Bir əsrin dörddə üçü

  

  Ədəbi ictimaiyyətimiz və geniş oxucu kütləsi üçün bu il həm Yazıçılar Birliyinin, həm də Birliyin nəşridəbiyyat qəzeti"nin 75 illiyi ilə əlamətdar olur.

"Ədəbiyyat qəzeti"nin müxtəlif nəslə və cəmiyyətin müxtəlif təbəqələrinə mənsub sədaqətli oxucuları az deyil. Onun hətta qırx ilin, otuz ilin komplektini qoruyub saxlamış və saxlayan oxucuları da olubvar.

İstedad məhsulu olan əsərlər yaradılması vəzifəsini bütün qələm sahiblərimizlə birlikdə həyata keçirmək borcu "Ədəbiyyat qəzeti"nin özünün yaranmasını vacib etmişdir.

Qəzetin ilk sayı "Ədəbiyyat qəzetəsi" adı ilə 1934-cü il yanvarın 1-də işıq üzü görmüşdür. A-2 formatda, 4 səhifə həcmində həftədə, bəzən on gündə bir dəfə çıxmışdır.

(İlk sayın baş redaktoru, - o zaman yazıldığı kimi, - "məsul redaktoru") Hacıbaba Nəzərli (1895-1938) olmuşdur. Daha sonralar Məmmədkazım Ələkbərli (1905-1938), Seyfulla Şamilov (1902-1974), Məmməd Səid Ordubadi (1872-1950), Osman Sarıvəlli (1905-1990), Məmməd Cəfər Cəfərov (1909-1992), Ənvər Əlibəyli (1916-1968), Əhməd Cəmil (1913-1977), Süleyman Rüstəm (1906-1989), Qasım Qasımzadə (1923-1993), Yusif Əzimzadə (1917-1984), Hüseyn Abbaszadə (1922-2007), Nəriman Həsənzadə, Cabir Novruz (1933-2002), Sabir Əhmədli (1930-2009) qəzetin baş redaktoru olmuşlar. Hazırda isə həmin vəzifəni bu sətirlərin müəllifi yerinə yetirir).

Hələ qəzetin fəaliyyətə başladığı ilk illərdə - 100-cü sayı qeyd olunan nömrədə görkəmli ədib Mir Cəlal "Ədəbiyyat qəzeti"ni "ədəbiyyatımızın fütuhatı" adlandıraraq yazırdı: "Gəncliyinə baxmayaraq o, bütün respublikamızda özünü tanıtmış, ədəbiyyat maraqlılarının diqqətini cəlb etmişdir. Yeni başlayanlarla işin ilk təşkilatçılarından olmuşdur. Yazıçıların tanınmasında və ədəbiyyat qələbələrimizin möhkəmləndirilməsində böyük rol oynamışdır.

Lakin ədəbiyyat hərəkatımızın həqiqi təşkilatçısı olmaq üçün "Ədəbiyyat qəzeti" çox işləməlidir. O, üzünü yaradıcılıq məsələlərinə, ayrı-ayrı yazıçıların həyat və yaradıcılığına, görkəmli əsərlərin təhlil və tənqidinə, ədəbi praktikamızın rolunu nəzəri cəhətdən işıqlandırmağa çevirməlidir. O, yazıçıları öz ətrafına toplamalıdır... Xalqımıza layiq həqiqi doluqanlı sənət əsərləri yaradılması uğrunda çalışmalıdır. Sənətin nüfuzunu qaldırmağa çalışmaqla öz nüfuzunu da artırmalıdır".

Bir insan üçün zəngin həyat təcrübəsi mənasında qibtə ediləsi ömür demək olan 75 rəqəminin bir xalqın doğma ədəbiyyatının, mədəniyyətinin inkişafı naminə yaranmış ədəbi orqan üçün necə böyük əhəmiyyət kəsb etdiyini təsəvvürə gətirmək mümkündür.

