Laçın şəhəri-85

 

Bu günlərdə Musiqili Komediya Teatrında mərdlik qalası Laçın şəhərinin 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Respublika ictimaiyyəti nümayəndələrinin və əsasən laçınlıların iştirak etdiyi bu tədbirdə öncə Laçına həsr olunmuş film (ssenari müəllifi Şirindil Alışanlı) nümayiş etdirildi.

Laçın rayon İcra Hakimiyyətinin sifarişi ilə çəkilmiş "Mərdlik qalası Laçın" sənədli filmi Laçın şəhərinin yaranmasının 85 illiyinə həsr olunub. Ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyev cənablarının Laçın rayonuna və laçınlılara həssas münasibəti, qayğısı filmin əsas qayəsini təşkil edir. filmdə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu rayonun təbiətindən, zəngin və keşməkeşli tarixindən bəhs edilir. Laçın rayonunun işğalı və işğaldan sonrakı köçkün həyatı filmdə öz əksini tapıb.

Xatırladırıq ki, Laçın şəhərinin bünövrəsi 1924-cü ilin əvvəllərində qoyulub. 1930-cu ildə Laçın inzibati rayonu təşkil olunarkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

Laçın şəhərinin böyüyüb, inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurq, Hüsü Hacıyev, İsmayıl Səfiyev, Canbaxış Abdullayev və başqaları atmış, bu yöndə onların çox dəyərli xidmətləri olmuşdur. Rayonun iqtisadiyyatını əsasən heyvandarlıq, arıçılıq və qismən bağçılıq təşkil etmişdir.

Yeraltı yerüstü sərvətləri, əsrarəngiz təbiəti, fiziki mənəvi cəhətdən sağlam, intellektual insanları ilə seçilən Laçın rayonu 1992-ci ildə erməni işğalına məruz qalıb. 17 il Laçın həsrətilə yaşayan laçınlıların bu tədbirdə iştirakı kövrək bir ovqata köklənmişdi

Filmin nümayişindən sonra Laçın RİH başçısı Ramiz Cəbrayılov çıxış edərək yubiley münasibəti ilə iştirakçıları təbrik etdi. O, yurd-yuvasından didərgin düşən laçınlılara bu gün dövlət qayğısının göstərildiyini xüsusi vurğulayaraq cənab Prezidentin sərəncamı ilə bir neçə yurddaşına əməkdar həkim, əməkdar müəllim, əməkdar mədəniyyət işçisi, əməkdar kənd təsərrüfatı işçisi fəxri adlarının verilməsini diqqətə çatdırdı. Laçın şəhərinin 85 yaşı münasibətilə keçirilən tədbirdə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov da çıxış edərək laçınlılara tezliklə Laçına qayıdacaqlarına ümid verdi. Cənab Ə.Həsənov aparılan dövlət siyasətinin tezliklə bu ümidi doğruldacağına əmin olduğunu söylədi. Laçın rayonundan seçilmiş Milli Məclisin deputatı Sevindik Hətəmov, füzuli RİH başçısı Nəbi Muxtarov, akademik Budaq Budaqov da yubiley tədbirində çıxış edərək gec-tez Laçında görüşəcəklərinə əmin olduqlarını vurğuladılar.

Nazirlərdən Əbülfəs Qarayevin, Füzuli Ələkbərovun, eləcə köçkün rayon icra hakimiyyəti başçılarının bu tədbirə ünvanlanan təbrik teleqramlarının mətni oxundu. Sonra Laçın rayon ictimaiyyəti adından bu yubileyi keçirməyə dəstək verən Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Tədbirdə Laçın şəhərinin 85 illik yubileyi ilə əlaqədar nəşr edilmiş xüsusi buraxılış, gözəllik diyarının füsunkar görüntülərindən tərtib olunmuş (3 dildə) albom-kitab, həmçinin, “Mərdlik qalası - Laçınfilminin videokasseti iştirakçılara paylandı.

Yubiley tədbiri tanınmış incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatdı.

 

Savalan A.

 

Ədəbiyyat qəzeti.-2009.-27 fevral.-S.2.