Ağbirçək
şeirimizin
Bəxtiyar oğluna
Bəxtiyar şerimizə
Ağ atlı oğlan gəldi,
Sükuta üsyan gəldi;
Gözü qorxmuş zamana
Qəfil burulğan gəldi.
Döndü səhrada yelə -
Belədən-belə çapdı;
Nə itirdi, nə tapdı -
fərqinə varmadı o.
Heç vaxt qürrələnmədi,
Heç vaxt qabarmadı o.
Dedi: nə siyasətçi,
Nə də alim deyiləm;
Mən şair doğulmuşam,
Mən ən zəngin bir diləm, -
Arzu, həsrət, nisgiləm.
Özüm başdan-ayağa
Taledən bir yazıyam;
"Bircə ondan razıyam ki,
Özümdən narazıyam".
Hər xəbərin önündə
Əli məşəlli gəldi;
Xalqı
ilə ağladı,
Xalqı güləndə güldü.
Dalınca şər atıldı…
Yoluna gül səpildi…
Bəxtiyar şerimizə
Bir gün ağ
atlı gəldi.
Atlandı son səfərə
Yenə
ağ atlı
getdi,
Canından çox sevdiyi
xalqı ağlatdı
getdi.
Ustadlar meydanında
bir at oynatdı
getdi,
Mürgülü şerimizi
yenə oyatdı
getdi.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.-2009.-20 fevral.-S.6.