“Çıxış edir Xəlil Rza”

 

Diqqətinizə təqdim olunan bu kitab 2008-ci ildə Təbrizin "Əxtər" nəşriyyatında işıq üzü görmüşdür. 1000 tirajla çap olunan kitabın tərtibçisi Əkbər Rəhimzad Fərəcidir.

Kitabın ilk səhifəsində "Bir neçə söz" başlıqlı müqəddimədə doktor Sadiq Məhəmmədzadənin fars dilində fikirləri yer almışdır. Müəllif qeyd edir ki, Xəlil Rza şeirlərinin böyük əksəriyyətini Moskvada, zindanlarda yazmışdır. Bütün təlatümlü həyatı boyu zəmanənin çətinliklərinə tab gətirərək, həmişə öz xalqının müdafiəsində durmuşdur. O, yadellilərin bütün həmlələri qarşısında dayanaraq, Vətəninin istiqlalından savayı başqa bir şey haqda düşünmürdü. X.Rza elə bir şair idi ki, Nəsimi kimi haqq uğrunda canını qurban verərək, öz doğma Vətəninin gözəlliklərini gələcək nəsillərə tapşırdı.

"Qeyrət ədəbiyyatımızın zirvəsi" başlıqlı ön sözdə isə müəllif Bəhruz İmani yazır: "Xəlil Rza Ulutürkün şerini oxuyanda onun yaradıcılıq dünyasına daldım və onun tutduğu bu yola nə ad verək deyə düşündüm: "Azərbaycanın öndə gedən etiraz ədəbiyyatı nümayəndəsimi? Yoxsa inqilabçı şairmi? Bu kimi bir çox ləqəblərlə uğraşdım, nəhayət, onun yaşayışda olduğu kimi, şeirlərində də müqəddəs bir ruh gördüm: "Qeyrət" ruhu və istiqamət ruhu".

B.İmani bununla da Xəlil Rzanı "Azərbaycanın qeyrət ədəbiyyatının zirvəsi" kimi təqdim edərək, "qeyrət" ifadəsinin ümumiyyətlə türk ədəbiyyatında tez-tez işləndiyini vurğulayır. O, deyir ki, tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın kökünün məhz qeyrət üstündə dayandığını görən şair - Xəlil Rza Ulutürk müasir dünyada ikiüzlülüyü, başqa mədəniyyətlərə qucaq açanları öz sözləri ilə belə qamçılayır:

- Bu çirkab içində təmiz yaşamaq, bəlkə ən böyük qəhrəmanlıqdır.

Xəlil Rza şeirlərində bir çox cəhətlərə rast gəlmək mümkündür. Onlardan biri mənəm-mənəmliyə üz çevirməsidir. X.Rzanın dərdlərindən biri özünü öymək dərdidir. Özünü gözlərə soxan adamlar onun nəzərində ən eybəcər adamlardır.

Bəhruz İmani yazır ki, X.Rza yaradıcılığını araşdıranda bir çox acı anlar yaşamalı oldum. O da X.Rzanın ilk oğlu Təbrizin doğum gününə yazdığı şeirdir. Şeir yalnız oğul duyğusundan, övlad sevgisindən bəhs etmir. Onun söz açdığımız bu şeiri Vətənə olan sonsuz məhəbbətindən, müqəddəs hissindən soraq verir. Şair "OğlumTəbrizə" şerində bəzən sevinc duyğularını yaşayır. Bu da hər bir kəsi ağladır, içərisini yaxır. X.Rza dilə gətirməsə , arzu edirdi ki, birgün oğlu Təbrizin əlindən yapışıb, onu ad verdiyi Təbriz şəhərinə gətirsin. Təbrizin küçələrini dolaşarkən "Təbrizin küçələri dolanbadolan Qaragilə" - deyə onu Məşrutə evinə aparsın. Ona 100 il bundan öncə bu məhəllədə Məşrutə mücahid səngərlərini göstərsin. Ərkin məğrur-məğrur dayandığını görsəydi, "Halal olsun bu ad sənə, oğlum " - deyərdi. Əfsuslar olsun X.Rzanın bu istəyi həyata keçmədi. İndi Təbriz şəhəri Qarabağda qəhrəmancasına şəhid olan X.Rzanın oğlu Təbrizlə fəxr edir. X.Rzanın ruhu isə bundan məmnun qalaraq söyləyir:

 

Sən oğul, sən igid, sən ər oğlu ər,

İftixarla daşı sən öz adını,

Məğribə, məşriqə, cahana göstər,

Adında gizlənmiş istedadını.

 

"Çıxış edir Xəlil Rza" sərlövhəli bu kitabda əsasən şairin şeirləri toplanmışdır və oxuculara əski əlifbada təqdim olunur. Kitabın sonunda isə Fəxrəddin Becanoğlunun "Dədəmiz Qorqud - Xəlil", Firudun Şimşəyin "Ağlama", Zəlimxan Yaqubun "Çıxış edir Xəlil Rza", Məşkur Əkbərin "İstərəm", Tofiq Kərimin "Söz verməyin", Hoccət Məmmədəlinin "Xəlil Rza darda qalıb" və başqa şairlərin şeirləri verilib.

 

 

Ələsgər Behbudlu

 

Ədəbiyyat qəzeti.-2009.-6 fevral.-S. 2.