“Yüzlərlə ailədə sevinc payım var…”

 

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan edilmişdir. Həmin sənədlə bağlı təsdiq olunmuş geniş tədbirlər planı da bir daha göstərir ki, cəmiyyətimizin sabahı sayılan balalar dövlətin himayəsindədir.

Təqdim etdiyimiz aşağıdakı material-larda yetmiş illik ömrünün yarım əsrə yaxın bir dövrünü uşaqların sağlamlığına həsr etmiş zəhmətkeş alim, təcrübəli həkim Yaşar Məstəliyevdən söz açılır.

"Bir körpənin ürək göynədən iniltisinə ayaq saxladıq. Gözüyaşlı gənc ana kirpiyi ilə "od götürmüşdü". O, uşağı bağrına basıb ovundurmağa çalışırdı. Səsi cırlaşmış körpə isə susa bilmirdi… Ağ xalatlı qadınlar qan ağlayan ananı dövrəyə alıb təsəlli verirdilər… Biri körpəni anadan alıb nəvazişlə onu oxşamağa başladı. Bu vaxt şux yerişli, qıvrımsaçlı, xoşsifət gənc həkim onlara yaxınlaşdı. O, fəryad qoparan uşağın başına sığal çəkib barmaqları ilə gicgahlarını astaca ovxalamağa başladı. Taqətdən düşmüş körpə sakitləşdi və mürgülədi.

Məlum oldu ki, həkim Yaşar Məstəliyev körpələrin loğmanıdır. O şəfalı əlləri ilə körpələrə həyat, analara isə sevinc bəxş edir".

Bu sətirlər 1970-ci illərdə qəzetlərdə dərc olunub. Hələ o vaxtlar müxtəlif rayonlardan "Sovet kəndi" ("Həyat"), "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Vışka" və "Bakı" qəzeti redaksiyalarına, eləcə də radionun "Sağlamlıq" jurnalına Yaşar həkimin ünvanına minnətdarlıq məktubları gəlirdi. Valideynlər övladlarına şəfa bəxş edən bu xeyirxah insandan razılıq edirdilər. Uşaqların sağlamlığı keşiyində duran istedadlı, təcrübəli həkim artıq Səhiyyə Nazirliyinin diqqət mərkəzində idi. Elə buna görə də o yerlərə tez-tez ezam olunurdu. Elmi-praktik işlərdə gənc həmkarlarına faydalı məsləhətlər verirdi… Ən çox isə valideynlərin xeyir-duasını qazanırdı.

Artıq gənclik illəri arxada qalıb. Bu günlərdə Yaşar həkimlə həmsöhbət olduq. O, əvvəlkitək yenə qəddi-qamətli və nikbindir. Amma zaman, ömrün yolları onun şəvə saçlarına dən salıb. Alnında müdriklik cizgiləri - qırışlar yaranıb. Özü demişkən, qocaman həkimdir. Həm də ağsaqqal ata, xoşbəxt baba və ən əsası kamil insan, yaxşı vətəndaşdır.

“Sizin xobbiniz varmı? Həyatın mənasını nədə görürsünüz?” - suallarımıza tərəddüd etmədən belə cavab verdi:

- Dünyada həkim üçün ən böyük səadət, ən böyük mükafat körpə qığıltısıdır, körpələrin çöhrələrində təbəssümü görməkdir. Həyatın mənası, bəşəriyyətin xoşbəxt gələcəyi məhz uşaqların sağlam böyüməsindədir. Bu baxımdan taleyimdən razıyam. Ömrümün yarım əsrə yaxın bir dövrünü uşaqların sağlamlığına həsr eləmişəm. Onlar isə saysız-hesabsızdır. Yüzlərlə ailədə mənim sevinc payım var. Bundan böyük səadət nə ola bilər?!

Yaşar Məstəliyev bu sözləri qürurla deyir və peşəsini müqəddəs sahə adlandırır. “İnsanların, xüsusən körpələrin taleyi tapşırılan həkimlər bu sahənin şərəfini uca tutmalı, müqəddəsliyini qorumalıdırlar. Daha səbirli, qayğıkeş, diqqətli və məsuliyyətli olmalıdırlar” - deyir.

