Rusiya alimi Rudolf İvanov “Dostluq” ordeni
ilə təltif edildi
Rusiya tədqiqatçısı, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, professor Rudolf Nikolayeviç İvanov neçənci dəfədir ki, ölkəmizin qonağıdır. Rudolf İvanovun Bakıya budəfəki səfəri isə onun üçün xoş hadisə ilə üst-üstə düşmüşdür. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rudolf Nikolayeviç İvanov “Dostluq” ordeni ilə təltif edilmişdir. Sərəncamda bildirilmişdir ki, alim Azərbaycan Respublikası və Rusiya federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə yüksək mükafata layiq görülmüşdür.
Rudolf İvanov Azərbaycanda tanınmış insandır. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, Rudolf İvanovun yazdığı 30 kitab arasında bizim qədim diyarımıza, xüsusilə Qafqazın qəhrəman şəxsiyyətlərinə həsr olunmuş əsərlər görkəmli yer tutur. Onlardan biri də Rusiya aliminin çoxillik tədqiqatının qəhrəmanı, şöhrətli həmvətənimiz general Hüseynxan Naxçıvanskidir. Bir neçə il əvvəl Bakıda R.İvanovun “Əlahəzrətin General-Yavəri” tarixi monoqrafiyasının təqdimatı olmuşdur. Əsərdə kornetdən general rütbəsinə qədər yüksəlmiş və Əlahəzrət İmperatorun General-Yavəri yüksək adına layiq görülmüş Azərbaycan xalqının görkəmli oğlunun hərbi və döyüş yolundan bəhs edilir.
Rudolf Nikolayeviç etiraf edir ki, Azərbaycanı və Azərbaycan xalqını sevir. Bir vaxtlar Bakı Hərbi Dəniz Məktəbində həyata, gələcəyə vəsiqə alması ilə fəxr edir. Yəqin ki, elə buna görə hər dəfə gəncliyinin şəhərinə, bütün qəlbi ilə bağlı olduğu ölkəyə gəlişinə sevinir. Rudolf İvanov ona tədqiqat işində daim kömək göstərməyə hazır olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və ona dəstək olanların hamısına hədsiz dərəcədə minnətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onu yüksək mükafatla – “Dostluq” ordeni ilə təltif etməsini Rudolf İvanov böyük minnətdarlıq hissi ilə qarşılamışdır.
Ədəbiyyat qəzeti.-2009.-3 iyul.-S.2.