Qara Qarayev

 

Qara rəngli bir royaldan, pəncərənin yanında qoyulmuş yazı stolundan, iki yumşaq kreslodan ibarət bir otaq. Divarlara səhnə dekorlarının müxtəlif eskizləri, məşhur rəssamların orijinal əsərləri vurulmuşdur. Bu otaq - vaxtilə 14-15 yaşlı bir uşaq ikən Bakı bağlarından birində əncir ağacının dibində oturub tar çalan, segahın, şikəstənin yanıqlı təranələrini ətrafa yayan, indii isə adı bütün dünyada məşhur olan Azərbaycan xalqının görkəmli oğlu Qara Qarayevin iş otağıdır.

Hər gün gecə yarıya qədər bu otaqdan musiqi səsi gəlir, royalın dillərindən qopan sədalar susmur. Qara Qarayev işləyir, əsər yazır, qalaq-qalaq təmiz not vərəqləri qara nöqtələrlə naxışlanır. O, bəzən qaşlarını çataraq, başını sinəsinə əyib saatlarla düşünür, xəyala dalır, yaratmaq istədiyi mövzular, obrazlar aləmində gəzir, sonra yenə barmaqlarını şirmayı dillər üstdə gəzdirir. Çalır, çalır…

Azərbaycan mədəniyyətinin görkəmli xadimi, müasir sovet musiqisinin ən istedadlı nümayəndələrindən biri Qara Qarayevin zəngin və rəngarəng yaradıcılığı haqqında dəfələrlə deyilmiş, saysız-hesabsız məqalələr yazılmışdır.

Qara Qarayevin Azərbaycan musiqisində tutduğu mövqe olduqca böyükdür. Bütün ömrünü ən müqəddəs və incə bir sənətə - bəstəkarlığa həsr etmiş Qara Qarayevin bu sahədə qazandığı nailiyyətləri hamını sevindirir, hamının ürəyini qürur hissi ilə doldurur, hamı onun məhz Azərbaycan torpağında doğulub kamil və ustad bir sənətkar olması ilə fəxr edir.

Qara Qarayevin yaradıcılıq diapazonu olduqca genişdir. Mahnılar, marşlar, kamera əsərləri, simfonik poemalar, baletlər və sair bu diapazonun əzəmətli ahəngini təşkil edir.

Hələ iyirmi il bundan əvvəl, Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olarkən, Qara Qarayev öz yaradıcılığı ilə nəzəri cəlb etmişdi. Qara Qarayevin 1938-ci ildə Moskvada, Azərbaycan incəsənəti ongünlüyünün yekun konsertində ifa olunan "Səadət mahnısı" kantatası onu istedadlı bəstəkarlar sırasına çıxartdı. Həmin illərdə yazılmış, öz orijinallığı və gözəl üslubu ilə fərqlənən "Tsarskoselskaya abidəsi" adlı musiqi pyesi hələ indi də bir çox müasir pianoçuların repertuarında yaşayır.

Lakin Qara Qarayev ilk müvəffəqiyyətlərdən baş gicəllənməsinə məruz qalıb bir yerdə sayan sənətkarlardan olmadı. O, hələ o zamanlar çox yaxşı başa düşürdü ki, əsl bəstəkar olmaq, musiqi kimi əzəmətli bir sənət aləmində qol-budaq atıb böyümək sənətkarlardan ilk növbədə gərgin zəhmət tələb edir. Məhz buna görə də Qara Qarayev öyrəndi - Azərbaycan xalq musiqisindən, Şərqin ah-naləsini özündə təcəssüm edən muğamatdan, aşıqların bayatı və gəraylılarından, ölməz Üzeyirin vüsətli yaradıcılığından öyrəndi. Öz savadını artırmaq, dünya musiqisinin zəngin xəzinəsi ilə daha yaxından tanış olmaq niyyəti Qara Qarayevi Moskva konservatoriyasına - böyük sovet bəstəkarı D.Şoctakoviçin sinfinə gətirdi.

Moskva konservatoriyasını bitirərkən Qara Qarayev simfoniyalar, bir çox kamera-instrumental və vokal əsərlər müəllifi, "Vətən" operasının müəllifi idi. Məhz o zaman Qara Qarayev püxtələşmiş, kamil bir sənətkar olduğunu öz əsərləri ilə hamıya sübut etmişdi.

Qara Qarayev fəlsəfi təfəkkürə malik bir sənətkardır. Bu cəhət bəstəkarın simfonik və balet əsərlərində özünü daha çox göstərir. Hər dəfə Qara Qarayevin böyük fikirlər, dərin hisslər, incə duyğular ifadə edən, gərgin dramatizmlə dolu olan musiqisinə qulaq asarkən xəyalımızda, sözün həqiqi mənasında, insan həyatı canlanır.

