Bıçaq-qələm
"Varlıq" məcmuəsinin naşiri
cərrah-ədib Cavad Heyətə
İnsana xidmətdir məramın sənin,
Sən ömrün boyunca ömr uzatmsan.
Cərrah bıçağıyla min-min
xəstənin
Ağrı-acısını kəsib
atmısan.
Xəstəylə bərabər sevindin
sən də
Cismani bir dərdə əlac edəndə…
Mənəvi dərdlərsə qaldı
əlacsız,
Bəs onun dərmanı nə imiş, görən?
Cərrah bıçağıyla gördün
ki, yalnız,
Cismani ağrını kəsə
bilərsən…
Bir xalqın mənəvi ağrılarına
Əlacı, qardaşım, qələmdə
gördün.
Gündüzlər bıçaqla kəsmək
bir yana,
Gecələr əlinə qələm götürdün.
Yarıya bölünmüş ana vətənin
Bu gün səndən umur dərdinə məlhəm.
Qardaş, qoşalaşdı silahın
sənin;
Gündüzlər - bıçaqdır, gecələr
- qələm.
Sən sözə çevirdin iztirabları,
Yazdın, bir həsrətdən min dərd göyərdi.
Əlində birinin azar-bezarı,
Əlində bir xalqın yüzillik dərdi.
Gecə də, gündüz də hey döyüşürsən
Mənəvi, cismani ağrılarla sən.
Həkim nüsxələri yazdın
həmişə
Xəstən şəfa tapıb sağaldı… fəqət,
Ədib qələmiylə yazdığın
nüsxə
Bir xalqın dərdinə şəfadır əlbət!
Yaz ki, bütöv idik, paralanmışıq,
O taydan dünyaya səsin ucalsın.
Yaz ki, qələmindən süzülən işıq
Vətəndən vətənə bir körpü salsın!
10 oktyabr 1982
Bəxtiyar Vahabzadə
Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.3.