“Tariximizin heç bir nöqtəsini unutmaq olmaz”

 

Fasilədə Heydər Əliyev bir qrup şair və yazıçıyla söhbətləşir. O, Balaş Azəroğluya xitabən deyir:

Heydər Əliyev: - Sən deyəsən xəstəlikdən qorxursan? Amma xəstəlikdən qorxmaq lazım deyil. O vaxt Fikrət Qoca da, yadımdadı, gəldi Moskvada yanıma. Telefonla danışdıq və nə lazımdı elədik. Orada nə qədər qaldın, iki ay qaldın, yoxsa üç ay qaldın?

Fikrət Qoca: - Heç bir ay çəkmədi. Siz elə tələsdirmişdiniz ki, onlar bir aya müalicə etdi.

Heydər Əliyev: - Amma səninlə danışdıq… Sənin müalicən mənim xüsusi nəzarətim altındaydı. Orda həm səhiyyə naziri, həm də akademik Bloxin o işlərə baxırdı. Nəzarətim altında idin və əlimdən gələn nə idi elədik. On il keçib, ya doqquz ildi?..

Rəfiq Zəka: - Bu münasibətlə Fikrət müəllim Sizə gözəl bir şeir də yazdı, o şeir "Azərbaycan gəncləri"ndə çap edildi. Yazır ki, Heydər paşa, yüz il yaşa… şeir belə idi…

Heydər Əliyev: - Görməmişəm. Bəs o qəzeti niyə mənə verməmisiniz?

Fikrət Qoca: - Əziyyət vermək istəmədim.

Heydər Əliyev: - İş burasındadı ki, burada oturanların əksəriyyəti, bir dəfə də demişəm, mən altmış doqquz, yetmişinci illərdə işə başlayanda gənc nəsil hesab olunurdu. Anardı, Elçindi, bunlar hamısı gənc nəsil idi. O vaxtlar bir vardı yaşlı nəsil - Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov... Bir də var idi gənc nəsil - Qabil bunların ikisinin də ortasında idi. Nə o tərəfdə idi, nə bu tərəfdə.

O vaxt bunlar gənc nəsil idi.

Mən elə indi də bunlara gənc nəsil kimi baxıram. Burada nə söhbət aparırsınız belə, biri deyir qocadı, biri deyir, yox, qoca deyil…

Rəfiq Zəka: - Fikrəti çoxları rəhmətlik Səttar Bəhlulzadəyə bənzədirdi. Heydər müəllim, Səttar Sizin də xətrinizi çox istəyirdi. Bir dəfə Cahangir müəllim, Səttar, mən, bir də Fikrət oturub söhbətləşir, çay içirdik. Ertəsi gün bizə dedilər ki, bəs dünən Səttar Bəhlulzadə oğlu ilə buraya gəlmişdi. Təəccübləndim ki, axı Səttarın oğlu yoxdu. Sən demə Fikrəti Səttarın oğlu hesab eləyiblərmiş…

Anar: - Belə hallar çox olub. Yusif Səmədoğluna da bir nəfər deyib ki, televizorda qızınızın şeir deməsi çox xoşuma gəldi. Yusif təəccüblənib ki, hansı qızımı deyirsiniz. Cavab verib ki, Əminə Yusifqızını deyirəm.

Heydər Əliyev: - Bilirsiniz, indi bu yaş məsələsi deyirsiniz, birinin əlli beş yaşı var, birinin altmış yaşı var. İndi o zamankı kimi gənc nəsil var, yoxsa yoxdu?.. Bir fürsət tapıb onlarla da görüşmək istəyərdim. Mən sizinlə hər dəfə görüşməyə çox məmnunam və çox da sevinirəm, çünki bu şeir, ədəbiyyat, mədəniyyət hər bir insan üçün çox əziz bir şeydi. Mən də şeri, mədəniyyəti çox sevirəm. Ona görə də hər dəfə sizinlə görüşəndə mən böyük sevinc hissi keçirirəm. Ancaq istəyirəm ki, o biri nəsli də görəm. Sizdən sonrakı nəsillə görüşəm.

