Həmid Araslı – 100

 

Nəcib insan, mötəbər alim

 

Müəllimim barədə sözümə başlarkən, unuda bilmədiyim güclü təəssürat kimi, onun haqqında 1980-ci ilin iyununda Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində dövrünün görkəmli ictimai-siyasi xadimi və ədibi, respublikanın rəhbəri Şərəf Rəşidovun şahidi olduğum münasibətini qeyd etmək istəyirəm.

Böyük ədəbi-mədəni hadisə ilə əlaqədar Daşkəndin geniş sərgi salonunda göstərilən rəsm əsərləri arasında dünya şöhrətli şərqşünas alimin - Həmid Araslının nurlu simasını əks edən portreti önündə dayanmış Şərəf Rəşidovun o vaxtlar Azərbaycan Yazıçılar İttifaqının sədri olan İmran Qasımova müraciətlə Həmid müəllim barədə bildirdiyi yüksək hörmət-ehtiramı, təbii ki, indi də iftixar hissiylə xatırlayıram.

Ümumən keçmiş sovet məkanında, o cümlədən Orta Asiya respublikalarında, xüsusən də Nəvai vətənində, eləcə də Türkiyədə, İraqda, həmçinin digər ölkə şərqşünasları arasında Həmid Araslı şəxsiyyətinə və tədqiqatına, elmi məsuliyyətinə olan böyük hörmət eyni zamanda, Azərbaycan ədəbiyyatşünaslığının, şərqşünaslığının dünya miqyasında nüfuzunun artmasına əhəmiyyətli dərəcədə kömək göstərib. Məlum olduğu kimi, Özbəkistanda da Həmid Araslıya ölkənin əməkdar elm xadimi adı verilmişdi.

filologiya elmi sahəsində, elmi kadrların hazırlanmasında xidmətlərinə görə və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq Azərbaycan Elmlər Akademiyasının akademiki Həmid Araslı SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 fevral 1979-cu il tarixli fərmanı ilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdu.

Bu fakt Həmid müəllimin gərgin elmi fəaliyyətinin nüfuz dairəsini gərəyincə təsəvvür etməyə imkan verir.

Həmid müəllimə xas böyüklüklə yanaşı səmimiyyəti mən vaxtilə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olarkən, sonra respublika Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul imtahanı verərkən yaxından duymuş və heç vaxt unutmamışam.

Tələbəlik illərindən məndə Həmid müəllimin Azərbaycan ədəbiyyatı tarixi kursundan söylədiyi mühazirələri yazdığım ümumi dəftər yadigar qalır.

Aspiranturaya qəbul imtahanı götürərkən suallara cavabımı dinlədikdən sonra: "Oğlum, qiyabiyə niyə ərizə vermisən, gəl səni əyaniyə götürək" - dedi. Mən ailəli olduğumu, kirayədə yaşadığımı, "Ədəbiyyat qəzeti"ndə ("Ədəbiyyat və incəsənət"də) işlədiyimi, ola bilsin ki, ordan mənzil verə biləcəklərini söylədim.

Aşkar təəssüflə Akademiyadan belə bir kömək gözləməyin mümkün olmadığını deyərək razılaşdı. (Qəbul imtahanında Kamal müəllim də iştirak edirdi).

Mən dissertasiya mövzusu olaraq füzuli və xalq yaradıcılığı problemini işlədiyimdən sonralar bu mövzunun, xüsusən milli sənət adamı üçün əslində neçə dissertasiyaya sığmayan əbədi-ömürlük bir tədqiqat mənbəyi, sənətkarlıq məktəbi olduğunu yəqin etdim və şübhəsiz, mütəfəkkir şairimizin böyük tədqiqatçısı Həmid Araslının əsərlərinə dönə-dönə müraciət etmədən keçinə bilmədim və nə qədər əlim qələm tutur, şübhəsiz belə də olacaq.

