli dərdi olmaya bilməzdi... Belə bir dərd olmasaydı Durna da "ürəyi mahnılı Durna" ola bilməzdi.
Durna ancaq bir məqamda kədərli görünərdi: Qardaşları kimi bütün keçəl olmasa da, onun da təpəsində uşaq əli boyda bir keçəl yeri vardı. Qız-gəlinlərlə "hətişkə" gedəndə və ya toyda şənliklərdə oynayanda, təsadüfən həmişə başında gəzdirdiyi örpəyi sürüşüb düşəndə yazıq qız utanıb özünü itirər, bütün vücudu ilə titrəyib əsər, gözləri dolar, rəng verib-rəng alar, böyük əzab çəkərdi.
Ey keçəl muxtarların və heydərlərin rəhmətlik ana-ataları, sizin zəmanənizdə yoxsulluq ictimai bir bəla idi, bu öz yerində, həkim yox idi, dava-dərman baha idi, üsuli-idarə səhiyyə işlərinə fikir vermirdi, ancaq ölkəni çapıb-talamaqla kifayətlənirdi, bu da öz yerində. Sizdə də o şüur hələ yox idi ki, bu ictimai bəlalara qarşı ölüm-dirim mübarizəsinə girişəsiniz, - bu da öz yerində. Bəs bitlə, çirklə mübarizəyə də gücünüz çatmırdı? Uşaqlarınızın heç olmasa həftədə bir dəfə başını yumağa su da yox idi? Rəhmətliklər, öz aramızda qalsın, amma yaman tənbəl adamlar imişsiniz, heç olmasa sizdə pişik təmizliyi, pişik səliqəsi də yox imiş...
...Durna bir-iki il də beləcə mahnıları, arzu-həsrətləri ilə yaşadı. Bir gün səhərə yaxın onun yatdığı otağın qapı-pəncərəsindən qalın bir tüstü çıxdı, sonra alov dilləri göründü. Qonşular tökülüb getdi, çox çətinliklə, ancaq günortaya yaxın yanğını söndürə bildilər. Otağın tavanı, dirəkləri, pərdiləri yanıb tökülmüş, hislənmiş divarlar qalmışdı. Dedilər ki, Durna içəridə imiş, yanıb külə dönmüşdür. fəlakətin səbəbini hərə bir cürə izah edirdi:
- Bəlkə yazıq qız təngə gəlib özünü yandırmışdır?
- Axı o, özünü niyə yandıraydı? Həmişə deyib-gülən, çalıb-çağıran...
-Bəlkə otağa od
düşüb, yuxuya gedib, bilməyib?
-Otağa od haradan düşə
bilərdi? Lampası yox, ocağı yox, samovarı yox,
biş-düşü yox. Gecələr burda heç şam
işığı da görünməzdi. Bədbəxtin
bürünüb yatdığı bir yorğan, bir
döşəkdən başqa nəyi vardı ki?...
Aşpaz Qulunun arvadı,
gündüzü çox yatıb, "gecələr yuxusu ərşə
çəkilən" Gülsüm xala deyirdi ki, səhərə
yaxın o, bir qışqırıq səsi eşitmiş, həyətə
çıxandan sonra səs kəsilmişdir, onun heç
ağlına gəlməzdi ki...
-Əgər
qışqırıq səsi olubsa, bəs qardaşları nə
üçün eşitməyib?
- Ə, Muxtar, Heydər, siz
qışqırıq səsi eşitməmisiniz?
Muxtar keçəl
başını aşağı salıb susur, Heydər
uşaq kimi ağlayırdı.
- Yaxşı, Durna axşam
evə nə vaxt gəlib, nə təhər gəlib,
heç kəs bilmir?
Heydər ağlaya-ağlaya
dillənir:
- Biz yatandan sonra gəlib.
Qara Qulu yaman əsəbləşir:
- Boyunu yerə soxum belə
qardaşların. Ə, biqeyrətlər, bəs qardaş bilməz
ki, bacısı harda qalıb, dərdi-səri nədir? Gül
kimi uşaq getdi bada, heyif Durnaya...