Qabil: - Bu çox yaxşı olardı…

Heydər Əliyev: - Anardan asılıdı də! Anar nə vaxt desə, mən belə bir görüşə hazıram. Ancaq qorxuram ki, yığışıb orada o qədər dərd-sərinizi deyəsiniz ki... Bizim onsuz da imkanlarımız elə də yaxşı deyil. Vəziyyət ağırdı. Bilirsiniz. Amma yenə də belə bir görüş üçün mən hazıram. Əgər siz təşəbbüs göstərsəniz, Anar belə bir müraciət etsə, görüşə bilərik… Yaxşı yadımdadı, 1991-ci il idi. Demək, Ali Sovetin sessiyası idi. Bir sessiya oldu fevralın beşində. Onda ki, mən açıq şəkildə öz sözlərimi dedim və mənim əleyhimə çıxışlar oldu. Rəhmətlik Bayram Bayramov da orada bir tarixi çıxış elədi, sonra Bəxtiyar Vahabzadə… Bunlar keçdi. Sonra mən istəyirdim qayıdam Naxçıvana. Dedilər ki, mart ayının yeddisində bir də sessiya olacaq. Maraqlandım ki, nə məsələdi, dedilər bu, Sovet İttifaqının saxlanması məsələsidir - saxlanacaq, ya saxlanmayacaq? Mən fikirləşdim ki, gedim Naxçıvana. O zaman Naxçıvana gedib-gəlmək çox çətin idi. Mən orada işləyəndə hava meydanını düzəltdirdim. "Tu-154" gedib-gəlirdi... O da bir dəfə gedirdi, bir dəfə getmirdi. Gedib-gəlmək çətin idi. Bir də fikirləşdim ki, gedərəm, birdən qayıdıb gələ bilmərəm. Qaldım burada. Qardaşım evində qalırdım, Elmira gəlmişdi oraya… Mart ayının yeddisində idi sessiya. SSRİ-nin saxlanması, ya saxlanmaması məsələsi idi. Yadınızdadı də, o vaxt mən çıxış elədim, dedim ki, bu SSRİ qalmamalıdı, dağılmalıdı. Sözümü, hər halda, dedim. Orada mənim əleyhimə danışanlar oldu. İki cərəyan var idi. Bir qismi məni müdafiə edənlər idi - əksəriyyət. Bir qismi də ki, hakimiyyətdə olanlar idi, onlar da deyirdilər Sovet hakimiyyətini saxlamaq lazımdır. Mənim yadımdadı, onlar məni günahlandırdılar ki, bəs, nə bilim, o vaxtlar kommunizmə xidmət edib, indi gəlib belə danışır. İndi mən o adamların adlarını çəkmək istəmirəm. Oturmuşdular məndən qabaqda. O zaman mən dedim ki, axı bu salondakılar arasında Sovet İttifaqına mənim qədər xidmət edən adam olmayıb. Məndən artıq Sovetlər İttifaqının möhkəmlənməsinə çalışan olmayıb. Ancaq mən bu gün deyirəm ki, Sovetlər İttifaqı bu gün dağılır və onun saxlanılmasına səs vermək olmaz. Ondan sonra gəldim evə. Bir müddətdən sonra Elmira, - Elmira qoçaq qızdı, hələ ondan qabaq Naxçıvana gəlmişdi - gəldi məndən intervü götürdü. Mənə dedilər ki, bəs Elmira xanım gəlib. Onda da Elmira xanım cavan, göyçək qız idi. Dedim ki, nə olar, gəlsin görək.

Yerdən səslər: - Elmira xanım elə indi də cavan və gözəldi.

