Mirzə Əli Möcüz
yaradıcılığının tədqiqi və nəşri
tarixinə dair
1948-ci ildə Mehdi Müctəhidi nəşr etdirdiyi «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» adlı kitabında Möcüzə xüsusi yer ayırmışdır. Məqalənin sərlövhəsində şairin «Aşiqi-pərişan» şerindən aşağıdakı beyt verilir:
«Gör al» rəsmdir, bəs «görmə al» nədir,
Əcəb nizam qoyub hökmdarı Tehranın.
Beyti açıqlayan müəllif «gör al» və «görmə al» ifadələrini yanlış olaraq «müstəqim və qeyri-müstəqim maliyyat» kimi izah edir. T.Hacıyevin sözləri ilə desək, şair «öz üslubuna, ideyasına uyğun yeni sözlər və ifadələr yaradır». «Gör al» və «görmə al» da onlardan biridir. Səranə - adambaşına vergi ilə əlaqədar yaranan bu iki ifadənin mənası əsərin özündən məlum olur. Şeirdə deyilir ki, başı bəlalı oğlum heç vətəndə yaşayırmı ki, mən onun səranəsini (dövlətə ödənilən adambaşına vergi) verim. Əgər onu görsən, alarsan!
Şairin məfkurəsi ilə əlaqədar, xüsusilə də onun dinə münasibəti barədə söylənilən ziddiyyətli fikirlər diqqəti daha çox cəlb edir.
Dini mövqedən çıxış edən Mehdi Müctəhidi yazır: «Möcüz bəzən tənqidlərində ifrata varır, öz dərk və fəhmindən uzaq mövzulara girişərək, etiqadsızlıqlara yol verir». Sonra müəllif bu dediklərinin tam əksinə olaraq yazır: «Möcüzün din xadimlərinə etdiyi hücumlara baxmayaraq, o qəlbən şiə olub imamın zühuruna etiqad edirdi». Sözsüz ki, Müctəhidi bu səhv mülahizəsini söylərkən şairin «Vəsiyyətnamə» adlı şerinin son beytinə əsaslanıb.
Zühuri-həzrəti-Qaim yaxındır, ölmə, ya Möcüz,
Bulut altında qalmaz daima gün, xəlq zülmətdə!
Möcüzə məxsus yumoristik üslubun bir xüsusiyyəti də ondan ibarətdir ki, o, əsərini bəzən avam, mövhumatçı dilindən deyir, bəzən də özünü mənfi tiplərin təmsilçisi kimi apararaq kinayə, ironiya və eyhamlarını da özünə ünvanlayır. Şair oxucuya daha güclü təsir etmək üçün bu üsuldan xeyli istifadə etmişdir. Məsələn:
Möcüz utanır qırxmır saqqalı deyirlər,
Nə? Bizdə həya olsa, cəhalətdən utannux!
Həqiqi bir mübariz, maarifpərvər şair kimi Möcüz yalnız ruhanilərin tənqidi ilə kifayətlənmir, xalqa dinin əsas mahiyyətini başa salmağa çalışır. Şairin yumorunun mahiyyətini anlamayan M.Müctəhidi onun misralarını yanlış istiqamətdə təhlil etmiş və eyni halda öz yazdığı ziddiyyətli mülahizələrində fərqinə vara bilməmişdir.
226 səhifə həcmində olan «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» kitabının nəşrindən əlli il sonra Qulamrza Təbatəbayi Məcd ona 400 səhifə əlavə edərək, kitabı yenidən çap etdirmişdir. Kompilyasiya məhsulu olan bu mənbənin əlavələr bölümündə, həmçinin izahlarda gedən səhv və qeyri-elmi mülahizələr ümumiyyətlə, mətnin özündən daha rəngarəng və zəngin olmuşdur! Tərtibçi Möcüzlə bağlı «izah»ında yazır: «Möcüz Şəbüstərdə sakin olduğu ilk çağlarda növhə yazmaqla məşğul olmuşdur».