Müasirklassik ədəbiyyatımızın, şifahi xalq yaradıcılığının, ümumən ədəbi-bədii həyatımızın elə mühüm problemi yoxdur ki, "Ədəbiyyat qəzeti"nin əsrin dörddə üçünə qədər geniş bir dövrü əhatə edən nəşrindəki (dörd minə yaxın sayda) çox zəngin materiallara müraciət olunmadan lazımi səviyyədə tədqiq-təhlil edilə bilsin. Görünür bu həqiqətin təbii olaraq dərk edilməsi səbəbindəndir ki, vaxtilə hər sayı dörd səhifə həcmində nəşr edilən "Ədəbiyyat qəzeti"nin bir müddət əvvəl müəllif və oxucuların təkidli xahişi nəzərə alınaraq, - altı səhifə həcmində çapına qərar verildi.

Bizə olan oxucu müraciətlərində "Ədəbiyyat qəzeti"nin, belə demək mümkünsə, yubiley tarixləri ilə də maraqlanırlar. Məlumat üçün xatırladaq ki, qəzetin ilk yubiley tədbiri onun 100-cü sayı münasibətilə qeyd edilib (18 mart 1937-ci ildə). Sonralar 1500-cü sayı münasibətilə səhifələr verilib (8 dekabr 1968-ci il). Qəzetin tarixində yadda qalan rəsmi yubiley qeydi onun 50 yaşı olanda keçirilib. Bu unudulmaz hadisənin təntənəli mərasimi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin günlərdə o, məlum olduğu kimi, Moskvada işləyirdi. Yaxşı yadımdadır ki, təntənəli yubiley tədbirinin iştirakçıları Heydər Əlirza oğlunun "Ədəbiyyat qəzeti"nin yarıməsrlik yubileyi münasibəti ilə göndərdiyi təbrik teleqramını böyük qürurla dinləyib, sürəkli alqışlarla qarşıladılar. SSRİ Ali Sovetinin sədri A.Andropovun 5 yanvar 1984-cü il tarixli fərmanı ilə "Ədəbiyyat qəzeti" ("Ədəbiyyat və incəsənət") "Xalqlar dostluğu" ordeni ilə mükafatlandırıldı (Qəzet 1958-1990-cı illər arasında Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı olaraq "Ədəbiyyat və incəsənət" adı ilə həftədə bir dəfə A-2 formatda 8 səhifə həcmində çap edilmişdir).

Əlamətdar hadisə münasibətilə redaksiyada keçirilən yığıncaqda Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov dedi: "fikri-fəlsəfi dərinliyi və emosional bədii qüdrəti ilə insanı vəcdə gətirən, onu yeni mübarizələrə ruhlandıran istedadlı əsərlərin və istedadlı müəlliflərin yetişməsində "Ədəbiyyat və incəsənət" qəzeti misilsiz rol oynamış və oynamaqdadır. Bu mükafat qəzetin kollektivində məsuliyyət hissini ikiqat artırmalı, onları arxayın salmamalı, qəzetin daha dolğun çıxmasına səy göstərməlidirlər. Qəzet istedadlara meydan verməlidir, bəli, meydan həqiqi istedadlarındır".

Mirzə İbrahimov qəzetimizin yarıməsrlik yubileyi ilə əlaqədar qələmə aldığı "Ötəridə əbədiyyət" adlı məqaləsində yazırdı: "…Mən həmişə bu əqidədə olmuşam ki, maddi və mənəvi sərvətlər imkanlarının ən vacib şərtlərindən biri xalqın əsrlər uzunu toplanmış təcrübəsinə, zamanın sınaqlarından çıxmış böyük ənənələrə əsaslanmaqdır, onlardan qidalanmaqdır. Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixi dərinliklərinə kök atmış bu cür ənənələri Xaqani, Nizami, Əcəmi Naxçıvani kimi dühaların yaratdığı qranit bünövrə üstündə ucalmışdır və bizim qəzetimiz illər boyu bu böyük irsi öyrənmək, onu düzgün qiymətləndirmək kimi şərəfli işdə az əmək sərf etməmişdir.