Heydər Əliyev: - Yox də, mən o zamankı təəssüratımı deyirəm. Dedim ki, gəlsin görüşək. Yadındadı də, gəldin, gördün ki, biz necə şəraitdə yaşayırıq. Sən bilirsən. Dedin ki, "Literaturnaya qazeta” üçün sizdən intervü almaq istəyirəm. Dedim ondan ötrü gəlibsən də? Dedi: "Hə". Dedim, bilirsən, "Literaturnaya qazeta" mən dediyim şeyi yazmayacaq. Dedi, yox, redaktor özü göstəriş verib… Dedim, yaxşı. O vaxt Elmira xanım diktofonunu açdı, nə lazımdırsa dedim. Apardı, buraxmadı "Literaturnaya qazeta". Ona görə deyirəm ki, Elmira hələ o vaxtdan qoçaq qız idi. Gəldi, görüşdük Naxçıvanda. Günlərin bir günü mənə telefon elədi. Dedi ki, Yazıçılar İttifaqının qurultayıdı, Sizi dəvət eləyirlər. Dedim, bunu sən dəvət eləyirsən, ya Yazıçılar İttifaqının rəhbərlərindən biri? Dedi, yox, Sizi rəhbərlik dəvət eləyir, bu məsələ katibatda müzakirə olunubdur. Anarın təşəbbüsüdür. Ancaq katibatda buna razı olublar. İndi o zaman şübhələndim də, dedim kimsə istəyir, gələrəm oraya, əngəl çıxıb-eləyər. Amma ürəyim çox istəyirdi gəlməyə. Bu, məni inandırdı. Elmira dedi ki, bu, rəsmi dəvətdi. Heç də çəkinmək lazım deyil. Mən çəkinən adam deyiləm. Məsələ onda deyil. fikirləşirdim ki, məni qoyub kiminsə üstünə düşəcəklər, onları incidəcəklər. Dedi ki, yox, gərək gələsən. Mən də razılaşdım. Dedim gələrəm. Gəldim. Çoxları mənimlə çox mehriban görüşdülər. Keçdik oturduq.

Rəfiq Zəka: - Xəlillə mən Sizin yanınızda əyləşdik.

Heydər Əliyev: - Bəli.

Rəfiq Zəka: - Heydər bəy, gedəndə də mən Sizi ötürdüm qapıya qədər…

Heydər Əliyev: - Gedəndə. Gələndə Elçin qarşıladı. Gəldim. Çox adamlar mənnən çox səmimi, çox yaxşı görüşdülər. Nə qədər gənclər var idi. Mən çox sevindim. Mən sessiyada oturanda mənim nə sağımda, nə solumda heç kəs oturmurdu. Çəkinirdilər. Çünki televizora düşəcəkdilər, oradan görünəcəkdilər. Bilirsiniz, mən heç nədən qorxmurdum. Ancaq başqaları haqqında düşünürdüm. Düşünürdüm ki, bunlar sonra niyə əziyyət çəksinlər…

Rəfiq Zəka: - Biz gəldik Sizin yanınızda oturduq. Sonra Xəlil Rzanın gündəliyinə sözlər yazdınız.

Heydər Əliyev: - Hə, əvvəlcə mən oturmuşdum. Mən əvvəlcə gəlib bir yer tutmuşdum ki, orada heç kəs oturmasın. Sonra siz gəlib mənim yanımda oturdunuz. Düz deyirsən. Açdıq o qurultayı. Mən də məmnuniyyətlə çıxışlara qulaq asırdım. Çünki 70-ci ildən 82-ci ilə qədər Yazıçılar İttifaqının qurultaylarının hamısında mən olmuşdum, özü də çıxış eləmişdim. İndi bu dəfə belə şəraitdə gəlmişdim. Kim isə yuxarıdan deyəsən təklif elədi ki…

Səslər: - Məmməd Aslan təklif etdi.

Heydər Əliyev: - Məmməd Aslan?

Vahid Əziz: - Məmməd Aslan dedi, özü də aşağıdan.

Heydər Əliyev: - Aşağıdan? Durdu gur səslə dedi ki, təklif edirik Heydər Əliyev preziduma dəvət olunsun. Çox gur əl çaldılar və Anar dedi ki, bəli, Heydər Əliyev preziduma seçildi, dəvət olunsun buraya. Şübhəsiz ki, mən getməyəcəkdim. Ancaq bir söz də deməli idim. Dedim ki, bilirsiniz, mən həmişə, o keçmiş vaxtlarda yuxarıda oturub aşağıya baxmışam, indi isə icazə verin aşağıdan yuxarı baxım. Buna da bir əl çaldılar.

