"Üstümə nə qədər torpaq atılsa…"
Sizi
görməyə, sizinlə görüşməyə həmişə
can atmışam, Bəxtiyar müəllim. Nurani, pirani bir
ağsaqqalla görüşürdüm, xalqın çox
böyük şairi ilə, ziyalısı ilə, dahi insanla
söhbət edirdim. Amma sizi son yolçuluqda görmək mənim
üçün olduqca ağır idi. Bu birdən-birə nə
gedişdi belə, Bəxtiyar müəllim? Ona görə
insan həyatın qanunları ilə bəzən
razılaşmaq istəmir…
"Bu dünya bir pəncərədir,
hər gələn baxıb gedər"… Səksən
dörd il nə tez keçdi? Biz sizdən doymadıq, axı!
Hərdən
zəng vurub sizinlə hal-əhval tuturdum. Səsinizi
edişdiyim günüm xoş keçirdi, əhvalım
yaxşılaşırdı, yaşamaq istəyirdim,
yaşatmaq istəyirdim. Evinizdə nə qədər mənalı,
unudulmaz söhbətlərinizi eşitmişəm. Kiçik
qızım deyirdi ki, "mən babamı görməmişəm,
Bəxtiyar müəllimə babam kimi baxıram". Ata-bala
bizi Dilarə xanımın Şəki pitisinə qonaq edərdiniz,
dadından-tamından, ətrindən doymazdıq. İndi bizi
ağır kədərə-qəmə qərq etdiniz.
Bütün xalq hüzn içindədir. Oğlunuz İsfəndiyarın
necə səssiz-səmirsiz ağladığını
görsəydiniz… Axı, o dağ boyda atasını,
böyük bir kişini son mənzilə yola salırdı. Bütün
xalqımız ağlayırdı. Xalqın böyük
şairi xalqdan ayrılırdı.
Sizinlə Türkiyədə də
görüşürdük. Hara gedirdiksə, türk
qardaş-bacılarımız əllərinizi sıxmağa
can atırdılar. Küçədə birlikdə gəzəndə
eşidirdim, deyirdilər ki, "Bu kişi Türk
dünyasının böyük şairi Bəxtiyar Vahabzadədir".
Sizinlə birlikdə
addımlamaqdan qürur duyurdum. Axı, siz millətimiz
üçün, Türk dünyası üçün
cahanşümul işlər görmüsünüz. Ömrünüz
boyu türkçülük uğrunda mübariz olmuş,
dilimizin saflığı, təmizliyi uğrunda
çalışmısınız. fəlsəfi fikirlərlə,
müdrikliklə dolu şeirləriniz həmişə
Türk xalqlarının qəlbinə hakim kəsilib. Xalqın
ən ağır, kədərli günlərində başda
olmusunuz, ağsaqqallıq etmisiniz. Xalq sizin kimi ağsaqqalı
unudarmı?
Ürəyimdə
çırpışdıra-çırpışdıra
qalmışam: "Yəni biz, Bəxtiyar müəllim, sizi
bir də görməyəcəyik?". Görün, nələrlə
təsəlli tapırıq: sizin gözəl ailəniz
qalıb, böyük yaradıcılıq irsiniz qalıb,
lentlərdə səsiniz, sözünüz qalıb, bir də
fotoşəkilləriniz qalıb… İndi həmin yadigarlardan
birini redaksiyaya təqdim etməkdən başqa əlacım
qalmayıb…
Bəxtiyar
müəllim, biz sizi cismani olaraq torpağa
tapşırdıq. Amma siz hələ yüz illər öz
irsinizlə Türk dünyasına işıq
saçacaqsınız. Bir şerinizdə dediyiniz kimi: Üstümə nə qədər
torpaq atılsa, İşığam, torpağın üst
qatındayam…
Xeyrəddin QOCA
Ədəbiyyat
qəzeti.-2009.-20 fevral.-S.6.