Musiqi özlüyündə mücərrəddir. Lakin elə əsl bəstəkarın da sənətkarlığı orasındadır ki, onun musiqisindəki dinləyicini məhz mövcud konkret varlığa, konkret həyata və hisslərə bağlasın.

Bəstəkarın böyük Nizamidən ilham alıb yaratdığı məşhur "Leyli və Məcnun" simfonik poemasını xatırlayaq. Qoca Şərqdə ən çox yayılmış mövzulardan olan Leyli və Məcnunun eşq macərasını bəstəkar bizə simfonik dillə nağıl edir.

…İlk andan orkestrin həzin ahəngi sanki bizi qədim bir aləmə aparır, dinləyiciyə məhəbbət hissini aşılayır, başa düşürsən ki, xəyalında canlanan o aləmdə ürəkləri lərzəyə gətirən böyük bir faciə baş verəcəkdir.

Dəqiqələr ötür, orkestrin dinləyicilərə təlqin etdiyi ümumi ruh tədricən konkretləşir. Biz sanki Leyli və Məcnunun söhbətinə qulaq asırıq, lakin onların dediklərini eşitmirik, çünki bu yanıqlı bir pıçıltıdır və bu pıçıltının mənası "mən səni sevirəm" deməkdir.

Yavaş-yavaş orkestrin musiqi boyaları qatılaşır. Məhəbbətin saf romantikasına şər qüvvələr qarışır. Gərgin ölüm-dirim mübarizəsi başlayır. Kim qalib çıxacaq? Məhəbbətin ülviyyətimi, yoxsa şər qüvvələrin qanlı niyyətimi? Dinləyicini bu sual düşündürür, o, ürək çırpıntısı ilə bu mübarizəni izləyir, iki gəncin faciəsinə ağlayır.

Leyli və Məcnun həlak olur. Lakin bu ölüm heç də şər qüvvələrin, iki gəncin böyük məhəbbətinə mane olan feodal dünyasının qələbəsi deyil. Bu ölüm - məhəbbətin əbədi qələbəsidir! Bu həqiqəti başa düşdüyündəndir ki, Qara Qarayev əsərini pessimist notlarla qurtarmır. Əksinə, əsərin finalı məhəbbət naminə yaradılmış alovlu bir himn kimi səslənir.

Qara Qarayevi fəlsəfi və dərin mövzular cəlb edir. Onun tez-tez dünya ədəbiyyatına - Nizaminin, Puşkinin, Servantesin yaradıcılığına müraciət etməsi buna ən yaxşı sübutdur. Lakin bəstəkar bədii ədəbiyyata münasibətində, obrazların, hadisələrin mahiyyətini qavramaqda tapdanmış yolla yox, yeni, sözün tam mənasında, novator bir yolla gedir. Nədən yazırsa-yazsın, hansı mövzunu seçirsə-seçsin, Qara Qarayev öz dünyagörüşü və estetik zövqü çərçivəsi dairəsində hərəkət edir. Lakin bu, heç də o demək deyildir ki, Qara Qarayev yaradıcılıqda subyektivizmə qapılır, obyektiv real varlıqdan uzaqlaşır. Əksinə, o, həmişə əsərlərində realizmə meyl edir, dünya klassik ədəbiyyatından seçdiyi mövzuların aktual ruhda səslənməsinə çalışır. Böyük humanizm, dərin fəlsəfi təfəkkür, dinamik boyalar, aydın obrazlar, yadda qalan, ürəyə, beyinə həkk olunan mövzular Qara Qarayev yaradıcılığının ana xəttini təşkil edir. Qara Qarayevi ilk növbədə insan, onun həyatı, zəhməti, məhəbbəti, kədəri cəlb edir. Bu insan hər an Qara Qarayevin diqqət mərkəzindədir. Optimist ruhda səslənən, kiçik bir xalqın xoşbəxt həyatından bəhs edən "Alban rapsodiyası"ndakı bəşəri hisslər, öz elinin səadəti və istiqlaliyyəti uğrunda mübarizə aparıb saysız-hesabsız qurbanlar verən Vyetnam xalqının əzəmətli obrazını bütöv və ümumiləşdirilmiş bir şəkildə xəyalımızda canlandıran "Vyetnam süitası" nikbinlik, Huyuzun şeirlərinə yazılmış "Üç noktürn"dəki zəncirlərin ah-naləsi məgər dediklərimizə sübut deyilmi? Bu misalların sayını istənilən qədər artırmaq mümkündür.

