Baş nazirin müavini Elçin Əfəndiyev rusiyalı alimə “Dostluq” ordenini təqdim etmişdir
Heydər
Əliyev fondu tarixi keçmişimizin öyrənilməsinə
xüsusi diqqət yetirərək rusiyalı tədqiqatçı-alim
və tanınmış yazıçı, Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının üzvü,
professor Rudolf İvanovun tədqiqat işlərinə dəstək
verir, əsərlərinin geniş oxucu kütləsinə
çatdırılmasına kömək edir. 2005-2008-ci illərdə
fondun dəstəyi ilə Rudolf İvanovun “Bəyazidin
müdafiəsi: həqiqət və yalan”, “Əlahəzrətin
general-adyutantı Hüseyn xan Naxçıvanski haqqında
dastan”, “Sovet İttifaqı adından” kitabları Moskvada rus
dilində nəşr olunmuşdur. Bu əsərlərdə
müəllif baş verən hadisələri parlaq bədii
dillə təsvir etmiş, tarixi şəxsiyyətlərin
real faktlar əsasında canlı və maraqlı obrazlarını
yaratmışdır.
Heydər
Əliyev Fondunun dəstəyi ilə Rudolf İvanovun
ayrı-ayrı illərdə nəşr olunan bu əsərləri
bu il beşcildlik şəklində yenidən nəşr
olunmuşdur.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2009-cu il 30 iyun tarixli sərəncamı
ilə Rudolf İvanov “Dostluq” ordeni ilə təltif
edilmişdir. Yazıçı-alim bu ali mükafata Azərbaycan
Respublikası ilə Rusiya federasiyası arasında mədəni
əlaqələrin möhkəmləndirilməsində
göstərdiyi xüsusi xidmətlərinə görə
layiq görülmüşdür.
İyulun
3-də Heydər Əliyev Fondunda “Dostluq” ordenli Rudolf
İvanovun əsərlərinin beşcildliyinin yeni nəşrinin
təqdimat mərasimi keçirilmişdir.
Müasir
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin,
tanınmış elm xadimlərinin, Milli Məclisin
deputatlarının və yazıçının ailə
üzvlərinin iştirak etdiyi mərasimi xalq
yazıçısı Anar açaraq rusiyalı tədqiqatçı-alimi
“Dostluq” ordeni ilə təltif edilməsi və əsərlərinin
beşcildliyinin yenidən nəşr olunması münasibətilə
təbrik etmişdir.
Rusiya
federasiyasının Azərbaycan Respublikasındakı səfiri
Vladimir Dorofin Rusiyanın Azərbaycan ilə bütün sahələrdə,
o cümlədən mədəniyyət sahəsində əlaqələrin
inkişafına böyük önəm verdiyini bildirmiş,
Rudolf İvanovun Azərbaycan-Rusiya mədəni əlaqələrinin
inkişafındakı rolundan danışmışdır.
Milli
Məclisin deputatları Mixail Zabelin və Elmira Axundova
çıxışlarında yazıçının tədqiqat
kimi çətin sahədəki titanik fəaliyyətindən,
bitib-tükənmək bilməyən əməyindən
danışmışlar.
Bakı
Slavyan Universitetinin rus ədəbiyyatı və onun tədrisi
metodikası kafedrasının müdiri, professor Məmməd
Qocayev, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycanın
Dövlət mükafatı laureatı Tamilla Musayeva da
çıxış edərək bildirmişlər ki,
yazıçı Qafqaz xalqlarının görkəmli hərbçilərinin
həyatından bəhs edən kitabları ilə
tanınır. O, uzun illərdir ki, Naxçıvan
xanlarının sülaləsindən olan hərbi sərkərdələr
Hüseyn xan Naxçıvanski, İsmayıl xan
Naxçıvanski, Kəlbalı xan Naxçıvanski, həmçinin
Cəmşid Naxçıvanski haqqında tarixi faktların
toplanması və tədqiqi ilə məşğul olur. Yazıçının
tarixi faktlara əsaslanan monoqrafiyaları onilliklərlə
aparılan araşdırmaların məhsuludur.
Tədbirin
sonunda Rudolf İvanov çıxış edərək
“Dostluq” ordeni ilə təltif edildiyinə görə Azərbaycan
Prezidenti İlham Əliyevə, ayrı-ayrı illərdə
nəşr olunan əsərlərinin beşcildlik şəklində
yenidən nəşrinə görə Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
dərin təşəkkürünü bildirmişdir. “Azərbaycan
mənim ikinci vətənimdir” – deyən tədqiqatçı-alim
ona göstərilən diqqətin və ölkəmizin ali
mükafatı ilə təltif edilməsinin gələcək
fəaliyyəti üçün böyük stimul
olacağını bildirmişdir.
Mərasim
iştirakçılarına yazıçının yeni nəşr
olunan beşcildliyi hədiyyə olunmuşdur.
Tədbirdən
sonra ölkəmizin tanınmış elm xadimləri və
yazıçıları Rudolf İvanova yaxınlaşaraq
onunla səmimi söhbət etmiş, öz əsərlərini
bağışlamışlar.
Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S. 2.