Anar: - Heydər müəllim, Yazıçılar Birliyinin qurultayında mən təklif etdim ki, prezidumda yalnız Yazıçılar İttifaqının katibləri əyləşsinlər. Bunun üstündə hətta mənə irad tutanlar da oldu… Dedim ki, indi dövr dəyişib.

Heydər Əliyev: - Dövr dəyişib, hə, doğrudur. Mən o iclasda axıra qədər oturdum. Xaricdən gələn qonaqlar da var idi. Cavad Heyət və başqaları… Sonra gəldilər, mənimlə çox mehriban görüşdülər, söhbətlər elədik. Sonra oradan mən gedəndə Rəfiq Zəka məni yola saldı. Demək, mən heç vaxt yazıçılardan ayrılmamışam.

Rəfiq Zəka: - Bir detalı da yadınıza salım, qabaqda Balaş Azəroğlu papaq başında çıxırdı. Dediniz bu gedən kimdi? Dedim Balaş Azəroğludur. Sonralar Siz ona xalq şairi adı verdiniz, onu ordenlə təltif etdiniz.

Elçin: - Sonra Siz Cəfər Cabbarlının yubileyinə gəldiniz.

Heydər Əliyev: - Gəldim Cəfər Cabbarlının yebileyinə. Bəli. O zaman da mənə dəvətnaməni siz göndərmişdiniz.

Anar: - Bəli.

Heydər Əliyev: - Bilirsiniz. O zaman da fikirləşdim ki, gedim-getməyim? Dedim getməyim, necə getməyim? Axı bu Cəfər Cabbarlının mən 80 illiyini keçirmişdim, böyük abidəsini qoydurdum, ev muzeyini açdım. Çox zəhmətlər çəkdim. Heykəltəraş Mirqasımov məsələ qoymuşdu ki, gərək elə bir böyük qranit gətirərsiniz ki, mən onu yonub-düzəldim. Mənə də gəlib deyirdilər ki, belə bir daşı gətirmək problemdi. Mirqasımov da öz xanımıyla gəlirdi mənim yanıma. Çox vaxt da xanımı danışırdı. Özü o qədər də danışmırdı. Xanım da mənə hər dəfə sübut eləməyə çalışırdı ki, belə olmasa, imkan olmayacaq. Mən də fikirləşirəm ki, heykəltəraşdı, sənətkardı, tələb eləyir… Mən çağırdım bizim lazımi adamları - Həsən Həsənovu da, Nazirlər Sovetinin məsul işçisini də… Dedim bilirsiniz, neyləyirsiniz eləyin, bu Mirqasımov istədiyi boyda qranit buraya gətirilməlidir. Qurtardı-getdi. Daş gətirildi. İndi bundan sonra narahatam ki, lazımi vaxta qədər bu, heykəli düzəldə biləcək, yoxsa yox. Yondu da, düzəltdi də. Onda da istəməyənlər var idi. Məsələn, etiraz edənlər var idi ki, niyə burada qoyublar… Amma mən sizə deyim, çox ağır iş idi. O heykəli orada qoyduq, ümumiyyətlə, vağzalın binasını yenidən qurduq, oranı abadlaşdırdıq…

