İllər, sətirlər
Bu günlər böyük
ədibimiz Cəlil Məmmədquluzadənin dünyaya
gəlişinin 140 illiyini ölməz sənətkara
dərin hörmətlə qeyd edirik. Eyni zamanda
Mirzə Cəlil ənənələrindən - “Molla Nəsrəddin” məktəbindən daim öyrənən “Ədəbiyyat qəzeti”nin
75 yaşı tamam olub.
Bir əsrin dörddə üçünə
bərabər ötən dövr ərzində
Mirzə Cəlilin həyatı, sənəti və şəxsiyyətilə
bağlı nə qədər material
“Ədəbiyyat qəzeti” salnaməsində məhəbbətlə
əks olunub qalıb. Belə unudulmaz mədəniyyət hadisələrindən
biri 1980-ci il mayın
10-da ədibin adını daşıyan Cəlilabad şəhərinin
girəcəyində ucaldılmış abidəsinin (müəllifi
heykəltəraş Rəhim Quliyev)
açılışı idi.
Abidənin
açılışına Azərbaycan Yazıçılar
İttifaqından qonaqlar dəvət olunmuşdu: ədibin görkəmli tədqiqatçısı
professor Abbas Zamanov, Yazıçılar
İttifaqının katibi Hüseyn
Abbaszadə və bu sətirlərin
müəllifi.
Mərasimi Cəlilabad
Rayon Partiya Komitəsinin
birinci katibi İbrahim Qurbanov giriş sözü ilə
açdı.
Abbas müəllim, sonra da Hüseyn müəllim
çıxış etdilər. Mən ölməz ədibə
həsr etdiyim “Sən bir
məktəbsən ki...” şerimi
oxudum.
Neçə
illər “Ədəbiyyat qəzeti”nin (“Ədəbiyyat və
incəsənət”) baş redaktoru olmuş, uzun müddət bir yerdə
işlədiyimiz və həmişə
xeyirxahlığını gördüyüm,
təəssüf ki, iki
il əvvəl bizi tərk
etmiş - “ömründə ilk və son dəfə vəfasızlıq
etmiş”
Hüseyn müəllimə
yazdığım vida sözündən bir neçə sətri xatırlamağı
özümə borc bilirəm: “Onun 60-cı illərin ortalarında “Ədəbiyyat
qəzeti”nə gəlişinin şahidi oldum, ancaq gedişini
görmədim, heç indi
də görmürəm. Bu, bəlkə ona görədir ki, Hüseyn müəllim
baş redaktorluqdan rəsmən
başqa vəzifəyə - məsələn,
Yazıçılar İttifaqının katibi
vəzifəsinə keçəndə də, sonralar
hətta işləməyəndə də “Ədəbiyyat qəzeti”ndən
kənarda olmayıb.
...Mən heç şübhə etmirəm ki, onun ruhu
öz evi qədər
neçə illər ürəyinin hərarətini həsr etdiyi, son nəfəsinə
kimi redaksiya heyətinin
üzvü olduğu doğma “Ədəbiyyat qəzeti” məkanında
da dolanır və dolanacaq...”
“Ədəbiyyat qəzeti”
isə, təbii ki, ona
ömür sərf edənləri
unutmayıb və unutmayacaq.
A.Vəfalı
Ədəbiyyat
qəzeti.- 2013.- 4 dekabr.- S.3.