Mehdi Hüseyn-100

 

Elmi-praktik konfrans

 

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində xalqımızın dəyərli simalarından olan görkəmli yazıçı, tənqidçi-ədəbiyyatşünas Mehdi Hüseynin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov öncə Mehdi Hüseynin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi iştirakçıların nəzərinə yetirdi. Sonra o, əsərlərini hələ orta məktəb illərindən məhəbbətlə oxuduğu M.Hüseynin bədii yaradıcılığı, ədəbi-tənqidi görüşləri barədə yığcam məlumat verərək ədibə ünvanlanan bəzi ziddiyyətli fikirlərə də bir aydınlıq gətirdi. Y.Məmmədov sovet sistemində yaşayıb, bu sistemin ideologiyasından kənarda qala bilməyən sənətkarın yaradıcılığına onun öz dövrünün kontekstində yanaşmağı daha ədalətli hesab etdiyini vurğuladı. Sonra söz M.Hüseyn yaradıcılığını müxtəlif aspektlərdən dəyərləndirən məruzəçilərə və çıxışçılara verildi.

Mehdi Hüseynin həyat və yaradıcılığı haqqında məruzə edən f.e.d., professor Himalay Qasımov ədibin hekayə, povest, roman, dram əsərləri barədə, elmi məqalələri haqqında mülahizələrini söylədi, görkəmli yazıçının XX əsr Azərbaycan ədəbiyyatına və ədəbiyyatşünaslığına verdiyi töhfələri xatırlatdı. H.Qasımov bu ali məktəbdə təhsil alarkən M.Hüseynin gəlib tələbələr qarşısında çıxış etməyindən, onun Türkiyə səfərindən məlumat verib, ümumiyyətlə, bu insanın fövqəl enerji sahibi olmasını, yorulmaq bilmədən işləməsini, məhsuldarlığını auditoriyanın diqqətinə çatdırdı. Qeyd etdi ki, M.Hüseynin nəşr olunmuş on cildlik əsərlərinin ümumi səhifəsi altı mini keçir

Digər məruzəçi - f.e.d. Təyyar Cavadov M.Hüseynin roman yaradıcılığını konkret misallar nümunələr əsasında elmi təhlilə çəkdi. Belə bir ümumiləşdirmə apardı ki, Mehdi Hüseynin üslubu ilk növbədə onun öz üslubudur. Natiq bu fikrin üstündə xüsusi dayandı: "Mehdi Hüseyn ədəbiyyata hekayələri ilə gəlsə , romanları ilə yadda qaldı".

F.e.n. Ramin Əhmədov "Mehdi Hüseynin ədəbi-tənqidi görüşləri" mövzusunda məruzə edərək onun bu gün aktuallığını itirməyən, ədəbiyyatımızın sağlam mövqeyinə yönətmən olan məqalələrinin elmi dəyərindən siqlətindən danışdı. Həmişə sənətkarlığı ön plana çəkən M.Hüseynin bu prinsipiallığı faktoloji materiallar əsasında təhlilə cəlb olundu.

Konfransda iştirak edən ziyalılardan akademik Teymur Bünyadov, xalq şairi Nəriman Həsənzadə, professorlar Vilayət Cəfərov, Buludxan Xəlilov b. çıxış edərək Mehdi Hüseynin şəxsiyyəti yaradıcılığı ilə bağlı xatirə, mülahizə mühakimələrini tələbə-gənclərin, müəllim-professor heyətinin diqqətinə çatdırdılar. Filologiya fakültəsinin bir qrup tələbəsi isə Mehdi Hüseynin əsərlərindən parçaları səhnədə canlandırdı.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.2.