O heykəlin orada qoyulması oranı abadlaşdırdı, oranı gözəlləşdirdi. Ona görə də Cəfər Cabbarlının yubileyini eşidəndə, oraya dəvətnamə alanda çox sevindim. Onun yaradıcılığına böyük hörmətim var. Dedim ki, yubileyə gedim-getməyim? Bəli, gəldim Opera Teatrına. Keçib kənarda oturdum. Rəsmi hissə qurtardı. Rəsmi hissə qurtarandan sonra tənəffüs oldu. Cəfər Cabbarlının qızı gəldi, qohumları gəldi. Onlarla görüşdük. Daha konsert hissəsinə baxmadım. Getdim. Elələri də olubdu, belələri də olubdu. Həyat həyatdı. Ancaq ədəbiyyatımız, mədəniyyətimiz yaşamalıdı, bu gün kimsə çıxışında dedi ki, artıq filarmoniya boş deyil. Bilirsiniz, bunun özü böyük bir hadisədir. Bayaq mən buraya gələndə dedim ki, vaxtilə bu binaya böyük-böyük şəxsiyyətlər gəliblər, bu otaqda əyləşiblər. Üzeyir Hacıbəyov gəlibdi, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza…

İndi hər dəfə bu binanı, bu otağı görəndə gəlib o simalar yadıma düşür… Düzdü, mənim indi işlərim çox olur, gərgindi. Ancaq sənət adamları özləri ki, əvvəlcədən xəbər verir - məsələn, fikrət Qoca əvvəlcədən xəbər verib - imkan tapıb iştirak edirəm. Mənə dedilər, soruşdum ki, yaşı nə vaxt tamam olur? Dedilər avqustda. Maraqlandım ki, niyə bəs belə? Dedilər ki, belə məsləhət bilib. Mən qaldım məəttəl. Hələ yaşı tamam olmayıb. Ancaq bunu qeyd eləmək lazımdır. Anar da deyib ki, gözləsinlər, hələ avqust ayında bunun yaşı tamam olanda keçirərik.

Anar: - Bir məsələ də var ki, sponsorlar belə istəyiblər, tələsidiblər.

Heydər Əliyev: - Mən belə başa düşdüm ki, sponsorlar da Şərur payonundandırlar. Təşəbbüsü kim irəli sürüb?

Anar: - Ramiq Muxtar.

Heydər Əliyev: - Kim?

Rəfiq Zəka: - Ramiq Muxtar, Əli Nağıyevin xalası oğlu, o, bu işdə çox təşəbbüs göstərib.

Heydər Əliyev: - Şadam ki, gəldik, görüşdük. Çox məmnunam. Bayaqkı təkliflərinizi də qəbul edirəm. İstədiyiniz vaxt görüşə bilərik.

Bəkir Nəbiyev: - Elmlər Akademiyasına da gəlişinizi gözləyirik.

Heydər Əliyev: - Bunlara söz vermişəm, mən gərək mütləq iyulun onuna qədər sizinlə görüşəm. Akademiklərlə, sonra yazıçılarla. Amma o bir nəsil ki, var - o gənc nəsil, onlarla da görüşməliyəm. Bayaq Həsən Həsənov mənə izah eləyirdi ki, Vahid Əziz kimdi. Deyir ki, sizin vaxtınızda Mərkəzi Komitədə işləyib. Deyirəm belə adam ağlıma gəlmir. Sonra fırlatdı ki, bunun familiyası varmış - Cəfərov. Mən onu Cəfərov kimi tanıyırdım. Yadıma düşdü ki, o oğlanı Mərkəzi Komitədən deyəsən mənim kadrlarımdan biri kimi işdən çıxartmışdılar. O zaman biri varıydı, Həmid…

Yerdən səs: - Həmid Abbas.

Heydər Əliyev: - O yazırdı. Ancaq bunun yazdığını bilmirdim.

Rəfiq Zəka: - Bunun Yazıçılar İttifaqına zəmanətini o vaxt Rəsul Rza verib. Hamımıza Rəsul Rza zəmanət verib Yazıçılar İttifaqına qəbul edilmək üçün.

Heydər Əliyev: - Anar, mən yeddi-səkkiz ay bundan qabaq televiziyadan eşitdim ki, Rəsul Rzanın səksən beş illiyi qeyd olunub. Bəs mənə niyə deməmisən?

Anar: - Sizə əziyyət vermək istəmədik, Heydər müəllim.

