“Adəm və Həvva”
Bu
günlər Azərbaycan səhnəsinə İblisin əməllərindən
söhbət açan daha bir əsər gəlmişdir. Elçin
Hüseynbəylinin C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının repertuarına daxil edilən
"Adəm və Həvva" pyesinin tamaşasındakı əsas
qəhrəmanlardan biri də İblisdir.
"Adəm
və Həvva"da İblis ayrıca bir obraz kimi verilsə də
onu tam şəkildə anlamaq üçün nişanələrini
digər xarakterlərin daxili aləmində axtarmaq gərəkdir.
Əslində digər surətlərin nəfslərinə qələbə
çala bilmədikləri anlar bir vaxtlar cənnət sakini
olan insanın müəyyən məqamlarda İblisləşməsidir.
Dramaturq göz ilə görünməsi mümkün olmayan,
insanların köksündə yuva quran İblisi üzə
çıxararaq - bu gün də İblis bizimlədir - demək
istəyir.
Onun
Adəm və Həvvanı məzardan qaldıraraq səhnəyə
gətirməsi bu məqsədi güdür. Tamaşanın məramı
aydındır. Əgər Adəm və Həvvanın bu
gün də nəfsinə uymalarının səbəbi
araşdırılsa, onlara məhkəmə qurulsa nə qədər
ki, insanların qəlbində İblis yuva sala bilir onların
bəraəti müşkül məsələdir. Ona görə
də quruluşçu rejissor və səhnə tərtibatının
müəllifi Nazir Rüstəmov mizanlarını elə
qurmuşdur ki, əynində simvolik qırmızı paltar
geymiş İblis Hakimin kreslosunun altından
çıxır. Hakimin qara paltarı bəşər tarixində
insanın zaman-zaman axtardığı ədalətin həmişə
olduğu kimi qara günüdür. Quruluşçu rejissor Adəm
(Pərviz Gülməmmədov) və Həvva (Elnarə Heydərova)
obrazlarının ülvülüyünü göstərmək
üçün onları paklığın rəmzi olan
ağ lıbasda vermişdir. Hər iki aktyor obrazlarını
qururlu, şux canlandırmaqla insan qururunun əyilməzliyini
çatdırmaq istəyirlər. Xalq artisti Süleyman Nəcəfov
hakim obrazını kaftarlaşmış qoca şəklində
təqdim edir. Rejissorun mizanından və ifaçının
oyunundan - zəmanələr dəyişir, yeni nəsillər
gəlir, amma hakimlərin xarakteri dəyişmir. - fikirini
oxumaq olur. Hadisələrin eyni məkanda, məhkəmə səhnəsində
verilməsi də bizcə simvolik məna daşıyır; bu
məkan yer kürəsinin özüdür. Əməkdar
artist Vaqif Kərimovun təqdimatında Məhkəmə
katibi Adəm və Həvva kimi minlərlə insanın
mühakiməsini görə-görə gəlmiş bir
şəxsdir.
Yığcam
bir tamaşanın uğrunda I vəkil Samir Bayramovun da, II vəkil
Əhliman Ərşadovun da, musiqi tərtibatçısı
Sevda Əkbərzadənin də müəyyən xidmətləri
var.
İnanırıq
ki, ilk tamaşaçı İrəvan Teatrının 127
mövsümünün bağlanış günü göstərilən
bu əsər gələn mövsümdə diqqəti çəkəcək.
İ.Atababa
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.6.