Arif Paşayev – 75
“İnsanlığın düz ünvanı”
Fevralın 18-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Rusiya federasiyasının Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan forumu"nun ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin anadan olmasının 75 illiyinə həsr olunmuş və Azərbaycan, rus, ingilis dillərində nəfis şəkildə çap edilmiş "İnsanlığın düz ünvanı" kitabının təqdimat mərasimi keçirildi. Bu maraqlı əsərin məziyyəti təkcə görkəmli bir Azərbaycan aliminin şəxsiyyəti və fəaliyyəti barədə poetik təqdim olması ilə məhdudlaşmır, Arif müəllimin mənsub olduğu nəsil, bu nəslin Azərbaycanın ictimai-siyasi mühitində, elm və təhsilində tutduğu diqqətəlayiq mövqeyi müəyyənləşdirən tanınmış nümayəndələri barədə bədii düşüncələri özündə cəmləşdirməsi baxımından da səciyyələnir.
Millət vəkili AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə və Vaqif Abbasovun redaktorluğu ilə nəşr edilən, əməkdar elm xadimi Hüseyn Həşimlinin “müdrikliyin poetik təcəssümü” adlı ön sözüylə açılan kitabın müəllifi şair-publisist Mirkazım Seyidov mərasimdə çıxış edərək dedi: "Görkəmli alim, akademik Arif Paşayevin anadan olmasının 75 illiyini qeyd etdiyimiz bu gözəl gün ulu öndərimizin adını daşıyan "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan forumu"nun yarandığı vaxtla üst-üstə düşür. Düz beş il bundan əvvəl məhz fevralın 18-də təsis olunan forum yarandığı gündən bəri Azərbaycanın şöhrətini qaldıran şəxsiyyətlərin yanında olub, müstəqilliyimizin, inkişafımızın dəstəkçisi kimi fəaliyyət göstərib. Azərbaycan xalqı zaman-zaman bəşər tarixinə böyük şəxsiyyətlər, dühalar bəxş edib. Təkcə ümummilli lider Heydər Əliyevin adını çəkmək kifayət edər ki, xalqımızın yetirdiyi böyük şəxsiyyətlərin bütöv obrazı göz önünə gəlsin. Bu gün anadan olmasının 75 illiyini böyük qədirbilənlik hissiylə qeyd etdiyimiz görkəmli alim, akademik, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev də millətimizin layiqli yetirmələrindəndir. Yaxın günlərdə milli Aviasiya Akademiyasında düzənlənən yubiley tədbirinə dünyanın bir çox aparıcı dövlətlərinin görkəmli elm xadimlərinin qatılması sübut edir ki, Arif müəllimin şöhrəti ölkəmizin hüdudlarını çoxdan aşıb. Onun dövlətimiz, xalqımız və elmimiz qarşısında böyük xidmətləri var. Bu xidmətlərə dörd istiqamətdə nəzər yetirmək istərdim. Arif müəllim bütün ömrünü Azərbaycan elminin inkişafına, dünya şöhrəti qazanmasına həsr edib; Ordu quruculuğumuzun aviasiya sahəsi onun bacarığı və şəxsi səyi nəticəsində inkişaf edib ki, bu da onun ulu öndər Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyev siyasətinə, dövlətçiliyimizə olan sədaqətindən irəli gəlir; Milli Aviasiya Akademiyasının rəhbəri olaraq gördüyü diqqətəlayiq işləriylə Arif müəllim yeni bir məktəb yaradıb; Arif müəllimin mənsub olduğu nəslin kökündə duran tarixi şəcərə həmişə xeyirxahlıq, vəfadarlıq missiyasının daşıyıcısı olub. Arif müəllim öz sadəliyi və böyüklüyü ilə bu şəcərəni ləyaqətlə təmsil edir. Qürur duyuram ki, belə bir dəyərli insan haqqında düşüncələrimi, duyğularımı şerin ölməz diliylə ifadə etməyə çalışmışam, insanlığın düz ünvanına səfər etmişəm. Bu ideyanı mənə verən Ənvər müəllimə təşəkkürümü bildirir və Novosibirskdə fəaliyyət göstərən Azərbaycan diasporu adından, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan forumu adından və şəxsən öz adımdan Arif müəllimi anadan olmasının 75 illiyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram".
Tədbirdə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxış edərək Milli Məclisin bütün deputatları adından yubilyarı təbrik etdi və görkəmli alimin ömür yoluna bədii ayna tutan kitabın məziyyətlərindən söz açdı: "Arif müəllim halal bir ocağın yetirməsidir. Onun atası Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında böyük yeri olan yazıçıdır. Arif müəllim belə bir ocaqda dünyaya göz açıb.
