Kosmonavt
Ayağı yerə, daha doğrusu, beton döşənmiş meydançaya dəyəndə Kərəm qeyri-ixtiyari başını qaldırıb göyə baxdı; sanki buraya hansı yolla gəldiyini müəyyənləşdirmək istəyirdi. Göyün üzündə mavi-çəhrayı bulud layları vardı. Adətən yayı isti keçən əyalət şəhərinin bu kiçik hava limanı sanki mürgü dənizindən silkinib çıxmaq istəyirdi. Elə meydançada tənbəl-tənbəl vurnuxan adamların da üz-gözündən yuxu tökülürdü; deyəsən, bu səhər ilk təyyarəni qəbul etmişdilər.
Bürküyə düşəcəyini düşünən Kərəm zənnində yanılıbmış. Meh əsirdı. Yaxınlıqdakı şam meşəsinin ətrinə xoş bir sərinlik hopmuşdu.
Köhnə hava limanından əsər-əlamət qalmamışdı. Burada meydançadan tutmuş zalacan hər yeri, bir sözlə, bütün köhnə tikililəri söküb təzədən qurmuşdular.
Kərəmin yükü yüngül idi; o, diyircəkli, kiçik əl arabasının dəstəyindən yapışıb salondan çıxdı. Alıcı quş kimi başının üstünü kəsdirən üzü tüklü, qartalburun taksi sürücüsünün sorğu-sualına etina etmədən arabasını sürüyə-sürüyə enli asfalt yola çıxdı. O, əlbəttə, bu yolu mənziləcən payi-piyada getmək niyyətində deyildi. Sadəcə olaraq, bir müddət özü ilə tək qalmaq, doğma və doğma olduğu qədər də indi yad görünən bu yerlərə gözüdolusu baxmaq, çoxdan qopub ayrıldığı - artıq keçmişə çevrilən o uzaq illərə, xəyalən də olsa qayıtmaq, bir növ yaddaşını təzələmək istəyirdi.
Addımlarını yavaşıtdı.Yanından keçən taksiyə əl elədi. Sürücü əyləci basıb maşını saxladı. Kərəm, gözünü açıb-yumunca, sürücü cəld yerə düşüb arabacığı maşının yük yerinə atdı, qapını açıb mərifətli adamlarsayaq əlini sinəsinə qoyaraq dilləndi:
-Xahiş edirəm, buyurun. Yəqin şəhərə gedirsiniz. Mən qiymət davası döyən adam deyiləm... Nə versəniz qənimətdir. Qismət Tanrıdandır...
Kərəm diqqətlə ətrafa baxırdı. Yolun üstündə salınmış meşə zolağı bu yerlərin əzəlki, onun uşaqlıqda gördüyü, sərt görkəminə mülayim bir ab-hava gətirmişdi.
Kərəm əlini irəli uzadıb qeyri-ixtiyari dilləndi:
-O ağaclar çoxdan əkilib bu yerlərdə?
Sürücü sürəti hiss olunacaq dərəcədə azaldıb, yolçunu sınayıcı nəzərlərlə süzdü. Kərəm də azacıq yana dönüb kişinin tüklü sifətinə baxdı: sivri burnu bu adamı profildən qartala oxşadırdı.
Kişi çəkinirmiş kimi astadan:
-Kərəm deyilsən? -deyə, soruşdu.
Qəfil sualdan Kərəm duruxdu.
-Hə, Kərəməm...
Kişi güldü. Elə bil onun bayaqdan açılmayan tutqun sifəti birdən-birə işıqlandı.
-İndi sən yaddaşını yoxla, tap görüm mən kiməm?
Kərəm müsahibini süzdü; sürücünün lupa altında böyüdülmüş kimi bütün cizgiləri aydın görünən tüklü sifəti bir andaca dəyişib başqa görkəm aldı; sanki gözəgörünməz bir əl ötüb keçmiş illərin üstünə qalaqlanmış qalın toz laylarını sildi.
-Murad?..
-Ay səni... Düş maşından... Qoy bir əməlli-başlı görüşək...
Onlar yerə düşüb qucaqlaşdılar.
Kərəm:
-Yaxşı zəndin varmış, pəhləvan, - deyə, ərklə əlini kişinin çiyninə qoydu. - Əşi, bayaqdan ağzına su alıb susursan. Sual verirəm ki, bir səsini eşidib görüm Kərəmsən ya yox... Axı, adamın özü dəyişsə də, səsi dəyişmir. Sən isə ağzına su alıb susursan...