Əlli yaşını qeyd edən qəzetimizə, onun əməkdaşlarına və geniş yaradıcı müəlliflərinə yeni uğurlar olsun!"

Görkəmli elm adamlarımız da "Ədəbiyyat qəzeti" ilə yaxından əməkdaşlıq edir, mühüm problemlərin həllində ədəbi mətbuatın təsir gücündən ümumi işimizin xeyrinə sanballı məqalələrlə çıxış ediblər. Bu cəhətdən akademik Həsən Əliyevin xüsusi xidməti vardır.

Həmin günlərdə akademik yazırdı: "Qəzetinizin 50 illik yubileyi münasibətilə onun işində şərəfli zəhmət çəkənləri, onun səhifələrində öz yazıları, şeirləri ilə xalqımıza mənəvi qida verən qocaman və ərsəyə gələn gənc yazıçıları ürəkdən təbrik edirəm!

…Respublikamızın gözəl və zəngin təbiətinin qorunması və səmərəli istifadə olunmasını ziyalı kütləyə çatdırmaqda mən özüm də qəzetin səhifələrindən geniş istifadə edirəm. Bu qəzetin səhifəsində dərc etdirdiyim "Təbiəti qorumaq ümumxalq işidir" adlı məqaləm, elə bilirəm, ziyalı kütlə üçün bir çağırış oldu. Bundan sonra da Azərbaycan təbiətinə aid geniş məqalələr "Həyəcan təbili" kitabının yaranmasına səbəb oldu.

Bu fürsətdən istifadə edib yazıçılarımızı təbiətimizin gözəlliklərini təbliğ etməyə, bəzi neqativ halları ciddi tənqid etməyə dəvət edirəm."

"Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət") 1500-cü sayı münasibətilə çıxan nömrədə zəmanəmizin böyük bəstəkarı Qara Qarayev müasir dövrdə ciddi mətbuatın cəmiyyətin mənəvi həyatında əvəzsiz rolunu xüsusi vurğulayaraq göstərirdi ki, müasir zəmanədə qəzetsiz yaşamaq musiqisiz yaşamaq kimi bir şeydir və mən deyərdim ki, qeyri-mümkündür. Başqa sözlə, qəzetsiz ömür sürmək mürəkkəb, ziddiyyətli, çoxhadisəli dünyamızdan xəbərsiz olmaq, onun sevinc və dərdlərini, zəfər və uğursuzluqlarını bölüşdürməmək deməkdir.

Qəzetlər çoxdur, müxtəlifdir. İnsanlar kimi, onların da öz profilləri, "ixtisasları" var. Şəxsən mənə, bəstəkar olduğum üçün "Ədəbiyyat və incəsənət" qəzeti daha çox yaxın və əzizdir. O, mənim və mənim kimi yüzlərlə sənətkarın dostu, tənqidçisi, məsləhətçisidir; musiqi mədəniyyətimizin təbliğatçısı, tədqiqatçısıdır.

Başqa sahələrin mütəxəssisləri kimi, biz bəstəkarların da "Ədəbiyyat və incəsənət" qəzetinə xüsusi hörməti var. Hər şeydən əvvəl ona görə ki, o bizim öz qəzetimizdir, yaradıcılıq müvəffəqiyyətlərimizin aynasıdır".

