Xalqın varlığının aynası
1979-cu il İran İslam inqilabı şah üsul-idarəsinin özbaşınalığına son qoydu. Ölkədə demokratik meyllər gücləndi. Belə bir tarixi şəraitdə İranda qadağan olunmuş Azərbaycan dilli mətbuat yarandı: "Varlıq", "Dədə Qorqud", "Çənlibel", "Koroğlu" və s. jurnallar işıq üzü gördü.
Doktor Cavad Heyət Tehranda öz həmfikirlərinin köməyi ilə "Varlıq" jurnalını təsis etdi. Üç ildən sonra hakim dairələr demokratik mətbuatın vüsətinə imkan vermədi, yenicə işıq üzü görən jurnallar bir-birinin arxasınca qapandı. Lakin "Varlıq" jurnalı möhkəm təməl üzərində yarandığından məruz qaldığı hücum və ittihamları dəf edib bugünədək öz varlığını qoruyub saxlamışdır.
Azərbaycan ictimai fikir tarixində "Varlıq" jurnalının xüsusi mövqeyi vardır. Əsrin əvvəllərində "Molla Nəsrəddin" jurnalının bütün müsəlman aləmində gördüyü missiyanı, ümumxalq əhəmiyyəti olan vəzifəni XX əsrin axırlarında mürəkkəb ictimai-siyasi şəraitdə müsəlman Şərqində "Varlıq" jurnalı, müəyyən mənada fərqli cəhətləri olsa da, şərəflə yerinə yetirir.
Məlum olduğu kimi, inqilabi dönüş mərhələlərində demokratik ab-havanın yaranması mətbuat əlmində həmişə canlanmaya səbəb olmuşdur. "Molla Nəsrəddin" burjua demokratik inqilabından sonra yaranmışdı, "Varlıq" jurnalı şah diktaturasının qaranlıq mühitini şimşək tək dağıdan İslam inqilabından dərhal sonra yaranan demokratik meyllərin bəhrəsi kimi meydana çıxmışdı.
"Varlıq" jurnalı ilk nömrəsindən bugünədək mövqeyini dəyişmədən böyük tarixi vəzifəni yerinə yetirməklə ətalət və durğunluğa mübtəla olan milli ictimai fikrə nur çilədi, onun hərəkətverici qüvvəyə çevrilməsinə güclü təkan verdi. Cənubi Azərbaycanda, eləcə də İranın ayrı-ayrı əyalətlərində yaşayan azərbaycanlıların milli-mənəvi özünüdərk və milli oyanışına ciddi təsir göstərən, sözün həqiqi mənasında böyük ictimai-siyasi və ədəbi məzmun kəsb edən "Varlıq" jurnalının bu gün tədqiqata cəlb olunması təqdirəlayiq hadisədir.
Son illər Cənubi Azərbaycan ədəbiyyatını araşdıran, dövri mətbuatını araşdıran, dövri mətbuatda bir sıra dəyərli məqalələr çap etdirən Pərvanə Məmmədlinin "Varlıq" jurnalını tədqiqat obyekti seçməsi təsadüfi deyildir.
"Varlıq" jurnalı iyirmi ildən artıqdır ki, Azərbaycan şifahi və yazılı ədəbiyyatını tədqiq və təbliğ edir. Onun başlıca aparıcı ana xətti, istiqaməti: şifahi xalq ədəbiyyatının toplanması, nəşri, təbliği ilə yanaşı, klassik və müasir ədəbiyyatın ayrı-ayrı nümunələrinin, eləcə də ədəbi-tənqidi məqalələrin verilməsi olmuşdur ki, bunun ana dili, milli mədəniyyəti, elmi-ictimai fikri və tarixi qadağan olunmuş xalq üçün nə demək olduğu aydınlaşır. Onda "Varlıq" jurnalının Cənubi Azərbaycanda, İranın ayrı-ayrı əyalətlərində, həmçinin Şərqdə ictimai-ədəbi fikrə təsirini, inqilabi mövqeyini təsəvvür etmək olar. Ədəbi abidənin iyirmi ildən artıq dövrün aynası kimi özündə əks etdirdiyi milli-mənəvi xəzinənin ümumi mənzərəsi ilə yanaşı, onun ictimai fikrə təsiri və əhəmiyyəti tədqiqatda elmi inandırıcılıqla araşdırılmışdır.
"Varlıq" jurnalı şair Savalanın dediyi kimi, "yalnız Azərbaycan ərazisində yaşayan 25 milyon azərbaycanlının ədəbi ümid çırağı deyil, həm də bütün dünya azərbaycanlılarının mənəvi körpüsü, ürəkdən-ürəyə yol salan, nur çiləyən məşəli olmuşdur".
