Anamsız günlər

 

Torpaq elə baxar anam qayıtmaz...

 

Sənə arxayın oluram,

Torpaq, anama yaxşı bax.

 

 Fərqanə

 

Torpağa dən düşər, birbaş

göyərər,

Torpaqdan ayrılmaz, sirdaş

göyərər,

Torpağa bulaşan daş da

göyərər,

Anam qayıtmaz

 

Yaşıl çəmən tabaq-tabaq

gül açar,

Günəş gülər, şəfəq-şəfəq

nur saçar,

Yuvasına dönən quşlar dil açar,

Anam qayıtmaz

 

Bağça-bağlar yenə solar,

saralar,

Güleyşə nar budağından

sallanar,

Qış yetişər, quzeyləri qar alar

Anam qayıtmaz

 

Nəvələri boy-boy olub

böyüyər

Qızları sünbüldür, oğlanlar

əsgər.

Yola salıb, qarşılayır bu ellər,

Anam qayıtmaz

 

2007, oktyabr

 

 

Yolun yumulaydı

 

Ölüm, göz-qaş oynadın,

Sanki beş-daş oynadın.

Niyə çaş-baş oynadın?

Yolun yumulaydı kaş!

 

Məhvərindən qopardın,

Bir ananı apardın,

Gücüm çatmırçapardım

Əlin yumulaydı kaş!

 

Gözlərimin önündə,

Çırağımdı sönən

Analı günlərim ,

Qaldı daha dünəndə

Belin qırılaydı kaş!

 

***

 

Vaxt hər nəyim vardısa

alıb getdi

Yurdumu, yuvamı

silib getdi

Vəfasız dost kimi

Məni yolda qoyub

gözdən itdi

 

İndi sağım, solum daşdı, daş

edərəm mən burda

kövrək qəlbimlə?

Daş üstünə daş qoymağa

Gücüm çatmaz bundan belə

Özüm daşlaşıram

deyəsən,

Bu dünyanın ürəyində.

Bundan o yana

əbədiyyətdir

 

 

Yanlışlıq

 

Xalq şairimiz Rəsul Rzanı oxuyarkən

 

Qaya ömrümə

Əli külünklü günləri, illəri

Keşikçi qoydum

Gözlərimdən yuxunu qovan kimi,

Düşmənə olan kini-küdurəti

Qəlbimdən qovdum

Dostla düşmənin

Gecəylə gündüz,

Zülmətlə işıq kimi

Tən olduğunu unutdum

Dəryaya yelkənsiz,

Səhraya susuz

Üz tutdum

Bir ömrü müftə tapılmış

Var-dövlət kimi beləcə

Boş yerə xərcləyib,

Talan edib, dağıtdım.

Sonra da nağıla, əfsanəyə çevirib

Öz-özümü ovutdum

 

***

 

Əsəblərim tarıma çəkilib,

Toxunsan kaman tək inlər

Bir an gülməz üzümə

kələfə dönən günlər

Zaman öz axarında

Dünya fırlanmağında

 

Eşitməz səssiz fəryadımı,

özü-özünü dinlər

Enib, çöküb gözlərimə,

dağları, dərələri bürüyən,

Yurdsuz, yuvasız duman,

çənlər

 

Hələ sağ-solumda

Ürəyimdə cücərən

Ümid toxumlarını da

acgözlüklə dənlər!..

 

Toxunma tarıma

çəkilmiş qəlbimə,

Bir yanıqlı neydi o,

Səssiz, sədasız inlər!..

 

 

Bahar Bərdəli

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.4.