Hekayə
Yaxşılığın əvəzi
O axşam xalasıgildə Nazimin başı xalası uşaqları ilə elə qarışmışdı ki, küçədə başlayan şirəvaran yağışdan heç kəs xəbər tutmadı. Nənəsi Xədicə həyətin o başındakı təndirxanadan evə qayıtdıqda çim suyun içində idi.
- Heç bilirsiniz, bayırda necə yağış başlayıb, ucundan tut, qalx göyə?
Nazim nənəsinin sözlərindən qorxuya düşdü:
- Vay, mən evimizə necə gedəcəyəm, əynimdə də namnazik bir köynəkdir. Xalası onu sakitləşdirdi:
- Eybi yoxdur, uşaqlardan birinin paltarını verərəm geyərsən. İstəsən gecəni bizdə qal, səhərədək hər halda kəsəcək. Qaydadır, yay ayının yağışı az yağar, güclü yağar.
- Hə, hə, anam düz deyir, bizdə qalarsan. Xala nigaran qalmasın deyə telefonla zəng edib ona deyərik.
- Yox, mən gedəcəyəm, - deyə Nazim israr edirdi. - Sabaha dərslərimi hazırlamamışam. Ədəbiyyat müəllimimiz də təzədir, çox qəddar adama oxşayır. Onlar bu barədə müzakirə etdikləri zaman yağış qəfildən kəsdi. Buna baxmayaraq xalası kiçik oğlunun pencəyini güclə də olsa ona geydirə bildi.
Evlərinə üç tin qalmış yağış təzədən başladı, nə başladı. Nazim qaçmağa məcbur oldu. Bu zaman hardansa it zingiltisi eşidildi. Nazim əvvəlcə ona fikir vermədi. Ancaq itin zingiltisi ona körpə bir uşağın ağlamasını xatırlatdı. Ürəyinə sanki od düşdü. Zingilti gələn tərəfə yüyürdü. Nə görsə yaxşıdır? Avçarka balasına oxşar kiçik bir it yağışın altında çim suya batmışdı. Onun qəşəng kiçik, yumru gözlərindən yağış damcıları göz yaşı kimi süzülürdü. Onu bacardı ki, navalçanın yanında söykənib oturmuş küçüyü qamarlayıb sinəsinə basdı. Küçük buz parçası kimi soyuq idi. Bütün bədəni tir-tir əsirdi.
Can-can, - deyən Nazimin dodaqları arasından titrək səsi eşidildi. Küçüyü xalası oğlunun pəncəyi üstünə elə sıxdı ki, küçük elə bil öz təşəkkürünü bildirdi. Su gölməçələrinin üstündən sürətlə atıla-atıla özünü evə çatdırmağa çalışdı. Küçük zingiltisini kəssə də, bədəninin titrəyişi hələ də davam edirdi.
- Vay, gör necə islanmısan, - deyə anası səsləndi. - Bəs o qucağındakı nədir?
Nazim pencəyinin ətəklərini araladı. Anası qaraca küçüyü görən kimi əllərini çırpdı.
- Vay, vay. Başdan-ayağa murdar olmusan. Tulla yerə, üst-başıvı yaxşıca çırp. Murdar it balasını da adam belə ürəyinin başına çıxardar? Murdarın biri murdar! Uşağın pencəyini də murdarlamısan.
- O murdar deyil, yağışın suyu onu yaxşıca yuyub.
- Bunu onlara demək ayıbdır. Mən pencəyi yaxşıca yuyub verərəm. Özü də gir hamamda çim.
Nazim anasının dediyi kimi etdi. Küçüyü köhnə bir dəsmala büküb, çarpayısının altına qoydu. Özü də rahat yuxuya getdi. Lakin gecənin bir yarısı əli buz kimi soyuq bir şeyə toxundu. Məlum oldu ki, küçük gecənin bir yarısı oyanıb, yuxarı, - çarpayının üstünə qalxmış və Nazimin yorğanının bir küncündə qısılıb yatmışdır. Yaxşı ki, anası bundan xəbər tutmamışdı. Tez onu köhnə dəsmalın içinə büküb öz yerinə qoydu. Ancaq gecənin bir yarısı bədəninə nə isə dəydi. Küçük onun yorğanının altına qısılmışdı. Anası eşitməsin deyə səsini çıxarmadan onu yorğanın altında gizlətdi. Küçük də dil bilirmiş kimi, səsini çıxarmadan isti yorğanın altında şirin yuxuya getdi. Sübh tezdən oyanıb küçüyü xalata bürüyüb çarpayısının altına qoydu. Bu zaman itin səsini çıxarmadığına sevindi. Anasının hava tam işıqlananda oyanıb ona yaxınlaşdığını gördü. Tez gözlərini yumub, özünü yuxululuğa vurdu. Beləliklə, sübh yuxusuna getdi. Hava tamam açılandan sonra küçüyün də yuxuya getdiyini hiss edərək çox sevindi.