Kərəm zarafata keçdi:
-Pəhləvan, böyüyüb yekə oğlan olmusan.
-Heç özündən xəbərin yoxdu, kosmonavt...
Hər ikisi ürəkdən güldü.
Keçib maşına əyləşdilər. İndi bayaqkı soyuq sükut aradan götürülmüşdü.
-Arabir aeroporta baş vururam, -deyə, sükanın arfasında yerini rahatlayan Murad, bir daha Kərəmi diqqətlə süzərək asta-yumşaq səslə dilləndi. -Əvvəlcə səni tanımadım, düşündüm ki, yəqin buralara bələd olmayan yad adamdır. Sonra, özünü nə qədər boğsan da, rəftarında bir doğmalıq hiss elədim. Səsini eşitdəndə isə yüz faiz əmin oldum ki, bu, sənsən...
Kərəm bir az əvvəl öz keçmiş məktəb yoldaşına qarşı göstərdiyi saymazyanalığı xatırlayıb pərt oldu, daxilən özünü qınadı.
Hava get-gedə isinirdi.
Murad
maşının sürətini artırdı...
Kərəmlə
Murad cəmi beş il birlikdə
oxumuşdular: beşinci sinifdən onuncuyacan. Əslində
onları bir-birinə bağlayan xatirələrin ömrü
də elə bu qədər ildi. Ömrün beş ilində baş verən bir çox
hadisələrin birgə şahidi olmuşdular və elə
birlikdə keçirdikləri o beş il indi onları istər-istəməz
birləşdirirdi. Söhbətlərinin mövzusu xatirəyə
çevrilmiş beş illik vaxt çərçivəsindən
kənara çıxmırdı.
Hər ikisi valideynlərini körpə ikən
itirmişdi. Elə bu erkən yetimliyə görə yaxın
qohumları onları rayon mərkəzindəki internat məktəbə
qoymuşdular. Onların uşaqlıq
dövrü o internatda keçmişdi. Yaxın dost
olmasalar da, o vaxt xoş münasibətləri vardı.
İndi onların bir-birinə “pəhləvan” və
“kosmonavt” deyə müraciət etmələrinin də öz
tarixçəsi vardı. Ədəbiyyat müəllimi
bir dəfə “Mənim arzum” mövzusunda inşa
yazdırmışdı. Onda Kərəm
böyüyəndə hava gəmisi ilə kosmosa
uçacağını, Murad isə güləşçi
olacağını yazmışdı. Uşaqlar öz
yazılarını ucadan oxuyan zaman müllim zarafatla Kərəmə
və Murada üz tutub, arzularına müvafiq olaraq, “kosmonavt”
və “pəhləvan” deyə müraciət etmişdi və
elə həmin vaxtdan da bu sözlər onların ləqəbinə
çevrilmişdi. O zaman nədənsə bəyənmədikləri
bu müraciət forması indi hər ikisinin ürəyindən
idi... Orta məktəbi bitirəndən bəri
görüşməmişdilər. Həyatın
sərt küləkləri onların hərəsini bir tərəfə
atmışdı. Bir yandan da yetimlik, imkansızlıq...
Əvvəllər uzaqdan-uzağa da olsa
bir-birinin iş-gücündən xəbər tuturdular. Sonralar bu “simsiz” əlaqələr də tədricən
qırıldı. Murada məlum olan təkcə
bu idi ki, Kərəm Moskva tərəflərdə
yaşayır və deyilənə görə, hansısa hərbi
zavodda mühəndis işləyir.
-Harada
işləyirsən?
Kərəmin
sualına Murad gülə-gülə cavab verdi:
-İnternetdə...
Muradın qaşı çatıldı.
-İnternetdə? Doğrudan?
-Əşi,
yox ey... Sən də inandın deyəsən.
İnternatda işləyirəm. İndi
oraya cavanlar təzə ad qoyublar: internet...
Kərəm də Murada qoşulub ürəkdən qəhqəhə
çəkdi.
-Amma, öz aramızdır, yaxşı ad qoyublar...”İnternet”...Bəs
orada nə iş-güclə məşğul olursan?
-Təsərrüfat
işlərinə baxıram.Boş vaxtlarımda da bax belə,
gördüyün kimi, aeroportda qonaq qarşılayıram... Yaxşı, de görüm, sən özün
haralardasan, nə işlə məşğulsan?
