Zərif duyğular şairi

 

Anadolu aşıq məktəbinin son magikanlarından olan Veysəl Şatıroğlu 1894-cü il Sivasın Sivirlan kəndində dünyaya gəlib.

Veysəl yeddi yaşa girəndə Sivasda çiçək xəstəliyi yayılır və xəstəlik onu da yaxalayır. Sol gözünü itirir, sağ gözünə isə pərdə gəlir. Bir təsadüf üzündən Veysəlin azacıq da olsa görən gözünə atasının əlindəki budaq parçası girir və dünya işığından tamam məhrum olur. Bundan sonra bacısı əlindən tutub gəzdirir. Get-gedə özünə qapanan Veysəl öz halını belə təsvir edir:

 

Veysələm, dünyaya mən niyə gəldim,

Elə hey ağladım, nə zaman güldüm?!

Qəlbə təsəllimi özümdə buldum,

Öz səbrimlə təskin etdim özümü.

 

Veysəli iztirablardan qurtarmağa çalışan atası Əhməd Yunus İmrə, Pir Sultan Abdal, Qaracaoğlan, Əmrah, Dadaloğlu kimi ozanların şeirlərini oğluna öyrədir və dərdini azca da olsa unudacağı ümidi ilə ona bir saz alır. Kiçik yaşlarından Veysəli saz çalmağa, söz qoşmağa həvəsləndirir. Saz onun sevincinin, kədərinin, məhəbbət və iztirablarının tərcümanı olur.

Aşıq Veysəlin həyatında ikinci dəyişiklik səfərbərliklə başlayır. Veysəlin dostları cəbhəyə gedir.

 

Olaydım cəbhədə qəhrəman əsgər,

Yarıyaydım məmləkətin işinə

Qəlbimdə layla tək oyanan hisslər

Ucaldırdı məni hüdud dışına.

 

Bizi bu gün üçün bəsləmiş vətən,

Keşkə mən bu yolda olaydım qurban!

Çəkilib qarşıma çıxınca düşmən,

Süngü vursa idim düşmən döşünə.

 

İftixar etdiyim böyük muradım,

Türk oğluyam, təmiz türkdür əcdadım.

Şəhid kimi yazılsaydı soyadım -

Qanım ilə məzarımın daşına.

 

Veysəli valideynləri Əsma adlı bir qızla evləndirir. Əsmadan iki övladı olur. Oğlu körpəykən dünyasını dəyişir.

Veysəlin acıları bununla bitmir, valideynlərini itirir. Bu azmış kimi, dərdinin üzərinə bir dərd gəlir. Həyat yoldaşı altı aylıq körpəsini Veysəli qoyub qaçır. Dərd çəkməyə doğulmuş Veysəl qızını iki il qucağında gəzdirir. Təəssüflər ki, onu da itirir.

 

Zalım fələk məni qəmlə doyurdu,

Dost-aşnadan, nazlı yardan ayırdı.

Gizli sirrim məmləkətə duyurdu,

Sanki mənim bir etdiyim var kimi.

 

Veysəl ikinci dəfə evlənir. İki oğlu, bir qızı olur.

Aşıq Anadolunu kənd-kənd dolaşıb, şeirlərini sazla süsləyir.

Türkülərində həyat eşqi ilə yanaşı kədər, qüssə, qəm, ümidsizlik könülləri kövrəldir.

 

Mən gedəcəm, sazım, sən qal dünyada,

Gizli sirlərimi aşikar etmə!

Lal olsun dillərin, söyləmə yada,

Qərib bülbül kimi ahu-zar etmə!

 

O, sənətdə sözünü dedi. Aşıq ifaçılığına yeni nəfəs, yeni ruh gətirdi. Sevilib-seçilib əsl xalq aşığı oldu.

1944-cü ildə "Deyişmələr", 1950-ci ildə "Sazımdan səslər", 1970-ci ildə "Dostlar məni xatırlasın" kitabları işıq üzü gördü. Ölümündən sonra bütün şeirləri təkrar-təkrar nəşr olunur. Deyirlər ki, aşıq gördüyünü çağırar. Aşıq gərək el-obanı qarış-qarış, addım-addım gəzsin, təbiət gözəlliklərini, gözəlləri vəsf etsin. Aşıq Veysəl isə gördüyünü yox, duyduğunu, hiss etdiyini tərənnüm etdi, vəsf etdi.

 

Mən gedərəm, adım qalar:

Dostlar məni xatırlasın.

Düyün olar, bayram gələr,

Dostlar məni xatırlasın.

 

1973-cü ildə Aşıq Veysəl indi muzeyə çevrilən evində dünyasını dəyişdi. İztirablarını, ağrı acılarını yaşaya-yaşaya sehrkar tellərdə səsləndirən Aşıq Veysəl yanğılı səsi ilə ürəklərdə qaldı. Həmişə xatırlanıb, xatırlanır, xatırlanacaq.

 

 

Sevinc İbrahimqızı

 

Ədəbiyyat qəzeti.-2009.-3 iyul.-S.5.