İranda nəşr olunub

 

Ucalardan uca öyüd

 

Bu günlərdə Güneydən aldığım və maraqla oxuyub tanış olduğum "Türk oğlu Buğac" adlı kitab məndə dəruni məmnunluq hissləri doğurdu. Kitabın müəllifi görkəmli Azərbaycan şairi Teymur Elçin, onu güneyli oxuculara çatdıran isə şair Əli Nasiridir.

Hər şeydən əvvəl onu xatırladım ki, Azərbaycan epopeyasının şah əsərlərindən olan "Dədə Qorqud" haqqında bir sıra qiymətli əsərlər işıq üzü görmüşdür. Şair Behruz İmani kitaba yazdığı "Ön söz"də də məmnunluq hissləri ilə qeyd edir:

"Dünyanın hər bir bucağında olduğu kimi İranda da Dədə Qorqud barədə bir çox dəyərli əsərlər işıq üzü görmüşdür. Həbib Sahir, Bulud Qaraçorlu (Səhənd), Mir Əli Seyid Səlamət, Hüseyn Güneyli, Məhəmmədəli fərzanə, Əziz Möhsün, Mirzə Rəsul İsmayılzadə, Bəhram Əsədi və başqalarının da adlarını qeyd etmək olar".

"Ön söz"ün müəllifi bu fikirdədir ki, Azərbaycanın görkəmli şairlərindən olan Teymur Elçinin qələmə aldığı "Türk oğlu Buğac" dastanı çox qiymətli bir əsərdir. Əsərin dəyərini müasir güney oxucularına çatdırmaq üçün şair Əli Nasirinin sərf etdiyi zəhməti qiymətləndirmək heç də yanlış olmazdı.

Bu bir həqiqətdir ki, bütün əsr və dövrlərdə bədii sözün ümdə vəzifələrindən biri, bəlkə də ən ümdəsi, cəmiyyətdə müsbət-mənfi cinahlar arasında gedən barışmaz mübarizələrdə xeyrin tərəfində durması olmuşdur. Bizim zəmanəmizdə isə şər qüvvələrin xeyirxah cinaha qarşı daha qlobal həcmdə meydan oxumaları necə deyərlər, bütün əriş-arqacı ilə göz qabağındadır. "Ön söz"ün müəllifi doğru olaraq yazır:

"Dastanda əsasən xeyirlə-şər mübarizə aparır. Xeyir qalib gəlsə də, bir çox olaylar baş verir. Xəyanətin gücü ilə ata öz oğluna qəsd edir:

 

Qırxlar qalxıb şükr eləyir -

Qarışıb xeyirlə-şər.

Min üzü var xəyanətin,

Vaxtında görmür bəşər.

 

Müəllif mövzunun bu cəhətini nəzərindən yayındırmır ki, şər qüvvələrin törətdikləri xəyanət, hətta ata ilə oğul arasında da düşmənçilik kini yarada bilir. Dastan müəllifinin:

 

Bil qədrini sədaqətin,

Aç gözünü həqiqətin.

Əlini kəs xəyanətin,

Uzansa el talan olar.

 

-əqidəsi oxucu tərəfindən açıq ürəklə qarşılanır.

Dastanın çox təsirli motivlərindən biri ana-oğul arasındakı məhəbbətin tərənnümüdür. Məhz ana südü və dağ çiçəyi xainlər tərəfindən ölümcül hala salınmış Buğacı faciənin pəncəsindən xilas edir. Təbii ki, alqışalayiq bir qayədir.

B.İmaninin də qeyd etdiyi kimi, "Türk oğlu Buğac" dastanının meydana gəlməsi ön sözdə "Poemanın müəllifi Teymur Elçinin qızı Qumru xanım Əliyevanın İrana səfəri zamanı əsəri çapa hazırlayan Əli Nasiriyə hədiyyə verdiyi "Oğul Buğac" töhfəsinin bəhrəsidir".

Dastan Teymur Elçinin əsərə yazdığı çox yığcam, lakin mənalı epiqrafı ilə açılır: "Dünən də, bu gün də sabaha məxsusdur".

