Əzəldən həqiqət aşiqiydi o...…

 

Bəxtiyar Vahabzadə. "Sən olmasaydın…" Bakı, "Araz" nəşriyyatı, 2009

 

İllər sonrası dünyanın isti-soyuğu, eniş-yoxuşu ilə üzbəüz gələndə həmişə anasının fədakar təskinliyini xatırlayırdı unudulmaz Bəxtiyar Vahabzadə. Deyirdi ki, ilk dəfə göy gurultusu eşidib, qorxudan anamın üstünə qaçdığım və o səsin nə olduğunu soruşduğum gün indiki kimi yadımdadı - anam məni bağrına basıb "qorxma, - dedi - mələklər göydə at çapır".

Həmin o unudulmaz ana təskinliyindən sonra bütün ömür yolu boyunca Bəxtiyar Vahabzadə şair, sənətkar başı üstündə çaxan şimşəklərin, qəzavü-qədərin zəhmindən, bağır çatlamasından pəysinmədi, qorxub-çəkinmədi. Vahimə gətirən hər bir olayı mələklərin göydə at çapması nağlının toxtaqlığıyla qarşıladı, sınmadı, əyilmədi. Sonsuz kədəriylə Bəxtiyar oldu, qəmindən tanıdı bu aləm onu. Könlünün dünyayla olan davası onu türk dünyasına "dünyadan gedənin könül həsrəti, dünyaya gələnin inamı" kimi doğmalaşdırdı.

bütün ömrü boyu unutmadı o gözəl ananın xof, qorxu götürən təskinliyini. Bu təskinliyin əmin-amanlığı Bəxtiyar müəllimin özünü də "ilki də, sonu da xatalı dünya"nın basqısı altında karıxan, təntiyən kəslərin toxtaqlıq, söykək yerinə çevirdi. Beləcə, şair-vətəndaş doğmalığı, mehri-ülfəti ayaq tutub yeridi. O dərəcədə ki, qəmin, kədərin özü belə müdrik şairi doğma həmdəmi bildi. B.Vahabzadə "duyanın, qananın dərddir qibləsi" - dedi, onun ölməz poeziyası cəmiyyətin problemləri üzərinə gedəndə də bu əbədi qibləsindən üz döndərmədi, zərif sevgi nəğmələri ötəndə də. Bildi ki, əsl sənətkarın, əsl şairin ömür yolu bu qibləgaha aşinalıqdan keçir. Onun sənətkar ölməzliyinə olan inamı da elə dərdə-kədərə olan aşinalığından gəlirdi:

 

Bəxtiyar, düşünək biz dərin-dərin,

Xəyallar möhtəşəm, arzular şirin,

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır.

 

Şairin "Araz" nəşriyyatı tərəfindən çap edilən "Sən olmasaydın" kitabında toplanan şeirlərinin hər biri oxucu üçün illərin əzizi, doğmasıdı. Biz "Təbriz azad olmadı" dərdimizi hələ ötən əsrin 60-cı illərində məhz bu misralarla ovutmuşuq:

 

Bəxtiyar, sinəndən neçə "mən" keçir,

Biri dərdli keçir, biri şən keçir,

Məftilli çəpərlər sinəmdən keçir,

Bakıyla Təbrizin arasındayam.

 

Fikirlər labritinin ala-toranında çaşıb qalanda, "Çəkdiyimiz əzabın fikir yükü bizi əzəndə" (Məsud Əlioğlu) təskinlik yerimiz bu sətirlər olub:

 

Gəl qışa "zəhrimar", yaza "can" demə,

Qışın dəhşətləri yaz içindədir.

Enişdə yoxuş var, yoxuşda eniş,

Ən böyük atəş buz içindədir.

 

"Böyük sənətkarlar öz yazdıqlarının dərki, yenidən kəşf olunması ilə yenidən doğulurlar" fikri xalq şairi B.Vahabzadənin "Sən olmasaydın" kitabında toplanan şeirlərin əbədiyaşarlığı, yenidən dərki kontekstində özünü yüzdə-yüz doğruldur. Şairin "Əgər sevirsənsə ayaq səsindən Gərək biləsən ki, Bəxtiyar gəlir!" beytinin,

 

Əzəldən həqiqət aşiqiyəm mən,

Başqa cür yaradıb təbiət məni.

Əsərəm, coşaram dərya tək, ancaq

Yaşatmaz kin məni, küdurət məni -

 

misralarının ruhu bütün nəsillər üçündü. Onun "Sevgim boydasa o boydayam mən" kükrəməsi, "İnsan göydə Ay kimidir, Görünməyən tərəfi var" məntiqi, "Bir salama dəyməyən eşqə ölüm yaraşır" qənaəti, "Əgər bu dünyada mən olmasaydım Sən sən deyildin, bir özgəsiydin" hökmü, "Görüş vaxtımızda bir daş asılsın Bütün saatların əqrəblərindən" arzusu bütün dönəmlərin, eləcə bu günün, sabahın poetik yaşantılarıdı. Biz bu misraları hətta şairin sabah çap ediləcək kitabından oxuyası olsaq belə, yenə B.Vahabzadənin sözə, mənaya, çalara vaqifliyinə, sənətkar ustalığına heyran qalacağıq:

 

- Elə baxma, qadan alım,

Hər baxanda könlüm olur dilim-dilim.

- Necə baxım?

- Elə bax ki,

Mən sənə baxa bilim

 

Elə bil ki, bu sətirlər şair əlləriylə yazılmayıb, eləcə, nəğmə kimi dildən-dilə düşüb:

 

Əsir payız küləyi,

Gecə ötüb, gün gödək.

Ağacdan yarpaq düşür -

Bir ömrün günləri tək...

 

Köçür durna qatarı,

O, baharda dönəcək.

Ötən günlər dönəydi

Durna qatarları tək.

 

yaxud

 

Güllər üstə uçan, qaçan

Bir qayğısız kəpənəkdin.

Çiçəklərin ürəyində

Sən ən şirin bir diləkdin.

 

Sorağını gül-çiçəkdən

Alınca mən, gördüm yoxsan.

Qaçdım sənin dalınca mən,

Gördüm yoxsan

 

Kitabın naşiri redaktoru Əlirza Sayılov ustad şairimiz Bəxtiyar Vahabzadənin yeni şeirlər toplusuna yazdığı ön sözdə deyir: "Oxuculara təqdim olunan bu kitab xalq şairinin sağlığında özü tərəfindən tərtib olunmuşdu. Heyif ki, o, öz seçimilə tərtib etdiyi kitabının çapını görə bilmədi…"

Bizsə o qənaətdəyik ki, bu kitabın hər sətrindən ölməz şairin özü boylanır, yenə bu əbədiyaşar misralarla onun iradəsi, mərdliyi sınanır.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2009.- 25 dekabr.- S.3.