Rusiyada
Azərbaycan Mədəniyyəti günləri
Moskvada
və Kazan şəhərində keçiriləcək Azərbaycan
Mədəniyyəti günlərində ölkəmizi mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik
etdiyi 80 nəfərlik nümayəndə heyəti təmsil
edir. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki,
tədbirlərin iyulun 2-dək Moskvada, 2-dən 5-dək isə
Kazanda keçirilməsi nəzərdə tutulmuşdur. Proqrama
Moskvada Tahir Məmmədovun, Kazanda Fərid Hayrulinin fotosərgiləri,
Uşaq-Gənclər Simfonik Orkestrinin və Bakı Xoreoqrafiya
Məktəbinin rəqs qrupunun konsertləri daxildir.
İyunun
30-da Moskvada İttifaqlar Evinin Sütunlu zalında Azərbaycan
Mədəniyyəti günlərinin açılış mərasimi
keçirilmişdir. Rusiyanın mədəniyyət nazirinin
müavini Aleksandr Qolutva iki ölkə arasında bütün
sahələrdə, o cümlədən mədəniyyət
sahəsində əlaqələrin inkişafında
böyük nailiyyətləri vurğulamışdır. O,
demişdir ki, Azərbaycanın Uşaq–Gənclər Simfonik
Orkestrinin Moskvanın böyük zalında konsert verməsi
mövcud münasibətlərin göstəricilərindəndir.
Azərbaycan mədəniyyətini və incəsənətini
çox sevdiklərini vurğulayan nazir müavini əlamətdar
hadisə münasibətilə iştirakçıları təbrik
etmişdir.
Nazir
Əbülfəs Qarayev Rusiya paytaxtının ən
böyük auditoriyalarının birində belə möhtəşəm
konsertə start verilməsini mədəniyyət sahəsində
mühüm hadisə kimi səciyyələndirmişdir. Azərbaycanda
Rusiya mədəniyyəti günlərinin uğurla
keçdiyini xatırladan nazir onu da bildirmişdir ki, Rusiya ilə
Azərbaycan xalqları arasında qarşılıqlı
etimad gələcək uğur və nailiyyətlərə
yol açır.
Dahi bəstəkar
Üzeyir Hacıbəyovun uvertürası ilə başlayan
konsertdə Uşaq-Gənclər Simfonik Orkestrinin ifasında
Qara Qarayevin, Fikrət Əmirovun,
Vaqif Mustafazadənin, Cahangir Cahangirovun və Niyazinin əsərləri
ilə yanaşı, Motsart, Brans, Ştraus və bir çox
dünya şöhrətli musiqiçilərin əsərləri
səsləndirilmişdir. Tamaşaçıların maraqla
izlədikləri proqramda muğam müsabiqəsinin qalibi Elməddin
İbrahimovun ifasında “Qarabağ şikəstəsi”,
Bakı Xoreoqrafiya Məktəbinin yetirmələrinin
çıxışları uzun sürən alqışlarla
müşayiət olunmuşdur.
Azərbaycan
Mədəniyyəti günləri iyulun 2-də Kazan şəhərində
davam etdirilmişdir.
Ədəbiyyat qəzeti.-2009.-3
iyul.-S.2.