Əsərin ilk misraları oxucunu Azərbaycan şifahi xalq ədəbiyyatının iziylə aparır. Müəllifə görə Dədə Qorquda əbədi ömür və yetərincə şöhrət qazandıran ümdə mətləblər sırasında onun tarixən xeyirxahlığı, insanlara xidmət qayəsi, onların sülh və dinclik şəraitində yaşamağa dəvəti aparıcı rol oynamışdır. Əslində yuxarıda xatırlatdığımız kimi, bu xüsusiyyətlər ümumiyyətlə, poetik sözün və onu ərsəyə gətirən qələm sahiblərinin başlıca qayələrini təşkil etmişdir:

 

Deyiləni yazan babam,

Ad verib, ad yaraşdıran,

İyidləri yarışdıran,

Küsənləri barışdıran,

Yazılanı pozan babam.

Olmayıbdır oğuzların -

Qışı sənsiz, yazı sənsiz.

Keçməyibdir məclislərin

Toyu sənsiz, yası sənsiz -

Qorqud babam.

 

"Türk oğlu Buğac"ın müəllifinin müxtəlif münasibətlərlə Səhəndin "Sazımın sözünə" müraciəti həmin əsərlə yaxından tanışlığından və onu yüksək qiymətləndirməsindən xəbər verir. Bu baxımdan Dirsə xanın zövcəsinə müraciəti çox səmimi və mənalı səslənir. Qeyd etmək istdiyimiz əsas mətləb bu müraciətin hər iki əsərdə - yəni "Sazımın sözü" və "Türk oğlu Buğac" dastanında eyni kökdə səslənmələridir:

 

Bəri gəl hey, başım baxtı,

Evim taxtı.

Evdən çıxıb sallananda,

Sərv boylum.

Topuğunu saçı döyən,

Qara saçlım.

Ev dirəyim, əl düləyim,

Bilirsənmi nələr oldu?

 

Dastanın çox cəlbedici epizodlarından biri övlad həsrətində olan Dirsə xana sonsuzluqdan xilas olması üçün zövcəsinin ona bir sıra ağıllı məsləhətlər verməsi səhnəsindən ibarətdir. El arasında deyildiyi kimi, övladsız ailə, barsız-bəhrəsiz ağac kimidir.

Zibeydə xatın ömür-gün yoldaşına məsləhət görür ki, Tanrı yanında üzüqaralıqdan və el arasında başıaşağılıqdan yaxa qurtarmaq, habelə, sonsuzluq kimi yağının pəncəsindən xilas olmaq üçün sınaqlardan çıxmış yol bunlardan ibarətdir:

 

İstəyirsən Allah bizə rəhm edə,

Çılpaq əyin geydir, ac qarın doyur.

El-obanın dərdin kendi dərdin bil,

Öz malından yoxsullara pay ayır.

 

Qocaların, qadınların dərdinə

Dərman elə, yaradana xoş gəlsin.

Yetimlərin-yesirlərin, miskinin

Əlindən tut, qoyma qəmə tuş gəlsin.

 

Zibeydə xatının məsləhətləri bəşərə qayğı və insana hörmət mahiyyəti daşıdığından Tanrı tərəfindən də qəbul edilir. Təbii ki, bu məsləhətlər boş və gəlişi-gözəl sözlər deyildi. Onların ümdə qayəsi insanları hər qəbildən olan zorakılıqdan, vəzifə və rütbə xatirinə aləmi dəhşətə salan qəddarlıqdan çəkindirməkdən ibarət idi. Bu müqəddəs məsləhətlər Tanrı tərəfindən də bəyənilir. Dirsə xan sonsuzluq əzabından yaxa qurtarır:

 

 

Səhər hələ yuxudaydı,

Çıxmamışdı dan yerinə.

Hələ günəş gəlməmişdi -

Qırmızı meydan yerinə.

Xəbər çatdı Dirsə xana:

- Nə yatmısan,

Tez dursana?

Oğlun olub!