Bir müddət elə adamlar tapılırdı ki, onlar Qara Qarayevi formalizmdə təqsirləndirir, onun yaradıcılığının milli zəmindən, xalq musiqisindən ayrıldığını söyləyirdilər. Lakin zaman bu ittihamların nə qədər yanlış olduğunu hamıya göstərdi.

Qara Qarayevin musiqisi, sözün tam mənasında, milli Azərbaycan musiqisidir. Necə deyərlər, bəstəkarın əsərləri göz qabağındadır.

Qara Qarayev Azərbaycan xalqının zəngin musiqi xəzinəsinə yiyələnmiş bir sənətkardır. O, muğamatı, xalq mahnılarını mexaniki olaraq partituraya köçürmür, bu zəngin və bərəkətli xəzinədən özünə məxsus bir ustalıqla istifadə edir. Milli Azərbaycan musiqisinin ən incə xüsusiyyətlərini onun yaradıcılıq partiturasında tapmaq mümkündür. Bu xüsusiyyətlər bəstəkarın başqa fərdi boyaları ilə birləşərək, böyük bir əsərin içərisində əriyir, ilk baxışda nəzərə çarpmır. Lakin diqqətlə qulaq verdikdə Azərbaycan musiqisinin xallarını eşidirsən, bəstəkarın böyük bir sənətkar olmasına heyran qalırsan. Misal üçün, Qara Qarayevin "Yeddi gözəl" baletindən məşhur valsı xatırlayaq. Ona qulaq asan kimi başa düşürsən ki, bu valsın xalları “Çahargah”ın xallarıdır və burada bəstəkar sənətkarlıqla muğamatdan istifadə edərək, tamam orijinal bir əsər yaratmışdır. Qara Qarayevin yaradıcılığından onlarca bu kimi misallar gətirmək mümkündür. Axı, bir də, öz milli mədəniyyətindən və musiqisindən ayrılmış adam "Yeddi gözəl" kimi bir sənət əsəri - bütün dünyada məşhur olan bir balet əsəri yaza bilərdimi? Əlbəttə, yox.

"Yeddi gözəl" baleti Qara Qarayevin məhz Azərbaycan xalqının, Azərbaycan musiqisinin yetişdirməsi olduğunu sübut etməklə bərabər, onu Yer kürəsinin görkəmli müasir bəstəkarları ilə bir sırada qoydu. Böyük ilhamla yazılmış bu balet az bir müddət içərisində Sovet İttifaqının Bakı, Leninqrad, Daşkənd, Lvov kimi şəhərlərində və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində müvəffəqiyyətlə oynandı.

Balet, musiqi janrı kimi çox mürəkkəb bir formadır. Bu formaya müraciət etmək isə sənətkardan yüksək istedaddan başqa böyük də cəsarət tələb edir. Qara Qarayev belə bir cəsarətli addım atdı və demək olar ki, bu sahədə əsl şah əsər yaratdı. "Yeddi gözəl" baletinin obrazları heç bir vaxt tamaşaçının xatirindən silinməyəcəkdir. Çünki bu obrazlar milli Azərbaycan musiqisinin mayasından yoğrulmuşdur. Bu obrazların konkretliyi, bütövlüyü, vüsətli romantikası Qara Qarayev yaradıcılığına xas olan ən gözəl xüsusiyyətlərin təzahürü kimi meydana çıxır, dinləyicinin qəlbinə nüfuz edir, böyük Nizaminin qələmi ilə yonulmuş bir hekayəti daha dolğun, daha məzmunlu şəkildə nağıl edir.

"Yeddi gözəl" baletinin musiqisi Qara Qarayev yaradıcılığının ən böyük nailiyyətlərindəndir. Bu balet yalnız Azərbaycan musiqisində deyil, ümumiyyətlə, bütün dünya musiqisində yeni bir hadisə kimi qiymətləndirilə bilər. fikir aydınlığı, müasirlik bu musiqinin məziyyətlərindəndir. Baletin partiturası olduqca zəngin və rəngarəngdir. Lakin bu rəngarənglik heç də mürəkkəblik və anlaşılmazlıq demək deyildir. Qara Qarayev orkestrləşmədə zahiri effektlərdən, gurultudan qaçmış, dərin insani hisslər, incə lirizm və gərgin dramatizm ifadə edən bir musiqi yaratmışdır. Bu musiqidə librettonun hər bir obrazı öz əksini tapmış, səhnədə baş verən hər hadisə musiqi dilinin rəngarəng vasitələri ilə daha parlaq və daha qabarıq bir şəkildə meydana çıxmışdır. Yeknəsəqlik, xarici notlar, fikir natamamlığı "Yeddi gözəl"in partiturasına yaddır.

