Bir şair
tanıyıram
Eldar
Gürşümov 1940-cı ildə Qubanın
Qırmızı qəsəbəsində anadan olmuşdu. Hələ
orta məktəbdə oxuyarkən ədəbiyyata maraq
göstərmiş, sonralar özü də şeirlər
yazmağa başlamışdır. Hələ şagird
partası arxasında oturarkən onda musiqiyə də
böyük maraq vardı. Eldar qəsəbədə olan tar dərnəyinə
kedib-gələrdi. Orta məktəbi qurtardıqdan sonra o,
Bakıya gəlir və Asəf Zeynallı adına Musiqi məktəbində
təhsilini davam etdirir. Onda musiqiyə olan böyük həvəsi
görən müəllimlər məsləhət
görürlər ki, təhsilini konservatoriyada davam etdirsin. Bau
belə də olur. Eldar bu ali musiqi ocağına qəbul olunur
və oranı bitirir. Az keçmir ki, o bir solist kimi
tanınmağa başlayır. Səid Rüstəmov adına
Xalq çalğı alətləri ansamblında işlədiyi
illərdə Eldar xalq mahnılarının gözəl
ifaçısı kimi tanınır.
El
şənliklərində və bir sıra rayonlarda
müğənni kimi çıxış edən Eldar Azərbaycan
Peqadoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil
olub oranı müvəffəqiyyətlə bitirir. Əvvəlcə
Tibb texnikumunda müəllim, sonralar isə Müəllimləri
Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində
çalışır. Bu illər ərzində
yazdığı şeirləri toplayıb kitab halına
salır.
Mən
onunla ilk dəfə İsraildə olarkən dağ yəhudiləri
Yazarlar Birliyinin iclasında tanış oldum. Doğrusu,
Bakıda olarkən dəfələrlə onu Azərbaycan
televiziyasında çıxış edərkən
görmüşdüm, oxuduğu mahnılara böyük
maraqla qulaq asmışdım. 1998-ci ildən İsraildə
yaşayan Eldarla görüşəndə onunla xeyli söhbət
etdim. Sonralar birliyin iclaslarında və yaradıcılıq
gecələrində tez-tez görüşürdük. Bu
yaxınlarda telefon ilə onunla danışanda Eldardan
kiçik bir müsahibə aldım.
- Eldar müəllim,
yaradıcılıq işləriniz necə gedir? Bakıda
yaşayarkən şeirləriniz hansı mətbuat
orqanlarında çap olunurdu?
-
Əvvəla, səsinizi eşitdiyimə görə çox
şadam. Bildiyiniz kimi, mən Azərbaycan və dağ yəhudiləri
dilində şeirlər yazıram. İlk şeirlərim Dərbənddə
çıxan "Vətən soveti" almanaxında
çap olunmuşdu. Sonralar yazdıqlarımı kitab
halında buraxmaq istədim. Lakin məni aldatdıqları
üçün kitabım işıq üzü görmədi.
Tale elə gətirdi ki, köçüb İsrailə gələsi
oldum. İndi burada yaşadığım müddətdə
üç sanballı şeirlər kitabım çap olunub.
- Çox gözəl.
Bu şeirlər nədən bəhs edir? Yaxşı
olar ki, onlar haqqında bir qədər danışasan.
- Bildiyiniz kimi, mən səfalı Qubanın Qırmızı qəsəbəsində anadan olmuşam. Uşaqlıq illərim Qudyal çayının sahilində keçib. Doğulduğum doğma torpağa bağlılığım, onun füsunkar təbiəti, almalı-fındıqlı bağları, yaşıl meşələrdə dil-dil ötən quşları məni ilhama gətirirdi. Ümumiyyətlə, Azərbaycanın göylərə baş çəkən uca dağları, Bakının, Qubanın, Xaçmazın, Göy gölün, Oğuzun gözəllikləri, bir sözlə, qələmə aldığım təbiət lövhələri mənim yaradıcılığımda xüsusi yer tutur. Əlbəttə, zəhmət adamlarının əməyi də şeirlərimdə tərənnüm olunur. Bəzi əmək qəhrəmanlarına həsr etdiyim şeirlərim də vardır.
- Mən sənin
məhəbbət haqqında yazdığın şeir və
mahnılardan da xəbərdaram. Bəs bu barədə nə
deyə bilərsən?
- Mən elə bir şair tanımıram ki, məhəbbət haqqında şeir yazmamış olsun. Əlbəttə, yaradıcılığımda məhəbbət və sevgi şeirləri əsas yer tutur. Sevgi əsasən həyatımızın mənasını təşkil edir. Bizim balalarımız bu gözəl neymətin meyvəsi deyilmi? Yazdığım qəzəllərdə də vəfa və vəfasızlıq duyğuları tərənnüm olunur. Eyni zamanda, xəsisliyə, nadanlığa, paxıllığa, nankorluğa və başqa mənfi hallara həsr olunmuş şeirlərim də vardır.