Bu qəti qənaətə gəlməyimdə başqa bir böyük müəllimimizin - görkəmli ədib və alim Mir Cəlalın hələ 30-cu illərin axırlarında Həmid Araslının redaktorluğu ilə nəşr olunmuş "Füzulinin poetik xüsusiyyətləri" əsərinin (sonrakı illərdə Mir Cəlal müəllimin dahi şairimizə dair digər tədqiqləri geniş həcmli "Füzuli sənətkarlığı" kitabında toplandı) təsirini burada ayrıca qeyd etməyi lazım bilirəm. İllər keçdikdən sonra şəxsən mənim üçün bir nəticə şəksizdir: füzuli sənətinin sehrli dünyasına, şübhəsiz, başqa tələbələri kimi, mən də bu unudulmaz müəllimlərimin əsərləri sayəsində daxil olmağa cəsarət etmişəm.

Qədim və orta əsrlər ədəbiyyatımızın tədqiqi, tərtibi, elmi-tənqidi nəşri sahəsində müstəsna xidmətləri olan Həmid müəllimin öyrətdikləri şəxsən mənim təsəvvürümdə, füzulisevər tələbələri üçün bir qanaddırsa, böyük ədib və alim, bədii yaradıcılıq sirlərini, xüsusilə də dahi füzuli sənətinin zəngin poetikasının yüksək emosional və əqli şərhini açmaq qüdrətinə malik Mir Cəlal müəllimin öyrətdikləri ikinci qanaddır. Onların tələbələri layiqincə mənimsədikdə bu iki qanadla uça bilərlər.

Ümumən klassik ədəbiyyatımızı, xüsusən də dahi Nizami və füzuli yaradıcılığını tədqiq sahəsində mötəbər nüfuzu şəksiz olduğu üçündür ki, dünya şöhrətli rus şərqşünası Y.E.Bertelsin Moskvada 1962-ci ildə çapdan çıxmış (“İzdatelstvo Vostoçnoy literaturı”) monumental "Nizami və füzuli" kitabının məsul redaktorluğu akademik Həmid Araslıya etibar edilmişdir. Elə bu faktın özü Həmid müəllim haqqında hər hansı epitet axtarmağa heç ehtiyac yeri qoymur.

İlk dəfə Universitet auditoriyasında gördüyüm Həmid müəllimin şəxsiyyəti illər keçdikcə ədəbi-elmi və mətbuat sahəsindəki fəaliyyətim boyu ədəbiyyatımızın ümumi mənafeyi səbəbindən qırılmayan əlaqələrimiz sayəsində mənim üçün tuncdan tökülmüş abidə kimi göründü. İmadəddin Nəsiminin 600 illik yubileyi ərəfəsində türk dünyası ziyalıları arasında soyuqluq yaratmaq niyyəti güdən qeyri-elmi cəhdlər böyük şairi Azərbaycan ədəbiyyatına deyil, türkmən ədəbiyyatına aid etmək məqsədi güdürdü. Şübhə yoxdur ki, türk xalqlarına mənsub hər hansı məşhur sima, necə deyərlər, öz kökünə sadiq qalmaqla bərabər, hər şeydən əvvəl onu dünyaya gətirən bir ananın övladıdır. Yadımdadır ki, qeyri-elmi səylərdən narahat olan Həmid müəllim redaksiyaya telefon açıb məni məsələdən agah etdi və şöbənin iki qardaş xalqın ziyalıları arasında narazılıq doğura biləcək material verməsini məsləhət bilmədi. O, bu problemi hər iki respublikanın rəhbər təşkilatlarının öz aralarında təmkinlə, ədəbi-elmi həqiqətə uyğun şəkildə yoluna qoymalarını düzgün hesab etdi. Redaksiya Həmid müəllimin təklifinə uyğun mövqe tutdu.

