Ə.Dəmirçizadə - 100

 

Unudulmaz müəllim

 

Biz onu beləcə görmüşdük. Asta-asta daxil olar, sakit-sakit sözə başlardı... Gəlişi ilə ayağa durardıq. Bu ehtiramı özü qazanmış-dı; geniş qəlbi, təmkin və iradəsi, hüdudsuz biliyi ilə...

Böyük auditoriyada hər kəs öz qəlbindən keçənlərə cavab alsın deyə, tapşırardı ki, sualları yazıb xitabət kürsüsünün üstünə qoyaq. Gənc qəlblərdən qopan suallara bir-bir cavab verməmiş, mühazirəni davam etdirməzdi. Dəlillərinin tutarı və məntiqi güclü idi, ona görə də mübahisəni davam etdirməyə ehtiyac olmazdı.

50 il əvvəl bizim nəsil onun auditoriyasına daxil olanda əlli yaşına 3-4 il qalırdı. Lakin gümüşü saçlar, təbəssüm dolu xırda göz-lər, nurlu və mehriban çöhrə, geniş alın, mil-mil araqçın, asta yeriş o vaxtdan beynimizə həkk olub. Düz əlli il Pedaqoji İnstitutun koridor-ları ilə addımlamış, auditoriyalarda nəsil-nəsil tələbələrə ana dilinin sirlərindən söhbət açmışdır. İllərlə ayaq döydüyü pillələr onun ömür pillələri ilə qovuşmuşdu. Söhbətləri bəzən dilin müasir sərhədləri ilə məhdudlaşar, bəzən üç min il keçmişə yol açardı.

O söhbətlər, o geyim, o yeriş, o mehriban sifət hamıya tanış idi. Min adamın arasında seçilərdi professor Dəmirçizadə!

Bəzən üzündə bir utancaqlıq sezilərdi. Lakin sözə başlayanda, elə bil, ilhama gələrdi ustad.

Bu ilham onda gənclikdən vardı, gənclik illərinin yadigarı idi. Amma bizə elə gələrdi ki, o heç gənc olmayıb. Dünyaya elə bu cür - bu müdrik görkəmdə, sənətinin kamil bilicisi, həqiqi professor kimi gəlib. Lakin ömür kitabını vərəqlədikcə, uşaqlıq illərindən başlayaraq, onun şöhrətinin mayasını şərəfli əməkdə, zəhmətlə istedadın vəhdətində görürük.

70 yaşına iki aydan az qalmışdı, lakin zəhmətdən yorulduğunu görməmişdik. Nəslən də zəhmətkeş idi - dəmirçi ailəsində doğulmuşdu. Əsl familiyası Rəsulov idi, atasının sənət adını özünə familiya götürmüşdü - müəllimi məşhur Çobanzadə kimi.

O, əslən dil tarixçisi idi. Qədim və çətin yazıları onun qədər sürətlə oxuyub təhlil etmək, dəqiq nəticələr çıxarmaq cəmiyyətdə nadir hallarda özünü göstərən xoşbəxt təsadüflərdəndir. Əgər diqqətini təkcə dil tarixinə versə idi, onun gördüyü işi bir kollektiv uzun müddət görə bilməzdi. Lakin o, çoxşaxəli, çoxbudaqlı bir yaradıcılıq yolu keçmişdir. Şeirlər, hekayələr, tənqidi məqalələr və bədii oçerklər müəllifi kimi yaradıcılığa başlamış, görkəmli dilçi alim kimi Azərbaycan mədəniyyəti tarixində özünü əbədiləşdirmişdir.

Əsl çoxşaxəlilik onun dilşünaslıq yaradıcılığına məxsusdur. O, Azərbaycan dilçiliyinin yalnız bir sahəsi ilə deyil, əksər sahələri ilə məşğul olmuşdur. Həm də xoşbəxt taleyi bununla şərtlənir ki, bu sahələrin sadəcə tədqiqatçısı olmamış, bünövrə daşını, möhkəm özülünü öz əlilə qoymuşdur. Ədəbi dil tarixi, tarixi qrammatika, etimologiya, orfoepiya, fonetika, sintaksis və s. sahələrə dair ilk sanballı və tutarlı əsərlər onun qələmindən çıxmışdır.

Müasir Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində xidmətləri böyükdür. 1929-cu ildə yazdığı "Hamınız yeni əlifba ilə savadlanınız" adlı məqaləsindən başlayaraq, ömrünün sonuna qədər müasir ədəbi dilimizin müxtəlif problemləri ardıcıl olaraq onun düşüncəsinə hakim olmuşdur. Əlifba, orfoqrafiya, ədəbi tələffüz, leksikologiya, fonetika, morfologiya, sintaksis məsələlərinin elmi müzakirələrində mərkəzi mövqe tutmuşdur.

