Xalqımızın yaddaşında yaşayacaq

 

Böyük şairimiz Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsi ilə poeziyamıza üz verən ağır kədərin ürəyimizdən göynərtisi getməmiş, bizə daha ağır bir kədər üz verdi, nəsrimizin görkəmli nümayəndəsi, xalq yazıçısı Sabir Əhmədli sıralarımızdan getdi. Onun Cəbrayıla qayıtmaq arzusu ürəyində qaldı. Bir neçə il əvvəl televiziya müxbirinə Sabir Əhmədli 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: "Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır.

Amansız tale Sabir deyəni demədi. O, Cəbrayılı - ata-baba torpağını bir daha görmədən Bakının Binəqədi qəsəbəsinin torpağına tapşırıldı. Vətənimizin hər yerinin torpağı müqəddəsdir. Binəqədi də bineyi-qədimdən müqəddəs torpağımızdır. Arzu arzudur. Lakin Sabirin əsərlərində tərənnüm olunan torpaqlarımızın sahəsi çox böyük idi. Bir dəfə o, Türkiyədə yazdığım şeirlərdən birini oxumağımı istədi. Oxuduğum şerin bir bəndi Sabirin çox xoşuna gəldi, dedi: "Elə bil ki, mənim də ürəyimin səsini ifadə etmisən:

 

Harda ana dilimdə insanlar danışırsa,

Ora mənə əzizdir, mənə vətən görünür.

Qəlbimin göy səması elə genişdir, geniş,

Bir başında Ağdəniz ağır-ağır çalxanır,

Bir başında Altayım ağ buluddan görünür".

 

Bəlkə də bu bəndi yazmağım Sabirlə ünsiyyətimdən, onun bütün türk xalqlarına sevgisindən ağlıma gəlmişdi.

Nə yaxşı ki, məzarı üstə vida nitqi söyləyən millət vəkili, yazıçı-publisist Aqil Abbas da Sabirin yaradıcılığını yüksək qiymətləndirib, nitqini bu sözlərlə bitirdi: "Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdımı?!" Sabirin yaxın dostu, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin kövrək ürəyi daha da kövrəlmişdi, böyük yazıçının, əziz dostun vəfatı onu da sarsıtmışdı: "Sabir əbədiyyətə adını çoxdan yazıb, ölümsüz əsərləri "Ömürdən nişanə" kimi onun adını yaşadacaq, yatdığı torpağı da, ziyarətgaha çevirəcək…"

Məzar başında mənim də ürəyimdən istər-istəməz bu sözlər keçirdi: "2009-cu ilin fevralında ustad Bəxtiyarı, aprelində Dədə Sabiri itirdi ədəbiyyatımız. Hər iki itki XX əsr ədəbiyyatımızda əvəzsiz yerləri olan, yarası sağalmayan böyük itkidir.”

Sabir Əhmədli yaradıcılığında 30-cu illərdən 90-cı illərin sonunadək xalqımızın taleyində baş verən bir çox acılı-şirinli məqamlar bədii ifadəsini tapmışdır. O, realist qələminə sarılıb, gördüyü, duyduğu kimi yazmış, oxucu ürəyinə yol tapmışdır. Həyatının dərd və sevincinin ifadəsini Sabir Əhmədli əsərlərində görmüş, xalqı onun əsərlərini sevə-sevə oxumuşdur.

Sabirlə ilk tanışlığımı xatırlayıram. Uşaqgəncnəşr 1955-ci ildə "Gəncliyin səsi" adlı almanax çap etmişdi. Kitabı şair Nəbi Babayev (Xəzri) və sevimli yazıçımız İlyas Əfəndiyev tərtib etmişdi. Nəbi müəllim şeirləri, İlyas müəllim isə nəsr əsərlərini toplamışdı. İlyas müəllim Yazıçılar İttifaqının nəsr üzrə məsləhətçisi, Nəbi müəllim isə şeir məsləhətçisi idi. Həmin kitabda respublikanın hər tərəfindən göndərilən əsərlər seçilmişdi. Həmin kitabın nəsr bölməsində Sabirin "Arabaçı" hekayəsi oxucuların və ədəbiyyatşünasların diqqətini daha çox cəlb etmişdi. 1955-ci ildə Komsomolun Mərkəzi Komitəsinin təşəbbüsü ilə respublika gənc yazıçıların müşavirəsi də keçirildi. Müşavirəni keçirmək üçün Ziyalılar evi ayrılmışdı. Komsomolun Mərkəzi Komitəsinin katibi və görkəmli yazıçılarımızın iştirak etdiyi müşavirədə gənc yazıçıların yaradıcılığı haqqında görkəmli yazıçımız və ədəbiyyatşünas Mir Cəlal müəllim məruzə etdi. O, Əli Kərimin "Poçtalyon" şerini, Sabir Əhmədlinin "Arabaçı" hekayəsini təhlil edib yüksək qiymətləndirdi. O vaxt həmin məruzə "Azərbaycan" jurnalında çap edilibdir.

