“Türkoloji problemlər”

 

Azərbaycan Yazıçılar* Birliyinin Natəvan klubunda yanvarın 31-də keçirilən məclisdə uzun müddət Rusiya Federasiyasının paytaxtında yazıb-yaradan, AYB-nin Moskva bölməsinin rəhbəri, tanınmış türkoloq, filologiya elmləri doktoru, tərcüməçi Tofiq Məliklinin "Türkoloji problemlər (Üç telli sözdən...)" kitabı ədəbi-mədəni ictimaiyyətimizə, KIV nümayəndələrinə təqdim olundu.

Tədbiri AYB sədri, xalq yazıçısı Anar açaraq ön söz müəllifi olduğu kitabın əhəmiyyətini vurğuladı, topludakı yazıları  üç -Azərbaycan, rus və türk dilində çap olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi: "Bu məqalələr üç mədəniyyəti, Azərbaycanda türk və rus, qardaş Türkiyədə rus, Azərbaycan, eləcə də qonşu Rusiyada Azərbaycan və Türkiyə ədəbiyyatı, filologiya problemlərinin tədqiqinə, öyrənilməsinə həsr olunub".

Tofiq Məliklinin həm doğma dilimizdə, həm də rus dilində yazdığı məqalələrdə, müsahibələrində ölkəmizin problemlərini işıqlandırdığını, rusdilli oxuculara Azərbaycan həqiqətlərini, ölkəmizin qarşılaşdığı ədalətsizlikləri çatdırmağa çalışmasını söyləyən Anar həm də bildirdi ki, Tofiq Məliklinin Moskvada fəaliyyət göstərən "Ocaq" Cəmiyyətinin sədri kimi gördüyü işlərin əhəmiyyəti və miqyası çox böyükdür.

Tofiq Məliklinin həm filoloq tədqiqatçı, həm tərcüməçi, həm də ictimai xadim kimi Azərbaycandan ötrü gördüyü qiymətli işlər, həmçinin kitabdakı maraqlı yazılar barədə danışanlar - "Azərnəşr" nəşriyyatının direktoru Azər Mustafazadə, millət vəkili Cəmil Həsənli, türkoloq, yazıçı Aqşin Babayev, AYB xarici əlaqələr şöbəsinin rəhbəri, şair Abbas Abdulla, AYB katibləri Arif Əmrahoğlu, Rəşad Məcid, filoloqlardan Vaqif Sultanlı, Nuridə Novruzova, "Dünya ədəbiyyatının

baş redaktoru Səlim Babullaoğlu, tədqiqatçı Paşa Əlioğlu, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tərcüməçi Ramiz Əsgər, şairə Mahirə Abdulla, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), tənqidçi Bəsti Əlibəyli, nasir Natiq Rəsulzadə, şairə Firuzə Məmmədli, Vilyam Qıxlarov və b. onun həmişə Azərbaycan-Türkiyə dostluğunun inkişafı üçün çalışdığını yada salaraq, türkologiyanın fərqli problemlərinin həlli naminə alimin xidmətlərini xüsusi vurğuladılar. Çıxışlarda T.Məliklinin Türkiyə elmi mühitində böyük hörmət sahibi olduğu qeyd edildi. Azərbaycan həqiqətlərinin təbliğatçısı kimi fəaliyyətinə diqqət yönəldildi, onu xalqımızın dəyərli övladlarından biri kimi səciyyələndirdilər.

Müəllifin, Moskvada yaşamasına baxmayaraq, Azərbaycanda gedən proseslərlə bağlı fəal mövqe tutduğu diqqətə çatdırıldı: kitabdakı məqalə və müsahibələrin oxucular tərəfindən maraqla qarşılanacağına əminliklərini bildirdilər.

Məclisin sonunda çıxış edən müəllif fəaliyyətinə verilən dəyərə görə tədbir iştirakçılarına, təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür etdi, səslənən bir sıra məsələlərlə əlaqədar mülahizələrini bölüşdü.

"Türkoloji problemlər" kitabı üç bölmədən ibarətdir: "Birinci tel" hissəsində Tofiq Məliklinin azərbaycanca yazılmış məqalələri, müxtəlif qəzet və jurnallarda çap olunmuş yazıları yer alıb, "İkinci tel" adlanan bölmədə alimin rusca qələmə aldığı yazılar toplanıb, türk dilində getmiş məqalələr isə "Üçüncü tel" bölümündə verilib. Kitabdakı məqalələr əsasən ədəbiyyat və dil məsələləri, tanınmış ədəbi şəxsiyyətlər, eləcə də türkologiyanın aktual problemlərinə həsr olunub.

 

 

A.Əbilov

 

Ədəbiyyat qəzeti.-2009.-6 fevral.-S.2.