-Moskva
yaxınlığında yaşayıram.
-Hə,
eşitmişəm... Deyəsən, elə əsgərlikdən
sonra qalansan o tərəflərdə.
-Hə,
elədir...
-Səhv
etmirəmsə, mühəndissən.
Kərəm
duruxub handan-hana dilləndi:
-Kosmonavtam.
Murad
başını yana döndərdi; Kərəmin
sifətinin ciddi poza almasından belə
çıxırdı ki, o, heç də zarafat etmir.
Murad
gülməkdən özünü zorla saxlayıb dedi:
-Kosmonavt
olduğunu bilirəm.Onsuz da sən köhnənin
kosmonavtısan...Bəs çörəyin nədən
çıxır?
Kərəm
yenə ciddi tərzdə:
-Sənə
dedim də, -deyə, dilləndi.
-Kosmonavtların çörəyi haradan
çıxmalıdır ki?
-Yəqin
ki, göydən...
-Elədir...
Mən ixtisasca hərbi təyyarəçiyəm... Bir müddət kosmonavtlar hazırlanan dəstənin
üzvü olmuşam. Sınaq uçuşlarında
iştirak etmişəm... Hazırda kosmik
cihazlar zavodunda mühəndisəm.
-Deyəsən
bizim uşaqlar arasında öz arzusunun arxasınca gedən təkcə
sən olmusan...
-Amma
sən, deyəsən, öz arzuna xəyanət etmisən.
-Düzdür,
pəhləvan ola bilmədim... Amma həmişə arzularımın dalıyca
sürünmüşəm. Hətta, idman texnikumunu
bitirib bir müddət müəllim işləmişəm...
Özün yetimliyin dadını görmüsən,
bilirsən ki, həyat ayrı şeydir. Ailə,
uşaq, ev-eşik qayğısı... Bu zalım dünya bir
imkan verir ki, adam öz ürəyinə
yatan iş-güclə məşğul olsun? Eh... Bu ötən
illərdə başım cox daşdan-daşa dəyib,Kərəm... Çox yerləri
dolaşdım, çox üzlər gördüm. Axırda yenə öz doğma ocağıma -
internata qayıtdım. Yetim uşaqlarla işləyirəm...
Kərəm
handan-hana dilləndi:
-Bilirəm
ki, ürəyində mənə gülürsən.
Murad
təəccüblənsə də, özünü o yerə
qoymadı; baxışlarını yoldan ayırıb Kərəmə
baxdı:
-Gülürəm?.. Nə üçün?
-Yəqin
ki, özümü “kosmonavt” adlandırdığım
üçün.
-Yox...
Qətiyyən. Onsuz da sən
elə o vaxtdan kosmonavtsan.
Kərəm susdu. Maşının pəncərəsindən
ətrafa göz gəzdirdi. Hər şey dəyişmişdi:
yol kənarındakı palçıq evlərin yerində
hündür binalar ucaldılmışdı. Bir
vaxtlar çayın üstündən keçən
darısqal körpüdən əsər-əlamət
qalmamışdı - orada beton bənd atıb kiçik
göl yaratmışdılar. İndi bir az
yad görünən bu yerlər ona həm də doğma idi. Kərəmi ən çox cəlb edənsə
açıq göy üzü idi. O, bu yerlərin səmasını
bu vaxtacan heç yerdə görməmişdi. Yalan
deyirlər ki, göy üzü hər yerdə eyni
cürdür. Kərəm yüz faiz əmin
idi ki, hər bir yerin yalnız özünəməxsus təbiəti,
relyefi, adamları, heyvanları olduğu kimi, başqa yerlərdə
təsadüf olunmayan səması olur.
Murad
sanki Kərəmi vurnuxduğu dərin xəyallar aləmindən
dartıb çıxarmaq üçün ehtiyatla dilləndi:
-Kərəm,
bir az yerinə düşməsə də
soruşum: nə yaxşı yolun bu tərəflərə
düşüb? Amma mənim sualımdan incimə ha...
-Əmim rəhmətə gedib. Teleqram vurmuşdular...
-Yadıma
düşdü. Hərdən sənə baş
çəkirdi. Arıq, uzun kişi
idi deyəsən...
-Hə,
elə odur...Mənə gec xəbər veriblər, birisi
gün qırxıdır...
-Allah
rəhmət eləsin... Gedib bu gün qalarıq bizdə, sabah səni apararam öz kəndinizə...
