Anna Axmatova
***
Onun əllərini bəzər
üzüklər,
necə qız qəlbini üzər üzüklər.
Arzulayan - opal, sevinən - almaz,
o qəşəng, qırmızı
yaqutdan olmaz.
Üzüyüm olmayıb mənim
əzəldən,
olsa da, bərk saxlar,
verməzdim əldən.
O, yuxuda mənə Ay şüasından,
üzük bəxş edərkən yalvardı yaman:
"Saxla bu bəxşişi,
arzuyla yaşa!"
Üzüyü heç kəsə vermərəm, haşa!
1907
O sevirdi…
O, üç şeyi sevirdi dünyada:
Şam yeməyi arxasında zümzüməni,
bəyaz tovuz quşlarını,
bir də Amerikanın
silinmiş xəritələrini.
Üç şeyi sevmirdi:
Uşaqların ağlamağını,
moruqlu çayı,
bir də qadın isterikasını.
…Mən onun arvadı idim.
1910
***
Saatlarda yaşayan,-
qəmgin qu quşuyam.
Həsəd aparmıram, şən
meşə quşlarına mən.
Qururlar - oxuyuram…
Ərz eyləyə bilərəm;
Bu qisməti düşmənə
arzulaya bilərəm.
1911
Bəyaz gecədə
Ah, bağlamadım qapını,
şamları da yandırmadım.
Yorğun olsam da, oyağam,
yatağa yaxın durmadım.
Görürəm, gün qürub edir,
meşəliyə düşür axşam.
Səsinə oxşar səslərdən
Bilsəydin, necə sərxoşam.
Bilsəm belə, hər şey bitdi,
Həyat - cəhənnəmdir həmən.
İnanıram, əminəm ki,
qayıdacaq, dönəcəksən.
1911
Son görüş nəğməsi
Həmdəmsiz, hayansız soyudu sinəm,
addımımı yüngül atırdım hələ.
Demə, sol əlimin əlcəyini mən
çaşıb geyinmişəm səhvən sağ ələ.
Bilmirdim bəxtin çox pillələri var,
xəbərdar olmuşam yalnız üçündən.
Payız pıçıltılı ağcaqayınlar…
Onun yalvarışı: "Mənimlə öl, sən!
Qəmli taleyimə aldandım yaman,
o, həm qəddar imiş, həm də dəyişən".
Cavab verdim: "İnan, əzizim, inan!
Səninlə birlikdə öləcəyəm mən…"
Son görüş nəğməsi sədalanırdı,
baxdım o qaranlıq, müdhiş mənzilə.
Yataq otağında şamlar yanırdı,
etinasız - sarı şöləsi ilə.
1911
***
Qapı yarıaçıq… Ev
Cökə ətriylə dolub.
Masanın üstdə qamçı
və əlcək unudulub.
Sarı nur saçır çıraq…
Diqqət kəsilmişəm mən.
Başa düşə bilmirəm,
sən çıxıb getdin nədən?
Həm aydın, həm fərəhli
açılacaq bu səhər.
Həyat gözəldir, könül,
müdrik olmağa dəyər.
Aha, lap yorulmusan,
döyünürsən birtəhər.
Bilirsən, oxudum ki,
Heç vaxt ölmür ürəklər.
1911
Yuxusuzluq
Hardasa pişiklər miyoldaşırlar,
uzaqdan duyuram addım səsini.
Yaxşı layla çalan sözlərin ki var,
üç aydır eyləyib yuxumdan məni.
Yuxusuzluq! Dostu atmayan gözəl,
bezmirəm
o
Nədir, ipə-sapa yatmayan gözəl,
sənə pismi nəğmə oxuyuram mən?
Pəncərəmin bəyaz pərdəsi təmiz,
mavi bir toranlıq axır pərdədən.
Uzaqdan xəbərmi gözləyirik biz,
Səninlə təskinlik tapıram nədən?
1912
***
Mən nə gec, nə də tez doğuldum Əziz,
xoş gündə dünyaya gətirdim pənah.
Amma ürəyimə hiyləsiz, təmiz
yaşamaq qisməti vermədi Allah.
Niyə qaranlıqdır qonaq otağı,
səbəbini könül dostlarım anlar.
Gecə ötən qəmgin quşlar sayağı,
olmayan sevgidən oxuyur onlar.
1913
***
Xırıltılı qarmonun kaş ki gələydi dilə,
çastuşkalar ötəydim coşub belədən-belə.
Sarmaşıb, yulaflığa keçəydik gecə çağı,
cod, sıx hörüklərimin düşüb itəydi bağı.
Yürgək qollarım üstə körpəni götürəydim,
Dilənib-dolanaydım, evə pul gətirəydim.
Qəbristana gedəydim, dua edəydim sənə,
baxaydım o ilahi, məsum ağ yasəmənə.
1914
Bəyaz gecə
Ağappaq, bəmbəyaz boyanıbdı göy,
qranit, daş kömür kimidir torpaq.
Arıqlayıb, sınıb, sınıxıbdı Ay,
daha heç nə gözə görünməz parlaq.
Çılğın, xırıltılı, cod qadın səsi…
Oxumur - çığırır, qışqırır elə.
Mənə yaxın qara qovaq kölgəsi…
Budaqda tərpənmir bir yarpaq belə.
Məgər onunçünmü öpdüm, sevərək
çəkdiyim cəfanı hədər sayım mən.
İndi də sakitcə, yorğun, tənha, tək,
səni ikrah ilə xatırlayım mən.
1914
***
Küləkdən, şiddətli şaxtadan sonra
odda qızınmağın öz ləzzəti var.
O qədər isnişdik, qarışdı ara,
orda ürəyimi oğurladılar.
Yeni il şənliyi uzanıb gedir,
bayram güllərinin gövdələri nəm.
Kim isə qənimət qazanıb gedir,
çırpınmır, döyünmür, səslənmir sinəm.
Oğrunu tapmağın nəyi çətindi,
tanıdım, tanıtdı onu, - gözləri.
Elə qorxuram ki, indicə, indi,
özü qismətini qaytara geri.
1914
***
Cənnətin bəyaz, ağ astanasında
qanrılıb qışqırdı: "Gözləyəcəyəm!"
Mənə vəsiyyəti bu oldu sonda: -
Dilənsən də əl tut, izləyəcəyəm.
Ağ qanadlarını şaqqıldadaraq
görür, göy durulub aydınlaşanda.
Loxmamı da necə sevinc dadaraq, -
bölürəm, kimsə əl, ağız açanda.
Toqquşmadan sonra olduğu kimi,
bulud
qan gölündə üzdüyü zaman.
O, eşidir dilə gələn sevgimi,
həm də xəbər tutur dualarımdan.
1921
Tərcümə
edəni: Məmməd
ALİM
Ədəbiyyat qəzet.-2009.-3
iyul.-S.3.