Ömrünün kamillik zirvəsinə qədəm qoyan bu təcrübəli həkim zəngin və maraqlı həyat yolu keçib, O, 1939-cu ildə yazqabağı Cəlilabad şəhərində dünyaya göz açıb. Burada 1 saylı orta məktəbi gümüş medalla bitirib. 1956-cı ildə N.Nərimanov adına ATU-nun pediatriya fakültəsinə qəbul olunub. 1962-ci ildə ali təhsilli yüksək ixtisaslı həkim kimi doğma el-obaya təyinat alıb. Cəlilabadda sahə uşaq həkimi kimi əmək fəaliyyətinə başlayıb. Gənc həkim təcrübəsini artırmaqla yanaşı mütaliədən də qalmır. Daim öz üzərində çalışır, rus və Azərbaycan dillərində tibbə dair kitablar, jurnallar oxuyur, görkəmli alimlərlə əlaqə saxlayır, fikir mübadiləsi aparırdı. Elmə sonsuz marağı, zəhmətsevərliyi onun yolunda yaşıl işıq yandırır. 1967-ci ildə Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İnstitutunun aspiranturasına əyani qəbul olunur.

Yaşar həkim 1971-ci ildə "Böyük talassemiyalı uşaqlarda böyrəküstü vəzlərin qlyuokokoptikoid funksiyası və onun sutkalıq ritmi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə elədi. Tibb elmləri namizədi elmi dərəcəsini aldı və böyük elmi işçi vəzifəsinə irəli çəkildi. Bir müdədt sonra elə bu şəfa ocağında bölmə rəhbəri, baş elmi işçi, daha sonra pulmonologiya bölməsinin rəhbəri təyin olundu.

1982-ci ildə müsabiqə yolu ilə o yenidən bu vəzifəyə seçildi və indiyədək işini uğurla davam etdirir.

Zəngin təcrübəyə malik olan Yaşar Məstəliyev elmi-tədqiqat işlərində də fəallıq göstərir. Necə deyərlər, tibb elminin son yeniliklərini müntəzəm izləyir, bu məsul və şərəfli sahənin elmi-təcrübi sirlərini daha dərindən mənimsəməyə çalışır. Gərgin elmi araşdırmalar, təcrübə zamanı tətbiq etdiyi müalicə üsulları uğurlu nəticələr verir. Təsadüfi deyil ki, artıq o,168 elmi işin, 9 metodiki tövsiyənin, 2 dərs vəsaitinin müəllifidir. İlk dəfə olaraq məhz Yaşar müəllim "Uşaqlarda təxirəsalınmaz hallar və xəstəliklər", "Uşaqlarda kritik hallar və təxirəsalınmaz müalicə" kimi qiymətli dərs vəsaitlərini yazmışdır. Bu vəsaitlərdən həm Tibb Universitetinin tələbələri, həm də gənc həkimlər faydalanırlar.

Yaşar Məstəliyev həm müəllim, həm də alim kimi səmərəli fəaliyyət göstərir. 10 elmi-tədqiqat işinə elmi rəhbər olmuş, 2 səmərələşdirici təklifi həyata keçmiş, 3 müəlliflik şəhadətnaməsi qazanmışdır. Gənc kadrların hazırlanmasında da böyük xidmətləri var. O, səkkiz dissertasiya işinə, aparıcı təşkilat adından təqdim olunmuş 7 diseertasiya işinə rəy vermiş, Elmi şura iclaslarında dəfələrlə opponent kimi çıxış etmişdir.