Heydər Əliyev: - Yadımdadı, biz Rəsul Rzanın 70 illiyini qeyd elədik. Sosialist Əməyi Qəhrəmanı adı verdik. Bilirsiniz, indi bəzən bu keçmiş fəxri adlara bir cür baxırlar. Mən bunu dəfələrlə demişəm. Hər dövrün özünün atributları var. …Onu deyə bilərəm ki, Ukrayna kimi böyük bir respublikada o zaman cəmi iki nəfər mədəniyyət xadimi Sosialist Əməyi Qəhrəmanı adı almışdı. Amma bizdə ondan yuxarı mədəniyyət xadimi bu ada layiq görülmüşdü… Hətta bunu Mixail Qorbaçov mənə irad tutdu… Ancaq mən onun cavabını da verdim, səsini də kəsdi. Özü də hamının yanında cavabını verdim, səsini kəsdi… Bayaq burada Rəsul Rzanı çox gözəl qeyd elədiniz. Xatirimdədi, onun çıxışı da xatirimdədi. Mən özüm ona o mükafatı təqdim eləyəndə o, Hadinin sözlərini misal gətirdi ki, Hadi "Yoxdur millətimin imzası imzalar içində" - deyirdi. Ancaq onu da əlavə etdi ki, indi vardır millətimin imzası imzalar içində. Rəsul Rzanın o çıxışı çox gözəl mənim xatirimdədi. Təkcə çıxışı yox, əsərləri, yazıları, hamısı təbii ki, yadımdadır.

Anar: - Lenin haqqında o zaman yazdığı poemasında da…

Heydər Əliyev: - Mən heç kəsə bəraət qazandırmaq istəmirəm ki, bu mövzudakı yazılara görə kimisə ittiham etsin. İnanıb, yazıb! İnamla yazıb, başa düşürsünüzmü?

Qabil: - Tamamilə doğrudur.

Heydər Əliyev: - Heç kəsi günahlandırmaq olmaz. Heç kəsi… Amma şair kimi onun şeirləri dəyərlidi. Onun şeirlərinin görün nə qədər yüksək dəyəri var. O cürə şeriyyət zirvəsinə çatmaq hünərdi. Ola bilər Lenin haqqında yazasan, ola bilər, nə bilim, başqa bir padşah haqqında yazasan, ola bilər böyük bir sərkərdə haqqında yazasan. Nizami Aleksandr Makedonski haqqında "İsgəndərnamə" poeması yazmışdı, şərt onda deyil ki, o, İsgəndərin qəhrəmanlığını göstərirdi. Biz Nizamini şerinə görə, şairlik dühasına görə qiymətləndiririk. firdovsi "Şahnamə" yazıb. İndi bizdə firdovsi bir o qədər də geniş təbliğ olunmur. Ancaq mənim xatirimdədi, 30-cu illərin ikinci yarısında çox geniş təbliğ olunurdu "Şahnamə". Mən Məşhədə gedəndə firdovsinin qəbrini çox böyük ehtiramla yad etdim. Orada məni iki yerə dəvət etdilər… Rəsul Rzanın 85 illiyini mən bilməmişəm. Yəqin ki, geniş qeyd etdiniz?

Anar: - Çox geniş…

Heydər Əliyev: - Ancaq güman edirəm ki, Rəsul Rzanın doxsan illiyinə qədər biz hamımız yaşayacağıq… Mən keçən dəfə demişəm ki, Səməd Vurğunun doxsan illiyini keçirəcəyik, beş ildən sonra Rəsul Rzanın doxsan illiyini keçirəcəyik. On ildən sonra Fikrət Qocanın yetmiş illiyini keçirəcəyik. Cəfər Xəndan böyük bir şəxsiyyət, böyük insan idi. O, universitetin rektoru, professoru idi. Rektor kimi yox, bir pedaqoq kimi, bir ədəbiyyatşünas kimi onun yubileyini qeyd etmək olar. Onu da qeyd eləmək lazımdır. Tariximizin heç bir nöqtəsini unutmaq olmaz. İnsan öz tarixi ilə güclüdür…