Ümummilli liderin anadan olmasının 75 illiyi ərəfəsində - 4 may 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi KatibliyininAğsaqqallar Şurasının birgə iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi. Həmin unudulmaz məclisdə iştirak etmək mənə də nəsib oldu və çıxışımda ulu öndərin ümumən ədəbiyyatımız, eləcə də əməkdaşı olduğum "Ədəbiyyat qəzeti"nin taleyində həlledici rolundan söz açaraq dedim:

- Hörmətli Prezidentimizin ədəbiyyata, sənətə bu qədər dərindən bağlılığı məni də həmişə düşündürübsözün düzü ki, onun müxtəlif münasibətlə böyük ədəbi şəxsiyyətlərimiz barədə dediyi siqlətli fikirlər ümumən qələmi mənim gözümdə bir az da yüksəldib. Özlüyümdə bu qənaətə gəlmişəm ki, Heydər Əlirza oğlunun ədəbiyyata bu yüksək məhəbbəti, hər şeydən əvvəl onun doğma xalqına olan məhəbbəti ilə bağlıdır. Çünki ən böyük şəxsiyyətlər haqlı etiraf ediblər ki, ədəbiyyat millətin ruhudur. Millətə layiqincə rəhbərlik eləmək istəyən hər kəs onun ədəbiyyatını bilməlidir. Eyni zamanda, ədəbiyyat haqqında çıxış edən heç bir dövlət xadimi məni indiyə kimi belə heyrətləndirməyib.

…Necə olur ki, belə heyrətləndirir - Füzuli haqqında danışır - heyrətləndirir, C.Məmmədquluzadə haqqında danışır-heyrətləndirir, S.Vurğun haqqında danışır- heyrətləndirir.

Bu, bir neçə kitab oxumaqla, eşidib-bilməklə başa gələn deyil. Ancaq mən bunları düşündükcə belə bir qənaətə gəlmişəm ki, Heydər Əliyevin bizim bütün ədəbiyyatımızı, xalqımızın ruhunu dərindən bilməsi, qeyri-adi həyat təcrübəsinə və istedada, dövlət təfəkkürünə sahib olması hər hansı bir ədəbi hadisəni belə yüksək səviyyədə izah etməyə ona imkan verir. Burda çıxış edən yoldaşlar dedilər ki, "Heydər Əliyev və ədəbiyyat", "Heydər Əliyev və incəsənət" və başqa bu kimi mövzular öz tədqiqini gözləyir. Bunlara əlavə olaraq mən "Ədəbiyyat qəzeti"nin bir əməkdaşı kimi deyə bilərəm ki, "Heydər Əliyev və "Ədəbiyyat qəzeti" də yazılmasını gözləyən maraqlı bir mövzudur. Mənim burda geniş danışmağa imkanım yoxdur. Ancaq müəyyən faktları sadalamağı lazım bilirəm. Çünki hər hansı bir şəxs barədə obyektiv təsəvvür yaratmaq üçün hər cür epitetdənsə ən yaxşı vasitə faktları, gördüyü işləri deməkdir. Ən inandırıcı dil - faktların dilidir. Təqribən 20 il bundan əvvəl - 1979-cu ildə MK-nın bürosunda "Ədəbiyyat qəzeti"nin vəziyyəti müzakirə olunanda redaktora təklif elədilər ki, üç dəqiqəlik məlumat versin. Redaktor xahiş etdi ki, bəlkə icazə verəsiniz beş dəqiqə danışım… Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev dərhal dedi ki, 45 ildə (söhbət qəzetin 45-ci ilinə təsadüf edirdi) ilk dəfədir "Ədəbiyyat qəzeti"nin məsələsi MK-nın bürosunda müzakirə olunur. Bir də belə imkanvaxt düşəcək - deyə bilmərəm. Nə qədər istəyirsiniz danışın. Nə qayğılarınız var deyin.

Və danışıldı da, deyildi də. Ondan sonra, buradakı yoldaşlar hamısı şahiddir, "Ədəbiyyat qəzeti"nin imkanları da artdı, qonorarı da artdı. Sonra "Volqa" maşını da verildi, hökumət telefonu da çəkildi… "Ədəbiyyat qəzeti"nin əməkdaşları, bütün yazıçılar bunu heç vaxt unutmayacaqlar.

