Həmişə
bahardı Hüseyn Arif
Ömrü
boyu "qalsa bu dünyada yaradan qalır" qənaətiylə
baş-başa yazıb-yaratdı Hüseyn Arif.
Yazdığı kimi yaşadı - "əsl sənətkarı
kabinetdə yox, Aranda axtarıb, dağda nəzərlər!"
- dedi. Umacağı - Hüseynə çörəyim
halaldır desən, şairə ən böyük
mükafatdı bu - oldu. Öz qədir-qiymətini hamıdan
yaxşı bildi - Hüseyn Arifi itirmə vaxtsız, o elə
şairdi, bir də tapılmaz öncəgörməsini
görk etdi. Dünyanın çox qeylü-qalına turşməzə
bir qımışıqla söz fırladıb keçdi -
Evimizdə üç dilbilməz uşaq var, Biri nəvə,
biri nənə, bir mən.
İyulun
8-də Musiqili Komediya Teatrında böyük şairin anadan
olmasının 85 illik yubiley günündə də söz
alanlar daha çox Hüseyn Arifin öz dilindən
danışdılar, onun dediklərini yaddaş valında
dindirdilər.
Tədbirin
aparıcısı, AMEA-nın müxbir üzvü, millət
vəkili Nizami Cəfərov vurğuladı ki, Hüseyn Arif
kimi şairlərin doğum, yaşam tarixi bu cür yuvarlaq,
konkret ay-gün-il hesabıyla hesablanmır. "Hüseyn Arif
xalq müdrikliyinin hadisəsidir. O, bizim ədəbiyyatımızın
bütün zamanlar üçün yenidən doğulan
müdriklərindəndi. Xalq nə qədər müdrikdirsə,
Hüseyn Arif də o qədər müdrikdi. Xalqıyla
yaşayan sənətkar müdrik olmaya bilməz. Hüseyn
Arif xalqımızın bütün düşüncə tərzini,
müdrikliyini özündə birləşdirən sənətkardı.
O, təbiətin özüydü, təbiətdəsə
gözəl olmayan şey yoxdu. Hüseyn Arif ömrü boyu təbiətdən
ayrılmağa cəhd eləyən, heç vaxt da ayrıla
bilməyən sənətkardı".
Şairin
yubiley günündə təqdim edilən "Şeir deyilmi…
(hikmətli sözlər)" kitabına maraqlı ön
söz yazan professor Məhərrəm Qasımlının
ürək sözləri də alim həmkarının
sözünün mabədi kimi diqqəti çəkdi:
"Hüseyn Arifdən sonra söz demək çox çətindi
- çünki indicə saz dilləndi, söz dillənən
yerdəsə Hüseyn Arif özü danışır. Hüseyn
Arifin çox böyük missiyalarından biri də
aşığı, sazı, sözü qorumaq idi. O,
Aşıqlar Birliyini, "Aşıq Pəri" məclisini
yaratdı. Hər yerdə, hər məqamda saza sahib
durmağa çalışdı. O, yeriyən bir "Dilqəmi"
idi, Dilqəmin taleyinə bənzər tale
yaşayırdı, ağrılı, göynəltili… "Saz"
poemasını yazanda da, "başımda Dilqəmdi,
qarşımda Dilqəm" söyləyəndə də biz
onu Dilqəm yerində, Dilqəm taleyində
görürük".
Tələbə
Qəbulu Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə şairdən "əmi-dayı" deyə
müraciət etdiyi, əziz bir insan, atasının yaxın
dostu-sirdaşı kimi söz açdı: "İndinin
özündə də onun qapımızı ərklə
açıb "Mehdi qağa evdədimi?" deməsi
qulaqlarımda səslənir".
Xalq
şairi Nəriman Həsənzadə məclisi elə
Hüseyn Arif ovqatıyla, səmimiyyətiylə ovsunladı,
"Hüseyn qağa"sına yaraşan söz dedi: "Elə
bil Hüseyn Arifin canında iki Hüseyn Arif var idi. Onunla
çox unudulmaz görüşlərim olub. O,
pıçıltılarıyla eşidilmək məktəbini
qoyub getdi".
Professor
Qəzənfər Paşayev şairlə olan çoxsaylı
görüşlərini xatırladı: "Mən o xoşbəxt
bəndələrdənəm ki, Hüseyn Ariflə uzun
müddət təmasda olmuşam. Ailəvi dost olmuşuq. O,
insanı təəccübləndirəcək dərəcədə
sadə insan idi. Bu sadəliyi müdrikliyi tamamlayırdı.
Bu sadəliyin arxasında zəngin bir mənəviyyat məntiqi
dayanırdı. Yayın belə qızmar çağında
bu zalda ayaq üstə durmağa yer tapılmamasının
özü Hüseyn Arif unudulmazlığının
möhürbəndi kimidi".
Prezident
təqaüdçüsü, yazıçı Vidadi
Babanlı yaradıcılığa Hüseyn Ariflə eyni
vaxtda gəldiklərindən, Moskvadakı tələbəlik
illərindən söz açdı: "Hüseyn
sözün həqiqi mənasında şair idi. Şeir vəhy
kimi gəlir, oturub yazmasan quş kimi uçub gedir. Hüseyn
Arif ömrü bütövlükdə bir şeriyyət idi,
bənzərsiz idi".
Bəstəkar
Tahir Əkbər H.Arifdən xatirə qalan Aşıqlar
Birliyinin üzvlük vəsiqəsinin tarixindən söz
açdı: "Mənə dedi ki, sən
aşıqların sözlərinə elə mahnılar bəstələyirsən
- onlar xalq mahnılarından seçilmir".
Tanınmış
şair Eyvaz Borçalı "qağa"sından əziz
qardaş kimi söz açdı: "Onu dərindən
tanıyıb, dərindən sevənlər bilərlər. Hüseyn
əbədiyaşar şairdir".
Şair
Əli Rza Xələfli məclisə gələnlərin hər
birinin gözlərindən Hüseyn Arifin boylandığı
zənnində olduğunu dilə gətirdi, ustada həsr
etdiyi şeri oxudu, onun Cəbrayıla gəlişlərini
xatırladı.
Şair
Səadət Buta "Aşıq Pəri" məclisinin
yaranması günlərini yada saldı.
AYB-nin
Qazax bölməsinin sədri Barat Vüsal ustadımı
onunla şeirləşməsindən aldığı nəşədən
hələ də məst olduğunu söylədi:
"Hüseyn Arif şıx olan şairlərdən idi. Sağlığında:
"Sevirəm Tiflisi, sevirəm, ancaq öləndə Qazaxda
götürün məni" yazan şair Ağstafada
dünyasını dəyişsə də, məlum səbəbə
görə Qazax məscidindən haqq dünyasına yola
salındı. Bu, şair öncəgörməsinin, fəhminin
gözəgörünməz sirri idi".
Sonda
şairin qızı Zöhrə xanım söz alaraq
atasının xatirəsini əziz tutanlara, xüsusən, tədbirin
təşkilatçısı Füzuli Hüseynzadəyə
dərin təşəkkürünü bildirdi: "Bu gecə
üçün kim nə etdisə ürəklə etdi, kim nə
dedisə ürəkdən dedi. Atam özündən
sonrakı nəslə, balalarına həmişə deyərdi
ki, sevin, elə sevin ana torpağı - desinlər Hüseynin
balalarıdır. Təsəllimiz odur ki, özünün
yazdığı kimi, "həmişə bahardı Hüseyn Arif!"
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-10
iyul.-S.7.