Səmimi hisslərin ünsiyyəti

 

Hərdən düşünürəm ki, səmimi hisslər, səmimi ünsiyyətlər, səmimi insanlar olmasaydı, dünyanın axırı nə olardı? Belə nəticəyə gəlirəm ki, onda dünya məhvərindən qopar, axırı çatardı. Dünya yaxşı insanların yaxşı işləri üzərində qurulub.

Azərbaycan-Ukrayna Respublikalarının dostluğu buna bariz bir nümunədir. Kiyevə qonaq getmişdim. İlk növbədə Azərbaycanın Ukraynadakı səfirliyinə gedib səfir Tələt Əliyev və səfirliyin əməkdaşları ilə görüşdüm.

Səfirliyin həyətində yaşıllıqlar içində ucaldılmış, ulu öndərimiz, ümummilli liderimiz, həmişəyaşar Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstəsi qoyduq, ruhuna dualar oxuduq.

Kiyevdə Səməd Vurğun adına Kitabxana olduğu haqqında xəbərim var idi. Çox təəssüf ki, ora gedə bilməmişdim. Kiyevdə olarkən 23 iyun 2009-cu ildə kitabxanaya görüşə getdim. Kitabxana hündürmərtəbəli bir binanın birinci mərtəbəsində yerləşir. Bütün kitabxanalarda olduğu kimi, bu kitabxananın da fondu, uşaq və böyüklər üçün oxu zalları, abonement şöbələri var. Kitabxananın ümumi sahəsi 450 kvadrat metrdir. Təmir olunması, bəzi avadanlıqlarının alınması Azərbaycan səfirliyinin və UAK-ın maddi dəstəyi ilə həyata keçirilib.

Kitabxana yığcam və səliqəlidir, divarlarında Azərbaycanı əks etdirən fotolar, portretlər var. Azərbaycan ədiblərindən Xurşidbanu Natəvanın, M.P.Vaqifin, A.Bakıxanovun, M.F.Axundovun portretləri, köhnə Bakıya həsr olunmuş, zərli çərçivəyə salınmış rəsm əsəri kitabxananın oxu zalını bəzəyir. Oxu zalının qapı ilə üzbəüz divarında Azərbaycanın dahi şairi, fəxrimiz Səməd Vurğunun gipsdən düzəldilmiş büstü yerləşdirilmişdir. Büstün aşağısında şairin məşhur "Mən tələsmirəm" şerindən ukraynaca bir bəndi həkk olunmuşdur:

 

- Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı, şikəst bir quşam.

Al günəş gözündən nur yağa-yağa

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Heç yana, heç yerə mən tələsmirəm,

Mən tələsmirəm!

 

Kitabxananın direktoru Qalina İvanovna Kislaya bu şeri gözəl diksiya ilə başdan-ayağa söylədi. Şeri deyib qurtardıqdan sonra o şerin yaranması tarixini danışdı. Onun dedikləri: Səməd Vurğunun həyatının son ayları olur. Moskvaya müalicəyə gedən şairi qarşılayıb mehmanxanaya apırırlar. Yolda sürücü sürəti artırmaq istəyəndə S.Vurğun həzin səslə ona deyir: “Bir az asta sür, mən heç yana, heç yerə tələsmirəm”.

Mən mütəəssir oldum. Qalina İvanovnanın gözləri yaşarmışdı. Bu insanda nə qədər səmimiyyət vardı. O, şairin qızı Aybəniz xanımla olan görüşlərini xatırlayır, söhbət edirdi. Mən ona deyəndə ki, artıq o 10 gündür ki, həyatda yoxdur, bir anlıq gözləri üzümdə qaldı, qulaqlarına inanmadı. Bu dəfə o, Aybəniz xanımın yoxluğuna ağladı, sakitcə, hüznlə, gözlərindən yumru yaş damlaları üzünə axırdı. Biz ona imkan verdik, ağlayıb sakitləşdi və kitabxana ilə tanışlığımız davam etdi. Oxu zalında qapıya yaxın yerdə bir kitab rəfi qoyulub. Burada S.Vurğunun kitabları - azərbaycanca, rusca və ukrayınca tərcümələr düzülmüşdü. Kitabxanada Azərbaycandan gəlmiş qonaqlarla, şair və yazıçılarla keçirilmiş tədbirlərdən lentə alınmış şəkillər bu rəfdə öz əksini tapıb. Kitabxana ilə mütəmadi əlaqə saxlayan Aybəniz xanımla olan unudulmaz görüşlər tarixin yaddaşına hopub, onunla keçirilən görüşlərdən çəkilmiş müxtəlif şəkillərdən ibarət albom hazırlanıb. Kitabxanada keçirilən tədbirlərin əksəriyyətində Azərbaycan dövlətinin fövqəladə səfiri Tələt Əliyev, səfirliyin əməkdaşları, Azərbaycanın Ukraynadakı konqresinin sədri Akif Gülməmmədov və konqresin üzvləri mütəmadi iştirak edirlər.