...Yəqin xatırlayırsınız ki, "Füzuli ili"nin - 1994-cü ilin əvvəllərində respublikamızın bəzi qəzetlərində dahi şairin məzarını ölkəmizə gətirmək təklifləri eşidildi. Lakin "Ədəbiyyat qəzeti" dərhal bu təklifin münasib olmadığını sübuta yetirən məqalə dərc etdi. ("ƏQ", N-14, 1994).

Mənim yadımdadır, Prezidentin yanında keçirilən geniş iclasda həmin məsələ təkrar qaldırıldı. Əvvəlki təklifə qarşılıq olaraq məsələnin "Ədəbiyyat qəzeti"ndə qoyulan variantı da yada salındı. "Ədəbiyyat qəzeti" belə hesab edirdi ki, məsələn, repressiya qurbanı H.Cavidin nəşinin - yad Maqadan çöllərindəki "məhbus məzarı"ının doğma torpağımıza gətirilməsi həqiqətən zəruri idiböyük tarixi xidmətdir. Lakin İmam Hüseyn məscidində uyuyan Füzulinin - bütün soydaşlarımız və islam aləmi üçün mənəvi birlik simvolu olan Füzulinin ruhunu, məzarını narahat etməyə heç bir əsas yoxdur.

Bu mülahizəni eşitdikdə Prezident problemin həllinin çətinləşdiyini bildirdibir az sonraya saxladı. Hamıya məlum olduğu kimi, Prezidentin qəbul etdiyi tarixi qərar həm Füzulinin ruhunu şad etdi, həm də xalqımızın ürəyincə oldu. Füzulinin İraqda keçirilən unudulmaz 500 illik yubileyi məhz həmin müdrik qərarın nəticəsi idi.

Bütün bunlar aydın göstərir ki, möhtərəm Prezidentimizin öz xalqının ədəbiyyatına, onun yaradıcılarına olan münasibəti doğma münasibətdir və onun bu misilsiz mənəvi sərvətin keşiyində duran bir təşkilata fəxri üzv seçilməsi tamamilə təbiidir. Bu təklifə mən səmim-qəlbdən tərəfdaram.

Qəzetimizin 60 illiyi ərəfəsində isə müstəqilliyini yenicə bərpa etmiş Respublikamız məlum səbəblərə görə ağır ictimai-iqtisadi şərait dövrünü yaşayırdı. Həmin vaxtlar ümummilli lider Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşündəki geniş, əhatəli çıxışında ölkədəki mövcud vəziyyəti özünəxas dərin təhlillə şərh edərək deyirdi: "Bu gün, şübhəsiz ki, hər bir kəsi, o cümlədən ziyalıları ən çox maraqlandıran və eyni zamanda, ən çox narahat edən Azərbaycan Respublikasının indiki vəziyyətidir. Bu hər bir Azərbaycan vətəndaşını düşündürür, narahat edir və ən çox, şübhəsiz ki, ziyalıları, intellektual səviyyəli adamları düşündürür. Bizi də, sizidüşündürür. Azərbaycan öz həyatının çətin və ağır bir dövrünü yaşayır, böyük imtahanlardan keçir. Bu imtahanlar müəyyən mənada bizim əsrin əvvəlində başlayıbsa, XX əsrin sonunda daha ciddi bir xarakter alıb. Bu imtahanların çox ağır dövrü indiki mərhələdir. Bizim belə əzab-əziyyətə düşməyimizin səbəbləri çoxdur. Bunun obyektiv səbəbləri də, subyektiv səbəbləri də var.

Son illər Azərbaycanda gedən proseslər, təəssüf ki, respublikanın iqtisadiyyatına, sosial həyatına, elminə, mədəniyyətinə çox böyük zərər vurub".