- Bəs bu
yaxınlarda çapdan çıxan kitabında hansı
şeirlər toplanmışdı?
- Buradakı şeirlər son vaxtlarda həm
Azərbaycan, həm də dağ yəhudiləri dilində
yazdığım şeirlərdir. Onların mövzusu isə
müxtəlifdir. Burada Vətən və el məhəbbətindən,
insanları gözəl gələcəyə səsləyən
duyğulardan, təbiət mənzərələrindən və
böyük Allahın bizə bəxş etdiyi mənalı kəlamlardan
danışılır. Bununla yanaşı oxucular müxtəlif
rübailərlə də
Bunu da deyim ki, kitabda xeyli miqdarda iki və dörd misralı nəsihətli kəlamlar da vardır. Bu kəlamlar insanların, xüsusilə gənc nəslin tərbiyə olunması işində əhəmiyyətli yer tutmalıdır. Hələ indiyə kimi dağ yəhudiləri ədəbiyyatında belə kəlamlara təsadüf edilməmişdi. Gələcəkdə bu səpkidə yeni kəlamlar da yazacağam.
-
Eşitdiyimə görə "Şairin düşüncələri"
adlı yeni şeirlər kitabın yaxın vaxtlarda
işıq üzü görəcəkdir. Bəs buradakı
şeirlər nədən bəhs edir?
- Sualınıza cavab verməmiş istəyirəm ki, bir məsələyə aydınlıq gətirim. Ümumiyyətlə, dağ yəhudiləri poeziyası Azərbaycan poeziyası ilə qidalanmış, onun qabaqcıl ənənələri ilə pərvazlanıb ələ qələm almışıq. Xaqani, Nizami, Nəsimi, füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Rəsul Rza kimi dahi şairlər böyük məktəbdir. Onların şeirlərini oxuduqca insanı xəyallar dünyasına aparır, ürəklərdə yeni-yeni xoş duyğular yaradır. Mən Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq poeziyasının vurğunuyam. Bizim şairlər Azərbaycan poeziyasının meyvələridir desək, bəlkə də doğru olardı.
İndi isə yeni çıxacaq
dördüncü kitabım haqda: Bu kitab
yaradıcılığımda xüsusi yer tutmalıdır.
Onun səhifələrində müasir insanları
düşündürən, onları sabahkı xoş
günlərə səsləyən şeirlər ilə
oxucular
Bu kitabda da qəzəllərim, şeirlərim və mahnılarım da çap olunacaq. Mən bütün qələmə aldığım poeziya nümunələrini məhəbbətlə yazdığım üçün onları kitablarımda çap etdirirəm. Çünki məhəbbət insanı həmişə cavan və gümrah saxlayır. Bu dünyanı yaşadan məhəbbət kimin qollarına güc-qüvvət ürəklərinə dəyanət, gözlərinə işıq verməyib? Leylini-Məcnunu, Əslini-Kərəmi, Şirini-fərhadı və başqa sevgililəri xatiririnizə gətirin. Bu gün onları yaşadan, dillər əzbəri edən saf və təmiz məhəbbət deyilmi? Odur ki, məhəbbət şeirləri mənim yaradıcılığımın ana xəttini təşkil edir. Dahi Nizami Gəncəvi gözəl deyibdir:
Mehrabı eşqidir uca göylərin,
Eşqisiz, ey dünya, nədir dəyərin?
Eşqisiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı bütün cahanı.
- İndi isə
gəlin rəhbərlik etdiyiniz dağ yəhudiləri Yazarlar
Birliyinin fəaliyyətindən danışaq. Bu birlik
neçənci ildə təsis olunmuş və hansı şəraitdə
fəaliyyət göstərir?
- 1999-cu ilin mart ayı idi. Mənə xəbər verdilər ki, Təl-Əbubdə dağ yəhudiləri Yazarlar Birliyi təşkil olunur. Deyilən ünvana getdim. Orada olan şair və yazıçılar ilə tanış oldum. Yazarlar Birliyi İsrail Yazıçılar federasiyasının tərkibində bir şöbə kimi fəaliyyət göstərməli idi. 10 nəfərdən ibarət şair və Yazarlar Birliyinin iclasında Dərbənddən gələn şair Boris Xanukayev sədr, bakılı şair Simax Şeyda isə müavin seçildi. Cəmi iki-üç ildən sonra birliyin sədri işləyə bilmədiyi üçün üzvlər onu başqası ilə əvəz etdilər. Yeni sədr Mixail Aqarunov oldu. Lakin o da çox davam gətirə bilmədi. Bu dəfə sədrlik və müavinlik Simax Şeydaya həvalə olundu. İş elə gətirdi ki, xəstəliyi ilə əlaqədar olaraq o, ölkədən köçüb getməli oldu. 2003-cü ilin noyabrından bu vəzifəyə mən seçilmişəm. Birliyimiz əsasən Qafqazdan gələn şair və yazıçıları öz ətrafında birləşdirir.