Anasının səsindən bir razılıq hiss etdi. O gülümsəyərək dedi:
- Gör bir necə şirin yuxudadır.
- Ana, yazıq gecənin çox yarısını sel kimi tökən yağışın altında keçirib, gəl bir isti otaqda da belə şirin yatmasın.
Anası otaqdan çıxdıqdan sonra Nazim onu qucağına götürüb yorğanın altında gizlətdi. O, xeyli müddət Nazimin əlini yalayandan sonra gözləri süzüldü və təzədən yuxuya getdi.
Beləliklə, anasından gizlin imkan olduğu zaman onu tumarlayırdı.
Baharın axırı idi. O, küçüyü artıq həmişəlik çarpayısının altında gizlətməyə alışdı. Küçük özü də artıq çarpayının altında yatmağı sevirdi. Sübhün gözü açılan kimi qalxır, Nazimi məktəbə yola salıb geri qayıdırdı.
Havalar isindikcə küçük günün çox vaxtını həyətdə düzəldilmiş talvarın altında keçirirdi. İndi o, ailəyə yaxın adamlarla yad adamları açıq-aydın seçir, gözünə azca yad görünən adamı görərkən hürür və bəzən onun üstünə atılırdı. Onun bu hərəkətləri anasının həm xoşuna gəlir, həm də qəzəbləndirirdi. Bir gün ailənin ən yaxın adamı - Badam adlı paltar yuyan qarını, çirkli paltarları boğça bağlayıb apararkən küçük çirkli paltarlardan yapışıb, hürə-hürə dartmağa başladı. Arvadın qışqırığına çatan anası ayağından başmağını çıxarıb onu qovdu. Beləliklə, o, həyətə tanımadığı adamı buraxmırdı. Küçüyün bu hərəkətləri anasını bərk əsəbiləşdirərdi. O, tanımadığı adamların tez köməyinə çatardı.
Bu hadisədən sonra anası artıq qərara gəldi ki, onu həyətdən çıxarsın. Həyət qapısı onun üzünə həmişəlik bağlandı. Küçük həyətə daxil ola bilməsə də, həyətdən uzağa gedə bilmirdi. Onu həmişə bağlı həyət qapısının ağzında görürdülər.
Bir gün qəribə bir hadisə oldu.
Anasının qədim, çox qədim bir xalçası vardı. Xalçadan başı çıxanlar deyirdilər ki, o xalça 17-ci əsrdə toxunulmuşdur. Buna görə də anası onu həmişə sandıqda saxlardı.
Xalçanın tərifi bütün qohum-qonşuya yayılmışdı. Havalar bərk isti keçdiyindən, anası xalçanı ara-sıra sandıqdan çıxarıb günə verirdi. Necə olmuşdusa bir nəfərin gözü xalçaya düşmüşdü. Çox gözlədikdən sonra bir gün fürsət tapıb onu oğurlayır. O, həyət qapısından çıxarkən ətrafda gəzişən küçük onu görür və dərhal arxasınca düşüb qovur. Oğru bir-neçə tin uzaqlaşa bilir, küçük isə onu ətəyindən tutub buraxmır. Aralarında savaş başlayır. Oğru yerdən tapdığı daş parçası ilə iti ayağından zədələyir, lakin özü aradan çıxa bilmir. Bu savaşı görən camaat köməyə çatır və oğru xalçadan əl çəkib, canını qurtarır. Polisə xəbər çatır.
Bu əhvalatdan sonra polis nəfərləri itin kimin olduğunu öyrənməyə başlayırlar. Nazim polisə çağrılır. Ayağı sarınmış it onu görən kimi sınmış ayağı ilə ona tərəf sürünür və zingildəyir. Nazim gözləri yaşarmış halda onu qucağına alıb tumarlayır. Polis idarəsində olanların hamısı kövrəlir. Nazim onları başa salır ki, nəinki it, hətta xalça da onlarındır. Və bütün əhvalatı axıradək onlara danışır.
Qılman İlkin
Ədəbiyyat qəzeti.-2009.-10
iyul.-S.8.