Ədəbiyyatımızın, mədəniyyətimizin unudulmaz hamisi, eyni zamanda, ölkənin ziyalılarını müvəqqəti çətinlik səbəbindən ruhdan düşməməyə, var qüvvələrini səfərbər etməyə çağırırdı: "Güman edirəm ki, bunların hamısını Azərbaycanın müstəqilliyi dövründə təmin edə biləcəyik. Azərbaycan Respublikasının həm elmi, həm də mədəni potensialı böyükdür. Keçmişdə yaşayıb-yaradan alimlərimiz, yazıçılarımız, şairlərimiz, bəstəkarlarımız böyük irs qoyub getmişdir. İndiki nəslin borcudur ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin".

Bu tarixi görüşdən və çıxışdan təqribən bir il sonra - 1994-cü ilin avqustunda Azərbaycan Prezidenti böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasını keçirdi. Giriş sözündə dedi: "Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq buna baxmayaraq, həyatımızın mənəvi-mədəni sahəsi heç vaxt unudulmamılıdır. Çətinliklər nə qədər çox olsa da, mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik.

Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir. Eyni zamanda, həm də mədəniyyətimizi, tariximizi təbliğ etmək üçün çox əlverişli fürsətdir və biz bundan hərtərəfli istifadə etməliyik".

Deyildiedildi.

Adını çəkdiyimiz iclasdan təqribən səkkiz ay sonra - 16 aprel 1995-ci ildə istiqlal şairi Məmməd Arazın yaradıcılıq gecəsində çıxış edən möhtərəm Prezident tədbirdən aldığı təəssüratını məclis iştirakçıları ilə bölüşərkən dedi ki, mən bu gün buradan böyük mənəvi qida aldım. Məmməd Arazın yaradıcılığı ilə, bizim mədəniyyət xadimləri ilə təmasda olmaq, görüşmək, söhbət etmək dövlət adamı kimi mənim üçün böyük bir hadisədir. Belə tədbirləri gələcəkdə də keçirmək lazımdır. Güman edirəm ki, yaradıcılıq təşkilatlarımız da soyumamalı, geri çəkilməməli, çətinliklərə görə ruhdan düşməməlidirlər. Bunlar hamısı keçib gedəcəkdir. Bizim mədəniyyətimiz də qalxacaq, yazıçılarımız da yenə yazacaq, jurnallar da çıxacaq, yaxşı-yaman romanlar da, şeirlər də dərc ediləcək - hamısı olacaqdır.

Ədəbi orqanlarımızın maliyyə çətinliyi səbəbindən ağır durumda olduğuna toxunan cənab Prezident dedi: "Dünən mənə Bəxtiyar Vahabzadə deyir ki, dörd ədəbiyyat jurnalı var, biri də çıxmır. İndi gör dünya nə günə gəlib düşübdür. "Ədəbiyyat və incəsənət" qəzetini mən həmişə çox böyük hörmətlə oxuyardım. Xatirimdədir. Moskvada yaşadığım vaxt Azərbaycanın qəzetlərinə abunə yazılmışdım, göndərirdilər. Hamısına baxmağa vaxtım yox idi. Amma "Ədəbiyyat və incəsənət" qəzetini mütləq oxuyurdum, tamamilə oxuyurdum. İndi bu "Ədəbiyyat qəzeti" çıxmır. Amma di gəl, elə adamlar peyda olublar ki, hərəsi bir qəzet çıxarır, ağızlarına gələni də yazırlar. Bu da bizim cəmiyyətə heç lazım deyil".

Ədəbiyyatımızın, mədəniyyətimizin unudulmaz hamisinin tarixi qərarı ilə ədəbi orqanlarımız, o cümlədən "Ədəbiyyat qəzeti" istisna hal kimi növbəti ilin - 1996-cı ilin Dövlət büdcəsinə daxil edildi.