Qalina İvanovnanın dedikləri: "Aybəniz xanım kitabxanaya iki dəfə gəlib. Hər dəfə kitabxananın fondu üçün hədiyyələr gətirib. Ona deyirdim: Aybəniz xanım, hamıya avtoqrafla kitab verirsiniz, bəs mənə niyə vermirsiniz? O gülüb deyirdi: Sən çox şirinsən, mən sənə kitabı onda belə yazıb verəcəyəm: Qalina Kislaya yox, Qalina Sladkaya. Belə də etdi. İndi mən o kitabı xoş xatirə kimi əzizləyib saxlayacağam". O yenidən yaşarmış gözlərini sildi.

Kitabxananın fondu və oxucuları ilə maraqlandım. Fondun kitabları təxminən 43 minə yaxındır. Fondda həmçinin ukraynaca, rusca və azərbaycanca olan dövri mətbuat qorunub saxlanılır. Oxucuların sayı 5 mindir. Mən tez maraqlandım: azərbaycanlı oxucuların sayı nə qədərdir? Qalina İvanovna təəssüflə cavab verdi: - 50 nəfər. Bu həm azdır, həm də çox. Azdır, ona görə ki, bizim kitabxanada Azərbaycan şair və yazıçılarının əsərləri nəinki azərbaycanca, heç rus, ya ukraynaca da yox dərəcəsindədir. Olan kitabları oxuyublar, təzə nəşrlər isə yoxdur. Yoxdur, ona görə ki, bizim kitabxanaya hər millətin nümayəndələri gəlir. Qalina xanım onu da əlavə edib dedi ki, sizdən çox xahiş edirəm, bizim kitabxana fondunun zənginləşməsinə kömək edəsiniz, bizə Azərbaycan şair və yazıçılarının ruscaya çevrilmiş əsərlərindən göndərəsiniz. Cavab olaraq söz verdim ki, bacardığım köməyi kitabxanadan əsirgəməyəcəyəm. Fürsətdən istifadə edib ziyalılarımıza müraciət edərək deyirəm ki, kimin rusca əlavə kitabı varsa, Kiyevdə Səməd Vurğun kitabxanasına hədiyyə etsin. Bu, yəqin ki, hər Azərbaycan vətəndaşının şərəfli bir əməli olardı.

Kitabxananın dəhlizində üzərində əziz şairimizin portreti toxunmuş kiçik bir xalça asılıb. Qalina İvanovna onun da tarixçəsini danışdı: - Vaxtilə Azərbaycanda hərbi xidmətini çəkən ukraynalı bir gəncə Vətənə dönəndə bu xalçanı bağışlayırlar. Uzun müddət evində əziz bir xatirə kimi qoruyub saxladığı xalçanı, kitabxanaya S.Vurğunun adı veriləndə gətirib bağışlayıb. Onu əvvəlcə oxu zalında - indiki büstünün yerindən asıblarmış. Günlərin birində Ukraynanın görkəmli pedaqoqu, pedaqoji elmlər doktoru, akademik Dmitra Bilous kitabxanaya daxil olur, divardan asılmış xalçanı görür. Diz üstə çökərək ağlayır və S.Vurğunun "Göyərçin" şerini əzbərdən söyləyir. Şerin məzmunu belədir: Ukrayna şəhərlərindən biri II Dünya müharibəsində alman faşistləri tərəfindən xarabalığa çevrilir. Buradan nə bir insan səsi gəlir, nə bağçadakı güllər açır, nə bülbüllər oxuyur, nə mal-qoyun mələşməsi eşidilir, nə də bir isti ocaq var. Yanıb külə dönmüş evlərin birində vaxtilə ağ bənizli Ukrayna gözəli eyvanda qoyulmuş kresloda oturaraq roman oxuyarmış, hərdən də ağ əllərilə corab toxuyarmış. İndi orada ancaq xaraba qalmış evlərin kalafaları və yanmış ağacların kötüyü qalmışdı. Şair yanmış ağacın budağı üstündə boynunu büküb dayanmış göyərçinə xitabən söyləyir ki, vaxt gələcək, düşmənlərdən qisas alınacaq:

 

- O gün məlun cinayətkar

Asılacaq boğazından -

Qalmayacaq nə intizar,

Nə bir məhbəs, nə bir zindan!