"Varlıq" jurnalının İran İslam Respublikasında Azərbaycan dilində nəşr olunan o biri jurnallara nisbətən uzunömürlülüyü, təsir dairəsinin genişliyi, hər şeydən əvvəl onun ətrafında sıx birləşən kollektivin yaradıcı əməyi ilə bağlıdır. İsveçdə mühacirlərin Azərbaycan və fars dilində nəşr etdikləri "Tribun" dərgisində "Varlıq jurnalı yana-yana əriyib, amma tükənməyən bir qüvvə - möcüzə adlandırmaları təsadüfi deyildir.
İranda 1982-ci ildən, İran İslam inqilabından üç il sonra, demək olar ki, Azərbaycan dilində çıxan, demokratik ab-havadan bəhrələnən qəzet və jurnallar qapanmışdı. İranda mühafizəkar dini qüvvələr qeyri-fars millətlərə təzyiq göstərməyə, ədəbi-mədəni həyatın inkişafına mane olmağa başladı. Belə bir şəraitdə hakim dairələri, din xadimlərini və fars şovinistlərini qıcıqlandıran, münasibətlərə sərinlik gətirən yazılara ehtiyatla yanaşmaq, eyni zamanda, oxucuların jurnal ətrafında mənəvi birliyini qoruyub saxlamaq zəruri idi. Siyasi reallığı nəzərə alan "Varlıq" öz ideya istiqamətinə sadiq qaldı.
"Varlıq" jurnalının redaktoru və təsisçisi dünya şöhrətli cərrah-alim Cavad Heyət xalqımızın mədəniyyətini, tarixini bütövlükdə araşdıran, təbliğ edən görkəmli ictimai xadim, dilçi və ədəbiyyatşünas alimdir. "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türklərin tarix və mədəniyyətinə bir baxış", "İki dilin müqayisəsi" və s. elmi-monoqrafik əsərləri Cavad Heyəti vətəndaş tədqiqatçı, zəhmətkeş alim kimi səciyyələndirir. Türkoloq, şair Həmid Nitqi, folklorşünas alim fərzanə, şair Həsən Məcidzadə Savalan, şair Kərim Məşrutəçi (Sönməz), Əbdülkərim Mənzuri Xamneyi, professor Qulamhüseyn Bəydili, professor Həmid Məmmədzadə, tədqiqatçı Əli Kəmali, şair Əziz Möhsüni, İsmayıl Hadi və bir çox əliqələmli, istedadlı ziyalılar on illərlə sıxıntı içərisində, haqq-hüququ tapdanmış, dili, milli mədəniyyəti qadağan edilmiş doğma xalqın təmsilçisi kimi onun varlığını "Varlıq" jurnalı səhifələrində dolğun, yüksək ləyaqətlə təcəssüm edirdilər. Onlar "Varlıq" ətrafında toplaşarkən qarşılarında son dərəcə böyük, məsuliyyətli vəzifə - ədəbi dildə vahid yazı mədəniyyəti yaratmaq vəzifəsinin olduğunu da bilirdilər.
Tədqiqatçı Pərvanə Məmmədlinin dediyi kimi, "Varlıq" jurnalının yarandığı vaxt Cənubi Azərbaycanda ədəbi dilin Şimalda mövcud olan üslubları yox idi. Ziyalıların danışıq tərzində və yazı üslublarında fars təfəkkür tərzi hakim idi. Orfoqrafiya və orfoepiya qaydaları haqqında təsəvvür zəif idi. Ən başlıcası isə Azərbaycan dilini mükəmməl bilən yazarlar, jurnalistlər çatışmırdı".
Bununla yanaşı, "Varlıq" jurnalının Cənubi Azərbaycan ictimai-ədəbi fikir tarixində misilsiz rolu mübarizələr fonunda formalaşan bədii ədəbiyyatın mündəricəsini, səciyyəvi cəhətlərini və inkişaf yolunu əks etdirməsindədir. Məhz bu baxımdan "Varlıq" jurnalını tədqiqat obyekti seçən Pərvanə Məmmədlinin əsas məqsədi "Varlıq" jurnalının nəşrini şərtləndirən ədəbi-tarixi mühiti, onun mövqeyi, milli ədəbiyyatın inkişafında rolu və özünəməxsusluğu və s. barədə konkret elmi təsəvvür yaratmaq olmuşdur.
Tədqiqatçı
"Varlıq" jurnalının
iyirmi il
ərzində çıxan
saylarını böyük
diqqət, qayğı
və səbirlə araşdırmış, maraqlı
elmi fikirlər söyləmişdir. Bu qiymətli tədqiqat Azərbaycan ədəbiyyatı
tarixinin yaradılmasında
və yeni tədqiqatların işlənməsində
faydalı mənbə
kimi istifadə oluna bilər.
Teymur Əhmədov
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.3.