Sabir Əhmədli
Azərbaycanın
ədəbi ictimaiyyətinə ağır itki üz
vermişdir. Görkəmli nasir, Azərbaycanın xalq
yazıçısı, Prezident təqaüdçüsü,
şəhid atası, Azərbaycan Yazıçılar
Birliyinin Ağsaqqallar Şurasının üzvü Sabir Əhmədli
vəfat etmişdir.
Sabir
Məhəmməd oğlu Əhmədli 1930-cu il iyul
ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində
anadan olmuşdur. Burada orta təhsilini başa vurduqdan sonra
1946-cı ildə indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə
universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək
fəaliyyətinə başlamışdır. Bir il
Şükürbəyli kənd orta məktəbində
direktor işləmişdir. 1956-cı ildə "Ədəbiyyat
və incəsənət" qəzetinin redaksiyasında ədəbi
işçi vəzifəsinə qəbul edilmiş, bir
müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə
keçirilmişdir. 1993-1996-cı illərdə həmin qəzetin
baş redaktoru işləmişdir. Sabir Əhmədli
Yazıçılar Birliyinin Mükafatlar Şurasının
sədri olmuşdur.
O,
ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner"
jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi
ilə başlamışdır. Bədii əsərlər və
publisistik məqalələri ilə dövri mətbuatda
müntəzəm çıxış etmişdir. "Bir
payız axşamı" adlı ilk kitabı 1961-ci ildə
çapdan çıxmışdır. Sonralar "Aran",
"Pillələr", "Görünməz dalğa",
"Yamacda nişanə", "Toğana", "Yasamal
gölündə qayıqlar üzür", "Mavi günbəz",
"Gedənlərin qayıtmağı",
"Dünyanın arşını", "Yanvar hekayələri",
"Kütlə", "Axirət sevdası", "Şəhid
ruhu" və s. kitabları işıq üzü
görmüş, ədəbi ictimaiyyət tərəfindən
maraqla qarşılanmışdır.
Sabir
Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş,
yüksək vətəndaşlıq hissləriylə qələmə
alınmış əsərləriylə ədəbiyyatımıza
böyük xidmət göstərmiş, neçə-neçə
nəslin vətənpərvərlik ruhunda yetişməsində
önəmli rol oynamışdır. Əsərləri bir
çox xarici ölkə xalqlarının dilinə tərcümə
edilmişdir. Ədəbiyyatımız
qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş,
ona Azərbaycanın xalq yazıçısı, əməkdar
incəsənət xadimi fəxri adları verilmişdir.
Görkəmli
yazıçı, səmimi insan Sabir Əhmədlinin
işıqlı xatirəsi qələm
yoldaşlarının və oxucularının qəlbində
daim yaşayacaq.
Anar, Fikrət Qoca, Arif Əmrahoğlu,
Çingiz Abdullayev,
Rəşad Məcid,
Nazim İbrahimov, Ayaz Vəfalı
Ədəbiyyat qəzeti.-2009.-24
aprel.-S.2