Son 20-30 ildə "Müasir Azərbaycan dili" fənnindən dərs deməsə də, çətin, mürəkkəb və mübahisəli dil faktlarını elə həssaslıqla izah edərdi ki, bu sahənin incə məsələlərinə necə dərindən bələd olduğuna heyran qalmamaq olmazdı.

Professorun 40-cı illər yaradıcılığı son dərəcə zəngin və əhatəli olmuşdur.

Bu illərdə o elə məqalələr yazmışdır ki, bunlar onun gələcək işinin proqramını təşkil etmişdir; elə əsərlər yaratmışdır ki, sonrakı dövrlərdə onları yalnız təkmilləşdirməli olmuşdur; elə əsərlər çap etdirmişdir ki, bunlar onun əsas qənaətini bildirmiş, həmin sahələrin sonrakı inkişafını başqalarının ixtiyarına buraxmışdır.

Faktlara diqqət yetirək.

"Azərbaycan ədəbi tələffüzünün əsasları" adlı ilk məqaləni o yazmış (1944), 60-cı illərdə bu sahədəki tədqiqatını dərinləşdirərək "Azərbaycan dili orfoepiyasının əsasları" (1969) kitabını çap etdirmişdir.

Azərbaycan dili fonetik sisteminin tədqiqinə həsr olunmuş ilk böyük məqaləni o yazmış (1947) və sonralar təkmilləşdirmək və zənginləşdirmək yolu ilə onu qiymətli bir monoqrafiyaya çevirmişdir: "Müasir Azərbaycan dilinin fonetikası" (1960). Məlumdur ki, bu əsər Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş dörd cildlik "Müasir Azərbaycan dili" dərsliyinin birinci cildidir. "Tədqiqlər"də orfoqrafiyaya aid verdiyi qeydləri təkmilləşdirərək bu dərsliyin xüsusi fəslinə çevirmişdir.

"Sifət" bəhsinə dair ilk orijinal əsəri o yazmış (1947), sonralar təkmilləşdirmişdir (1961).

Hələ 1940-cı ildə "Qrammatikada formalizm qalıqları əleyhinə", "Sintaksisi elmi əsaslar üzərində qurmalı" məqalələri ilə çıxış edən Dəmirçizadə 40-cı illərin sonlarında dalbadal "Qovuşuq cümlələr" (1947), "Mürəkkəb cümlələr" (I məqalə 1947, II -1948), "... sadə cümlələr" (1950), "Kratkaya qrammatika sovremennoqo azerbaydjanskoqo yazıka" (1950) məqalələrini, "Müasir Azərbaycan dili (cümlə üzvləri)" (1947) kitabını yazıb çap etdirmişdir.

Unutmaq olmaz ki, bunlar onun yaradıcılığının bir sahəsidir; ən böyük əsərini həmin illərdə dil tarixinə həsr etmiş və "Azərbaycan dilinin tarixi" (1944) adlı çox qiymətli əsərini yazmışdır. Bu əsərdə o,Azərbaycan dilini dəqiq faktlarla midiyalıların dili ilə əlaqələndirir və dövrün görkəmli ziyalıları onun bu sahədəki uğurlarını yüksək qiymətləndirirdilər. Təkcə onu qeyd etmək kifayətdir ki, sonralar Vatikan nüsxəsini də nəzərdən keçirməklə qiymətli bir kitaba çevirdiyi "Kitabi-Dədə Qorqud" dastanlarının dili" bu əsərin bir fəsli idi.

Bu illərdə onun yaradıcılığında dərin tədqiqatçılıqla yanaşı, böyük cəsarət duyulur. Professor çox böyük enerji ilə Azərbaycan dilinə məxsus qanunauyğunluqların kəşfinə başlayır. Həm də aydın duyulan cəhət budur ki, o, başqa dillərin qaydalarına əsaslanmır, dilin öz xüsusiyyətlərindən çıxış edir, yalnız dil faktlarına əsaslanmağa çalışır. Tədqiqlərindən aydın görünən bu cəhətə özü də arabir işarələr etmişdir. Cümlə üzvləri haqqında kitabında yazır:

"... biz imkan daxilində cümlə quruluşuna tarixilik əsasında yanaşdıq. Dilimizin bugünkü inkişaf pilləsinin və bu pillədəki xüsusiyyətlərini Azəri dilinin özünməxsus bir qanuniyyət əsasında tədqiq etdik. Buna görə də bizim tədqiqatımız nəticəsində bəzi dillərin nəhvindən fərqlənən məxsusi qayda və xüsusiyyətlər meydana çıxdı. Bu fərqli cəhətlər oxucuları şübhəyə salmamalıdır. Çünki bunların hamısı dilin öz daxili xüsusiyyətləridir."