Artıq İstanbulda bir mütərəqqi, demokrat şair kimi dünyagörüşü formalaşan Möcüz 1905-ci ildə vətənə qayıtmışdı. Vətəninin maddi-mənəvi səfalətini, fəlakətli vəziyyətini görən şair ürək ağrısı ilə onun ağlar halını öz «növhə»lərində əks etdirmişdi. Bu barədə Möcüzün farsca yazdığı tərcümeyi-halında oxuyuruq: «…16 il orada (İstanbulda) qaldım, [sonra] Şəbüstərə gəldim. Vətənin ağlar halını gördükdə, növhəxanlığa başladım. [Lakin] axundlar mənim növhəxanlığımı bəyənmədilər. [Mənə] müharibə elan etdilər…»
Heç bir şərhə ehtiyac olmayan bu sətirlərdə şairin kinayəli şəkildə dediyi «növhə» sözünün hansı mənada işləndiyi aydındır. Bu növhələr Təbatəbayinin və eləcə də onun səviyyəsində olan Ustadının başa düşdüyü növhələrdən tamamilə fərqlənir. Məhz buna görə də axundlar, mürtəcelər, qaragüruhçular Möcüzün “növhəxanlığ”ını nəinki bəyənmədilər, hətta ona qarşı müharibə elan etdilər. Maraqlıdır ki, Möcüzün bu bədii ifadəsinə təxminən səksən il sonra fars şairi Mehdi Əxəvanın şerində rast gəlirik: «Mən mərsiyəquye-vətəne-mordeye-xişəm» («Mən ölmüş vətənimin mərsiyə (növhə) deyəniyəm».
Doğma yurduna qayıtmış Möcüzün vətənin ağlar halına yazdığı «Dedilər» rədifli şerini, öz təbiri ilə desək, növhəsini bir misal olaraq nəzərdən keçirsək, yerinə düşər.
Çün yetişdim vətənə, «açma dəhanın», dedilər,
«Dinmə, danışma və tərpətmə zəbanın», dedilər.
«Məscidə daxil olan vəqtdə kürnuş eylə,
Ver səlam, öp əlin ağayi-Zəmanın», dedilər.
Buna bənzər bir neçə başqa beytlərə diqqət yetirək:
Oynama, çalma, danışma, gülmə, dinmə, lal otur,
Yaxşıdır min dəfə
burdan bir məzar, ey dustan...
Yaxud:
Səkinə guşeyi-viranədə
can verdi acından,
Eşitcək bu sözü
başın vurar divarə iranlı.
Əcəb
sahibi-mürüvvət, rəhmdil millətdi bu millət
Ki, ağlır min sənə
əvvəl ölən aclarə iranlı.
Səkinə adlı
çox qızlar yatır ac bu vilayətdə,
Çörəkçixanələr
bağlı, qalıb avarə iranlı.
Yalandır bu nümayişlər,
inanma hərgiz, ey Möcüz,
Yığır azuqəsin xəlqin
qoyur anbarə iranlı.
İranda çeriki (partizan)
hərəkatının görkəmli nümayəndələrindən
olan şair Əlirza Nabdil «Azərbaycan və milli məsələ»
adlı əsərində Möcüzün ictimai-siyasi
görüşlərinin təhlilinə xüsusi yer
vermişdir. Ümumiyyətlə, Möcüz
yaradıcılığını yüksək qiymətləndirən
Nabdil onun barəsində bəzi tənqidi fikirlərini də
söyləyir: «Onun (Möcüzün) əsas mübarizəsi
yerli istismarçılara və onların himayədarları
olan ruhanilərə qarşı idi. Şəhərlərdə
müctəhidlərin hakimiyyətə qarşı müxalif
olmaları və onlarla hər cür əməkdaşlığı
haram elan etmələri Möcüzün recimə
qarşı sərt münasibət göstərməsinə
mane olur. Möcüz din əleyhinə mübarizəsini (əlbəttə,
materializm mövqeyindən deyil, özünəməxsus
formada) sinfi mübarizədən ayırmamışdır...