Mən uşaq intuitsiyası
ilə belə hesab edirdim ki, Durna özünü
yandırıb. Öz aləmimdə dəlilim də bu idi ki,
elə məğrur bir qız rəzil həyata uzun müddət
dözə bilməzdi. Onun özünü necə
odladığını, yanıb kül olana qədər necə
əzab çəkdiyini, bu anlarda nələr
düşünə bildiyini xəyalımda canlandırıb
dəhşətə gəlirdim...
Gülsüm xala və aşpaz Qara Qulu. Qonşularımızdan Gülsüm xala aşpaz Qara Qulunun arvadı idi. Aşpaz Qara Qulu 60 yaşlarında, ortaboy, enlikürək, dəyirmi qaragöz, qaşları enli, topasaqqal yekə bığlı bir kişi idi. Başı da, saqqalı da, qaşları da, bığları da ağarmışdı. Saqqalını uzatmazdı, ancaq yan-yörəsini də aylarla düzəltməyinə görə bığı saqqalına, saqqalı bığına qarışardı. Bu da onun sifətinə əzəmətli bir görkəm verirdi və yaraşırdı. Beli azca əyilmişdi, rəngi çox qara olduğuna görə öz yanında və arvadının yanında yox, kənarda onu başqa qululardan fərqləndirmək üçün Qara Qulu deyirdilər. Qara Qulunun başqa aşpazlar kimi qapı-pəncərəli dükanı yox idi. Bazarın bir tərəfindən iri sandıq boyda bir ocaq düzəltmişdi. Hər səhər tavasını, dəhrə, bıçaq və s. yüngül ləvazimatını götürüb gedər, ocaq başında oturub gözlərdi. Bir az keçərdi birinin əlində ət, kartof, soğan, pamidor, birinin əlində içalat, birində hazır çölmək "müştərilər" görünərdi:
-Qulu əmi, zəhmət olmasa bu əti çək şişə, bir dişimizi dəyişək.
- Qulu əmi, bu əti cəld qovur ver bizə, yol üstəyik.
- Qulu əmi! Məşədi
Heydər deyir bu çölməyi qoysun ocağın üstə,
günortaya qonağı var.
Qara Qulu cəld hərəkətlə
sifarişləri yerinə yetirərdi. Müştərisi də
əskik olmazdı, çünki kabab çəkmək və
ət qovurmaqda kişinin xüsusi qabiliyyəti "yədi-beyzası"
vardı.
Qulu kişinin gen dünyada
var-yoxu bircə Gülsüm xala idi. Uşaqları olmurdu.
Gülsüm xala olardı 55-56 yaşlarında. Arıq,
ucaboy, zabitəli, dilli-dilavər bir arvad idi. Evdə də,
bayırda da çiynində həmişə çit
çadra olardı, ancaq üzünü örtməz,
kişilərdən yaşınmaz, onlarla açıq, sərbəst,
kişi kimi danışardı, səsi də bir az kişi səsinə
oxşayırdı. Yaman papiros çəkən idi. Onu həmişə
ya barmaqları arasında müştüklü papiros, ya da əlində
tənbəki qutusu papiros eşən görərdik.
İstərdim oxucu nəzərdə
tutsun ki, o vaxtlar arvadlardan çox nadir hallarda papiros çəkən
olurdu, mində bir. Bunlar da papirosu nəşə
üçün yox, onlara çox ağır dərd üz
verdiyinə görə, qəm-qüssəni dağıtmaq
üçün çəkərdilər. Cavan oğlu və
ya qızı ölənlər, uşağı olmayanlar, əri
atıb gedənlər, oğlanları, qızları vəfasız
çıxıb, qulaqbatıran tək otaqda tənha qalan
qarılar... Məsələn, mən 20-ci ilə qədər
üç nəfər "tütün çəkən"
arvad görmüşdüm. Bunlardan biri həmən
Gülsüm xala, biri əri rus ordusunda zabit olan, vətəndə
az-az görünən, uşaqsız olduğuna görə tək
qalıb vaxtından əvvəl qocalan Güləndam xala, biri
də mənim dərdli nənəm (anamın anası) Nisəbəyim
idi.