Şairlərimizdən B.Xanukayev, R.Badalov, Q.Aqarunova, F.Yusubova, R.Davadov və başqaları rus, S.Şeyda, Z.Simqiduyeva, D.Danilov və mən Azərbaycan və dağ yəhudiləri dillərində şeirlər yazırıq. Sıralarımızda E.Abramov, M.Xeyli, A.Zaxarov kimi hekayə və povestlər yazan yazıçılar da vardır. Rus dilində X.Abramovun dağ yəhudilərinin həyatından və adət-ənənələrindən danışan bir neçə kitabı vardır. Ümumiyyətlə, üzvlərimizdən yarıdan çoxunun kitabları Bakıda, İsraildə, Dərbənddə, Mahaçqalada, Moskva və başqa şəhərlərdə çap olunmuşdur.
-
Hal-hazırda Yazarlar Birliyində vəziyyət necədir?
- Açıq demək lazımdır ki, çox yaxşı. Sıralarımız artmışdı. Yeni-yeni yaradıcı qüvvələr üzə çıxır.
Qeyd etmək istəyirəm ki, birliyimizin bəzi üzvləri İsraildən uzaqlarda yaşayır. Onlar Bakıda, Almaniyada, Nyu-Yorkda, Moskvada, Dərbənddə olsalar da, yaradıcılıq işlərini davam etdirirlər. Amerikada yaşayan şair Raşbil Şamayevi hətta Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə də qəbul ediblər. Bu çox fərəhləndirici haldır.
- Bildiyimə
görə, birliyinizin əksər üzvləri Azərbaycandan
İsrailə gələnlərdir. Bəlkə bir-iki kəlmə
onlar haqqında məlumat verəsən. Axı onlar
böyüyüb boya-başa çatdıqları Azərbaycan
torpağının vətəndaşları olublar.
- Tamamilə doğru buyurursunuz. Azərbaycan ölkəsi İsraildə yaşayan dağ yəhudilərinin qəlbində yaşayır. İnsan öz doğma anasını unuda bilmədiyi kimi, qoynunda boy atdığı Vətəni də unuda bilməz. Şairlərimizdən Binamin İsakovun, Mətitiyə İsakovun, Şamil Yaqubovun, farida Yusufovanın, Şəbətəy Aqarunovun və başqalarının yaradıcılığında Azərbaycana həsr olunan şeirlər az deyildir. Mən bunların arasında M.İsakov və B.İsakovları qeyd etmək istəyirəm. Hər iki şairin yaradıcılığında Azərbaycan torpağının gözəllikləri tərənnüm olunmuşdur. Şair Danil Göyçaylının bu yaxınlarda çapdan çıxan "Anamın səsi" kitabında da Azərbaycan yurdu ilə səsləşən şeirlərə rast gəlmək mümkündür. Ümumiyyətlə, Vətənə məhəbbət, Azərbaycana məhəbbət motivləri bizim şailərin yaradıcılığında mühüm yer tutur. Məlumunuz olsun ki, onların yazdığı bu şeirlər həm "Qafqaz" qəzetinin səhifələrində, həm də almanax şəklində çap olunan "Mirvari" kitabında işıq üzü görür. Bunu da nəzərinizə çatdırım ki, bu cür şeirlər rus dilində çıxan qəzetlərdə və kitablarda da çıxır.
-
Yazıçılar Federasiyasının sizin birlik ilə
münasibəti necədir?
- Federasiyanın rəhbəri Efraim Boux ilə əlaqələrimiz çox yaxşıdır. Onun keçirdiyi iclas və seminarlarda, görüşlərdə çox vaxt iştirak edirik. O, həmişə Birliyimizin işi ilə maraqlanır və dəyərli məsləhətlər verir. Onu da deyim ki, Birliyimizin heç bir mətbuat orqanı yoxdur. Vəsaitimiz çox az olduğu üçün ayrı-ayrı üzvlərimizin yaradıcılıq gecələrini keçirə bilmirik. Mənə elə gəlir ki, bu müvəqqəti çətinlik nə vaxtsa aradan qalxacaq, daha yaxşı fəaliyyət göstərmək üçün imkanlarımız olacaqdır.
- Eldar, mən
sənə, həm də rəhbərlik etdiyin dağ yəhudiləri
Yazarlar Birliyinə yeni-yeni yaradıcılıq uğurları
diləyirəm. Qoy İsraildə Azərbaycan və yəhudi
dilində yazan şair və yazıçıların
sayı get-gedə artsın və qazandığınız
uğurlar hamımızı sevindirsin.
Söhbətləşdi:
Simax ŞEYDA
Ədəbiyyat qəzeti.-2009.-10
iyul.-S.5.