Bununla belə feodal militarizmi hakimiyyətə gəldikdən
sonra bütün istismarçı qüvvələri ətrafına
toplayıb özünə tabe etdirmək istədikdə,
Möcüz günü-gündən artmaqda olan təzyiqlərə
qarşı qətiyyətlə mübarizə aparmır. Əslində
o, Rza şahın əks-inqilabçı mahiyyətini
başa düşməkdə aciz idi...»
Nabdil dini rəhbərlərin
həqiqi simasını lazımınca başa düşmədiyinə
görə Möcüzü tənqid etmişdir. Hər
şeydən əvvəl Möcüz irticaçı ruhanilərin
mahiyyətini, onların ictimai-siyasi həyatda
oynadıqları dəhşətli rolu yaxşı başa
düşür, dərindən dərk edirdi. Məhz buna
görə də o dönəmdə o, mollaların hərəkatı
qarşısında şaha üstünlük verirdi. Onun
«recimə qarşı sərt münasibət göstərməməsi»nə
müasir tarixin təcrübəsi də haqq qazandırır.
Xalqın maarifləndirilməsi uğrunda bir mübariz
şair kimi Möcüzün böyük əməyi, çəkdiyi
zəhmətlər də Nabdil tərəfindən əhəmiyyətsiz
kimi qələmə verilmişdir. Möcüzün istər
dinə, istərsə də Rza şaha münasibəti barədə
xüsusi olaraq ətraflı danışacağıq.
1982-ci ildə Qulam Məmmədlinin nəşr etdirdiyi Möcüz əsərləri barədə doktor Məhəmməd Tağı Zehtabinin «Varlıq» dərgisində (1368/1990-cı il, No. 75-4, s. 92-106) çap etdirdiyi tənqidi yazısı elmi səciyyəsi ilə seçilir. M.T.Zehtabi Qulam Məmmədlinin Möcüz əsərlərindən ibarət bu son nəşrində yol verilən çoxsaylı səhvləri göstərmiş, şairin Rza şaha münasibətini də bir neçə sətirdə olduqca düzgün və dolğun təhlil etmişdir. Həmin məqalədə tədqiqatçı «qaval» sözü ilə əlaqədar bir səhvə yol vermişdir. Möcüzün «Gündə» rədifli və başlıqlı şerində belə bir beyt vardır.
Qoyun-quzu qarışar
bir-birinə səhradə,
Qaval çalar, su içər, kef çəkər çoban gündə.
Doktor Zehtabiyə görə, «qaval» və «su» sözləri buraya səhv olaraq düşmüşdür. Çoban qaval deyil, ney çalarsa, özü də su deyil, sud içərsə kef çəkə bilər”. Məsələ burasındadır ki, Möcüzün şerində «qaval» sözü ney mənasında işlədilir. Şairin yaradıcılığında işlənən türkizmlərdən bir də “qaval” sözüdür. Şəmsəddin Sami öz “Qamus”unda bu sözün izahını belə verir: «Qaval: düdük - çobanların çaldığı qalınca səsli böyük düdük (tütək)»
Möcüzün iki müxtəlif fotoşəkli barədə doktor Zehtabinin verdiyi düzgün məlumat Qulam Məmmədlinin bu xüsusdakı səhvini aradan qaldırmışdır.
Rəhim Rəisniya 1995-ci ildə çap etdirdiyi «İran və Osmani dər astane-qərne-bistom» adlı əsərində İstanbulda mühacirətdə yaşamış ziyalılar sırasında Mirzə Əli Möcüz haqqında da məlumat vermişdir. Şairə həsr etdiyi 4-5 səhifəlik yazısında müəllif heç bir yeni söz deməmişdir. Burada R.Rəisniya istinad etdiyi mənbələrdəki bəzi kobud səhvləri təkrar etməklə bərabər, özü də bunlara bir neçə xırda yanlışlıqlar əlavə etmişdir.