Biz çox vaxt öz böyük alimlərimizi yaxşı tanımırıq. Ancaq elmimizin inkişafında böyük əmək sərf etmiş alimlərimiz çoxdu. Bu alimlər var, onlar mənsub olduğu xalqa, dövlətimizə ləyaqətlə xidmət edirlər. Onlardan biri də Arif müəllimdi. Bəlkə də bizə nağıl kimi gələrdi ki, bizdə aviasiya sahəsi bu cür inkişaf edə bilər. Ancaq Arif müəllimin ardıcıl səyi və bacarığı sayəsində bu, artıq reallığa çevrilib. Mən onun haqqında belə dəyərli bir kitabın yazılmasını təbii hesab edirəm. Bu qəbildən yazılan kitablar nəşr edilməlidi, xalqa öz dəyərli oğullarını tanıtmaq, təbliğ etmək lazımdır".
Millət vəkili Qənirə Paşayeva da kamil şəxsiyyət, dünyəviliklə milliliyi öz simasında ləyaqətlə təcəssüm etdirən görkəmli alimlə bağlı düşüncələrini dilə gətirdi: "Arif Paşayev elə bir şəxsiyyətdir ki, onun haqqında söz deməyin özü xoşdu. O, millətini tanıdan şəxsiyyətlərdəndir. Belə şəxsiyyətlər millətin sərvətidi. Hansı xalq ki, millətinin sərvəti olan insanları, şəxsiyyətləri uca tutur - o millətin özü də yüksəlir. Boyük şəxsiyyətin ailəsində doğulub yaşamağın özü də xoşbəxtlikdi. Ancaq bunun çətinliyi, məsuliyyəti də var. Görkəmli yazıçı Mir Cəlal ədəbiyyat tariximizdə böyük yeri olan, kölgə yaratmış şəxsiyyətlərdəndi. O cür böyük bir kölgədən çıxıb öz kölgəni yaratmaq çox çətindir. Arif müəllim öz fəaliyyətilə bu böyük işi bacarıb. Onun mənsub olduğu ailə öz unikallığı ilə milli kimliyimizi layiqincə ehtiva edən bir ailədi. Mir Cəlal müəllimin ədəbi qəhrəmanlarından biri olan Sona xalanın artıq aforizmə çevrilmiş, dillər əzbəri olan "itə ataram yada satmaram" etirazı əslində böyük mətləbləri ifadə edirdi. Bu mətləbin kökündə xalqımızın qüruru, yenilməzliyi, yüksək vətəndaşlıq duyğusu əks olunub. Paşayevlər ailəsi bütövlükdə belə bir duyğuyla, amalla kamala çatıb. Arif müəllim məhz bu cür yüksək dəyərləri aşılayan bir kişinin övladıdı.
Bu gün Milli Aviasiya Akademiyasının həyətinə ayaq basanlar səmimiyyətlə etiraf edirlər ki, o, necə bir ləyaqətlə öz xalqına xidmət edir. Dəfələrlə şahidi olmuşam ki, xarici nümmayəndəliklər indi Azərbaycan pilotları ilə işləməyə üstünlük verirlər. Bu, Arif müəllimin xidmətlərinin bəhrəsidir. Arif müəllim çox sadə insandı. Bu, onun şəxsiyyətinin böyüklüyündən irəli gəlir. onun kimi ziyalılarla hər kəs öz problemini bölüşə bilər. Belə bir hekayət var; uzaq diyarlar dolaşmış yolçu səhrada saf sulu bulaq başında bitmiş xurma ağacına rast gəlir, ləzzətlə meyvəsindən yeyir, dibindən axan sudan doyunca içir, kölgəsində dincəlir. Ayrılıb gedəndə minnətdarlıq edir, deyir ki, meyvədən meyvən, sudan suyun, kölgədən kölgən, bitib-tükənməyən səhran var, bütün xoşbəxtliklər nəsibindi, Allahdan bircə arzum var ki, həmişə belə qalasan. Mən Arif müəllimə də həmin diləyi edirəm, həmişə belə yaşasın, Allah ömür versin. O, öz ailəsi ilə də nümunə məktəbi yaradıb. Bu ocaqda millət vəkili, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, mədəniyyətimizin, təhsilimizin hamisi Mehriban xanım böyüyüb. O, Azərbaycan qadınının cəmiyyətdə oynadığı böyük rolu dünyaya ləyaqətlə nümayiş etdirir. Bu söylədiklərimi Nərgiz xanım haqqında da demək olar. Ümid edirəm ki, bu nəslin övladları xalqımızın tarix kitabında hələ çox şərəfli səhifələr yazacaqlar."
Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev akademiyanın çoxsaylı müəllim və tələbə heyəti adından və şəxsən Arif Paşayevin adından tədbiri düzənləyənlərə minnətdarlıq etdi. Təqdim edilən əsərin məziyyətlərindən danışdı: "Arif müəllim həqiqətən böyük insan, dəyərli alimdi. Bizim üçün böyük şərəfdir ki, belə bir alimin rəhbərliyi altında işləyirik. O, kollektivdə hamıya diqqətlə yanaşır, lap mehriban ata kimi…"
Tədbir boyu təqdim olunan kitabdan
seçmələr əsasında ədəbi-bədii
kompazisiya səsləndirildi, tanınmış sənətçilərin
ifası alqışlarla qarşılandı.
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2009.-20
fevral.-S.4.