Hər kitabın öz dünyası
Rafiq
Yusifoğlunun "Dəniz, sən və mən",
"Eşqin qarlı yollarında" kitablarına daxil olan
şeirlərin mövzusunu yerə, göyə, insana olan sevgi
etirafları təşkil edir. Yar köksünə baş
qoyalı başını itirmişlər üçün
etibarlı kompas kimidi hər iki kitabına daxil olan şeirlərin.
Qaçılmaz bir dünyagörmüşlük,
görüb-götürmüşlüklə sevdalar
dünyası önündə məsum körpə
çaşqınlığı qəribə, eyni zamanda,
çox təbii şəkildə
qaynayıb-qarışıb bu şeirlərdə. Oxuyanda ki:
Sevən sevdiyinə
sarı
Ayağı yalınca gedər.
Üzü günəşə
qaçanın
Kölgəsi dalınca
gedər -
bu
dəqiq müşahidənin qos-qoca bir eşq yolçusunun
dünyayla həmyaşıd, həmahəng olduğu qənaətinə
dirənib qalırsan.
Oxuyanda
ki:
Gəzdiyim gözəli
tapmışam, indi
Qəlbimi
açmağa söz axtarıram -
yenə
baxıb görürsən bu qos-qoca eşq yolçusunun hələ
bu tezliklə nə dəmir çarığı
ayaqlarından, nə dəmir əsası əlindən
düşəsidi.
Yatmış
duyğuları oyatmaq üçün heç olmasa bir qaya
hellətmək amacı ilə baş-başa yazılıb hər
iki kitaba daxil edilən şeirlər. Bu sətirlərin müəllifi
gəlimli-gedimli dünyanı köynəyindən keçirən
söz adamlarının hansı missiyanın
daşıyıcısı olmasına arifdi və
yaxşı bilir ki:
Qız alıb, gəlin
köçürüb,
Gənclərə buta
içirib,
Neçə-neçə
ögey dərdi
Öz köynəyindən
keçirib,
Oğul eyləyib
şairlər.
Qənaəti
budur ki:
Sözün də
kösövü, gülü,
Sözün də
gözü var imiş.
Gözümün
içinə baxır,
Sözün də
gözü var imiş.
R.Yusifoğlunun
yeni kitablarına cəm olan şeirlərdə elə həzin,
kövrək duyğular sərgilənib ki, onların
hansından başlayıb hansına doğru söz
açmağın öz çətinliyi var. "Birindən
söz açsan inciyər biri" səksəkəsi candan
çəkilmir. Ona görə də bütövlükdə
oxumağı, "Eşqin qarlı yollarında" "Dəniz,
sən və mən" düşüncəsinə
dalmağı münasib bilirik.
Fəxrəddin
Meydanlının "Sevənlər qocalmır"
("Şirvannəşr, 2009") kitabına daxil edilmiş
şeirlər də bir növ R.Yusifoğlunun sevgi nəğmələrinin
mabədi kimi oxunur. Kitaba tanınmış şair İlyas
Tapdıq və filologiya elmləri namizədi Vaqif Yusifli
maraqlı ön söz yazıblar. V.Yusiflinin fikriylə şərikik
ki, "F.Meydanlının bütün şeirlərində
sevgi obrazı başdadır, yəni onun hər şerində
bir sevgi çağlayır… Fəxrəddinin sevgi şeirlərində
qəlbi qocalmaq qorxusu keçirməyən bir aşiqin -
müasir insanın nikbinliyi canlanır - bunlar ənənəvi
hicran şeirləri deyil. Bunlar sevgidən və bu sevginin
gözəlliyindən doymaq bilməyən bir insanın
könülə sığmayan fərəh hissləridir".
Şairin:
Yenə dalğalanar
şıltaq ləpələr,
Dəniz vəcdə gələr
ürəyim kimi.
Üfüq də nurunu narın səpələr,
Oyadar qəlbimdə yatan
eşqimi -
misraları canlı bir tablo kimi yadda
qalır. Elə poeziyanın yaşam yolu da yadda
qalmaqdan keçir.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.5.