Kərəm
astadan dilləndi:
-Baxarıq...
-Nəyə
“baxarıq”?Yetim olmağıma baxma,
geniş ev-eşiyim, həyət-bacam var. Uşaqların hərəsi
bir yerdə işləyir. Damın altında arvadla tək
qalmışam...
-Baxarıq...
-Yenə
“baxarıq”?
Gülüşdülər.
Murad
əlini tüklü sifətinə çəkib dedi:
-Danış
görək, oralarda nə var nə yox?
Kərəm
könülsüz halda:
-Yaxşılıqdır,
- deyə, qısaca cavab verdi.
Arabir Muradın ordan-burdan verdiyi sualları dilucu
cavablandıran Kərəmin fikri tez-tez baş alıb uzaqlara
gedirdi. O, həqiqətən
uşaqlıqda kosmonavt olmaq istəyirdi. Elə
bu arzularla da Rusiyaya getmişdi. Bəxti gətirmişdi:
əsgəri xidmətdən sonra hərbi təyyarəçilik
məktəbində oxumuş, kosmonavtlar hazırlanan kursa daxil
olmuşdu. Hətta, pilotla idarə olunan kosmik
aparatlar heyətində ağır sınaq və təlimlər
keçmişdi. Amma ona uçmaq qismət
olmamışdı. Son illər kosmik cihazlar
zavodunda layihəçi-mühəndis vəzifəsində
çalışırdı. Amma, yenə
də öz uşaqlıq arzusu ilə yaşayırdı.
Göylər Kərəmi yenə də
özünə doğru çəkirdi. Nə
idi onu göylərdə cəlb edən? Bəlkə
yer üzündə gördüyü ədalətsizliklər?
Axı, o, valideynsiz böyümüşdü.
Düzdür, özünün uşaqlıq
vaxtlarında adamlardan xeyirxahlıq görmüşdü.
Amma Kərəm həyatı boyu çoxlu
haqsızlıqlarla da üzləşməli olmuşdu. Nədənsə ona həmişə elə gəlirdi
ki, Yer üzündə baş verən bütün xırda və
böyük hadisələrin kökü göylərlə
bağlıdır. Bəlkə də elə
buna görə o, nə vaxtsa Yerin orbitindən çıxmaq,
ulduzları yaxından görmək, Ayın, hətta imkan
olarsa, Marsın üstündə gəzib-dolaşmaq və
oradan insanların yaşadığı planetə baxmaq istəyirdi.
Amma kosmik mərkəzdə onun
uçmağına həmişə mane olmuşdular.
Kimlərsə onun simasında öz rəqibini
görürdü... Kosmonavt olmaq - uçmaq istəyi
Kərəmə ağır bəlalar da gətirmişdi.
Sevimli arvadı ərinin göyə sevgisinə
qısqanıb ondan ayrılmışdı. Kərəm, hətta arada bir müddət psixi
sarsıntılardan üzülüb yatağa
düşmüşdü. Amma uçmaq arzusu
onu heç vaxt rahat buraxmamışdı. Kərəm neyləyə bilərdi ki? Axı, həmin arzuları o, özü
yaratmamışdı ki, özü də boğub bir kənara
atsın. Göylər Kərəmi daim
öz qoynuna çağırırdı. Görünür,
adamlar kimi göylərin də öz arzusu olur. Nə
bilmək olar,bəlkə də Kərəm
elə o uzaq səmadakı ulduzlardan birinin Yerdəki gizli-sirli
arzusu idi? Göylər səsləyir,
insanların yaşadığı Yer planeti isə onu öz
orbitindən çıxmağa qoymurdu.
Hələ uşaqlıqdan Kərəmə elə gəlirdi
ki, insan bu dünyaya uçmaq üçün gəlib və
əslində insanın vətəni göylərdir; hansı
təsadüfsə insanı uçmaq imkanından məhrum
edərək torpağın əbədi köləsinə
çevirib.
Kosmik sürətlə ötüb keçən illər
Kərəmin kosmosa uçmaq arzusunu öldürə bilməsə
də, onun Yer orbitindən çıxmaq şansını
arxa plana atmışdı. Artıq yaş öz
işini görməkdə idi. Hələ son illər az qala günbəgün artan
ağ-gümüşü saçlar da bu yandan... Saç-saqqalına dən düşmüş
adamdan nə kosmonavt? Bütün
dünyada kosmosa yalnız boy-buxunlu, yaraşıqlı,
sağlam gənclər uçur. Kosmonavt olmaq əslində
elə aktyor olmaq kimi bir şeydir: gərək
tamaşaçı sənə vurulsun, səni hər yerdə
alqışlasın.