"Ədəbiyyat qəzeti" özünün yetmiş illiyi günlərində digər materiallarla yanaşı, iki sayında bu sətirlərin müəllifinin "Böyük ədəbiyyat dostu, əbədiyyət sakini (Heydər Əliyev və "Ədəbiyyat qəzeti")" məqaləsini dərc etdi. Məqalə belə qurtarırdı: "Bu sətirlərin dərc olunduğu bir vaxtda ədəbiyyatımıza göstərilən ciddi dövlət köməyinə dair oxuduğumuz yeni qərarlar da təsdiq edir ki, ümummilli liderimiz, böyük ədəbiyyat dostu, əbədiyyət sakini Heydər Əlirza oğlu Əliyevin siyasi kursu həqiqətən davam etdirilir və şübhə yoxdur ki, bundan sonra da davaminkişaf etdiriləcəkdir. Xalqa verilən bu yüksək vəd müqəddəs ruh qarşısında içilən and kimidir."

Azərbaycan Prezidenti İlham Əliyev 15 may 2004-cü ildə Yazıçıların XI qurultayı ərəfəsində Yazıçılar Birliyi rəhbərliyini qəbul etdi. Cənab Prezident söhbət zamanı vurğuladı ki, yazıçılara daha da gözəl şərait yaradılması üçün dövlət də öz tərəfindən əlindən gələni etməyə çalışır.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayandan sonra yaradıcılıq üçün tam sərbəstlik var. Xalqımızın lideri Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər də daim yazıçılara, Yazıçılar Birliyinə, ümumiyyətlə, elm, mədəniyyət, ədəbiyyat xadimlərinə böyük diqqətlə yanaşırdı. Mən də çalışacağam ki, öz tərəfimdən bu siyasəti davam etdirim.

Bu siyasət ardıcıl davam etdirilir və Yazıçılar Birliyinin uzun, mürəkkəb, zəngin və şərəfli yaradıcılıq yolu keçmiş qocaman "Ədəbiyyat qəzeti" ədəbiyyatımızın daim inkişafı, həmçinin ölkəmizdən uzaqlarda da gərəyincə yayılması və təbliği üçün var qüvvəsini sərf edir. İki ildən bir az əvvəl "Ədəbiyyat qəzeti"nin rus dilində aylıq nəşri "Mir literaturı"nın (A-3 formatda, 16 səhifə həcmində) işıq üzü görməsi də həmin məqsədə xidmət edir.

Respublikamızın Prezidenti İlham Əliyevin "Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının və "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasının 75 illik yubileyi haqqında 18 May 2009-cu il tarixli sərəncamı həmin vədin, yüksək qayğının ifadəsidir. Sərəncamda deyilir: "Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı kimi "Ədəbiyyat qəzeti" söz sənəti problemlərinə, klassik irsə və aktual yaradıcılıq məsələlərinə dair səhifələrində dərc etdiyi yazılarla müasir ədəbi prosesə töhfələr vermişdir".

Bizim müəllimlərimizin də özlərinə məktəb bildikləri "Ədəbiyyat qəzeti" ("Məndən soruşsaydılar ki: "Haranı qurtarmısan?" - bitirdiyim məktəbləri sayandan sonra deyərdim: - Bir də "Ədəbiyyat qəzeti" məktəbini qurtarmışam. - Akademik Məmməd Cəfər) həqiqətən xalqımıza nəsil-nəsil məktəb olub və olacaqdır.

Nəhayət, xidmətinə gəldiyim bir aydan sonra yarım əsr olacaq "Ədəbiyyat qəzeti"nin vaxtilə özünün 50 illiyinə həsr etdiyim şeirdən sətirləri indi onun 75 illiyində də bir övlad minnətdarlığı ilə təkrar etmək istəyirəm:

 

Hayana getdimsə,

səndən söz açdım, -

Mən sənə bir ömür qulaq asmışam;

Həyata

bir uzaq kənddə göz açdım, -

Sənətə

gözümü səndə açmışam!..

 

 

AyazFALI

 

Ədəbiyyat qəzeti.- 2009.- 11 dekabr.- S.1-2.