Yazıçılar birliyində

 

Cəfər Cabbarlı -110

 

Noyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlıya həsr edilmiş tədbir keçirildi. Ədibin anadan olmasının 110 illiyi ərəfəsində AYB-nin "irs" komissiyasının təşkilatçılığı ilə düzənlənən tədbiri professor Nizaməddin Şəmsizadə açaraq ustad sənətkarın yaşadığı dövr, zəngin yaradıcılığı, üzləşdiyi təqib və həbslərlə bağlı mülahizələrini tədbir iştirakçılarıyla bölüşdü. Qeyd etdi ki, sovetlər dönəmində totalitar rejim ilk ağır zərbəsini türkçülüyə, islami dəyərlərə, Azərbaycanın görkəmli insanlarına vurdu. Bu zor əl altından Cəfər Cabbarlıya qarşı da göstərilirdi. İdeologiya ona qarşı çevrilsə də, bu böyük istedadı müxtəlif üsullarla məhv etmək, susdurmaq istəsə də, ona qalib gələ bilmədi. "Tarix uzaqlaşdıqca biz Cəfər Cabbarlının sənətkar əzəmətini daha yaxından görür, hiss edirik".

AYB-nin sədri, xalq yazıçısı Anar tədbirdə çıxış edərək bildirdi ki, Yazıçılar Birliyinin inzibati binasının təmirindən sonra bu, bizim ilk tədbirlərimizdən biridir. "Gələn il Azərbaycan Yazıçılar İttifaqının yaradılmasının doxsan illiyi keçiriləcək. O İttifaqı yaradanlardan və onun görkəmli simalarından biri də Cəfər Cabbarlı olmuşdur. Cəfər Cabbarlı ölməz pyeslər müəllifidir. 1918-1920-ci illərdə yazdığı şeirlər də indi sevilə-sevilə oxunur. Onun özü haqqında da xeyli kitablar yazılıb. Mən bu kitablardan aldığım biliklərlə yanaşı onun bir şerini daha çox xatırlayıram. Bu şeirdə Cabbarlı öz taleyini əks etdirib:

 

Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda...

 

Bu şeir Cabbarlının taleyidir:

 

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.

 

O ovçu sovet dövləti idi, rejim idi. Onu öz köksündən vurdular".

Xalq yazıçısı onu da vurğuladı ki, bir vaxt Cəfər Cabbarlını sovet həyatının tərənnümçüsü kimi qələmə verirdilər, çağdaş ədəbi prosesdə isə əsərlərinə bir ayrı gözlə baxılır. Cəfər Cabbarlı yaradıcılığına dövrün gözüylə, bütöv, obyektiv nəzər salmaq lazımdır. "Mən "Cavid ömrü" ssenarimdə yazmışam ki, xoşbəxt Cəfər, əgər sağ qalsaydın yəqin ki, sənə də divan tutacaqdılar... Bəlkə də elə ola bilərdi, bəlkə də yox. Dövr dəyişə bilər, ideallar dəyişə bilər. Ancaq Cəfər Cabbarlının yaratdığı əsərlər daim yaşayacaq və onu da yaşadacaq".

Tədbirdə ədəbiyyatşünas alim Asif Rüstəmli böyük ədibin həyat və yaradıcılığının qaranlıq, geniş oxucu kütləsinə məlum olmayan bir çox məqamlarını əks etdirən dolğun məruzə ilə çıxış edərək qeyd etdi ki, Cəfər Cabbarlının yaradıcılığına ən yüksək qiyməti vaxtilə ümummilli lider Heydər Əliyev vermişdir. Görkəmli sənətkarımız Səməd Vurğun "Müqəddəsdir Cabbarlının söz ülviyyəti" misrasıyla bu böyük ədibin sənət dünyasının sehrini, gücünü bütöv şəkildə ifadə etmişdir. Məruzəçi ədibin sovetlər dönəminin ilk illərində iki dəfə -1921-1923-cü illərdə həbs edildiyini, üzücü sorğu-suala tutulduğunu, müsavatçı olduğuna görə dözülməz təzyiqlərə məruz qaldığını, lakin bütün məqamlarda öz vətəndaşlıq, insanlıq qürurunu qoruyub saxlaya bildiyini tədbir iştirakçılarının nəzərinə konkret faktlar əsasında çatdırdı. Bildirdi ki, həbs edilərkən ədibin bir çox əsərləri itib-batmış, onların çoxunun taleyindən hələ də bir xəbər yoxdur. C.Cabbarlının həbs olunduğu 1923-cü ildə "İnqilab və mədəniyyət" jurnalında onun "Qız qalası" poemasından bir hissəni dərc etdiyinə görə jurnalın redaktoru Tağı Şahbazi Simruğu da məruzəçilərin minnətdarlıq hissi ilə yad etdi: "Həbsdə olan, taleyi sual altında qalan gənc bir qələm adamının əsərini çap etmək, öz həyatını təhlükəyə atmaq böyük vətəndaşlıq faktı idi".

Məruzəçi qeyd etdi ki, Cəfər Cabbarlı o zaman doğru olaraq cəmiyyətə, ictimai quruluşa təsir göstərməyin yolunu milli şüurun inkişaf etdirilməsində görür və özü də bu istiqamətdə fəaliyyət göstərirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Rafiq Seyidov, 1923-cü ildə C.Cabbarlıyla bir həbsxanada olmuş Hacıbaba Cəbiyevin oğlu Azər Cəbiyev, tarix elmləri namizədi Solmaz Rüstəmova, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə tədbirdə Cəfər Cabbarlı yaradıcılığının bir çox məqamlarından söz açdılar. AYB-nin "İrs" komissiyasının sədri Sona Xəyal böyük ədibə həsr etdiyi qəzəli oxudu. Qiraət ustalarından Əli Nur və Zülfiyyə İsmayılqızı C.Cabbarlının əsərlərindən nümunələr səsləndirdilər.

Sonda unudulmaz sənətkarın qızı Gülarə Cabbarlı söz alaraq atasının xatirəsini əziz tutanlara, Azərbaycan Yazıçılar Birliyinə, şəxsən Anar müəllimə və tədbirin iştirakçılarına dərin minnətdarlığını bildirdi, atasıyla bağlı xatirələrini, anası Sona xanım Cabbarlıdan eşitdiklərini dilə gətirdi.

 

Hüseynoğlu S.

 

Ədəbiyyat qəzeti.- 2008.- 5 dekabr.- S.5.