Yeri gəlmişkən, həmin məsələnin Azərbaycan Yazıçılar İttifaqında təşkilatın sədri Mirzə İbrahimovun yanında keçirilən bir iclasda da gündəmə gəldiyini gördüm. Moskvadan telefon açan məsul bir şəxs Mirzə müəllimə sözügedən narahatlıq barədə məlumat verir və İmadəddin Nəsiminin rus dilində çıxacaq kitabının taleyinin necə ola biləcəyini soruşurdu. Mirzə müəllim də özünə xas təmkin və məntiqlə mahiyyət etibarilə Həmid müəllimin mövqeyi ilə üst-üstə düşən fikrini dedi. Xatirimdədir ki, bu cümləni də əlavə etdi: Beləymişsə, elə deyən şəxslər öz ədəbiyyat tarixlərində indiyə qədər bu barədə niyə yazmayıblar?!

Beləliklə, kimlərinsə dəyirmanına su tökməyə xidmət edəsi problem öz elmi-tarixi həllini tapdı.

Sözün Həmid müəllimin ədəbi-elmi həqiqətə sədaqətindən getdiyi bu yerdə mən vaxtilə, səhv etmirəmsə, "Lider" televiziya kanalında çıxışımda ötəri xatırladığım və indiki halda təfərrüatını bəlkə də təkcə mən bildiyim bir məqamı burada oxucularla bölüşməyə ehtiyac duyuram.

Yetmişinci illərin axırları olardı. Həmid müəllim redaksiyaya zəng etdi. Gəncəyə, vaxtilə ilk dəfə müəllimlik etdiyi kənd məktəbinə, ümumiyyətlə o yerləri onunla gəzib-dolaşmağa gedə bilib-bilməyəcəyimi soruşdu. Əlbəttə, müəllimimin bu təklifi mənim üçün gözlənilməz və çox xoş idi. Elə də dedim. Həmid müəllim, həyat yoldaşı Balacaxanım ana və o zaman maarif sistemində işləyən Zəhra xanımla birlikdə qatarla Gəncəyə yola düşdük. Səfərimiz maraqlı keçdi, unudulmaz görüşlər oldu. Ancaq məni ən çox heyrətləndirən və o vaxtdan bəri demək olar ki, həmişə düşündürən bir məqam - Bakıya qayıdarkən qatarda gecə saat 3-4 radələrində keçdiyimiz yollara ötəri nəzər sala-sala Həmid müəllimlə saatlarla etdiyimiz söhbət oldu.

Həmid müəllimi deyəsən mən heç vaxt belə - həvəsləmi deyim, yorulmadanmı deyim - söhbət eləyən görməmişdim. O, elə bil illərdən bəri ürəyində saxladıqlarını və gələcəkdə həyata keçirmək istədiklərini bir neçə saata mənə danışmaq istəyirdi. Dediyim bu cümlə dəqiq yadımdadır: Həmid müəllim, kaş diktafon olaydı - dediklərinizi yazaydım. Heç kəlməsinə də əl vurmadan mətbəəyə göndərmək olardı. Bəs bunları niyə yazıb vermirsiniz?! Bilirsiniz nə qədər maraqlı olar?!

Həmid müəllim işinin çoxluğunu dedi. O zaman Şərqşünaslıq İnstitutunun direktoru idi.

Həmin söhbətdə onun Mirzə İbrahimovla bağlı xatırladığı bir məqamı mən əsl ziyalılarımızın nələrə dözdüklərinə, dözə bildiklərinə bir misal kimi heç unuda bilmirəm. Bu sınaq ötən əsrin 50-ci illərinin əvvəlində "Kitabi-Dədə Qorqud"la əlaqədar partiya münasibətindən irəli gələn ağır təzyiqlər idi. Həmid müəllim o dözülməz günlərdən danışarkən həmin vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun iş otağında bir dəfə onunla söhbətində çox narahat və qayğılı vəziyyətdə dediyi sözləri xatırlatdı: "Bəsdir arxivlərdə olduğun, axı sənin balaların var…"

