Muğama dəfn olunan
Dəfn edin siz məni “Zabul-segah”ın mayəsinə,
Deyirəm bəlkə məni
bir gün oyandırdı muğam.
Bəxtiyar Vahabzadə
Moskvadaydım. "Cavid ömrü" filminin Moskvada yaşayan azərbaycanlılara
təqdim edilmə mərasiminə dəvət
olunmuşduq.
Soyuq, qarlı Moskva gecəsində Bakıdan acıdan-acı xəbər
gəldi: Bəxtiyar Vahabzadə vəfat edib. Son vaxtlar
xəstəydi, evdən
çıxmırdı. Tez-tez telefon edib əhvalını
soruşurdum. İctimai televiziya
şair haqqında geniş veriliş hazırlamışdı, mən
də çıxış
etdim. Verilişdən sonra Bəxtiyar
müəllim özünə
xas olan alicənablıqla çıxışıma
görə telefonla təşəkkür etdi.
- Bu, mənim borcumdur,
- dedim, - çox istərdim ki, Yazıçılar Birliyinə
gələsiniz, təmirdən
sonra binamızı görəsiniz və burda da bir
tədbirinizi keçirək.
- Sağlıq olsun, - dedi, - halım bir az düzələn kimi mütləq gələrəm.
"525-ci qəzet"də dərc olunmuş bir məqalədən bildim ki, Bəxtiyar
müəllim "Taksi
və vaxt" şerimi bəyənibmiş. Həmin şeri
minnətdarlıq hissiylə
ona ithaf etdim. Nə bileydim ki, bu mənim böyük
şairə sağlığında
son xoş ismarışım,
son salamım, son təşəkkürüm
olacaq.
Moskvada o acı xəbəri aldığım gecə səhərə qədər
uyuya bilmədim. Bəxtiyar müəllimlə
bağlı səhnələr,
görüşlər, söhbətlər,
uzun illər boyu davam edən
ünsiyyətimiz bir-bir
gözlərim önündən
keçib gedirdi.
İlk gənclik illərimdə atamgilin mənzilində görüşlərimiz, atama
yeni şeirlərini, Səməd Vurğun haqqında yazdığı
dissertasiyadan parçaları
oxuması, daha sonrakı illərdə Yazıçılar İttifaqında
saysız-hesabsız görüşlərimiz,
Şəkidə şairin
evində, Marxalda söhbətlərimiz, Türkiyəyə
birgə səfərlərimiz,
1990-cı ilin Qara yanvarında fövqəlada
vəziyyət şəraitində
Ali Sovetin bütün
gecə davam edən toplantısında
ağrılı, həyəcanlı
anlarımız, Bəxtiyar
müəllimin elə
ordanca Oljas Süleymenova telefon etməsi, Oljasın da bir qardaş
fədakarlığıyla xəstə-xəstə Bakıya
uçub gəlməsi…
Dilimizin adıyla bağlı mübahisələrdə
Bəxtiyar müəllimlə,
Elçinlə eyni mövqedən çıxış
etməyimiz və fikrimizi sonadək müdafiə etməyimiz…
Acılı-şirinli xatirələr dalğa-dalğa
bir-birinin üstünə
gəlirdi o yuxusuz Moskva gecəsində.
Ali Sovetin iştirak etmədiyim, amma sonralar televiziya ekranlarında gördüyüm
iclasının həm
utandırıcı, həm
qürurverici səhnələri
yaddaşımda canlanırdı:
Heydər Əliyevə
ədəbsiz hücumlara
görə utanc hissi, Bəxtiyar Vahabzadənin təkbaşına
onu müdafiə etməsindən duyduğum
qürur… Ulu öndər Azərbaycan Yazıçılarının X Qurultayında çıxışında
bu barədə ətraflı danışdı:
"Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 90 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş
adamlar idi… Orda mənə çox hörmətsizlik etdilər,
pis münasibət göstərdilər. Ancaq
o vaxt cəsarət edib çox kəskin çıxış
edən Bəxtiyar Vahabzadə oldu… O salonda oturanların əksəriyyəti ilə
mən gecə-gündüz
bir yerdə işləmişdim. Onlar böyük
vəzifələr almışdılar.
Bəxtiyar Vahabzadə şairdir,
şair olaraq da qalıbdır, indi də şairdir,
onun şairlikdən başqa bir vəzifəsi yoxdur.