Qara Qulu da ifrat tütün
çəkən idi. Onun da damağından, hətta iş
vaxtı müştük əksik olmazdı. Ər-arvad hər
ikisi sinəgir (bronxit) idi. Danışanda bir deyib bir
öskürərdilər. Qulu kişi işdən qayıdanda
mütləq həyətə girən kimi Gülsüm
xalanı səslər, oxşardı "ay mənim
maralım, ay mənim gözəlim, göyçəyim,
gülüm, bülbülüm, ay mənim madmazelim! Al bu
çörək ağaclarını (yəni tavanı, dəhrəni...),
bir çay dəmlə görək... Gülsüm xala:
"yaxşı-yaxşı, keç içəri,
paltarını dəyiş, yorulub əldən
düşmüsən, keç-keç" deyib qürrələnər,
papirosdan bir qullab vurub "çörək
ağaclarını" və ərinin gətirdiyi "azuqəni"
alıb, onun dalınca içəri keçər. Qulu
kişi paltarını dəyişib səkiyə
çıxar, Gülsüm əlində aftafa ilə su
tökər, Qulu yenə arvadını oxşaya-oxşaya əl-üzünü
yuyardı. Bu mehribanlığa görə məhəllədə
bu ər-arvada xüsusi hörmət vardı. Arvadların nəzərində
Qulu arvad qədrini bilən kişi, kişilərin nəzərində
Gülsüm ərinə hörmət edən arvad idi. Üstəlik,
onların hər ikisi heç kəsə azar-əziyyəti dəyməyən
zərərsiz, mehriban qonşular idi. Qara Qulu qonşularla get-gəl
əlaqəsi saxlamasa da, həmişə salam-kalamı
vardı.
- Salam, Leylan bacı! Kişi
necədir?
- Yaxşıdır, Qulu
qardaş, Allah ömrünü uzun eləsin.
- Salam, Şirməmməd!
Uşaqlar necədir?
Qulu uşaqlara ayrıca bir
mehribanlıq elər, uşaqları küçədə
gördümü dayanar, hamısını bir-bir dindirər,
başını tumarlar, oxşar, uşaqların
qayğısını da çəkərdi.
- Qaç get tumanını
gey, qırışmal... Ay Rübaba, qızım, gəl bu
uşağı apar geyindir, hava soyuqdur...
Dərviş Kabla Kazım
uşaqları görəndə Yezid roluna girib gözlərini
bərəldər, ha!... deyib səslənərdi, guya zarafat
edir. Odur ki, uşaqlar onu görəndə qorxub hərə
bir tərəfə çəkilərdi. Əksinə, Qara
Qulunu görən kimi ona yaxınlaşar, atılıb
düşə-düşə onun dalınca gedər, hərə
bir tərəfdən onun "çörək
ağacları" doldurulmuş meşokundan yapışar,
Qulu əmiyə kömək edərdilər... Gülsüm
xala da uşaqları beləcə sevərdi, ancaq uşaq
görəndə nisgilini gizlədə bilməzdi.
Uşaqları danışdıranda dodaqları titrər, dili
dolaşardı. Tərs kimi uşaqlar da Gülsüm xaladan
qaçardılar. Niyə uşaqlar, lap körpələri də
Gülsüm xaladan qaçardılar? Axı Gülsüm xala
onları bağrına basıb oxşamağa hazır idi.
Uşaq hansı hissin, hansı duyğunun köməyilə
bilirdi ki,Gülsüm xala onları görəndə nisgilini
gizlədə bilmir, bir az da onların analarına
paxıllığı tutur?...
Qara Qulunun və
Gülsüm xalanın bir tənbəl Muxtardan, bir də
çaxır içən Çopur Sərtibdən
xoşları gəlməzdi.
Məmməd Cəfər
Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.3, 4.