Vətən sevdası
Bir vətən sevdası gəzir başımda,
Qeyri bir aşiqlik yox yaddaşımda.
Yurdumun hər yeri əzizdir mənə,
Ayrılsam yaşayar gözüm yaşında.
Elə bu sevgidir yaşadan məni,
Belə yaradıbdır yaradan məni.
Sevdim insanı da mən özüm kimi,
Köçürdüm könlümə dağı, çəməni.
Vətən övladları canımdır mənim,
Analar ruhumdur, qanımdır mənim.
Əziz atalara qardaş deyirəm,
Onlar şöhrətimdir, şanımdır mənim.
Şəhidlər həm qəmim, həm qüdrətimdir,
İgidlər həm fəxrim, həm qeyrətimdir.
Şəhriyar, Bəxtiyar, Müşfiqim mənim…
Sözlər diyarında şərafətimdir.
Könlümün nəzəri var hər daşında,
Silinməz tarixi qan yaddaşımda.
Yurdum başdan-başa əzizdir mənə,
Bu sevda əzəldən tacdır başımda.
Dünya gözəldir
Bütün ağılları toplasaq əgər,
Bir kiçik dünyanı qurarmı məgər,
Bəs nədən bu gözəl dünyadan bezək,
Ondan gileylənmək axı nə demək?
Biz ondan bu qədər gileylənirkən
Bəs nədən doymuruq ölüb gedirkən?
Tanrı əsəridir, Tanrı nəzəri,
Yaşadır qoynunda bunca bəşəri.
Nədən qınayaq ki, gözəl dünyanı,
Məgər o deyilmi sevən insanı?
Ona gerçək ikən yalan deməyək,
Belə kəlamlara dözməyir ürək.
Dünya beşiyimiz, son mənzilimiz,
Olsun gözümüzdə xoş sevgilimiz…
İlahi, sevirik sənin dünyanı,
Bunca qüdrətinin olduq heyranı.
Sənin yaratdığın dünya gözəldir,
Onu çirkləndirən çirkin əməldir.
Bənövşə
Bilmirəm pərisən, ya ki, gülmüsən,
Gəlmisən yurduma erkən, bənövşə.
Bahar müjdəçisi sən deyilmisən?
Olmasın yolunda tikan, bənövşə.
Sən müjdə olsan da qəmdir duruşun,
Naz ilə boynunu bükən bənövşə.
İstərsən baharla olsun görüşün,
Gözünü yollara dikən bənövşə.
Niyə boynubükük gəldin cahana?
Şəbnəm göz yaşını tökən bənövşə.
Həm könül oxşarsan, həm qəmsən ona
Hardadır sevdiyin məkan, bənövşə?
Neyləyim, dərdinə nə çarə qılım?
Həsrəti qəlbimə əkən bənövşə.
Sənə düşəcəkdir hər zaman yolum,
Nə ağla, nə də ki, tükən, bənövşə.
İstərəm hər zaman yanında qalam,
Mən də sənin kimi təkəm, bənövşə.
İstərəm hər zaman heyranın olam,
Beləcə nazını çəkəm, bənövşə.
Ey gözləri xumar, sevimli nigar,
Bahar həsrətini çəkən bənövşə.
Vədəsiz gəlmisən, üşüsən əgər,
Nə mən günahkaram, nə sən, bənövşə.
Yağmuru sevirəm
Yağmurlu havanı çox sevirəm mən,
O da bir məhəbbət əfsanəsidir.
Yağmur buludların göz yaşlarıyla
Yerlərə yazdığı eşq naməsidir.
O bir həsrət ilə göylərə qalxan,
Suların sonuncu nişanəsidir.
Yerin ahı kimi yerdən ayrılan,
Sonra ona dönən bir çarəsidir.
Yağmur nələr çalır kəmanəsində?
Bəlkə öz eşqini söyləməsidir?
Bir kədər duyulur həzin səsində,
Sanki ayrılığın ifadəsidir.
Yağmurlu havanı çox sevirəm mən,
Hər damla həyatın bir zərrəsidir.
Onu insanlara töhfə göndərən
O uca göylərin ilahəsidir.
İndi
Camalın nuruna qərq etmə məni,
Sonralar qalaram qaranlığında.
Çoxdan itirmişəm aşiqliyi mən
Taleyin amansız bir anlığında.
Nə sevda istərəm, nə yar dünyada,
Ömürdə bir olar bahar dünyada.
Məhəbbət odunu salmayaq yada,
O qaldı ömrümün cavanlığında.
Sanki olmamışdı, sanki nağıldı,
Onu vaxtsız əcəl vaxtsız çağırdı.
Bir eşqin sarayı uçub-dağıldı,
İndi yaşayıram viranlığında.
Ömürdən
gedən illər
Nədir üzümdəki izlər, qırışlar,
Ötən illərimin yadigarımı?
Nədir gözlərimdən yağan yağışlar,
Könlümün qəm yükü, kədər varımı?
İllər əziz idi yaşarkən onu,
Heyhat, ayrılarkən izi qalıbdır.
Nədəndir qəm olur bir ömrün sonu?
Bəlkə deyilməmiş sözü qalıbdır?
Barışın,
insanlar
Barışın, insanlar, barışın daha,
Batmayın bu qədər ağır günaha.
Həm də bu xoş gələr böyük Allaha,
Barışın, insanlar, barışın daha.
Sevin qanı deyil, gülüstanı siz,
Yıxmayın bu qədər xanimanı siz,
Axı qurmamısız bu dünyanı siz,
Barışın, insanlar, barışın daha.
Hanı bu dünyanın Süleymanları,
Hanı o şahları, o sultanları!
Barışın, insanlar, barışın daha.
Ağıl dəryasında bir inci tapın,
Siz qəmləri deyil, sevinci tapın.
Bütün silahları dəryaya atın,
Barışın, insanlar, barışın daha.
Məhəbbət nifrətdən güclü olmalı,
Kinlər, küdurətlər unudulmalı.
Savaş yox, dünyada barış qalmalı,
Barışın, insanlar, barışın daha.
Bəsdir ki, bu qədər qanlar töküldü,
Könüllər dağıldı, canlar söküldü.
Dünyanın köksünə dağlar çəkildi,
Barışın, insanlar, barışın daha.
Torpağın üstündən altına qədər
Gözləyir hər kəsi bir ağır səfər.
Hər insan dünyaya gəldisə gedər,
Barışın, insanlar, barışın daha.
Hər qarış torpaqda bir cənnət qurun,
Ömrü o cənnətdə siz başa vurun.
Gələn nəsillərə səadət qurun,
Barışın, insanlar, barışın daha.
Kəmalə
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.4.