İllər, xatirələr

 

1995-ci ilin yayı idi. Mənim avqustun 25-də 60 yaşım tamam olmalı idi. Ulu öndər Heydər Əliyev vətəndaş müharibəsinin ilk ocaqlarını söndürmüşdü. Gərginlik nisbətən sakitləşmişdi. Soyulmuş, talanmış bir ölkənin yaralarını sağaltmağa çalışırdı, eyni zamanda, gələcəyinin layihəsini işləyirdi. İyun ayı idi. Əslində mən 60 illiyimi qeyd etmək fikrində deyildim. Ölkənin bu vəziyyətində yubiley keçirmək arsızlıq kimi görünərdi. Şair Ramiq Muxtar mənə yanaşdı. Dedi: - "Sədərək" şirkəti var, sizin yaradıcılıq gecənizi keçirmək istəyir. Etiraz etmək istədim. Sözümü yarımçıq qoydu: - Anar müəllimlə danışmışıq, şirkət vəsait ayırıb, bu ayın, iyunun 26-da Filarmoniyanı Mədəniyyət Nazirliyi verib. Mən fakt qarşısında qaldım (sonra bildim ki, əslində həmin şirkət Rəsul Rzanın yaradıcılıq gecəsini keçirmək üçün Anara müraciət edib. Anar isə mənim gecəmin keçirilməsini məsləhət bilib. Lakin bu təklifin ondan gəldiyini mənim bilməmi istəməyib). Xülasə, gün gəlib çatdı. Səhər Anarla görüşdük, dəvətnamələr paylanmışdı. Anar Prezident Aparatına, ulu öndər Heydər Əliyevə dəvətnamə göndərməyimi məsləhət gördü. Dedim ki, bu qədər işin-gücün içində mən də dirənim ki, ad günümü edirəm. Ayıbdı! Anar bir an susdu.

- Bəs sonra biləndə ki, ölümdən qurtardığı bir adamın altmış yaşı olub, bir dəvətnamə göndərməyib, ona necə təsir edər? Sənə, mənə ayıb olmazmı? Biz dəvətnamə göndərək. Onsuz da işi başından aşır. Prezidentin vaxtı dəqiqə-dəqiqə hesablanıb. Bu, gün-günorta axşama Prezidenti dəvət etmək sayğı deməkdir. Əlbət ki, gəlməyə vaxtı olmayacaq.

- Düz deyirsən, dəvətnamə göndərmək lazımdır.

Göndərdik. Anar Prezidentin köməkçisinə zəng etdi. Bir saat sonra hər şey dəyişdi. Heydər Əliyev kimi bir dahinin məntiqi , təsəvvürü çaşdırıb mat qoyması təbiidir. Belə olmasa, o, ulu öndər Heydər Əliyev olmazdı.

"Ədəbiyyat qəzeti" olduğu kimi görüşü lent yazısından oxucularına təqdim edir. Yazını lentdən köçürən "Ədəbiyyat qəzeti"nin əməkdaşı Sərvaza öz təşəkkürümü bildirirəm.

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.3.