Təkcə "Arabaçı" hekayəsinə görə Sabir SSRİ Yazıçılar İttifaqına üzv qəbul olundu. Az sonra isə (1956-cı ildə) "Ədəbiyyat qəzeti"nin nəsr şöbəsinin müdiri təyin edildi. Sabir məsuliyyətli və tələbkar bir işçi kimi "Ədəbiyyat qəzeti"ndə 1993-ilə qədər fasiləsiz işləmişdir. Sabir qəzetdən söhbət düşəndə deyirdi: "Ədəbiyyat qəzet"inin çox əməkdaşları, baş redaktorları bir qədər işləyib başqa işə gedirdilər.

Üç adamınsa həmişəlik iş yeri "Ədəbiyyat qəzeti" olub. Məmməd Əkbər müəllim, mən və Ayaz Vəfalı.

Ayaz 1959-cu ildən bu günədək, ədəbi işçi, məsul katib, baş redaktor kimi "Ədəbiyyat qəzeti"nin cəfakeşi olub. Süleyman Rüstəmdən sonra Qasım Qasımzadə, Yusif Əzimzadə, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə, Cabir Novruz, mən də baş redaktor işləmişəm.

Sabirin xatirini çox istədiyi Məmməd Araz onun mərdliyindən, işdə prinsipial, yaradıcılıqda özünə tələbkarlığından ağızdolusu danışırdı. Biz təzə yazdığımız şeirləri əsasən Məmmədgildə müzakirə edirdik. Sabir şeri çox yaxşı təhlil edir, artıq misraları bir dəqiqədə pozurdu. Lakin biz Sabirə heç zaman öz yazısını orda oxutdura bilmirdik. Təvazökarlıqla deyirdi: "Hekayə uzundur, çox vaxt aparar, çap olanda oxuyarsınız, fikrinizi deyərsiniz.”

Sabirin hekayələri mətbuatda, əsasən jurnalda tez-tez çıxırdı. Çox keçmədi ki, onun "Bir payız axşamı" kitabı (Azərnəşr, 1961) səs saldı. Tələbələrin, ümumiyyətlə ədəbiyyatı sevənlərin əlindən düşmürdü. Xüsusilə respublika kitabxanaları, məktəb kitabxanaları Sabirin kitablarını az zamanda kitab mağazalarından götürür, ya da Kəndkitabın xətti ilə sifariş edirdilər.

1989-cu ildə "Azərnəşr"də Sabirin iki cildlik əsərləri çap edildi. Çox az zamanda həmin kitablar əl-əl gəzilirdi.

Onun bir-birinin ardınca çıxan "Aran" ("Uşaq Gəncnəşr",1962) iki hissəli romanı, "Pillələr" ("Azərnəşr", 1964), "Yamacda nişanə" ("Gənclik", 1973), "Toğana" ("Yazıçı" 1981), "Mavi günbəz" ("Gənclik", 1984, povestlər), "Yasamal gölündə qayıqlar üzürdü" ("Yazıçı", 1984), "Yasaq edilmiş oyun, Gülmalı kişinin axırı" ("Yazıçı", 1988) sürətlə respublikamızın hər tərəfinə yayılmışdı. Mən televiziyada "Gənclər" proqramının baş redaktoru işlədiyim illərdə rayonlarda çox olurdum. "Məhsul bayramları"nın çəkilişlərində gənclərdən, müəllimlərdən hansı əsərləri oxumusunuz sualına, cavabda İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bayram Bayramov, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Anar və Əkrəm Əylislinin adları olardı.

O, İsi ilə çox yaxın idi. Bir dəfə mənə zəng etdi ki, Pirşağıdan şeir yazmısan. İsinin ayaqları ağrıyır. Onun dərmanı Pirşağı qumudur - deyiblər. Oraya səninlə getmək istəyirik. Etiraz etmədim, mənim maşınımla getdik. Yolda maşını İsi də sürdü, maşını təriflədi: "Əla maşındır bu 412-lər. Mənim "Moskoviç"im zay çıxıb.” İsidən soruşdum: “Neçə ildir maşın sürürsən?” İsi dedi: “Təzə-təzə öyrənirəm.” Mən dedim: “Bu ikinci maşınımdır.”

Sabiri gülmək tutdu, dedi: - Görünür birincinin başında dəlləklik öyrənmisən. Bu maşına da qıymırsan, ehtiyatla sürürsən. Mən Sabirin sözlərini təsdiq edib dedim: İndi İsi də təzə maşın alanda, onu göz-bəbəyi kimi saxlayacaq.

