Məmməd Araz həsrəti

 

Bu həsrətin beş yaşı tamam oldu... Bu beş il Məmməd Arazdan cismani ayrılığın müddətidir. Əslində, zaman keçdikcə onun poetik dünyasına daha da yaxınlaşır, qüdrətli söz sənətkarının deyim və duyumunun fövqəl sehrinə düşürük:

 

Nə göydə göyüm var, nə yerdə yerim,

Yolçuyam yer ilə göy arasında;

Haradır mənzilim-hələ bilmirəm,

Taleyim tay-təkər arabasında.

 

Bəli, “Yer il göy arasında” mənzil başına tələsən M. Arazın yolu onu sevən milyonların ürəyində bitdi... Çağdaş şeirimizin ən dadlı, ən abırlı, ən namuslu tərəfidir Məmməd Araz poeziyası! O, içindəki vulkanı sözə “yükləyirkən” bu “yükə” tab gətirəcək təşbehlər, metaforalar tapırdı. Onun şeirləri göy qurşağına bənzəyir- səni çəkib aparır, yaxınlaşdıqca uzaqlaşır, amma öz əlvanlığını gözlərindən uzaqlaşdırmır.

Sirli dəfinəyə bənzəyən sözlərinin ilkin mənasından son mənasına qədər dərk olunan və bəzən də olunmayan bir sənət möcüzəsi var Məmməd Araz dünyaduyumunda.

Məmməd Araz şair kimi doğuldu, şair kimi yaşadı, şair kimi də dünyasını dəyişdi. Lakin təkcə öz dünyasınımı?! Əlbəttə,. Yox! O, həm də bizim dünyamızı dəyişdi-mənəvi qida verən, ruhumuzu silkələyən şimşək qanadlı şeirləri ilə...

Məmməd Araz poeziyası obrazlı düşüncəmizin zirvəsidir. Bu zirvənin fatehinə Tanrıdan rəhmət diləyib, ruhun şad olsun, deyirik...

 

A.Cəmil

 

Ədəbiyyat qəzeti.- 2009.- 4 dekabr.- S.2.