Yaşar Məstəliyev MDB-də tanınan pediatr alimlərimizdəndir. O, dəfələrlə Azərbaycanda və MDB məkanında elmi-praktik konfranslarda, simpoziumlarda və qurultaylarda iştirak etmiş, çıxışları tezis şəklində müxtəlif dillərdə çap olunmuşdur. Yaşar həkim hələ 1969-cu ildə ümumittifaq biokimyaçıların Daşkənd şəhərində keçirilən qurultayında Azərbaycanı təmsil etmişdir. 1970-ci ildə Azərbaycan uşaq həkimlərinin üçüncü, 1977-ci ildə Ukraynanın uşaq həkimlərinin altıncı qurultaylarında faydalı təkliflər irəli sürmüşdür. Eləcə də 1984-cü ildə Qazaxıstanda pediatrların üçüncü və 1987-ci ildə Gürcüstanda pediatrların altıncı qurultaylarında fəal iştirak etmişdir. Ümumittifaq endokrinoloqlarının 1989-cu ildə Bakıda keçirilən üçüncü qurultayında Yaşar həkim gərəkli təkliflər vermişdir. O, Türk dünyası pediatrlarının konqresində və eləcə də 1996-cı ildə Tehran şəhərində keçirilən VIII Beynəlxalq konqresdə Azərbaycanı təmsil etmiş, çıxışları və məruzələri həmin ölkələrdə çap olunmuşdur. Həm həkim, həm də alim kimi onun elmi-populyar məqalələri, tövsiyələri, həkim məsləhətləri keçmiş İttifaq mətbuatında, o cümlədən "Azərbaycan tibb jurnalı"nda, "Pediatriya" jurnalında, "Kazan tibb jurnalı"nda və s. dərc olunmuşdur.

Yaşar Məstəliyev ucqar dağ rayonlarında çalışan həkimlərə daim yardımçı olmuşdur. Respublika Səhiyyə Nazirliyinin, eləcə də çalışdığı elmi-tədqiqat institutunun xəttilə 30 ildən artıq Daşkəsən, Kəlbəcər, Gədəbəy və başqa dağ rayonlarına təhkim edilmiş, tez-tez o yerlərdə olmuş, müayinə və profilaktik tədbirlərdə yaxından iştirak etməklə yanaşı, məsləhət və tövsiyələr vermiş, operativ tədbirlərin görülməsinə nail olmuşdur.

Çünki o, respublikada tanınmış pediatr alim kimi nüfuz qazanıb. Nümunəvi səhiyyə təşkilatçısı olub. Hələ 1977-ci ildə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. Adı ilə bağlı işləri sayıb qurtarmaq olmur, onda qalmış ki, görmüş olasan. 1984-cü ildə SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə "Pediatriya ixtisası üzrə böyük elmi işçi" adını alıb. 1989-cu ildə isə Azərbaycan SSR-in Səhiyyə sistemində "Uzun müddət və qüsursuz işlədiyinə" görə fəxri fərmana layiq görülüb.

Y.Məstəliyev ictimaiyyətçi kimi də böyük nüfuz sahibidir. O, 1974-1981-ci illərdə ETPİ-də həmkarlar komitəsinin sədri kimi kollektivdə böyük xətir-hörmət qazanmışdır. Zəhmətkeş alim, təcrübəli həkim, xeyirxah insan və nümunəvi ictimaiyyətçi kimi bütün uğurlarına görə ən əvvəl elmi rəhbəri - akademik Ədilə xanım Namazovaya və uzun illər birgə çalışdıqları görkəmli alimlər - nümunəvi səhiyyə təşkilatçıları - Kübra xanım fərəcovaya, Asif Abdullayevə minnətdar olduğunu bildirir. Onları hər yerdə ehtiramla yad edir. Ən yaxın dostları Yunus Nuriyevdən, fazil İsmayılovdan, Yaqub Mirkazımovdan fəxrlə danışır, onların yüksək mənəvi keyfiyyətlərindən əsl sənətkar səmimiyyətilə söhbət açır.

Yaşar müəllim həm də nümunəvi-xoşbəxt ailə başçısıdır. Orta məktəbdə birgə təhsil aldığı və ali məktəbdə eyni ixtisas üzrə oxuduğu Solmaz xanımla xoşbəxt ailə qurub. Həmkarı və ömür-gün yoldaşı Solmaz xanım M.Əfəndiyev adına 2 saylı şəhər klinikasında çalışır. Onların övladlarından Vəfa tibb elmləri namizədidir. Şəfa vermək missiyası onların taleyinə yazılıb. Qibtə ediləsi taledir.

Ömrünün 47 ilini gələcəyimiz olan uşaqların sağlamlığına həsr edən Yaşar Məstəliyev həyatının 70-ci baharına qədəm qoyur. Həmkarları, dostları onu ürəkdən təbrik edir və daha yeni uğurlar diləyirlər.

 

 

ƏMƏNULLAYEV, İsaq

 

Ədəbiyyat qəzeti.-2009.-27 fevral.-S.2.