Əvvəllər
Kərəm tez-tez öz gəmisi ilə ucuşa necə
çıxacağını təsəvvüründə
canlandırmağa çalışardı: budur,
uçuş əmri verilir, əvvəl uğultu, sonra
partlayış səsləri eşidilir, gəmi yerdən
ayrılır... Daha sonra mavi səma, parlaq ulduzlar, sonsuz kəhkəşan...
Kərəm tapşırıqları uğurla
yerinə yetirib Yerə qayıdır. Onu
böyük təntənə ilə qarşılayırlar.
Əli gül-çiçəkli adamlar onu
atıb-tutur. Kərəm gül dənizində itir... Hələ
onu öpən, qucaqlayan gözəl-gözəl qızlar,
qadınlar...
-Çatdıq...
Muradın səsi onu xəyaldan ayırdı. Kərəm
dodaqaltı nəsə mızıldandı.
Murad əyləci basdı.
-Hə,
bax bu da bizim məktəb. Uşaqlar tətilə
çıxıblar, düşərgəyə göndərmişik.Ona
görə indi buralarda sakitlikdir. Səni
bilərəkdən əvvəlcə bura gətirdim ki, hər
şeyi öz gözünlə görəsən.
Onlar maşından düşdülər.
Yol
boyu səliqəli tikililəri görüb bayaqdan daxilən
sevinən Kərəmin indi qanı qaraldı: köhnə məktəb
binası uçub-dağılmaq üzrə idi. Murad onun
ürəyindən keçənləri oxuyubmuş kimi, ətrafa
göz gəzdirib dedi:
-Görürsən
də, şəhərdə çox şey təzələnib...
Amma məktəb yaddan çıxıb.
Görunür, yetimlərin məktəbi də yetim
günündə olmalıdır...
Məktəb həyətinin yuxarı başında -
postament üzəridə ucaldılmış təyyarə Kərəmin
diqqətini uzaqdan çəkdi.
Murad
əlini irəli uzadıb dostunu məlumatlandırdı:
-Məktəbimizin
yeganə yeniliyi bax, o təyyarədir. Bilirsən
nə üçün gətirib quraşdırıblar burada?
Sən demə, ölkənin ilk təyyarəçisi
bizim şəhərdə doğulubmuş, özü də
bizim məktəbin məzunu imiş. Elə
onun şərəfinə qoyulub bu abidə.
Kərəm sövq-təbii, postamentə sarı
addımladı. Murad təəccüblə onu
süzürdü. Kərəmin bayaqkı
asta-ləngərli yerişi dəyişmişdi; elə bil, o,
bu dəqiqə ayaqlarını yerdən üzüb təyyarəyə
sarı atılacaqdı.
Murad
hiss etdi ki, hətta, Kərəmin üz-gözünün ifadəsi
də dəyişib. Dostunun bayaqdan yorğunluq
tökülən sifətində indi işıq dolu bir təbəssüm
oynayırdı.
Kərəm mavi səmanın fonunda siluetinin kəskin
cizgiləri ilə aydın seçilən
gümüşü təyyarəyə yaxınlaşdı. Sonra postamentin ətrafında
bir-iki dövrə vurub Murada sarı döndü:
-Murad,
bu, təyyarədən çox, kosmik gəmiyə
oxşayır...
Murad
başını yuxarı qaldırıb dedi:
-Kərəm,
düz tapmısan... Bu təyyarəni
quraşdıranda dedilər ki, yəqin elə ilk təyyarəçi
kimi ilk kosmonavt da bizim məktəbdən çıxacaq.
Ona görə, bu təyyarə həm də
kosmik peykin rəmzidir. Bir də ki, bunun təyyarə,
ya raket olmağını özün daha yaxşı bilərsən.
Hər halda, sən kosmonavtsan...
Bu an sanki möcüzə baş verdi: Kərəm
“hopp” edib pişik cəldliyi ilə yuxarıya - postamentin
üstünə tullandı.
Heyrətdən Muradın sözü ağzında
qaldı. Boğazı qurudu. Handan-hana içini
arıtlayıb az qala boğula-boğula,
xırıltılı səslə:
-Kərəm,
sən nə edirsən, yıxılarsan, düş
aşağı,- deyə,
qışqırdı.