 

Buğac atasına, başqa sözlə mənsub olduğu torpağa, elinə-obasına layiqli bir oğul kimi böyüyür. On yaşında xəncər taxır, at oynadır. Tay-tuşları müxtəlif məğlubiyyətlərinin əzabını çəkdikləri zaman o, qartal kimi qayalara qonur, zirvələr fəth edir. Qoç döyüşünə çıxır. Qüvvətli zərbələri ilə çılğın buğaları qarşısında dizə çökdürür. Oğlunun bu hünərlərinin şahidi olan ata isə:

 

Qorxma, oğul,

Qıy vurmağı

Qartallardan

Öyrən, oğul.

Qayalarda

Qartal doğul

 

- deyə yeganə oğlunu daha ciddi döyüşlərə ruhlandırır. Atanın baş nəsihətlərindən biri də belə səslənir:

 

İgid ölər, torpaqlarda

Sürünməz.

 

Buğacın ən çətin sınaqlarından biri qızmış buğa ilə döyüşü olur. Onun bu eybəcər heyvanın alnından endirdiyi zərbə "rəqibini" diz çökdürür. Oğulun bu qəhrəmanlığı şərəfinə atanın ünvanına alqışlar yağdırılır:

 

Xan babamız, nə dərdin?

Oğul çatmaz oğluna.

Yaman gözlər kor olsun,

Zaval gəyməsin ona.

 

Lakin müəllifin xatırlatdığı kimi, hadisə baş verən dövrdə də xəyanətin min üzü var idi. Atası ilə ova gedən oğul vaxtında geri dönmür. Ana nigaranlıq alovu içərisində qovrulur: “Həccə gedənlər qayıtdı, Ova gedənlər gəlmədi" - deyə fəryad qoparır. Dirsə xana müraciət edərək: - Nədən iki gedib, bir qayıdırsan, - deyə həyəcanını bildirir. fəqət, təskinlik tapmaq əvəzinə ətrafdakıların xəyanəti nəticəsində Dirsə xan özü də əsir düşür.

Hadisələrin bu minval ilə inkişafını görən Dədə Qorqud susmağı xəyanət hesab edir. O, qopuzunu sinəsinə alıb yeri-göyü lərzəyə gətirən bir ehtirasla dilə gəlir:

 

Bil qədrini sədaqətin,

Aç gözünü həqiqətin.

Əlini kəs xəyanətin,

Uzansa el talan olar.

 

Buğacın ən ağır anlarını yaşadığı vaxtda da Dədə Qorqud özünü yetirir.

Dəhşətli anlar yaşanır. Buğac bütün qüdrəti ilə ona hücum çəkən ölümlə çarpışır. Bu ağır çağlarda da Dədə Qorqudun məsləhəti işini görür. Qızların çöldən-çəməndən toplayıb gətirdikləri dağ çiçəkləri ilə ana südündən yaranan məlhəm Buğacı yenidən həyata qaytarır. Ana südünün qüdrətindən söz açan müəllif yazır:

 

Ana südü, səndən təmiz

Nə var dünyada?

Səndən şirin, səndən əziz,

Heç gəlmir yada.

 

İliyimiz, sümüyümüz,

Qanımız səndən.

Hər ölümə can verməyən -

Canımız səndən.

 

Balasını xilas edən ana bu dəfə başqa bir əzablı hadisə ilə qarşılaşır. Dirsə xan xainlərin əlində əsir olur. Bu çətin anlarda ananın oğluna məsləhəti Dirsə xana sədaqət mahnısı kimi səslənir:

 

Dayanma, oğul, tələs.

Sən getməsən, atanı -

Heç kəs qurtara bilməz.

 

Ağ atının belində düşmənlərin üstünə hücum çəkən Buğac yağıların canlarına vəlvələ salır. Onlar meydanı tərk edib qaçmaqdan başqa ayrı çıxış yolu tapmırlar. Bu zəfər münasibətilə Dədə Qorqudun sədaqət əhlinə tapşırması bundan ibarət olur:

 

Ucalardan uca tutun

Bu öyüdü:

İyidlərə halal olsun -

Ana südü!

 

"Məhəbbət qandalı" adlı şeirlərini də əlavə etmişdir.

 

 

NƏBİOĞLU Sabir

 

Ədəbiyyat qəzeti.-2009.-27 fevral.-S.1, 2.