Misir Mədəniyyət Mərkəzində

 

Fevralın 23-də Misir Mədəniyyət Mərkəzində həmin ölkənin tanınmış rəssamlarının əl işlərindən ibarət Plastik incəsənət sərgisi keçirildi. Sərgiyə gələnləri Mərkəzin mədəni attaşeşi dr. Bağdadi İmam salamladı. Sonra söz Mədəniyyət Mərkəzinin direktoru prof. dr. Adel Darvişə verildi. O dedi: "…İncəsənət nəsillərin bir-biri ilə əlaqə vasitəsidir. Bu əlaqələri özündə əks etdirən ərəb plastik incəsənəti dünyada bu sənətin zirvəsi hesab olunur. Ərəb plastik incəsənəti, yəni təsviri tətbiqi sənəti rəsm, heykəltəraşlıq, oyma, gil, fırça s. növünü özündə birləşdirir. Yaşı qədim dövrlərə gedib çıxan ərəb incəsənətinin bu nümunələrinə dünyanın demək olar ki, bütün ölkələrində rast gəlmək olar. Bu cəhətdən mən rəssamları öz dövlətlərinin səfirlərinə bənzədirəm. Müasir sənətkarlarımız da ərəb ölkələrinin zəngin mədəniyyət tarixindən Mesopotomiyadan, Ehramlar diyarından ilham alaraq yaratdıqları əsərləri ilə hər məkana qanad açır, istədikləri yerə qonurlar". Sonra cənab Adel Darviş tanınmış Misir rəssamı Abd El Sabur Şahini qonaqlara təqdim edərək dedi ki, o, ölkəsinin ən qədim dövrünü - fironlarla hökmranlığı zamanını, peyğəmbərlər torpağı Sinayı, həmin dövrlərin silinməz izləri olan tarixi dini abidələri, qalaları hərtərəfli öyrəndikdən sonra bura təşrif buyurub. Çıxışçı Abd El Saburun Misirdə dünyanın müxtəlif ölkələrindəki sərgiləri haqqında məlumat verdi. Mədəniyyət Mərkəzinin direktoru Misirin bir sıra plastik incəsənət rəssamlarının - indiki Mədəniyyət naziri faruq Hüsninin, Əhməd Nəvarin, Mustafa Hüseynin, Salah Tahirin, xanımlardan İffət Nacinin, Nazlı Mədkurun, Susan Amirin s. bu kimi təsviri tətbiqi sənət ustalarının adlarını xatırlatdı.

İordaniyanın, Küveytin, Səudiyyə Ərəbistanının b. ölkələrin səfirlərinin, yaxud nümayəndələrinin iştirak etdiyi məclisdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabur Mansur çıxış edərək Misir Mədəniyyət Mərkəzinin gördüyü işlərdən, iki ölkənin mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycan tamaşaçıları bu yaxınlarda Misir rəqqaslarının sənəti ilə tanış olacaqlar. Yaxın vaxtlarda onların Mədəniyyət Mərkəzinin xətti ilə Bakıya gəlişi gözlənilir.

Sonda, sərgidəki əsərlərlə tanışlıq başlandı. Sərgidə altı rəssamın - dr. Salah, əl-Məlicinin, Xalid Hafizin, Ceyhan Səlamın, Əhməd əl-Ləbadın, Məhəmməd əl-Misrinin, Nazim Taha Hüseynin 40-a yaxın işi nümayiş olunur. Əsərlər müxtəlif üslubda yağlı boya qrafika ilə çəkilmişdir. Sərgi müxtəlif izmləri - naturalizmi, realizmi, avbtraksinonizmi özündə ehtiva edir. Onların sırasında gül-çiçəyi əks etdirən naturalar da, insanın daxili aləmini üzə çıxaran portretlər var, bəşəriyyəti fəlakətlərə sürükləyən, körpələri ana bətnində boğan müharibənin abstrakt təsvirləri .

Maraqlananlar həmin əsərlərlə Misir Mədəniyyət Mərkəzində tanış ola bilərlər.

 

 

İsmayıloğlu, A.

 

Ədəbiyyat qəzeti.-2009.-27 fevral.-S.6.