Sabir Rüstəmxanlı: - Heydər bəy, Azərbaycan xalqı Sizin ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğını birmənalı şəkildə qəbul edir, hörmətlə qarşılayır… İndi burada mən istəmirəm bir çox məsələlərin üzərində geniş dayanım, yenidən qayıdım, ancaq yadımdadı ki, vaxtilə bir çıxışımdan sonra siz tapşırıq verdiniz və yazıçıların qonorarı artırıldı. İndi bu köhnə sistem yoxdu, qonorar da verilmir. Kitablara görə qonorar vermək mümkün deyil. İndi kitab nəşri sahəsində böyük çətinliklər var… Bir balaca bu sahəyə diqqət yetirilsə, ədəbi orqanların çapına kömək edilsə ədəbiyyatımız, mədəniyyətimiz qazanar…

Heydər Əliyev: - "Ədəbiyyat qəzeti"ylə "Azərbaycan" jurnalının bu il çıxmasını mən götürürəm öz üzərimə. Mən buraya gələndən təkliflər gəlib ki, Heydər Əliyev Fondu yaradılsın. Bir neçə dəfə mənə müraciət ediblər. Müraciətlər var. Mən bəzən düşünürəm ki, başqa cür imkan yoxdur. Əgər belə bir fond yaratsaq, necə olar?

Yerdən səs: - Belə bir fond hər hansı formada yaransa, yenə də mütləq vacibdi.

Heydər Əliyev: - Adını konkret deyə bilərəm. O fond həqiqətən yaradılası olsa Heydər Əliyev fondu olacaq.

Qabil: - Çox yaxşı olar, bu fondun hesabına yazıçıların, mədəniyyət xadimlərinin həyat şəraitinin yaxşılaşmasına qismən kömək etmək olar.

Heydər Əliyev: - fikrimcə, belə bir fond yaransa, ona müəyyən vəsait toplansa, bəzi yazıçılara, çətin yaşayanlara kömək etmək mümkündü. "Ədəbiyyat qəzeti", bir də "Azərbaycan" jurnalına gəlincə, onların məsələsini mənə elə gəlir həll elədim, nə lazımsa, kömək ediləcək… Yaxşı, mən belə başa düşdüm ki, bu tədbirin ikinci hissəsi də var, indi əgər fikrət icazə verərsə, mən ikinci hissəyə qalmayım.

Fikrət Qoca: - Burada sahib Sizsiniz, çünki bura hamını mən dəvət etmişəm. Amma məni öz 60 illiyimə Siz gətirmisiniz. Yoxsa qalardı 86-cı ildə, vallah, mən bilmirəm Sizə necə təşəkkür eləyim… O zaman mən ağır xəstəlik keçirəndə…

Heydər Əliyev: - Onları yadından çıxart, onlar keçib gedibdir.

Fikrət Qoca: - Çox sağ olun, böyük zəhmət çəkdiniz…

Qabil: - Yaxşı oldu ki, Fikrətin yubileyindən istifadə edib bir balaca qayğılarımızdan söz açdıq.

Heydər Əliyev: - Mən o qədər bu ədəbiyyatı çox istəyirəm ki, imkan olsa, belə görüşləri daha çox keçirərəm. Ona görə yox ki, sizin üçün, həm də özüm üçün. Çünki yaxşı bir şeir eşidəndə qəlbim coşur, yaxud yaxşı bir nəğmə oxunanda - bayaq da gözəl mahnılar oxudular, - adamın yadına keçmişləri salır. Ona görə də şeir, yaxud mahnı eşidəndə, sizin kimi adamlarla görüşəndə müəyyən qədər dincəlirəm.

Bir daha çox sağ olun. Nə qədər imkanımız var işləmişik, bundan sonra da işləyəcəyik… Nə qədər imkanımız var kömək edəcəyik. Mən sizin hamınıza hörmət və ehtiramımı bildirirəm və yazıçılarla, şairlərlə, mədəniyyət xadimləriylə axıra qədər bir yerdə olacağam.

 

 

Hazırladı: Sərvaz HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.3.