Pirşağıda Mikayıl Hüseynovun, Mirmehdi Seyidzadənin bağının yanından dolanıb gözəl bir qumlu yerdə süfrə açdıq. Sabir İsi Məlikzadənin xətrini çox istəyirdi, onun kitablarına rəy verirdi. İndi də İsi ona təzə əsərinin süjetindən danışırdı, mənə dedi: "Gəl, sən də qulaq as". Dedim ki, qardaş, yox, mən bütün günü onun-bunun əsərini oxuyuram, istəyirəm bu gün başım dincəlsin. Hava sakit idi, su isti, zümrüd kimi suda çimib quma uzandım. Onlar da dənizə baş vurub, bir az çimdilər və ayaqlarını qızmar quma basdırıb xeyli söhbətləşdilər, mən bir az da çimdim. Dönüb dəniz boyu üfüqə baxanda gördüm buludların arasında günəş ocaq kimi közərir, zolaq-zolaq buludlar da qıp-qırmızıdır. Sabirlə İsi kürəklərini günəşə çevirdikləri üçün bu mənzərəni görmürdülər. Sudan çıxıb Sabirə yaxınlaşdım: “Qardaş, bir dön o mənzərəyə bax”. İsi də, Sabir də cəld dönüb mənzərəyə baxdılar. Sabir dedi: “İlyas bayaqdan təbiətdən zövq alır, biz də başımızı mübahisəyə qatmışıq.”

Sonralar o mənimlə, mən onunla hər dəfə görüşəndə deyirdi: Yenə Pirşağıya gedirsənmi? "Gedirəm, deyirdim, qızıl qumdu Pirşağı, günəşin hər zərrəsi dəniz üstə bir şahı". Mən ona Pirşağının adı çəkilən bir şerimi də oxuyurdum:

 

"Gəzmişəm Şüvəlanı, Pirşağını, Şağanı,

Şəkərdən şirin olur qara şanı, ağ şanı".

 

Sabir poeziyada təbiət şeirlərini çox sevirdi. Onun roman, povest, hekayələrində təbiət az sözlə çox dəqiq təsvir edilirdi. Həmin təsvir də əsərdəki ovqatla birləşirdi. "Qurumuş meşənin mahnısı" hekayəsində, "Yanvar hekayələri" ("Azərnəşr", 1992) silsiləsindən olan hekayələrində bu özünü xüsusilə göstərib: "Qərənfil qan içində", "Giliz xəzəl"ində təbiət bir-iki sözlə insanın əhvalını üzə çıxarır.

Sabirin əsərlərində yazıçının qarşısına qoyduğu məqsədi bəri başdan hiss etmək olmur. Hadisələr məhəbbəti də, nifrəti də, tarixin keşməkeşlərində insanın başına gələn müsibəti də əsər boyu bizə göstərirdi. İndi dilimizdə az işlənən sözləri də yerində elə məharətlə işlədirdi ki, yaddaşımızda təzədən möhkəmlənirdi.

Sabir başqa yazıçılarımızın təzə çıxan əsərlərinə, onun bədii taleyinə oxucunun münasibəti necə olacağını bir "görücü" kimi bəri başdan deyirdi. Biz onun fikri ilə hesablaşırdıq. Məmməd Araz, Söhrab Tahir ona məsləhət görürdülər: - Sabir, bu fikirlərini yaz, mətbuata çıxart. Sabirsə onlarla razılaşmır, zarafatyana deyirdi: Mən nə vaxtdan tənqidçi oldum. Bu ədəbiyyatşünasların, tənqidçilərin işidir, mən oxucu kimi fikrimi bildirdim.

Cavanlıqda Məmmədin darısqal otağı Sabirin, Əli Kərimin, Tofiq Bayramın və mənim ən çox getdiyimiz yığışıb mübahisə etdiyimiz yer idi. İnstitutdan ədəbiyyat dərnəyindən ayrılandan sonra təzə əsərlər haqqında mübahisələr edərdik, təzə yazılarımızı gecənin bir vaxtınacan bir-birimizə oxuyar, söhbətləşərdik. O vaxt 1-ci Sverdlovsk (indi Salatın Əsgərova) 125-də yerləşən kiçik otaq bəlkə də yoxdu. O kiçik otaqda bizim necə böyük-böyük arzularımız dilə gəlirdi. Sabir o balaca otağı balaca, isti bir yuvaya bənzədirdi.

Əli, Tofiq, Məmməd dünyasını xeyli vaxtdır dəyişib. Sabir də o xatirəli kiçik otağın söhbətlərini sinəsində apardı.

Böyük şairimiz Mirzə Ələkbər Sabir XX əsrin 11-ci ilində dünyasını dəyişmişdi. Onun adını daşıyan qüdrətli nasirimiz Sabir Əhmədli XXI əsrin 9-cu ilində dünyasını dəyişdi.

Şerimizin və nəsrimizin Sabirləri əbədi olaraq xalqımızın yaddaşında yaşayacaq!

 

 

İlyas TAPDIQ

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.2.