Onun yazılarında: "... bu üzvlərə "çevrilmiş üzv" adı verməyi daha münasib bildik" (19); "Biz belə üzvləri xüsusiləşmiş üzv adlan-dırırıq" və s. tipli qeydlər çoxdur. Bu illərdə onun üslubu bu cür formalaşır. Məsələnin ümumi həllində tutduğu mövqeyi demirik.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonrakı dövrdə, xüsusən son 30 il müddətində dilimizin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşunun hərtərəfli tədqiqi əsasında qiymətli elmi əsərlər, namizədlik və doktorluq dissertasiyaları, dəyərli monoqrafiyalar yaranmışdır. O, özü Azərbaycan dilçiliyini "inqilab meyvəsi" adlandırırdı. Qısa müddətdə əldə edilmiş nailiyyətləri ədəbi dilimizin minillik tarixinin heç bir dövrü ilə müqayisə etmək olmaz. Dilimizin tarixinin, müasir dilin quruluşunun, dialekt və şivələrimizin öyrənilməsi, ali məktəblər üçün ilk dərsliklərin yaradılması, həcmli qiymətli tədqiqat əsərləri bizim dövrün nailiyyətləridir. Ə.Dəmirçi-zadənin "Müasir Azərbaycan dilinin fonetikası" kitabı bu nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir.

Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyin-dən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir.

Onun 1969-cu ildə çap etdirdiyi "Azərbaycan dili orfoepiyasının əsasları" kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır.

Ə. Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və baca-rığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elminəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz "həştad" dedikcə o bizi "səksən"ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. "Dilin lüğət tərkibi haqqında... "(1952), "Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu" (1965), "Azərbaycan dilinin üslubiyyatı" (1962) adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların hər birinin ümumi zəruri və xususi xarakter əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq mümkündür.

O, dilin qrammatik quruluşu - morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem - morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir.

Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır. İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir.

Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: "Müasir Azərbaycan dilində sadə cümlələr" (1950), "Qovuşuq cümlələr" (1947), "Azərbaycan dilində uzlaşma" (1950), "Mübtədanın sualları haqqında"(1955), "Mürəkkəb cümlələr" (1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. "Müasir Azərbaycan dili (cümlə üzvləri)" (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. "Qovuşuq cümlələr" adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir.

Ə.Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tama-milə yenidir, bəzi budaq cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir.

Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi apardığı monumental "Azərbaycan ədəbi dili tarixi" (1979) kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsin-də ən qiymətli bir kitab olub, bütün türk xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər. Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki sahəni obyektiv şəkildə işıqlandıra bilmişdir. Onun dilimizin tarixi ilə bağlı fikirləri daim yeni faktlarla özünü doğrultmaqda və yalançı müddəaları təkzib etməkdədir.

 

* * *

Professorun şəxsiyyətinə və əsərlərinə nəzər saldıqda belə bir təsəvvür yaranır ki, elə bil, Azərbaycan dili onun şəxsində öz böyük tədqiqatçısını gözləyirmiş və elə bil, professor Dəmirçizadə bunu duymuş, bu duyğu ilə hər tərəfə qol-qanad açmış, onun ilkin ehtiyaclarını öz zəhmət və istedadı, yuxusuz gecələri hesabına ödəməyi özünə borc bilmişdir.

İndi o yoxdur, lakin qiymətli əsərləri əlimizdə, məhəbbəti qəlbimizdədir.

Kafedrası ilə əbədi vidalaşmazdan üç gün əvvəl yanaşı oturmuşduq. Elmi işlərin müzakirəsi idi. Stolunun siyirməsini azacıq geri çəkib onun qələmini götürdüm. Lakin qələm yazmadı, yerinə qoydum. Bir qədər sonra yana çevrildikdə heyrətləndim: o həmin qələm-lə bütöv bir səhifəni doldurmaq üzrə idi. İclasın gedişi, məruzələrin keyfiyyəti barədə qeydlər edirdi. Mən bir anlıq diqqətlə baxdım: onun qələmi vərəq üzərində yerin tərkinə işləyən kotan kimi dərin şırımlar açmışdı. Bu yazını heç cür pozmaq olmazdı. Onun yazısı sənətkar dəmirçi əməyinin məhsulu olan əbədi abidələr kimi idi, pozulmazdı...

- Professor, - dedim, mən nə qədər çalışdımsa bu qələmlə heç nə yaza bilmədim. Siz necə yazdınız?

Bir an üzümə baxıb gülümsədi və təbəssümlə dedi:

- Baxır kimin əlindədir...

Düşündüm ki, doğru deyir. Bu qələmlə hər kəs yaza bilməzdi. Bu qələmin öz sahibi vardı. Onun sahibi bizim əziz professor idi - Dəmirçizadə!

 

 

Qəzənfər Kazımov

 

Ədəbiyyat qəzeti.-2009.-3 iyul.-S.3.