Kərəm öz aləmində idi, heç nə
eşitmirdi.
O, əlini həyəcanla
Murad
əlini gözünün üstünə çardaqlayıb
postamentin üstündə vurnuxan Kərəmi heyrətlə
süzməkdə idi. Keçmiş məktəb
yoldaşının nə kosmonavtlarla bağlı bayaqkı
söhbətindən, nə də indiki gözlənilməz hərəkətindən
onun ağlı bir şey kəsmirdi.
Kərəm
qeyri-ixtiyari əlini uzadıb kip örtülmüş kabinənin
dəstəyini burdu. Qapı açıldı. Bu ki, lap
möcüzə idi: dəmir kreslonun üstündə
kosmonavt skafandrı vardı! O, ətrafa göz gəzdirdi.
Kosmik uçuş aparatının bütün cihazları
starta hazır vəziyyətdə idi. Kərəm səhv edə
bilməzdi, bu, əsl kosmik gəmi idi. Onun ürəyi həyəcanla
vurmağa başladı. Bir anlıq hər şeyi unutdu.
Keçib pultun arxasında əyləşdi. Skafandrı
başına keçirdi. Gəminin uğultusu hiss ediləcək
dərəcədə artmışdı.
Aşağıdan
Muradın boğuq qışqırığı gəlirdi:
-Kərəm...
Kərəm hey...
Kərəm
əmin oldu ki, indi kabinəsində əyləşdiyi bu hava
gəmisinin bütün daxili sistemi vaxtilə onun təlim
keçdiyi konfiqurasiyalı - açılan kosmik peyklə az
qala eynidir. O, bir peşəkar inamı ilə əlini atıb
qarşısındakı parlaq metal düyməni basdı. Əvvəlcə
işıqlar yandı, sonra kütlə hərəkətə
gəldi. Havatəmizləyən qurğu işə
düşdü. Salona yayılan sərinlik xoş bir rayihə
kimi Kərəmin içinə hopmağa başladı.
Artıq
Muradın səsi eşidilmirdi.
Kərəm
Partlayış
səsi eşidildi. Hava gəmisi hiss olunacaq bir təkanla
postamentdən ayrılıb yüksəkliyə doğru start
götürdü.
Artıq
Yer arxada qalmışdı...
Kabinəyə
mavi-çəhrayı bir duman layı
çökmüşdü.Deyəsən bu duman layını
Kərəm bu səhər hava limanının üstündə
görmüşdü.
Uzaqda
parlaq ulduzların soyuq ziyası bərq vururdu.
Hava
gəmisinin içində nəsə boğuq səslə
guruldamağa başladı.
Mavi-çəhrayı
duman get-gedə rəngini dəyişərək tünd-kəsif
qoxulu qara tüstüyə çevrilirdi.
Cihazların
əqrəbləri qəzəblənmiş zəhərli əqrəblər
kimi qıvrılıb-açılırdı.
Kərəmin
gözləri alacalandı. O, əlini sükana atdı. Gəmi
yırğalandı.
Az
sonra cihazlar taxçadan düşən uşaq oyuncaqları
kimi bir-bir qopub gəminin döşəməsinə
töküldü...
...Gözünü
açanda başının üstündə ağ
xalatlı cavan həkimi görüb təəccübləndi.
Onun nəbzini tutan həkim, qanadı qırılmış
qartal kimi büzüşərək kənarda dayanmış
Murada sarı dönüb gümrah səslə dedi:
-Dostunun
lap kosmonavt təzyiqi var. Hər şey yaxşı olacaq...
Kərəmin
gözləri önündən kiçik
qığılcımlar - parlaq ulduz zərrələri
ötüb keçdi. Onun qulağında nəsə
-Şükür
sənə, ilahi. Bu xata-bəladan yaxşı qurtulduq. Kimin
ağlına gələ bilərdi ki, oyuncaq təyyarənin
içində yanacaq olsun...
Bu,
Muradın səsi idi.
Amma
deyəsən deyilənləri Kərəm eşitmədi. O,
yalnız bircə şeyə əmin idi ki, sağdır,
ölməyib.
Gözlərini
təzədən yumdu. Kərəm daxilən öz
ömrünün ən böyük arzusuna qovuşduğuna əmin
idi. O, uçuşu uğurla başa
çatdırmışdı.
MUSTAfA
Firuz
Ədəbiyyat qəzeti.-2009.-27
fevral.-S.4, 5, 6.