Qara Qarayevin başqa bir əsəri - "İldırımlı yollarla” baleti ilə Bakı tamaşaçıları hələ tanış deyillər. Lakin bu əsərin musiqisi və ayrı-ayrı parçaları dəfələrlə konsert salonlarında ifa olunmuş və radio ilə verilmişdir. Əlbəttə, mövzusu Afrika xalqlarının öz istiqlaliyyəti və azadlığı uğrunda mübarizədən alınmış bu əsərin partiturasında milli Azərbaycan musiqisinin elementlərini axtarmaq sadəlövlük olardı. Çünki bəstəkarın qarşıya qoyduğu məqsəd başqadır.

Uzun müddət Afrika xalqlarının musiqi folklorunu dərindən öyrənən Qara Qarayev gərgin və ağır zəhmət nəticəsində əsl sənət əsəri - zənci musiqisinin ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən bir əsər yazmış, öz musiqisində müstəmləkəçiliyə və imperializmə qarşı mübarizə aparan qəhrəman bir xalqın əzəmətli obrazını yarada bilmişdir. İlk dəfə Leninqradda tamaşaya qoyulmuş bu balet haqlı olaraq bütün sovet musiqisinin yeni qələbəsi kimi qiymətləndirilmişdir.

Qara Qarayevin novatorluğu ən çox "İldırımlı yollarla" baletinin musiqisində nəzərə çarpır. Lakin bu novatorluq pis mənada yeniliyə meyl göstərmək deyildir. Bu novatorluq böyük sənətkarlara xas olan, böyük əsərlərin ölməz ruhunu təşkil edən, bu əsərləri illərlə yox, əsrlərlə yaşadan novatorluqdur.

Hər əsərdən-əsərə daim inkişaf edən Qara Qarayevin "İldırımlı yollarla" baletinin musiqisində onun yaradıcılığına xas olan ən gözəl xüsusiyyətlər toplanmışdır.

Yüksək pafos, qəhrəmanlıq hissləri, zəngin melodiyalar, alovlu və ehtiraslı rəqslər bu baletin musiqisində əsas yer tutur. Əsərdəki obrazların tamlığı və rəngarəngliyi, hadisələrin dinamikliyi, musiqinin son dərəcə aydın və olduqca zəngin yazılması Qara Qarayev yaradıcılığının ən böyük qələbəsidir.

Bu əsər özünün bədii üslubu və yetkinliyi etibarilə dünya klassik musiqi xəzinəsinin ən gözəl incilərii lə yanaşı durur. Zənci musiqi folkloru son dərəcə zəngindir. Bu folklorun fondundan bir balet əsəri üçün lazımi dərəcədə material seçmək işi isə bəstəkarın qarşısında duran çox böyük və mühüm məsələdir.

Çünki bu işdə naşılıq və savadsızlıq bəstəkarı ekzotikaya, ritmbazlığa, mistik əhval-ruhiyyəyə aparıb çıxara bilər. Lakin mübaliğəsiz demək olar ki, Qara Qarayev bu çətin işin öhdəsindən şərəflə gəlmişdir. Onun "İldırımlı yollarla" baleti istər forma və sənətkarlıq məziyyəti etibarilə, istərsə də ideya və məzmun nöqteyi-nəzərindən, sözün tam mənasında, dolğun və bitkin bir klassik əsər kimi qiymətləndirilə bilər. Bu əsərin partiturası artıq püxtələşmiş, böyük istedada malik olan bir sənətkar əlindən çıxmışdır. Bütün Afrika xalqlarının öz istiqlaliyyəti uğrunda imperializmə qarşı mübarizə apardığı bir dövrdə belə əsərin yazılması böyük siyasi əhəmiyət kəsb edir. "İldırımlı yollarla" baleti sübut edir ki, Qara Qarayev daim bədii axtarışlar edən, musiqiyə yaxşı mənada yenilik gətirən və böyük sənət əsərləri yaradan qüdrətli bir sənətkardır.

Hamı onun müvəffəqiyyətlərinə sevinir, hər bir azərbaycanlı onun əsərlərini dinlərkən deyir:

-Eloğlu, sənə minnətdarıq!

 

Səmədoğlu, Yusif

 

Ədəbiyyat qəzeti.-2009.-27 fevral.-S.1, 2.