Qu quşunun nəğmələri

 

Saat - vaxt, zaman ölçüsüdür. Hansı ictimai quruluşa aid olur-olsun, saatın, yəni vaxtın, zamanın özü yaradıcı insan üçün qəfəsə, məhbəsə çevrilə bilər. Anna Axmatovanın (1889-1966) əzablı, məhrumiyyətli, məşəqqətli həyatının böyük bir hissəsini zəbt etmiş sovet dövrü məkana zamana sığmayan şair yaşamının uzun, üzüntülü vaxt çərçivəsi idi. İstedad, hünər isə bütün çərçivə sədləri yarıb, qəlibləri sındırıb çıxmağı bacarmaqdır.

A.Axmatova bədbəxt taleli bir insan idi. 1921-ci ildə böyük şair A.Blokun vəfatı onu bərk sarsıtmışdı. Elə həmin il keçmiş əri, şair N.Qumilyovu əksinqilabçı kimi ittiham edib güllələmişdilər. Sonralar dahi tarixçi-filosof olan oğlu L.Qumilyovu gənc yaşlarında - 1935-ci ildə həbs etmişdilər. Oğlu ilə görüş üçün 17 ay həbsxana qapılarında növbələrdə dayanan A.Axmatova özü bir çoxları kimi, hər gün azadlıqdan məhrum edilmək vahiməsini yaşayırdı.

Şərqşünaslığın incilərindən sayılan əsərlərin müəllifi L.Qumilyovun "Etnogenez Yerin biomühiti" monoqrafiyasında görüşüncə sadə, mahiyyətcə dərin, aforizmə çevrilən fəlsəfi bir fikri var: "Biz yaşadığımız dövrü tanımırıq". Belə bir sual doğur: - A.Axmatova dövrünü tanıyırdımı? Hər halda, necə tanıyırdısa, eləcə yazırdı. Bəs dövrü, zamanı necə, şairini tanıyırdımı?! O da necə tanıyırdısa, məngənəsində eləcə sıxırdı.

Türk əsilli böyük rus şairi, XX əsr dünya poeziyasının seçilən nümayəndəsi Anna Axmatova hələ Oktyabr inqilabından əvvəl - 1911-ci ildə yazdığı kiçik bir şerində "Saatlarda yaşayan qəmgin qu quşuyam" - deyirdi. Saat-qəfəsdə, zaman-məhbəsdə məhkum qu quşu kimi ölməz azadlıq nəğmələrini oxuyan A.Axmatovanın poeziyasından tərcümələrimi neçə illərdir ki, mətbuatda əziz oxucularıma ünvanlayıram.

Azadlıq nəğmələri, lirik zümzümələri dildən-dilə qonan "qu quşu" - Anna Axmatova şeirləri ilə nəyi təlqin edir? Sən demə, saat, vaxt, zaman çərçivəsində, nəfəs, məhbəs şəraitində oxumaq, könül nəğmələrini dilə gətirmək mümkündür. Təki oxumağa səsin, deməyə, sözün olsun. Bu gözəl şairin lirikasından təzə tərcümələrim sevimli "Ədəbiyyat qəzeti"nin poeziyasevərlərinə növbəti ərməğanımdır.

 

 

Ədəbiyyat qəzeti.-2009.-3 iyul.-S.3.