Əynindən yaş paltarını

Soyunacaq qara torpaq;

O qurtuluş baharını

İnsan oğlu yaradacaq!

 

13 noyabr 1943

 

Ukraynanın görkəmli oğlu D.Bilousla, S.Vurğun möhkəm dost olublar. O bir neçə dəfə Bakıda S.Vurğunun evində qonaq olub.

Kitabxananın işi ilə bizi tanış edən Qalina İvanovna yeri gəldikcə doğma şairimizin şeirlərini zərif səslə əzbərdən deyirdi. Durub ona tamaşa edirəm. bu insanda Azərbaycana, ölməz S.Vurğun poeziyasına nə qədər məhəbbət varmış. Bu qədər məhəbbət, bu qədər istək olmasaydı, o, şairin çoxlu sayda şeirlərini belə yüksək səviyyədə söyləyə bilməzdi. Deməli, insanı dilləndirən, danışdıran elə xoş hiss, saf məhəbbət imiş.

Sevməyi də bacarmaq lazım imiş, haqlı nifrət bəsləmək də xüsusi bacarıq tələb edirmiş. Bu, yüksək iradə hesabına başa gəlir. Zəif sevgilər günəş şüaları görmüş qar kimi əriyib gedir, heç bir əsər-əlamət qalmır, heç nifrət də əmələ gəlmir. Qalina İvanovnanın S.Vurğun poeziyasına məhəbbəti ali məhəbbətdən yaranıb.

Kitabxananın dəhlizində xalça ilə üzbəüz Ukraynanın və Azərbaycanın bayraqları ucalırdı. Bayraqlar vüqarla dayanmış iki dağı xatırladırdı. Bayraqların arxasındakı divara Azərbaycan Respublikasının himni yazılmış vərəq vurulmuşdu. Şairin qartal baxışları Azərbaycan bayrağına və divardakı himnə dikilərək sanki xəyallar içində Azərbaycanın ənginliklərində dövrə vururdu.

Kiyevin Obolonski rayonunda yerləşən kitabxana 1974-cü ildə açılıb, sayına görə 103-cü kitabxanadır. 1978-ci ildə kitabxanaya Səməd Vurğunun adı verilib.

1986-cı ildə əziz şairimizin 80 illik yubileyi bütün ölkədə təntənəli şəkildə keçiriləndə kitabxanada da şairin yubileyi qeyd edilib.

Kitabxanaya Ukraynanın elm adamları, şairlər, yazıçılar, oxucular toplaşıb. Şairin qızı Aybəniz xanım kitabxanaya yubileylə əlaqədar teleqram göndərib. Yubileydə Ukrayna ədəbiyyatının görkəmli nümayəndələrindən Maksim Rılski, Mikolo Bajanov, Pavlo Tıçina, Andrey Malışko, Dmitra Bilous, Oleski Yuşenko, Mikola Miraşniçenko və b. iştirak ediblər. Q.Polyanker Səməd Vurğunla dost olublar. Ukraynanın görkəmli şairi İvan Draç "Azərbaycan poeziyası antologiyası"nı Ukrayna dilinə tərcümə etmiş və M.Rılski adına dövlət mükafatına layiq görülmüşdür.

S.Vurğun Ukraynanın şərəfi-şanı sayılan Taras Şevçenkonun "Katerina" poemasını doğma ana dilimizə çevirmişdir. Kitab rəfində azərbaycanca kitablar sırasında bu poema da öz yerini tutmuşdur.

M.Rılski yazır: “Mən - Ukraynanın şairi və vətəndaşı, heç vaxt unuda bilmərəm ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan şairi və vətəndaşı Səməd Vurğunun yazdığı "Ukrayna partizanları" şeri Ukrayna xalqını qələbəyə necə də qüvvətlə ruhlandırırdı.

S.Vurğunun bu şeri dillərdə əzbər söylənilib, onu çoxaldaraq təyyarədən Ukrayna partizanlarının fəaliyyət göstərdiyi əraziyə səpələmişdilər. Vərəqləri göydə qapıb şeri oxuyan partizanlar ondan ruhlanaraq düşmənlərə qarşı daha mübariz olurdular:

 

- De, kimdir düşmənə min tələ quran?

Tarasın qəbrinə keşikçi duran? -

Bizim ukraynalı qəhrəmanlardır,

O bizim qəhrəman partizanlardır!

 

30 yanvar 1942”

 

Azərbaycanın Ukraynadakı konqresi Azərbaycanı dünyada tanıtmaq, Azərbaycan-Ukrayna dostluğu naminə çoxlu sayda işlər görmüşdür. Onlardan biri də kitabxananın yerləşdiyi binanın qarşısında böyük Azərbaycan şairi Səməd Vurğunun abidəsinin qoyulmasıdır.