Qulam Məmmədli Təbrizdə Möcüz əsərlərinin tərtibi və nəşri ərəfəsində şairin tərcümeyi-halını Hacı Məhəmməd ağa Naxçıvanidən və başqalarından öyrəndiyi zaman Möcüzün görkəmli mütəfəkkir Şeyx Mahmud Şəbüstəriyə dərin hörməti ilə əlaqədar belə bir məlumatı da eşitmişdi: «Möcüz vaxtının çoxunu Şeyx Mahmud Şəbüstəri türbəsinin mücavirətində keçirərmiş». Buradakı «mücavirət» sözünü səhv başa düşən Q.Məmmədli belə yazmışdır: «[Möcüz] böyük alimin məqbərəsində mücavirlik etmək və şeir yazmaqla məşğul olmuşdur». Şairi bir məqbərə xidmətçisi kimi qələmə verən bu sözlərin yazılmasından yarım əsr keçdikdən sonra Rəisniya bu yanlışlığı əsərində təkrar etmişdir. Bizdən öncə Qurbanəli Məhəmmədzadə bu məsələ ilə bağlı Qulam Məmmədliyə etirazını bildirmişdi. 1982-ci ildə yazdığı «Azərbaycan şairi Mirzə Əli Möcüz Şəbüstəri və mənim xatirələrimdən» adlı əsərində Q.Məhəmmədzadə o dövrdə Şeyx Mahmud məqbərəsinin xüsusi xidmətçisi və yaxud mücaviri olan Rzaqulu adlı şəxsdən danışır, onun haqqında ətraflı məlumat verir.
Möcüzün həyat və yaradıcılığı haqqında azacıq məlumatı olanlar bilirlər ki, dillərdə əzbər olmasına, əldən-ələ gəzməsinə baxmayaraq, sağlığında şairin əsərləri çap edilməyib. Öz qısa tərcümeyi-halında da şair bunu söyləmişdir. Rəisniya Möcüzün həmin tərcümeyi-halından bu hissəni yazısına köçürüb: «... Bu günə qədər [təxminən] üç min beyt yazmışam, rəfiqlərə vermişəm. Mən özüm [şeirlərimi] toplamamışam, bəziləri toplayıblar... Mənim şeirlərim fikahidir (gülməli, məzhəkəli), xalq tərəfindən bəyənilməsinin də səbəbi budur, yoxsa qabiliyyətinə görə deyil».
Şairin böyük təvazökarlıqla yazılan bu sözlərini unudan Rəisniya Cavad Heyətin bu barədə yazdığını yeni bir kəşf kimi qələmə verir: «... Cavad Heyət xatırlatmışdır ki, bu xalq şairinin (Möcüzün) bir para şeirləri çap edilməmişdən öncə ağızdan-ağıza gəzərmiş».
Möcüz «var» rədifli şeirlərindən birində əsərlərinin geniş miqyasda xalq arasında yayıldığını və artıq məşhur bir şair olduğunu göstərmişdir:
Təsxir edibdi hər yeri əşarı Möcüzün,
Zənn etməyin ki, bircə Şəbüstərdə namı var.
Rəisniyanın məqaləsində yol verilmiş bir neçə başqa səhvləri də göstərmək istərdik. Burada XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış, 1907-ci ildə vəfat etmiş məşhur növhə və qəzəl şairi Hacı Rza Sərraf Təbrizi həcvgu şair kimi təqdim edilmişdir ki, bu da tamamilə səhv fikirdir. Yazıda nümunə gətirilən «Məktublaşma» başlıqlı şerin birinci misrasındakı «əhvən» («ucuz») sözü «ərzan»la əvəz edilmişdir. Möcüz öz qısa tərcümeyi-halını ana dilində deyil, farsca yazmışdır.
Möcüzə həsr edilmiş elə bir əsər yoxdur ki, orada Sabirin adı çəkilməsin, Sabirin Möcüzə təsirindən bəhs edilməsin, bu iki sənətkarın dünyagörüşü və yaradıcılığından danışılmasın. Mən məqaləmin bu məqamında ancaq bu iki böyük şairin ədəbi irsinin taleyi ilə bağlı müqayisəni aparmaq istərdim.
