Paşa Əlioğlu – 50

 

Hörmətli Paşa Əlioğlu!

Sizi - istedadlı ədəbiyyatşünas alim tərcüməçini 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. 1981-ci ildə Bakıda Dövlət Universitetinin filologiya fakültəsini bitirmisiniz. 1982-ci ildən AMEA Məhəmməd füzuli adına Əlyazmaları İnstitutunda çalışırsınız. 1991-ci ildə "Əlican Qövsi Təbrizi "Divan"ının tekstoloji tədqiqi elmi-tənqidi mətni" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almısınız. Neçə illərdir ki, Azərbaycan türkdilli yazılı abidələrinin tekstoloji filoloji tədqiqi sahəsində çalışırsınız. Bir sıra yazılı abidələrimizi ilk dəfə olaraq tədqiq edərək oxuculara təqdim etmisiniz. Bunlardan Qövsi Təbrizinin, Mürtəzaqulu xan Şamlunun divanlarını, XIX əsr Azərbaycan şairi Mirzə İsmayıl Qasirin əsərlərini (T.Nurəliyeva ilə birgə), Hacı Zeynalabdin Tağıyevə dair əsər sənədləri, M.Ə.Rəsulzadənin "Çağdaş Azərbaycan tarixi", "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərlərini, C.Cabbarlının çap edilməmiş məqalələrini, Nəsib bəy Yusifbəylinin "Təslim" hekayəsini, XIX əsr Qarabağ şairlərinin şeirlərini, M.Çakərin tərcümələrini s. göstərmək olar. "Azərbaycan əlyazma kitabı tarixi" fənnindən xüsusi kurs proqramının müəllifisiniz. Tərtib etdiyiniz "XVII əsr Azərbaycan lirikası" adlı antologiyada (M.Hüseyni ilə birgə) ilk dəfə olaraq Sadiq bəy Əfşar, Müsahib Gəncəvi, Məczub, Vəhid Qəzvini, Tərzi Əfşar, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Mürtəzaqulu Sultan Şamlu, Təsir Təbrizi kimi şairlərimizin ana dilində şeirləri oxuculara təqdim edilmişdir. Klassik ədəbiyyatımızın, XVII əsr Azərbaycan lirikasının tədqiqinə dair onlarla məqaləniz, klassik irsimizin təbliğinə həsr edilmiş yüzlərlə yazınız çapdan çıxmışdır. Tərcüməçi kimi fəaliyyətiniz diqqətəlayiqdir. Dünya ədəbiyyatından F.Kafka, J.P.Sartr, X.L.Borhes, H.Hesse, A.Rünoske, A.Kamyu b. əsərlərini, həmçinin Kamal Tahirin "Yorğun savaşçı", R.Çamuroğlunun "İsmayıl" (A.Əmrahoğlu ilə birgə), İ.Qurtulanın "Əmim Hamlet" romanlarını dilimizə çevirmisiniz.

Hörmətli Paşa Əlioğlu!

Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-13 fevral.-S.5.