Kamillik zirvəsi

 

Görkəmli ictimai xadim, dünya şöhrətli cərrah, ədəbiyyatşünas-türkoloq Cavad Heyətin araşdırmaları, məktubları, eləcə də haqqında yazılmış məqalə və şeirlər toplanmış “Kamillik zirvəsi” kitabı Azərnəşrdə nəfis şəkildə çapdan buraxılmışdır.

 

Müəllif ön sözdə yazır:

Bu kitab adından da bəlli olduğu kimi, məqalələr toplusudur. Bu məqalələrin mühüm hissəsi vaxtilə mənim tərəfimdən "Varlıq" jurnalında və ya sair mətbuat orqanlarında basılmışdır. Bir hissəsi də mənim haqqımda və "Varlıq" dərgisi barədə müxtəlif alim yazıçılarımız tərəfindən qələmə alınmışdır. Kitabın sonunda mənim və "Varlıq" barədə söylənən şeirlər dərc edilmişdir.

Mənim məqalələrimin bir hissəsi dilimizə və mədəniyyətimizə aid olan məqalələrdir. Digər hissəsi isə polemik-ictimai məqalələrdir. Əlbəttə, bu məqalələrdə də dil, tarix və ədəbi mövzulardan söhbət gedir. Bu çeşid məqalələr dilimiz və mədəniyyətimizə qarşı olanların məqalələrinə cavab şəklində yazılmış, eləcə də çoxu fars dilində qələmə alınmışdır ki, iranlı vətəndaşların hamısı başa düşsün və həqiqəti öyrənsin. Bu kitabda bu çeşid məqalələrin tərcüməsi verilmişdir. Tərcümə səlahiyyəti həmkarlarımız tərəfindən aparılmış və müəllif tərəfindən də oxunmuş və təsdiq olunmuşdur.

Polemik məqalələrin ilk hissəsi dilimizin müdafiəsi, bir hissəsi də Azərbaycan Respublikasının adı, sərhədləri və etnogenezisi və İran Azərbaycanı ilə olan dil-din etnogenez və tarix açısından eyniliyi və bir xalqın iki hissəsi olduğunu sübut etmək üçün yazılmışdır.

Bu tip məqalələr İranda Pəhləvilər zamanından qalan panfarsistlərə qarşı yazılmış, lakin farsca yazıldığı üçün bu tayın xalqı bunlardan xəbərsiz qalmışdır.

Bu kitab bu çeşid məqalələrimizin birinci cildini təşkil edir. Ümid edirəm gələcəkdə ikinci cildi də hazırlanıb çap etdirilsin.

Kitabın çapını öhdəsinə götürən əski dostum Azərnəşrin möhtərəm direktoru Azər bəy Mustafazadə və baş redaktor dostum Əlövsət bəy Ağalarova, eləcə də professor Vaqif Sultanlıya minnətdarlığımı bildirmək istəyirəm.

 

 

Prof.dr.Cavad Heyət

Bakı, noyabr 2008

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.3.