Sonralar bu narahatlığın təfərrüatını bilmək marağı məni tərk etmədi. Nəhayət, "Ədəbiyyat qəzeti"nin 5 may 1951-ci il tarixli sayında Azərbaycan yazıçılarının ümumi yığıncağı barədə verilən materialda "məruzəçi və çıxış edənlərin göstərdikləri" aşağıdakı sətirləri oxudum: "Dədə Qorqud” eposunun açıqdan-açığa mürtəce və burjua millətçilik mahiyyəti daşımasına baxmayaraq, bəzi ədəbiyyatşünaslar və dilçilər, xüsusilə H.Araslı və Dəmirçizadə bu eposu geniş təbliğ etməyə başlayaraq onu Azərbaycan xalq yaradıcılığının "görkəmli" abidəsi kimi, Azərbaycan xalqının X və XI əsrlərdəki həyat tərzi, adət və ənənələri haqqında guya ən mötəbər təsəvvür yaradan "çox böyük tarixi abidə" kimi qələmə verirdilər. "Dədə Qorqud"un mətnini nəşr edən H.Araslı eposun yalnız ideyasını deyil, onun dilini də saxtalaşdırmış və Azərbaycan dilinə süni surətdə uyğunlaşdırmışdır".

Elə bir zamanda belə bir ittihamın nə demək olduğunu başa düşmək çətin deyil. Onu da qeyd edim ki, Mirzə müəllimin məqalələrini nəzərdən keçirərkən 1985-ci ildə nəşr olunmuş "Niyəsiz, necəsiz bir yazısan sən" kitabında 1941-ci ilin oktyabrında qələmə aldığı "Azərbaycan xalqının qəhrəmanlıq dastanları" yazısında bu sətirlər diqqətimi çəkdi: "Xalqımızın qədim dastanlarından olan… "Dədə Qorqud"un ikinci boyunda yadların vətənə olan hücumu, onu talan eləməsi və xalqın yurdu yadlardan təmizləməsi təsvir edilir".

Beləliklə, əslində özü də Həmid Araslı ilə eyni mövqedə olmuş Mirzə müəllim tufan qopanda onu imkanı daxilində qoruya bilmişdir.

Bir məqamı da qeyd etmək istəyirəm. Uzun illər böyük diqqət duyduğum Mirzə müəllimin söhbətlərində Həmid müəllmin taleyi ilə əlaqədar deyilən narahatlığı barədə bir söz eşitməmişdim. O da ola bilər ki, etdiyi xeyirxahlığı deməyi lazım bilməyib. Həmid müəllim isə ədəbiyyatımızın mötəbər simalarından birinin, əslində ədəbi əqidə etibarilə həmfikrinin çətin məqamda ona imkanı qədər kömək etməyə çalışdığını və yəqin ki, etdiyini tələbəsinə söyləməyi mümkün saydı.

Bu faktı deməyi ona görə xüsusilə borc bilirəm ki, müəllimimiz olan belə şəxsiyyətlərin zamanın ağır sınaqlarında həqiqət, elm-sənət naminə bir-birini necə qorumağının özünü də bir məktəb səviyyəsində dərk edək.

Həmid müəllimi bizdən iyirmi beş illik bir zaman ayırır. Akademik Həmid Araslı Nizamini, Nəvaini, füzulini, ümumən Türk dünyasının böyük ədəbi simalarını, şifahi yaradıcılıq sərvətini məsuliyyətlə öyrənmək sahəsində ölkəmizin hüdudlarından uzaqlarda da yüksək qiymətləndirilən nüfuzlu bir məktəb yaratmışdır. Bu məktəbin yaradıcısının özünün zəngin elmi irsi ətraflı tədqiqini gözləyir və şübhə yoxdur ki, onun kitabları ilə kamala yetmiş neçə-neçə tələbələri müəllimlərinə olan borclarını layiqincə yerinə yetirə biləcəklər.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.-2009.-20 fevral.-S.5.