Hər iki şairin maddi vəziyyətinin ağırlığını, irticaçı qüvvələr tərəfindən mənəvi təzyiqlərə məruz qalmasını nəzərə alsaq, onların həyat şəraitinin təxminən oxşar olduğunu deyə bilərik. Lakin Sabirlə Möcüzün ədəbi irsinin taleyi, əsərlərinin nəşri və tədqiqinə gəldikdə aradakı böyük fərqi görməmək mümkün deyil. Sabir əsərlərinin taleyini xoşbəxt hesab etmək olarsa, Möcüzün ədəbi irsi barədə bunun tam əksini demək olar.
M.Ə.Sabir 1911-ci ildə vəfat etdikdən sonra C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Səhhət, Ə.Qəmküsar kimi görkəmli ədəbi-ictimai xadimlər onun əsərlərini toplayıb şairin gizli imzalarından birini nəzərə alaraq «Hophopnamə» adı ilə çap etdirmişlər. 1914-cü ildə isə, xalqdan toplanan maddi yardım və ianələr hesabına nəşr edilən nisbətən bu mükəmməl kitaba Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin Sabir əsərlərinə çəkdiyi karikaturalar və təsvirlər də daxil edilmişdir. «Hophopnamə»nin bu çapı istər özünün mütərəqqi məzmunu ilə, istərsə də nəfislik etibarı ilə Şimali Azərbaycanın kitab nəşri tarixində əlamətdar hadisə kimi dəyərləndirilir. Bu nəşr bütün Azərbaycan ziyalılarının, maarifpərvərlərinin, xüsusilə də Cənubi Azərbaycan azadixahlarının son dərəcə qiymətli və əziz kitabı kimi şöhrət qazanıbdır. Kitabın ilk çapından bir əsrə yaxın vaxt keçsə də, o qiymətli bir cəvahir kimi hələ də əhəmiyyətini saxlamaqdadır. Sabir əsərlərinin onun adına layiq şəkildə nəşrini, təbii ki, Şimali Azərbaycanda mövcud şərait və atmosferlə izah etmək lazımdır. Belə bir şərait o zaman, hətta bu gün belə İranda, xüsusilə də onun tərkib hissəsi olan Cənubi Azərbaycanda olmamışdır. Möcüzün bəzi məqamlarda bir çox cəhətdən Şimali Azərbaycana qibtə etməsi də yersiz deyildir:
Qibtəmiz yersiz deyil, var illəti,
Orda toydur, burda matəm əl-əman.
Qeyd etdiyimiz kimi, qatı fars
millətçiliyi ideologiyasına əsaslanan Pəhləvi
reciminin apardığı siyasət ucbatından
Möcüzün əsərləri şairin
sağlığında çap edilmir. (Rza xanın hakimiyyətə
gəlməsindən öncə Möcüzün 1920-ci ildə
Təbrizdə çıxan «Molla Nəsrəddin»
curnalının nömrələrində dərc olunmuş
iki şeri istisna təşkil edir). Möcüzün vəfatından
xeyli sonra, Cənubi Azərbaycanın Milli Hökuməti
zamanında (1945) onun əsərlərinin müəyyən
hissəsi nəşr edilir. Amerika, İngiltərə
imperialistlərinin himayəsi altında Məhəmməd Rza
şahın qoşunu irtica və yerli mülkədarlarla birgə
Milli Hökumət tərəfdarlarını qan dəryasında
qərq etdiyi zaman Möcüzün də nəşr
edilmiş divanının əksər nüsxələri
qalaq-qalaq yandırılan anadilli kitablar içində zəbanə
çəkərək yanıb kül olur. 1979-cu ildə Pəhləvi
hakimiyyəti devrildikdən sonra ana dilimizlə bağlı
yaranmış nisbi azadlıq şəraitində Möcüz
əsərləri də bəzi şəxslər tərəfindən
nəşr edilir, vaxtaşırı olaraq mətbuat səhifələrində
müxtəlif məqalələr dərc olunur.
Məhəmmədəli
HÜSEYNİ
Ədəbiyyat qəzeti.-2009.-13
fevral.-S.3.