Tələsdim
Dağlar gördüm,
dağlarımın oxşarı,
Zirvələrin
görüşünə tələsdim.
Küləkləri
saçlarımı oxşadı,
Boranına,
yağışına tələsdim.
Ağ kağızda söz
ucalır, söz yenir;
Közərtili
könüllərdə söz yeni…
Hara çəkdi söz
qədəmi, söz yönü
-
Enişinə, yoxuşuna tələsdim.
Ay köçərim, ürəyimdə qal qışı -
Kərəm kimi qar altında
qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin
qar-qışına tələsdim.
El sazında səsim qala
bircə sim,
El yazında nəsim
olam bircə əsim,
Harda olsam, ey
eşqimin bircəsi,
Harda
olsan, çağırışına
tələsdim.
Torpağımdan duman
kimi yığılsam,
Son nəğməmin uçrumuna sıxılsam,
Qəfil qəza
yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.
Oktyabr 1980
Ölüm qorxur qələmdən
Qələm mənim
yol yoldaşım,
Qələm
mənim oxum, nizəm.
Qələm mənim
söz qardaşım,
Qələm
mənim mübarizəm.
Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm,
paslanıram.
Masam üstdə yallı tutan
Giley olur, qeybət
olur,
Göz oxşayan
gözəlliyə
Gözəyarı
qiymət olur.
Qələm mənə
- dağlara çıx,
Buludlara
dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya
kimi yaman, deyir.
Qələmimlə dil tapanda
Yön alıram
gündoğana,
Bu məqamda ölüm
istər
Yeri dana,
göyü dana.
Qələm ucu
top gülləsi,
Qəm
sarayı yıxır
qələm.
Gülləsini düz
ölümün
Gözlərinə
sıxır qələm.
Ey qələmim, qəhr olundu
Çox
imkanım, çox inadım.
Hikmətini gec
anladım,
Qüdrətinə gec inandım…
1981
Qonşu
çəpəri
Qonşu qardaş,
az qurdalan
o çəpər boyu,
Əsəbini,
qəzəbini hörmə
çəpərə.
Bizə tərəf
əyilməkdən tikan
quruyub,
Pozma onun yatımını
hədərcə yerə.
Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin
bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq
belə,
İtlərimiz macal
tapıb həvirləşəcək.
Tüstü qalxar
iki evin həndəvərindən,
İki tüstü
bir havada əriyəcəkdir.
"Sizin", "bizim"
dediyimiz sədd çəpərində
Qarışqalar eyni
yüklə yeriyəcəkdir.
Sənin baban
bulaq çəkdi, ya
mənim babam?
Nə fərqi
var? - Su - çəkənin,
su - içənindir?
Yol boyunca cərgələnən bu
qoz,
bu badam
Əkənindi? Yeyənindi?
- Nə deyək indi?
Olmasaq da
bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axırı birdir.
Dağa çıxaq,
düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi
bir, açarı birdir.
Yüz ocağa
od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış
torpaq udsan - biri sənindi,
Dünyagirlər yemədilər
quyruq dünyanı.
Mən təbrizli,
naxçıvanlı, mən
gəncəliyəm,
Çox görmüşəm
hasar üstdə ölənləri də.
Mən torpağı
bölünməyə öyrəncəliyəm,
Heç qazanan
görməmişəm bölənləri
də…
30 avqust 1981
Nə günah
Bu ömürdü, öz
baharı, öz qışı;
Gələn yazda,
gedən qışda nə günah.
Xirtdəyəcən günahlara batmışı
Yuya bilməz, qar-yağışda nə
günah.
Göylər qala
buludları axımlı,
Yer körpəli, yer cavanlı, ahıllı.
"Dəli" - deyib
daşlayanda ağıllı
Xəncər qapan
ağlıçaşda nə
günah.
Yekə-yekə xırdalanan
"addılar",
Heç bilinməz
çapardılar, atdılar;
İki itə
para sümük atdılar;
Qarabaşda, Alabaşda
nə günah.
Qara külək tumanını qaldıra,
Xırmançının samanını qaldıra.
Dəyirmançı dabanını qaldıra,
Bir-birini yeyən
daşda nə günah.
Hər havaya
çiyninə baş
qoymayan,
fırfıra tək
fırlanmaqdan doymayan…
Bu başlarla aşıq-aşıq
oynayan
Çevik əldə,
ayıq başda nə günah.
Bəlkə əlli
misrası yox əllimin,
Bu titrəyiş günahıdır
əlimin…
Qollarında dost əli
var əlli min,
Məmməd Araz,
əlli yaşda nə günah…
1982
Havalar soyudu
Soyuq görməmişdik
illərdən bəri
Bu necə iqlimdir?
-
Birdən soyudu…
Qapıb əlimizdən
ilıq günləri
Qəfil qasırğalar
göyə sovurdu.
Biz əzəl bilməzdik
nə göy, nə hava,
Bilməzdik qar
nədir,
Ya külək nədir.
Biz onda bilməzdik
ayağımız var,
Biz onda bilməzdik
yerimək nədir.
Gah olur yaddaşın
yadlaşır mənə
Mənim də
arada başım qarışıq…
Nə deyək
bu payız küləklərinə,
Bir ay heç birimiz zəng vurmamışıq.
Yenə qoşalığı
təklikdə gəzim,
Yenə də
bu məlum söz gərək oldu:
"Havalar soyuqdur,
Əynim də
nazik…"
Yenə bir
bəhanə bürüncək
oldu.
Nə sən
əsirimsən, nə
də mən kölən,
Əskilən məhəbbət
əskidən betər.
Məhəbbət itəndə ayrılıq
bitir,
Xəyanət bitəndə
nə itir görən?..
Yağır ayrılığın
yağışı, qarı,
O görüş, o həsrət
isinəcəkmi?
Bir də aramızda bu havaları
İsidən məhəbbət
isinəcəkmi?..
Sentyabr
1984
O niyə küsdü
O, məndən küsübdür
bu axşam yenə,
Günahsız günahkar
olmuşam yenə.
Doğrudan qızları
duymaq çətindir,
Gəl indi
dil tapıb küsəni dindir.
Lakin çox çəkməyir danışırıq
biz,
Özümüz bilmədən
barışırıq biz.
Bu şeytan qızların
ruhuna bax sən,
Öpüşlə barışır öpüşdən
küsən.
1957
Məmməd Araz
Ədəbiyyat
qəzeti.- 2009.- 4 dekabr.- S.2.