Ancaq baxın, o həmin insanların münasibəti,
bu da şairin
münasibəti. Yəni mən
yenə də ədəbiyyata bağlılığımı
və ədəbiyyatla
məşğul olan şəxslərin başqalarına
nisbətən daha sədaqətli olduğunu
qeyd etmək istəyirəm".
Neçə minillik ədəbiyyat tariximizin ən dəyərli sənətkarlarından
olan Bəxtiyar Vahabzadə haqqında dəfələrlə yazmışam,
yubileylərində, müxtəlif
tədbirlərdə çıxışlar
etmişəm. O, mənimçün
"Siz" və
"Bəxtiyar müəllim"
idi, mən onunçün "Sən"
və sadəcə
"Anar". Amma aramızda
yaş fərqi və hörmət pərdəsi qarşılıqlı
xoş münasibətlərimizə,
fikir, əqidə birliyimizə, çox qəliz məsələlərdə
eyni mövqedən çıxış etməyimizə,
çətin anlarda bir-birimizə hayan olmağımıza mane olmurdu.
Bir çox məqamlarda mətbuat səhifələrində
bir-birimizi şərdən,
böhtandan qoruyurduq.
Sənətkar kimi, vətəndaş
kimi, şəxsiyyət
kimi Bəxtiyar Vahabzadənin bir dırnağına dəyməyən
ədəbi mığmığalar,
ara-sıra onu da sancırdılar. Söhbətlərimizin birində
Bəxtiyar müəllimin
dediyi sözləri heç vaxt unutmaram: - Onları qınama, bu dünyada hərənin bacardığı və bacarmadığı bir iş olur. Biz
yazmağı bacarırıq,
böhtan, şər atmağı bacarmırıq,
onlar da əksinə, şər, böhtan atmağı çox yaxşı bacarırlar, amma yazmağı bacarmırlar.
Belə də davam edəcək.
Biz əsər yaradacağıq, onlar da bizə şər,
böhtan atacaqlar.
Bu ovqat B.Vahabzadənin
1996-cı ildə yazdığı
şerində də ifadə olunub:
Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər
atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda
Azadıq qorxudan, Allah xofundan.
Amma tək-tük naxələflərin
müqabilində Bəxtiyar
Vahabzadə poeziyasının
müxtəlif nəsillərdən,
o cümlədən, ən
gənc, ən yeni nəsillərdən olan pərəstişkarları
yüz minlər, milyonlardır. Tək Azərbaycanda yox, Türkiyədə, İranda,
dünyanın bir çox ölkələrində…
Bəxtiyar Vahabzadə səkkiz yaşlı nəvəm Sezenin də ən çox sevdiyi şairlərdəndir. Hələ yeddi
yaşındaykən bu
balaca qızcığaz
"O mənim qardaşımdır"
- deyirdi. "Qardaşım yox, əmimdir" - de. Yox, inadla
elə "qardaşımdır"
deyirdi. Yəqin ki, Sezen haqlıydı:
Böyük sənətkarlar
hər yeni nəslin yaşıdı,
çağdaşıdır.
Bəxtiyar Vahabzadənin ən gözəl əsərlərindən
olan "Muğam"
poemasını ilk dəfə
"Qobustan" toplusunda
dərc etmişdik. Bu vida yazıma epiqraf qoyduğum misralar da həmin
poemadandır. Bəxtiyar Vahabzadə
Bakının müqəddəs
guşəsində - fəxri
xiyabanda dəfn olunub. Amma onun bir məzarı da, özünün poetik vəsiyyətinə görə
Muğamın içindədir.
Böyük şair Bakıda
möhtəşəm muğam
bayramları keçiriləcək
günlərin ərəfəsində
dünyasını dəyişdi,
amma tək "Segah zabul"un deyil, bütün başqa muğamlarımızın
ifasında da o, yenidən oyanacaq, dünyamıza qayıdacaqdır.
O, yeni yazılan hər yeni istedadlı
şeirlə yenidən
diriləcək, aramızda
olacaqdır.
Dilimiz, millətimiz durduqca Bəxtiyar Vahabzadə də əbədi yaşayacaqdır.
ANAR
Ədəbiyyat qəzeti.-2009.-27 fevral.- S.3.