“M. Müşfiqin monoloqu”nu oxuyarkən

 

Əzizim Ələkbər Salahzadə!

Müşfıq üçün yananım, Müşfıqi can-dildən sevənim!

Göndərdiyin həcmcə balaca, məzmunca böyük kitabını aldım. Yazırsan: "Müşfiq büsbütün şeirdi, misra-misra şüadı, işıqdı, şəfəqdi, işıq rəmzidir.

Həyatı çox erkən, yarıda qırıldı. Qırılmadı, yağıcasına qırdılar".

Bəli, qırdılar, gözü götürməyənlər, paxıllar!

Ələkbər, Müşfiq sevənim, yazırsan: "Şeir, işıq, od həmişə yaşayır. Müşfiq şeirdi, işıqdı, oddu.. Müşfiq... işıq kimi, od kimi, şeir kimi həmişəyaşardır".

Əzizim Ələkbər, oxumusan, Müşfiq yazırdı:

 

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var,

 Yelkənim asılır, qara yel, əsmə,

Mənim bu dəryada bir sandalım var.

 

Ancaq Müşfıqin ətrafında həmişə qara yel əsirdi, bilirsən! Böyük yan-yörə də ətrafında çoxlu naxışlar yaradır.

Kitabın mənə çox gözəl təsir bağışladı, elə bilirəm ərkim çatar Müşfiqin adından da, öz adımdan da sənə təşəkkür edim. Sənə cansağlığı, uzun ömür arzulayım. Yaz, yarat, qardaşım, qələm qoy həmişə qəlbindən gələnini saxlasın, xalqımızı sevindirsin!

 

 

Gülhüseyn HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-13 fevral.-S.3.