Bu işlərdə Azərbaycan səfirliyi, səfir Tələt Əliyevin, Azərbaycanın Ukraynadakı konqresi və xüsusilə də konqresin sədri Akif Gülməmmədovun xüsusi əməyi və maddi dəstəyi olub. Səməd Vurğunun qranitdən hazırlanmış abidəsi 2006-cı ildə açılıb.

Səməd Vurğunun anadan olmasının 100 illiyi münasibətilə Kiyev şəhərində şairin adını daşıyan kitabxana qarışsında abidəsinin açılışında iştirak edənlər: Obolon RİH-nin başçısı Vadim Yaqodko, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, millət vəkili fərrux Zeynalov, Ukrayna parlamentinin deputatı Eduard Zeynalov, şair Boris Oleynik, Ukrayna parlamentinin deputatı Mixail Şevçenko, şair-tərcüməçi Mikola Miroşniçenko, heykəltəraş Seyfəddin Qurbanov, S.Vurğunun ev-muzeyinin direktoru Aybəniz Vəkilova, S.Vurğun fondunun vitse-prezidenti Vidadi Həsənov, S.Vurğunun qohumu, f.e.d. Leyli Vəkilova.

Azərbaycandan gedən hər bir vətəndaş, necə deyərlər, tutduğu mövqeyindən asılı olmayaraq, birinci növbədə ümummilli liderimiz Heydər Əliyevin, Zərifə xanım Əliyevanın, sonra isə Səməd Vurğunun abidəsini ziyarət edir və abidə önünə gül dəstəsi qoyur.

Bizim kitabxana ilə tanışlıq ərəfəsində kitabxanaya əlində gül dəstəsi və hədiyyə tutmuş iki nəfər qadın daxil oldu. Qalina İvanovna məni onlarla tanış etdi: Obolonski rayonunun mədəniyyət şöbəsinin rəisi Rozmayitaya Liana və onun müavini. Heç demə, həmin gün Qalina İvanovnanın doğum günü imiş. Rəis mənimlə mehribanlıqla salamlaşdı və bizə qoşuldu. Görüş qurtardıqdan sonra Qalina İvanovna bizi əvvəlcədən hazırlanmış stol ətrafına dəvət etdi. Biz keçib süfrəyə əyləşdik - sadə bir ziyafət idi.

Qalina xanımı mədəniyyət şöbəsinin rəisi təbrik etdi, gətirdiyi hədiyyəni və gül dəstəsini ona verdi. Burada təəccüblü heç bir şey yox idi. Məni riqqətə gətirən adi bir kitabxana işçisinə rəisinin diqqəti oldu.

Ziyafət çox maraqlı keçdi. Stol ətrafında kitabxananın direktoru Səməd Vurğunun şeirlərindən deyir, Aybəniz xanımı xatırlayır, arada yaşarmış gözlərini qurulayırdı.

Mən də öz növbəmdə şairin "Şair, nə tez qocaldın sən?" şerini söylədim, əlbəttə ki, onlar ukraynaca, mən azərbaycanca. Başa düşməsək də, poeziya dili bizə bir-birimizi başa düşməkdə kömək edirdi. Kitabxananın işçilərindən Vroçinskaya Tatyana, Doçuq Valentina, Qrişenko Natalya ilə söhbətlərimiz də maraqlı oldu, bir-birimizlə əlaqələr qurmaq, Azərbaycan-Ukrayna dostluğunu daha da möhkəmləndirmək naminə çalışacağımıza söz verdik. Mən Azərbaycandan apardığım çoxlu sayda kitab, jurnal və qəzetləri kitabxanaya bağışladım. Onlar xahiş etdilər ki, Azərbaycanın tanınmış şair və yazıçılarından onlara tez-tez qonaqlar gəlsin, oxucularla görüşlər təşkil etsinlər. Belə görüşlər Azərbaycan - Ukrayna dostluğunu daha da möhkəmləndirər, Azərbaycan və Ukrayna xalqı bir-birini daha da yaxından tanıyar.

Kitabxananın fəxri jurnalı var: xaricdən gələn hər bir qonaq öz təəssüratlarını bu jurnala yazır. Jurnalda azərbaycanlı qonaqların ürək sözlərini oxuduqca özümdə bir rahatlıq hiss edirdim. Hər halda, xarici bir ölkədə Səməd Vurğun adının kitabxanaya verilməsi, abidəsinin qoyulması Azərbaycan və Ukrayna arasında olan möhkəm dostluqdan xəbər verirdi.

 

 

Salatın ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.4.